İnsan hüquq və azadlıqlarının tarixinə ümumi baxış

 

"Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, millisosial mənşəkdən, mülkiyyətdən, doğumbaşqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir!".

Bu şüar müasir cəmiyyətimizdə demokratik inkişaf yolu tutmuş hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində başlıca meyar sayılır. İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir. Demokratik cəmiyyət arzusunu reallaşdıran hər bir vətəndaş açıq şəkildə hüquq və azadlıqlarının təmin edilməsini tələb edə bilir. Lakin onların əksəriyyəti bu anlayışların haradan yaranması, hansı tarixi mərhələlərdən keçməsindən xəbərsizdir. Bu səbəbdən insan hüquqlarının anlayışı və təbiəti haqqında danışmazdan əvvəl bu ideyanın tarixi inkişafını nəzərdən keçirmək lazımdır. İnsan hüquqları ideyasının tarixi kökü təxminən e.ə. VI-V əsrlərə gedib çıxır. Belə ki, hələ o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlayıb. Həmin dövrün Roma və yunan mütəfəkkirləri adlandırılan filosofların bu istiqamətdəki fikirləri, səsləndirdikləri sözləri tam mənada müasir dövrün insan hüquqları anlayışları ilə eyniləşdirmək doğru deyil. Lakin onlar öz mahiyyəti etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri idi. Buna misal olaraq, ilk demokratlardan olmuş afinalı Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatları və ya Qədim Romada plebeylerlə patrisilər arasında gedən mübarizəni göstərə bilərik. Lakin o dövrdə insan hüquqları dedikdə yalnız quldarlara məxsus hüquqlar göstərilirdi və qulların heç bir hüququ yox idi. Məhz bu paradoksallıq qədim dövrdə insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən islahatların, mövcud qanunların əsas çatışmaz məqamlarından sayılır. Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başladılar. Elə bunun məntiqi nəticəsi olaraq, 1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan "Böyük Azadlıqlar Xartiyası (Maqna Carta)" qəbul olundu ki, bu sənəd indi də öz əhəmiyyətini qoruyur. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, dünya tarixində ilk dəfə olaraq, kral öz hakimiyyətini feodalların xeyrinə məhdudlaşdırırdı. Bundan sonra İngiltərədə insan hüquqları uğrunda mübarizə daha da gücləndi və 1689-cu ildə Hüquqlar haqqında Bill qəbul olundu ki, bu da insan hüquqları sahəsində bəşəriyyətin daha bir nailiyyəti idi. Bütün bunlara baxmayaraq, insan hüquqları ilk dəfə 18-ci əsrdə öz elmi izahını tapdı. Bu dövrün böyük mütəfəkkirləri Monteskyö, Russo, Hobbs, Lokk və digərləri insanların ayrılmaz, təbii hüquqlarının olduğunu göstərir və deyirdilər ki, bu hüquqları onlardan heç kəs, hətta dövlət belə ala bilməz. Müasir dövrün insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların bazasını təşkil edən bu ideyaların daha da genişlənməsi, inkişafı özünü insan hüquqlarının inkişafı ilə bağlı çox vacib sayılan iki mühüm sənədin qəbulunda göstərdi. Bunun məntiqi nəticəsi olaraq 1776-cı ildə ABŞ-da qəbul olunmuş İstiqlaliyyət Bəyannaməsi və 1789-cu ildə Fransada qəbul olunmuş insan və vətəndaşların hüquqları haqqında bəyannamə qəbul olundu. İstiqlaliyyət Bəyannaməsində deyilir: "Dövlətin başlıca vəzifəsi insan hüquqlarını müdafiə etməkdir". Bundan başqa, bəyannamədə göstərilir ki, xalq yalnız o hökumətə tabedir ki, həmin hökumət xalqın azad inkişafını təmin etməyə səy göstərir. Bu fikir öz dövrü üçün çox qabaqcıl ideya idi. İnsan və vətəndaşların hüquqları haqqında bəyannamənin ən mühüm xüsusiyyəti onun universal xarakter daşımasıdır. Yəni o, yalnız fransız xalqının deyil, bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edirdi. Burada göstərilirdi ki, insan hüquqlarının unudulması və ya ona biganəlik ictimai bəlaların və hökumətdə korrupsiyanın əsas səbəbidir. Bu fikir dogrudan da, tarixin inkişafı ilə öz təsdiqini tapdı. 20-ci əsrin ortalarına kimi insan hüquqlarını hələ də bütün dünya ölkələri qəbul etmirdi. Bu yolda ilk addım BMT tərəfindən atıldı: 1948-ci ilin aprelin 10-da BMT-nin Baş Assambleyası Ümümdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamə preambula və 30 maddədən ibarət idi. Burada göstərilirdi ki, irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir. Bu bəyannamədən sonra, 1996-cı il dekabrın 16-da BMT "Mülki və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" paktlar qəbul etdi ki, bunlar hazırda insan hüquqlarına aid əsas sənədlər sayılır.

