Ad və soyadlarda məhdudiyyətlər
Hökumət yeni qaydaların təsdiq
edilməsi barədə qərar verib
Nazirlər
Kabinetindən aldığımız məlumata görə,
milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri
olan Azərbaycan vətəndaşlarının, doğumu Azərbaycan
ərazisində qeydə alınmış və daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərin
müraciətləri əsasında onlara adların, ata
adlarının və soyadların verilməsi və dəyişdirilməsi
bu qaydalara uyğun olaraq həyata keçirilir. Qaydalara görə,
uşağın mənafeyinə xələl gətirə biləcək,
habelə şəxsin cinsinə uyğun gəlməyən və
ya gülünc adın verilməsinə yol verilmir.
Adın
verilməsindən və ya dəyişdirilməsindən
imtina edilməsi barədə qeydiyyat orqanının qərarından
inzibati qaydada və məhkəməyə şikayət verilə
bilər. Qaydalarda qeyd olunur ki, valideynlər arasında
uşağın adına münasibətdə razılıq
olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin
qəyyumluq və himayə orqanları tərəfindən həll
olunur. Həmçinin qeyd olunur ki, 18 yaşına
çatmış hər bir vətəndaşın ərizəsinə
əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik
edilir. 18 yaşına çatmayanların soyadlarının
sonluğuna dəyişiklik onların valideynlərinin və
digər qanuni nümayəndələrinin
(övladlığa götürənlərin, qəyyumun və
ya himayəçinin) ərizəsi əsasında həyata
keçirilir.
Hər
iki valideynin soyadının sonluğu dəyişdirildikdə,
18 yaşına çatmayanların soyadlarının
sonluğu da dəyişdirilir. 10 yaşına
çatmış uşağın soyadının sonluğu
yalnız onun razılığı ilə dəyişdirilir. Soyadın
sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar
müvafiq akt qeydlərində bu barədə qeyd edilir və
yeni şəhadətnamələr verilir. Qeydiyyat şöbəsi
və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik
edilməsinə şəxs həm yetkinlik yaşına
çatanadək, həm də yetkinlik yaşına
çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik
yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik
edilməsinə yol verilmir. Qaydalara görə, Azərbaycan vətəndaşlarının
öz adını, ata adını və soyadını dəyişdirməsinə
18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata
adının və soyadın dəyişdirilməsi qeydiyyat
şöbəsi və ya konsulluq tərəfindən həyata
keçirilir.
Ərizə
verən şəxs cinayət mühakimə icraatına
şübhəli və ya təqsirləndirilən şəxs
qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş
və ya ödənilməmiş məhkumluğu olduqda, habelə
barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilmiş şəxs olduqda adın, ata adının,
soyadın dəyişdirilməsinə yol verilmir.
Atanın
öz adını dəyişdirməsi qeydə alınarkən,
onun yetkinlik yaşına çatmayan uşaqlarının ata
adı dəyişdirilir. Yetkinlik yaşına
çatanların ata adı yalnız o hallarda dəyişdirilir
ki, onların özləri bu barədə müraciət
etmiş olsunlar.
Hər
iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik
yaşına çatmayanların soyadı dəyişdirilir.
Soyadı valideynlərdən biri dəyişdirərsə,
onun yetkinlik yaşına çatmayan uşaqlarının
soyadının dəyişdirilməsi məsələsi
valideynlər arasında razılığa görə,
razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq
və himayə orqanı tərəfindən həll edilir.
Adın,
ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər,
o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat
şöbəsində və ya konsulluqda 75 il müddətində
saxlanılır.
Adlar dövrün tələbinə
görə verilir
Araşdırmalar
göstərir ki, Azərbaycanda yeni doğulan uşaqlara
adların verilməsinə dövrün həm ictimai, həm
də siyasi vəziyyəti təsir göstərib. Məsələn,
ərəb və ya fars dövlətlərinin Azərbaycana
güclü təsiri olduğu dövrlərdə uşaqlara
daha çox ərəb və fars adları qoyulurmuş. Sovet
hökuməti qurulmazdan öncə Azərbaycanda körpələrə
həm də dini adlar verilməsinə çox rast gəlinib.
