Avropa Standartları - Azərbaycan Qanunvericiliyi
Demokratik inkişaf və
Azərbaycan cəmiyyəti
İnsan hüquqları
sahəsində Avropa standartları müasir
beynəlxalq hüququn tərkib
hissəsidir. Azərbaycan qanunvericiliyində beynəlxalq hüquq normalarının
yeri ilə bağlı məsələni
araşdırmaq bu mənada
əhəmiyyət kəsb edir.
Beynəlxalq
hüquqla dövlətdaxili (milli) hüququn
qarşılıqlı əlaqəsi, onlar arasında
(hüquqi qüvvəsi və tətbiqi ilə bağlı)
münasibət məsələsi, bir qayda olaraq, hər bir
dövlətin konstitusiyası ilə müəyyən edilir. Azərbaycan
Respublikasının Konstitusiyasında da bu məsələ ilə
bağlı bir neçə müddəa var. Əvvəla,
Konstitusiyanın "Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan aktlar" adlanan 148-ci maddəsinin
II hissəsində göstərilir ki, Azərbaycanın tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminin
ayrılmaz tərkib hissəsidir. İkincisi, beynəlxalq
aktların hüquqi qüvvəsini tənzimləyən 151-ci
maddədə qeyd edilir ki, ölkənin qanunvericilik sisteminə
daxil olan normativ hüquqi aktlarla (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla qəbul
edilən aktlar istisna olmaqla) Azərbaycanın tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələr tətbiq edilir. Göstərilən
norma ilə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
respublikanın hüquq sisteminə daxil olan normativ aktların
ierarxiyasında yeri müəyyən edilib. Bu sistemdə beynəlxalq
müqavilə hüquqi qüvvəsinə görə
Konstitusiyadan və referendum yolu ilə qəbul edilmiş
aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyanın
qeyd edilən 148-ci və 151-ci maddələri Azərbaycanın
qanunvericilik sistemində beynəlxalq hüquq
normalarının yeri haqqında kifayət qədər
aydınlıq yaradır. Yeri gəlmişkən, məsələnin
belə həlli müasir beynəlxalq hüququn tələblərinə
tam şəkildə cavab vermir. Belə ki, istər müasir
beynəlxalq hüquqda imperativ normalardan biri olan beynəlxalq
öhdəlikləri vicdanla yerinə yetirmə (pacta sunt
servanda) prinsipi baxımından, istərsə də universal
beynəlxalq saziş olan Beynəlxalq müqavilələr
hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsinə
əsasən, habelə bir sıra digər beynəlxalq
hüquq normalarının tələblərinə görə
dövlətdaxili qanunvericilik tamamilə, yəni, ölkə
Konstitusiyası da daxil olmaqla beynəlxalq hüquqa uyğun
olmalıdır. Təqdirəlayiq haldır ki, ölkə
Konstitusiyasında insan hüquqları üzrə beynəlxalq
standartlara münasibətdə beynəlxalq hüquqla milli
hüququn nisbəti məsələsi həmin tələblərə
cavab verir. Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin
ikinci hissəsində birbaşa göstərilir ki,
Konstitusiyada sadalanan insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Buradan belə bir nəticə çıxarmaq olar ki,
Konstitusiyada insan və vətəndaş hüquqları və
azadlıqları ilə bağlı Azərbaycanın tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
nisbətdə fərqli qaydalar müəyyən edilibsə,
beynəlxalq müqavilənin norması tətbiq edilməlidir.
İnsan
hüquqları sahəsində beynəlxalq standartların
xüsusi statusa malik olması ölkə qanunvericiliyinin ona
uyğunlaşdırılmasını zəruri edir. Digər
tərəfdən, insan hüquqları sahəsində əsas
Avropa standartlarını özündə ehtiva edən 1950-ci
il İnsan Hüquqları haqqında Avropa Konvensiyası və
ona əlavə edilən 1, 4, 6 və 7 saylı Protokolların
müdafiə mexanizmi olan İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin (bundan sonra Məhkəmə) qərarları
da üzv dövlətlər üçün məcburidir.
