"Biz fələstinlilər Azərbaycan
xalqının uğuruna sevinirik"
Nasir Əbdül Kərim Əbdül
Rəhim: "Azərbaycanda çox sürətli inkişaf
gedir, ölkə sanki yenidən tikilib qurulur"
Fələstin səfiri N.Əbdül
Kərim Ə.Rəhim mətbuatda ilk dəfə "Həftə
içi"nə danışdı
Dünyanın
ən məzlum, eyni zamanda, qürur və qüdrət sahibi
olan xalqlarından biri də fələstinlilərdir. Artıq
63 ildir ki, BMT-nin qərarına əsasən, yaradılmalı
olduğu sərhədləri daxilində İsrailin
hücumlarına məruz qalan və bu müddətdə beynəlxalq
birliyin də tanıyıb qəbul etdiyi ərazilərinin
böyük hissəsi hələ də "Təl-Əviv"in
işğalı altında olan Fələstin, nəhayət,
bu ilin sentyabrında dövlət müstəqilliyini elan edəcək.
Əslində,
indiyədək dünya dövlətlərinin çoxu tərəfindən
tanınan bu ölkə nəinki daxili iqtisadi-siyasi sabitliyini təmin
edə bilmir, əksinə, xarici qüvvələrin təxribatı
nəticəsində vaxtaşırı siyasi qrupların
qalmaqal meydanına çevrilir. Həm İsrailin
işğalı, həm də ölkədaxili sabitsizlik səbəbindən
milyonlarca fələstinli xarici ölkələrdə
mühacir həyatı yaşamağa məhkum olunub. Həmişə
də bu kimi məsələlər ətrafında qəzetimizdə
müzakirələr aparmaq məqsədilə Fələstinin
Bakıda təmsilçisinin olmasını
arzulamışıq. Bu istəyimiz artıq yerinə yetib, Fələstin
dövləti Azərbaycanda səfirlik açıb və ilk
təyinatla paytaxtımıza gələn fövqəladə
və səlahiyyətli səfir Nasir Əbdül Kərim Əbdül
Rəhim mətbuatda ilk dəfə "Həftə
içi"ndə söhbətləşdi.
- Bir
səfir kimi Azərbaycanda həm Fələstin dövlətini,
həm də Fələstin muxtariyyətini təmsil edirəm
və bunun üçün çox sevinirəm
- Yəni dövlətinizlə
muxtariyyətin funksiyaları başqadır?
- Təbii
ki, başqa-başqa şeylərdir. Muxtariyyət 1988-ci ildə
Fələstin Azadlıq Təşkilatının qərarı
ilə Osloda elan olunub. Amma muxtariyyət dövlətə
aid bir sıra institutları da təmsil edir.
- Çox ölkə
tanıyıb müstəqilliyinizi?
- Təxminən
120 ölkə. O cümlədən, Azərbaycan da Fələstini
tam müstəqil dövlət olaraq qəbul edir və elə
bunun nəticəsidir ki, bu gün Bakıda səfirlik şəklində
fəaliyyət göstəririk...
- Bir halda ki, 120 dövlət Fələstini
müstəqil tərəfdaş hesab edir, o zaman niyə onun
suveren haqlarının İsrail tərəfindən
pozulmasına göz yumur?
- Fələstinin
siyasi müstəqilliyi elan olunduqdan sonra onun xarici dövlətlər
tərəfindən tanınması prosesi başlayıb. Təbii
ki, bu məsələdə Fələstin Azadlıq Təşkilatının
böyük rolu olub. Yeri gəlmişkən, ölkəmizin
müstəqilliyi bu gün də dəstəklənməkdə
davam edir.
- Amma razılaşaq ki, hazırda
Fələstin istər inzibati, istərsə də siyasi idarəetmə
baxımından iki hissəyə bölünüb
-
1948-ci ildə BMT-nin qərarı ilə bölgədə
İsrail və Fələstin dövləti yaradılanda
torpaqların 57 faizi yəhudilərə, 43 faizi isə fələstinlilərə
verildi. Amma iş bununla qurtarmadı - İsrail Fələstinə
ayrılmış torpaqlara da iddia etməyə başladı.
Nəticədə də İsrail bir neçə ay sürən
müharibələr etdi və Fələstin torpaqlarının
78 faizini ələ keçirdi. Bunun nəticəsidir ki, Fələstin
dövləti coğrafi baxımdan bu gün Qəzza və Qərb
sahili ərazilərinə ayrılıb. Yəni bu
bölünməyə səbəb İsrailin işğal
siyasətidir.
- Bəs, Qəzzada "Həmas"ın
müstəqil siyasət yürütməsinə, Fələstin
hökumətinin siyasətinə qarşı
çıxmasına nə deyərsiniz?