Belə adlara misal olaraq Məhəmməd, Əli, Osman,
İbrahim, Yusif, Fatimə, Zeynəbi göstərmək olar. Bundan
başqa, o vaxtlar bəzi valideynlər arasında uşaqlara
nağıl və dastanlardakı Babək, Cavanşir və
digər məşhur qəhrəmanların və ya tarixi
şəxslərin adlarını vermək də dəbdə
idi. Keçmiş SSRİ-nin mövcüd olduğu illərdə
isə bəzi valideynlər öz körpələrinə rus
və ya sovet ideologiyasına uyğun adlar veriblər. Həmin
dövrdə bəzi azərbaycanlılara Kolxoz, Kombayn, Sovet,
Traktor, Marks, Komsomol, Yanvar, Fevral, Oktyabr, Bolşevik, Knyaz,
Prikaz, Narkom kimi adlar qoyulması buna misal ola bilər.
"Qorqud", yoxsa "bin
Laden"
Bəs
görəsən, müasir dövrümüzdə hansı səbəblər
üzündən aidiyyəti qurumlar ad məsələsinə
belə həssaslıqla yanaşır və adların təsnifatlaşdırılması
ideyası ilə çıxış edir. Həqiqətənmi
Azərbaycanda səslənməsi gülüş doğuran
adlar getdikcə çoxalır? Suala cavab tapmaq
üçün Dövlət Statistika Komitəsi ilə əlaqə
saxlayıb əhalinin daha çox marağı olan adların
hansı olmasını öyrəndik. Qurumdan bildirdilər ki, hazırda yeni doğulan uşaqlara 8 mindən çox ad verilir. Bunun 3600-dən çoxu
qız, təxminən
4500-ü oğlan adıdır
ki, onların içərisində Fatimə,
Nərmin, Fidan, Aytac, Zəhra, Nuray, Nəzrin, Selcan və Əli, Murad, Məhəmməd, Hüseyn,
Nihat, Fərid, Nicat kimi qız
və oğlan adları var.
Amma
bu hamısı deyil. Sən demə, bəzi valideynlərin
övladlarına müasir dövrlə ayaqlaşan
maşınların, internet ünvanlarının, mafiya
başçılarının və ya terroristlərin
adlarını qoyması da ənənəyə
çevrilibmiş. Bu sahədə aparılan
araşdırmalar göstərib ki, son vaxtlar uşaqlara
internetdəki niklərin adlarını qoymaq istəyənlərdən
tutmuş mafiya başçılarının şərti
adlarına qədər olanlar kifayət qədərdir. Odur ki
Polad, Ələmdar, Memati, İsgəndər kimi film qəhrəmanlarının
adları indi çox populyar olub. Çoxlarına təəccüblü
görünsə də, övladına hətta bir müddət
öncə dünyasını dəyişən terrorçu
bin Ladenin adını verən də var. Amma yeni doğulanlara
ad qoymaq üçün soy-kökümüzə
bağlılığı nümayiş etdirərək
"Kitabi-Dədə Qorqud"a müraciət edənlər
də az deyil və Banuçiçək, Burla Xatun, Beyrək,
Qorqud son illər tez-tez müraciət olunan adlar
siyahısındadır.
Qanunda bildirilir ki
Adların
insan həyatında özünəməxsus rolu var. Müəyyən
olunub ki, körpələrə qoyulan adlar mənasına
uyğun olaraq sonradan böyüməkdə olan
uşaqların xarakterinin formalaşmasına, psixikasına, hətta
karyerasına da təsir edir. Psixoloqların gəldiyi qənaətə
görə, xoşagəlməz adlarına görə
uşaqlar böyüdükcə ciddi psixoloji
sarsıntılara məruz qalır və ətrafdakılardan
aldarını gizlətməyə çalışırlar. Xoşagələn
adların isə insana stimul verərək onun uğurlar
qazanmasında böyük rol oynadığı bildirilir.