Konvensiyanın
46-cı maddəsində deyilir: "Razılığa gələn
Yüksək Tərəflər məhkəmənin onların
tərəf olduqları hər hansı bir iş üzrə
çıxardığı son qərarı yerinə yetirməyi
öz öhdələrinə götürürlər". Konvensiya
ilə müdafiə olunan hər hansı bir hüququn
pozulması ilə bağlı şikayəti öyrənərkən
Məhkəmə həmin iş üzrə cavabdeh qismində
çıxış edən dövlətin daxili hüququn
müvafiq normasına və məhkəmə praktikasına
diqqət edir və Məhkəmənin həmin şikayət
üzrə çıxardığı qərar bir növ
daxili hüququn müvafiq normasının qiymətləndirilməsi
kimi qəbul edilir. (Qeyd edək ki, materialın hazırlanmasında
Ataxan Abilovun "Avropa İnsan Hüquqları Məhkəməsi
və Azərbaycan" kitabından istifadə edilib) Beləliklə,
Məhkəmə öz fəaliyyəti ilə də dövlətin
daxili qanunvericiliyinin Konvensiyaya
uyğunlaşdırılması istiqamətinə real təsirlər
göstərir. Əlbəttə, Məhkəmənin hər
hansı dövlətdaxili hüquq normasını və ya
qanunvericilik aktını ləğv etmək, onlara dəyişiklik
etmək və ya digər hakimiyyət tədbirləri həyata
keçirmək tələbi ilə çıxış etmək
səlahiyyəti yoxdur. Lakin Konvensiyanın
iştirakçısı olan dövlətlər Məhkəmənin
qərarlarına ciddi yanaşır və öz qanunvericiliklərini
Konvensiyaya və Avropa Məhkəməsinin praktikasına
uyğunlaşdırmaqda maraqlıdırlar.
Konvensiyanın
müdafiə mexanizminin təsir dairəsinə düşən
hüquq və azadlıqların həcmi haqqında tam təsəvvür
yaratmaqdan ötrü onların təsnifatının
aparılması zərurəti vardır. Konvensiyanın
özündə belə təsnifat
aparılmamışdır. Hüquq ədəbiyyatlarında
isə müxtəlif təsnifatlara rast gəlinir. Biz təsbit
edilən hüquqlara daha aydınlıq gətirmək, onlar
haqqında konkret təsəvvür əldə etmək məqsədilə
nisbətən sadə və asan qavranıla bilən və məzmun
baxımından bir-birinə yaxın olan hüquqları vahid
qrupda cəmləşdirməyə imkan yaradan təsnifata
üstünlük verdik. Həm də nəticədə
oxucuda hüquq və azadlıqların Avropa kataloqu haqqında
tam təsəvvür yaranar. Buna əsasən, həmin
hüquq və azadlıqları üç qrupa bölürlər;
1)
şəxsi hüquqlar;
2)
siyasi və vətəndaşlıq hüquqları ;
3) ədalətli
məhkəmə təminatı ilə bağlı
hüquqlar4 .
Şəxsi hüquqlara
aşağıdakı hüquqlar aid edilir;
1)
yaşamaq hüququ;
2)
köləliyin və məcburi əməyin qadağan
olunması;
3)
şəxsi toxunulmazlıq hüququ;
4)
yaşayış sahəsinin toxunulmazlığı
hüququ;
5)
yazışmanın toxunulmazlığı;
6)
telefon danışıqlarına qeyri-qanuni qulaq
asılmasının qadağan edilməsi;
7)
öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın yayılmasının qadağan
edilməsi;
8)
Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə
maneçiliyin qadağan edilməsi;
9)
nigah hüququ;
10)
ailə həyatına hörmət hüququ;
11) ər-arvadın
hüquq bərabərliyi;
12)
nigahdan kənar doğulan uşaqların hüquqları;
13) fikir, vicdan
və din azadlığı;
14) təhsil
hüququ;
15) əmlakından
maneəsiz istifadə hüququ;
16)
mülkiyyətin qeyri-qanuni özgəninkiləşdirilməsinin
qadağan olunması.