-
"Həmas" 2006-cı ildə Qəzzada yerli idarəetmə
sisteminə nəzarəti ələ aldı və həmin il
Fələstinin tarixinə "Qara il" kimi
düşüb. Ümumiyyətlə, "Həmas" silah
diliylə danışmağı daha üstün tutur. Bu isə
nə Fələstin dövlətinin, nə də
xalqının maraqlarına uyğundur. Əksinə,
onların atdığı hər addım bizə ziyan vurur.
Ona görə də Fələstin dövlətinin
başçısı, eyni zamanda, Fəth təşkilatının
rəhbəri Mahmud Abbas bir neçə təşəbbüs
irəli sürərək milli birliyə nail olmağa
çalışır. Düzdür, əvvəl
qarşı tərəf reaksiya vermədi, amma son vaxtlar müəyyən
irəliləyiş müşahidə edilir. Hətta birlikdə
hökumət yaratmağa dair söhbət də gəzir.
Baxaq, gözləyək, əgər vahid hökumət
yaradılarsa, bu dövlətimizin və millətimizin
uğuru olacaq.
- Maraqlıdır, xaricdən,
xüsusilə də müsəlman dünyasından bu iki Fələstin
təşkilatına münasibət necədir?
- Təbii
ki, İslam aləminin 99 faizi Fələstinin qanuni milli
muxtariyyətini dəstəkləyir. Muxtariyyəti isə
Mahmud Abbasın rəhbəri olduğu Fəth təşkilatı
təmsil edir. Fikrimcə, beynəlxalq ictimaiyyətin Fəthi
dəstəkləməsi bir növ "Həmas"ın
mövqeyinə etiraz da sayıla bilər.
- Qaçılmaz faktdır ki,
ölkənizin idarəetmə sisteminin formalaşmasında
xarici ölkələrə sığınmış fələstinli
qaçqınların mövqeyi əsas rol oynayır.
Ümumiyyətlə, nə qədər
qaçqınınız var və onlarla necə əlaqə
saxlayırsınız?
- Fələstinli
qaçqınların sayını öyrənmək
üçün elə bir statistik hesablama aparılmayıb.
Buna baxmayaraq, təxmini deyə bilərəm ki, onların
sayı 5 milyon nəfərdən az deyil. 1948-ci ildə baş
vermiş müharibədən sonra fələstinli
qaçqınlara kömək göstərilməsini nəzərdə
tutan 194 saylı qətnamə qəbul olunub. Bu gün də Fəth
təşkilatı və ümumilikdə Fələstin
dövləti məhz BMT-nin həmin qətnaməsinin
icrasını tələb edir. Sənədə görə isə
qaçqınlar vaxtilə yaşadıqları evə
qayıtmalıdırlar. Hansı ki, indi həmin ərazilər
İsrailin işğalı altındadır. Bu gün dövlətimiz
öz suveren haqlarını qorumaq üçün İsraillə
çarpışır. Ona görə də xaricdə məskunlaşmış
milyonlarla fələstinli qaçqının problemləri ilə
məşğul olmaq hələlik, dövlət və
hökumət olaraq marağımızda deyil. Məlumat
üçün deyim ki, BMT səviyyəsində sırf bu
işlə məşğul olan UNRWA adlanan komissiya fəaliyyət
göstərir.
- Yeri gəlmişkən, Azərbaycanda
da fələstinli qaçqınlar var?
-
Çox deyillər, 20 nəfər ola, ya olmaya. Onların da
çoxu ya tələbədir, ya da iş adamları.
- Fələstin xalqı uzun
müddətdir zorla müharibələrə cəlb edilsə
də, buna baxmayaraq, yəqin ki, xarici ölkələrlə,
o cümlədən Azərbaycanla da maraqlanıb. Azərbaycan
barədə təəssürat necədir ölkənizdə?
-
Baxmayaraq ki, səfirlik olaraq Bakıda yenicə fəaliyyətə
başlamışıq, əslində Fələstinlə Azərbaycanın
əlaqələri tarixi köklərə malikdir. Daha sıx
dövlətlərarası münasibətlər isə mərhum
ümummilli lider Heydər Əliyevlə Fələstinin mərhum
lideri Yasir Ərəfatın hakimiyyəti illərində
yaradılıb. Bundan əlavə, hələ sovetlər
dönəmində minlərcə fələstinli tələbə
Azərbaycanın ali məktəblərində təhsil
alıb. Bu gün də istər rəsmi, istərsə də
ictimai sahədə əlaqələr davam edir. Bunun nəticəsidir
ki, Fələstin hökuməti birmənalı olaraq
Dağlıq Qarabağ məsələsində Azərbaycanın
yanındadır. Həm də Fələstin hökuməti tələb
edir ki, BMT-nin və digər beynəlxalq təşkilatların
Qarabağ münaqişəsinin həllinə dair qəbul
etdiyi çox sayda qətnamələr həyata
keçirilsin. O ki qaldı sadə Fələstin
xalqının münasibətinə, bu gün Fələstinə
gedib, kimə desəniz ki, Azərbaycandan gəlmisiniz,
çox sevinəcək. Çünki orada Azərbaycanı
hamı tanıyır. Buna baxmayaraq, məlumatlar çox səthidir.
