Unutmuruq ki, unudulmayaq...

 

Eldarsız Eldarlı xatirələrlə...

 

Dünən şair Eldar Nəsibli-Sibrelin doğum günü idi. Onun çırağının işığına yaxın dostları, tanışları və qohumları yığışmışdılar. Eldarın doğum günü Eldarsız qeyd edilirdi. Eldarsevənlər şairin keçdiyi həyat yolundan, insanlığından, şəxsiyyətindən və poeziyasından ürəkağrısı ilə danışdılar. Bu həm də bir növ anım idi. Həmin gün yad edilirdi Eldar.

Eldar həqiqətən böyük şair idi. Ürəkləri fəth edən, sevilən şair idi. Dünyamızın içində bir sirli, nəğməli, nağıllı Eldar dünyası vardı. O dünyanın qapısını açıb içəri daxil olanda nələri görürsən İlahi! Verdiyin hikmətlər, öyüd və nəsihətlər, insanı düşündürən fəlsəfi fikirlər məhz onun poeziyasında, şeirlərində cəmləşmişdi. Eldarın istedadına gənclik illərindən, ədəbiyyatımıza təzə-təzə ayaq açıb, yazıb-yaradan çağlarında böyük yazıçı və şairlərimiz Mirzə İbrahimov, Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli, Nəriman Həsənzadə və başqaları qiymət verib, şairin yaradıcılığı haqqında məqalələrlə çıxış ediblər. B.Vahabzadə bir alim, tənqidçi kimi onun poeziyası ilə bağlı elmi məqalələrlə mətbuatda və öz kitablarında söz deyib. Bu Eldar şəxsiyyətinə, Eldar yaradıcılığına verilən ən böyük qiymət idi.

Eldar haqqında çox danışmaq, çox yazmaq olar. Lakin bir faktı unutmaq olmaz ki, vətənini, millətini sevən bir şəxsiyyət və əsl vətəndaş idi Eldar. Vətənlə vətəndaşlıq etmək, onun daşı olmaq hər kəsə nəsib olmur. Bu ancaq Eldar kimi oğullara nəsib idi. Elə buradan məlum olur ki, adının sonuna boş yerə "Nəsibli" sözünü əlavə etməyib. Vətənin vətəndaşı olmaq nəsibi... Bəli, bu nəsib Eldara da nəsib olub. Vətənin dadını, tamını, ağrı və acılarını öz çiyinlərində daşıya-daşıya, zaman-zaman kövrək misralarına, şeirlərinə hopdu.

Eldar məşəqqətli, çətin bir həyat yolu keçib. Vətənsizlik, sürgünlük taleyi onun da alnına yazılıb. Eldarın Sibirli həyatı onun şair ömrünün bir parçasıdır. Çünki onun da valideynləri kommunist dövründə depressiyanın qurbanına çevrildi. Ailəsi bir müsavatçı kimi Sibirə sürgün edildi. Eldar gözünü o qarlı, şaxtalı Sibir torpağında açdı. Hətta bəraət alıb, Sibirdən doğma Qazax elinin Şıxlı kəndinə qayıdandan sonra da Eldarın ailəsinə çoxları qorxusundan yaxınlaşa bilmirdi. Çünki ehtiyatlanırdılar. Xalq şairi Osman Sarıvəlli və xalq yazıçısı Bayram Bayramov ona ürək-dirək verərdilər: "Oğlum, heç də qəm yemə. Bu gün sənə rişxənd edənlər, o Sibirli damğasını sənin alnına yapışdıranlar sabah sənə qiptə ilə yanaşacaqlar. Sənin Sibirli ömrün gələcəkdə həyatın ən parlaq səhifəsinə və yaradıcılığının şah əsərinə çevriləcək".

Belə də oldu. Eldarın Sibirlə bağlı yazdığı poema bu gün həqiqətən də nəinki onun, hətta ədəbiyyatımızın şah əsərlərindən biridir. Düzü onun bütün şeirləri güclüdür. Onun misraları arasında zəif notlar tapmaq mümkün deyil. Digər yazarlardan fərqli olaraq Eldarın poeziyası obrazlı fikirlərlə zəngindir. Şeirində bir doğmalıq, şirinlik var. O da sadə ana dilində, kənd dilində yazmasıdır. Eldar poeziyası ilə tanış olarkən uşaqdan tutmuş böyüyə kimi hər kəs misralarının fərqinə varır. Budur onun ədəbi mühiti, Eldar zirvəsi və çağdaş ədəbiyyatımıza gətirdiyi yeni bahar nəfəsi, yeni həyat işığı...

Eldar sözün və vaxtın qədrini bilən, ömrünü, sözünü qənaətlə işlətməyi bacaran adam idi. Ona görə də onun poeziyasında ilin bütün fəsilləri öz əksini tapırdı.

Məlum Qarabağ hadisələri bir çoxlarımız kimi, Eldarın da həyatında silinməz iz buraxdı. Erməni vəhşiliklərinə, xalqımızın başına gətirilən haqsızlıqlara, işgəncələrə dözmədi, Eldar Sibirel. Dərdlərini siqaret tüstüsü kimi içinə çəkə-çəkə, ürəyinə verə-verə yaşadı. İki dəfə ürək və beyin infarktı keçirtdi. Ən çox da onu sarsıdan Şuşanın işğalı oldu. Çünki Edarın şuşalı xatirələri, şuşalı günləri çox olub. Elə ona görə də o Şuşasız yaşaya bilmirdi. Həmişə deyərdi ki, "Şuşanı azad etməyənə qədər bizim danışmağa, başımıza papaq qoyub cəmiyyətdə gəzməyə haqqımız yoxdur. Çünki Şuşa hər birimizin namus bayrağı, qeyrət qalası idi. Şuşa həm də Şərq dünyasının mədəniyyət əsəri idi".

Eldarın bir böyüklüyü də ondan irəli gəlirdi ki, o, ölənə qədər saflığını, təmizliyini qorudu. Qələmə xəyanət etmədi. Hansısa bir məmura şeir, poema yazmadı. O, bir şair kimi Azərbaycan poeziyasının zirvəsində durdu. Eldar Nəsibli qəlbinə, qələminə söykənib yazaraq Azərbaycan ədəbiyyatına öz layiqli payını verə bildi. Bu səbəbdən də onun şeirləri və şeirlərinə bəstələnmiş mahnılar sevilə-sevilə oxunur. Ömrünün 58-ci payızında vaxtsız əcəl, faciəli ölüm Eldarı cismən aramızdan apardı. Lakin Eldar ruhu bu gün də bizimlədir. Biz onu hər zaman aramızda hesab edirik. Çünki şairimiz Səməd Vurğun əbəs yerə deməyib:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha artıq sevənlər.

Şirin bir xatirə tək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər...

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 20 may.- S. 8.