Konvensiya və ona əlavə edilən
Protokollarda nəzərdə tutulan siyasi və vətəndaşlıq
hüquqlarına aşağıdakı hüquqlar daxildir;
1)
fikrini ifadə etmək hüququ (söz azadlığı);
2) məlumat almaq
və yaymaq hüququ;
3)
dinc yığıncaqlar və nümayiş hüququ;
4)
sosial, irqi, milli, dini ədavətin təbliğinin qadağan
olunması;
5) həmkarlar
ittifaqları da daxil olmaqla assosiasiyaları azad yaratmaq
hüququ;
6)
dövri olaraq azad seçki hüququ;
7) sərbəst
hərəkət etmək və yaşayış yeri
seçmək hüququ;
8)
dövlətə öz vətəndaşlarını
sürgün etməyin qadağan edilməsi;
9) vətəndaşa
öz dövlətinin ərazisinə gəlməyə
qadağanın yolverilməzliyi;
10)
xaricilərin kollektiv şəkildə
köçürülməsinin qadağan edilməsi;
11) xaricinin köçürülməsi
zamanı prosessual təminatlar;
12)
ekstradasiya hallarında təminatlar;
Üçüncü qrupa-ədalətli
məhkəmə təminatı ilə bağlı
hüquqlara aşağıdakılar aiddir:
1)
şəxsin həbs və ya tutulma zamanı dərhal həbsin
və ya tutulmanın qanuniliyi haqqında məsələyə
baxmaq üçün hakim qarşısında dayanmaq
hüququ;
2)
şəxsin qeyri-qanuni həbs və ya tutulma zamanı
kompensasiya hüququ;
3)
ibtidai istintaq dövründə kifayət qədər əsaslar
olmadan şəxsin həbsdə saxlanmasının qadağan
edilməsi;
4) həbsdə
olan şəxslə qeyri-insani və yaxud insan ləyaqətini
alçaldan rəftarın qadağan edilməsi;
5)
müqavilə öhdəliklərini yerinə yetirməməyə
görə azadlıqdan məhrum etmənin qadağan edilməsi;
6)
maneəsiz olaraq məhkəməyə müraciət etmək
hüququ;
7)
müstəqil və təmənnasız məhkəmə
hüququ;
8) məhkəmə
prosesində tərəflərin bərabərliyinə və
çəkişmə prinsipinə təminat hüququ;
9) məhkəmə
prosesinin açıq olmasına hüquq;
10)
ağlasığan müddətdə məhkəmə təhqiqatına
hüquq;
11) təqsirləndirilən
şəxsin müdafiə hüququ, o cümlədən,
maddi vəsaiti imkan verməyəndə belə, müdafiənin
təyin edilməsinə hüquq;
12)
prosesin aparıldığı dili bilmədikdə haqqı
ödənilməyən tərcüməçi xidmətindən
istifadə hüququ;
13) təqsirsizlik
prezumpsiyası;
14)
dinc dövrdə ölüm cəzasının qadağan
edilməsi;
15)
eyni cinayətə görə təkrar məhkum olunmanın
qadağan edilməsi;
16)
yeni cinayət qanununun və ya cəzanı
ağırlaşdıran qanunun geriyə şamil edilməsinin
qadağan olunması;
17)
hökmün və ya cəza tədbirinin yuxarı məhkəmə
instansiyasında yenidən baxılmasına hüquq;
18) məhkəmə
səhvləri zamanı kompensasiyaya hüquq;
(Ardı var)
Həftə içi.- 2011.- 21 may.-
S. 1.