Xalqlarımızı biri-birinə daha yaxşı tanıtmaq
üçün bir qədər vaxt lazımdır.
Çalışmalıyıq ki, ölkələrimiz
arasında gediş-gəliş artsın. Belə olarsa, Azərbaycana
gələn hər bir fələstinli qayıdandan sonra öz
təəssüratlarını başqalarına
danışacaq və beləliklə, fələstinlilərdə
bu ölkə haqda məlumat zənginliyi yaranacaq. Eyni vəziyyət
Fələstinə səfər edən azərbaycanlılara
da aiddir. Elə burada səfirlik kimi fəaliyyətə
başlamağımızın səbəbi də əlaqələri
genişləndirmək istəyimizlə bağlıdır.
Yeri gəlmişkən, Azərbaycana səfir göndərilməyim
barədə qərar veriləndə, 1980-ci illərin
ortalarında Bakıda təhsil almış bir dostum zəng
vuraraq, bu münasibətlə məni təbrik etdi. O,
Bakıda mühəndislik sahəsində ali təhsil
alıb. O, Azərbaycanı, paytaxt Bakını o qədər təriflədi ki.
Hətta deyərdim ki, məhz o, Azərbaycan barədə
məndə dolğun təəssüratlar yaratdı. Bu mənada
gediş-gəlişi gücləndirmək çox vacibdir.
İnanıram ki, gələcəkdə Fələstində
də Azərbaycan səfirliyi açılacaq və ölkələrarası
əlaqələr arzuladığımız səviyyəyə
yüksələcək.
- Burada Fələstin barədə
məlumatlar əsasən işğal olunmuş torpaqlardan,
qaçqınlardan, İsrail əsgərlərinin
vaxtaşırı həmlələrindən ibarətdir
-
Başa düşürəm, amma bilin ki, Fələstinin də
Azərbaycan kimi iqtisadi-sosial infrastrukturu mövcuddur. Fələstin
dünyanın ən qədim sivilizasiya ocaqlarından biridir. Doğrudur, Fələstin
uzun illərdir münaqişə üzündən inkişaf
edə bilmir, amma son illər prezident Mahmud Abbasın və
baş nazir Salam Sayadın təşəbbüsü ilə
ölkədə bir sıra iri zavod və fabriklər inşa
olunub, sosial-iqtisadi infrastruktur yaradılır. Təbii ki, Fələstin
iqtisadiyyatı Azərbaycanla müqayisə oluna bilməz.
Burada çox sürətli inkişaf gedir, ölkə sanki
yenidən tikilib-qurulur. Əlbəttə, biz fələstinlilər
də qardaş Azərbaycan xalqının bu uğuruna ancaq
sevinirik.
- İqtisadiyyatdan söz
düşmüşkən, ölkələrimiz arasında
hansı sahələrdə daha sıx işbirliyi qurulub?
- Hələlik,
burada yeniyik, amma çalışacağıq gələcəkdə
qarşılıqlı maraqlar əsasında ticarətin həcmini
artıraq, dövlətlər və iş adamları səviyyəsində
yatırımlar qoyulsun. Bunun üçün sazişlər də
imzalanacaq. Fələstin Azərbaycanda turizm, kənd təsərrüfatı,
enerji və geologiya sahələrində əməkdaşlıq
etmək istəyir. Eləcə də, bu sahələrdə əldə
olunmuş uğurlu təcrübəsindən yararlanmaq niyyətindəyik.
- Maraqlıdır, bu qədər
yaxın əlaqələrimizdən söz açırıq,
Qarabağ savaşında necə, fələstinlilər bizə
yardım etdilərmi? Yeri gəlmişkən, Ermənistan mətbuatı
müharibə zamanı ərəblərin, xüsusilə də
fələstinlilərin guya Azərbaycan tərəfdən ermənilərə
qarşı savaşdığını yazıb
-
Açığını desəm, ermənilərin bu
şayiəsi gülüş doğurur. Azərbaycan dövlətinin
hər bir sahədə gücü-qüvvəsi, şücaəti
çatır ki, öz problemini həll etsin. Bu mənada Azərbaycanın
hansısa ərəbin, eləcə də fələstinlinin
ona kömək göstərməsinə ehtiyacı yoxdur. Amma
istər İslam Konfransı Təşkilatı, istərsə
də Ərəb Liqası dəfələrlə Azərbaycanı
dəstəkləyən bəyanatlar səsləndiriblər və
Ermənistandan qeyd-şərtsiz Azərbaycan torpaqlarından
çıxmağı tələb ediblər.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 21-23
may.- S. 1, 4.