Milli
Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
deyir ki, Azərbaycanda uşaqlara eyni adların qoyulması
tendensiyaya çevrilib və bu, xalqın adqoyma
fantaziyasının zəifliyindən irəli gəlir:
"Hazırda Azərbaycanda ən populyar kişi adı Əlidir.
Ölkədə 49 min nəfər bu adın
daşıyıcısıdır. Sonrakı yerlərdə
Elçin, Vüqar, Anar, Elnur, Samir, Vüsal, Rəşad gəlir.
Qadınlar arasında isə Sevinc adı daha çox
yayılıb. Günel, Leyla, Aygün, Sevda, Vüsalə,
Könül, Samirə, Təranə adları da çoxdur. Bu
cür problemləri aradan qaldırmaq üçün ad və
soyad bankı yaratmışıq və toplanan adlar Vətəndaşların
Vəziyyətinin Aktları Qeydiyyatı orqanlarına təqdim
edilib. Komissiya hansı adların qoyulmasının məqsədəuyğun
olmadığını müəyyənləşdirib. Bu
üsul təhqiramiz adların uşaqlara qoyulması
hallarının qarşısını alacaq. Məsələn,
kimsə övladına Yelizaveta adı vermək istəsə,
bu ad lüğətdə olmadığı üçün
onun istifadəsinə icazə verilməyəcək. Çünki
bu cür adları azərbaycanlıların
daşıması məqsədəuyğun deyil".
Hüquqşünas
Səfa Məmmədova bizimlə söhbətində adqoyma məsələsinin
hüquqi tərəflərinə aydınlıq gətirdi:
"Azərbaycanda Ailə Məcəlləsinin 53.2-ci maddəsinə
görə uşağa ad valideynlərin
razılığı ilə verilir. Valideynlər arasında
uşağın adına münasibətdə razılıq
olmadıqda yaranan fikir ayrılığı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həll olunur".
Hüquqşünas
hesab edir ki, adqoyma məsələsinə qarışmaq
yolverilməz haldır: "Bu məsələ hər bir
insanın öz şəxsi işidir və buna müdaxilə
yolverilməzdir. Gülməli və lazım olmayan adların
uşağa verilməsi cəmiyyətin mədəniyyət
göstəricisidir və bu məsələ başqa yollarla həll
olunmalıdır. Məsələn, bu məsələylə
bağlı maarifləndirmə işlərinin
aparılması daha məqsədəuyğun addım olar. Dünyanın
heç bir ölkəsində belə bir qadağa yoxdur. Mən
hesab edirəm ki, hər hansı qadağa tərəflər
arasında narazılıq yarada bilər".
Xatırladaq
ki, ad məsələsinə İslam dinində də
böyük önəm verilir. Peyğəmbərin hədisində
buyurulur ki, ad qoymaqda valideynlərin üzərinə
böyük məsuliyyət düşür. Hədisdə həmçinin
vurğulanır ki, valideynlər övladlarına elə adlar
verməlidirlər ki, uşaqlar böyüdükdən sonra xəcalət
çəkməsinlər, utanmasınlar.
Yeni
qaydalarda soyadı dəyişmək məsələsi də əksini
tapıb. Qanunvericiliyə görə, soyad sonluğundan
"-ov", "-yev" şəkilçilərinin tamamilə
götürülməsi, onların "-lı", "-zadə",
"-oğlu", "-qızı" sonluqları, yaxud
sonluqsuz ifadə formaları ilə əvəz edilməsi
çox hallarda qeydiyyat idarəsinə müraciət əsasında
həllini tapır. Yalnız soyad tamamilə yenilənirsə,
yaxud əvvəllər qeyri-rəsmi istifadə olunan təxəllüs,
ləqəb rəsmiləşdirilirsə, bu zaman vətəndaş
məhkəmə yoluyla soyadının dəyişdirilməsinə
nail olur. Təzə dünyaya gələn uşaqların
adları kimi, soyadlarının da rəsmiləşdirilməsi
asandır. Bunun üçün valideynlər qeydiyyatda
olduqları ərazi üzrə qeydiyyat idarəsinə
müraciət edir, babasının, yaxud atasının
adından istifadə etməklə uşağa soyad seçə
və onu rəsmiləşdirə bilir.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 21 may.-
S. 5.