 

İnsan hüquqlarının yaranmasının özünü də üç mərhələyə bölürlər:

 

Birinci mərhələyə 18-ci əsrdə Avropada baş vermiş burjua inqilabları nəticəsində yaranan mülki və siyasi hüquqlar (yaşamaq hüququ, köləliyin ləğvi, işgəncənin ləğv edilməsi, şəxsi toxunulmazlıq hüququ və digər hüquqlar) daxildir.

İkinci mərhələyə 19-cu əsrdə sosialist və kommunist ideyaların təsiri ilə yaranan sosial və iqtisadi hüquqları (əmək hüququ, təhsil hüququ, sosial təminat hüququ və digərləri) aid etmək olar.

Üçüncü mərhələyə isə, 20-ci əsrdə yaranmış kollektiv hüquqları aid edə bilərik. Bunlar əsasən ətraf mühitin mühafizəsi, xalqın öz müqəddəratını təyin etmək hüququ və digər hüquqlardan ibarətdir. Bu hüquqlar 1955-ci ildə Bandunq konfransından sonra 3-cü dünya ölkələri tərəfindən irəli sürülüb.

Hazırda müasir dünyamızda bir çox beynəlxalq təşkilat özlərinin əsas məqsədi kimi məhz insan hüquq və azadlıqlarının təmin edilməsini göstərir. Məsələn BMT-nin Nizamnaməsində göstərilir ki, insan hüquqlarının təmin olunması BMT-nin əsas vəzifəsidir. Bu fikir 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunub və konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. İnsan hüquqları dedikdə, elə hüquqlar başa düşülür ki, bu hüquqlar dövlətlə qarşılıqlı münasibətdə hər bir insanın fərdi azadlığa nail olmaqdan, cəmiyyətin təşkil olunmasında iştirak etməkdən ibarət olan əxlaqi və hüquqi aktlardır.

 

İnsan hüquqlarının təbiəti haqqında danışarkən, ilk növbədə, bəzi xarakterik xüsusiyyətləri qeyd etmək lazımdır. Bu xüsusiyyətlər, əsasən aşağıdakılardan ibarətdir.

 

1. İnsan hüquqları universal normalardır. Yəni insan hüquqları irqindən, cinsindən, sosial və əmlak vəziyyətindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə aiddir. Bu müddəa Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində öz əksini tapmışdır. Bundan başqa, orada göstərilir ki, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna bu ərazinin müstəqil və ya asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdırılan ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır. Hər bir kəs anadan olduğu gündən bu hüquqlara malikdir və bu hüquqlar özgəninkiləşdirilə bilməz. Yəni heç kəs bu hüquqlardan məhrum edilə bilməz.

2. İnsan hüquqları yalnız dövlətlə insanlar arasında olan münasibətlərə aid məsələdir. Yəni insan hüquqlarına dair normalar yalnız dövlət və insan arasında yaranan münasibətləri nizama salır ki, bu da onu digər hüquq sahələrinin normalarından fərqləndirir. Əgər hər hansı bir insan öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər insanın hüquqlarını pozursa, artıq bu insan hüquqları dövlətlə fərd arasında olan məsələ olduğuna görə burada dövlət fərdin hüquqları naminə öz hakimiyyətini məhdudlaşdırmalıdır. Bu ideya hələ 1789-cu ildə Fransada qəbul olunmuş İnsan və vətəndaşların hüquqları haqqında bəyannamənin 5-ci maddəsində öz əksini tapmışdır. Burada göstərilir ki, qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.

3. İnsan hüquqlarının 3-cü xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlar kollektiv deyil, fərdi xarakter daşıyır. Yəni insan hüquqları dedikdə, hər hansı bir sosial qrupun deyil, həmin qrupa daxil olan konkret fərdin hüquqları başa düşülür. Məhz insan hüquqlarının bu xarakterik xüsusiyyəti çoxluğun hakimiyyəti olan demokratiyanı məhdudlaşdırır. Belə ki, müasir dövrdə hər hansı bir dövlətin bütün əhalisi belə, hansısa bir şəxsi hüquqlarından məhrum edə bilməz. Məhz elə bu xüsusiyyət müasir demokratiyanı qədim demokratiyadan fərqləndirir.

İnsan, vətəndaş hüquq və azadlıqlarının təminatı iki böyük kateqoriyaya əsaslanır. Həmin kateqoriyalar bir-biri ilə üzvi surətdə bağlıdır və biri digərini qarşılıqlı şəkildə tamamlayır. Onlar aşağıdakılardan ibarətdir:

 

1. insan, vətəndaş hüquq və azadlıqlarının konstitusiya təminatının dövlətdaxili kateqoriyası

2. insan, vətəndaş hüquq və azadlıqlarının təminatının beynəlxalq-hüquqi kateqoriyası:

Hüquq və azadlıqların təminatının dövlətdaxili kateqoriyası da, öz növbəsində, aşağıdakı iki növə ayrılır:

Demokratik dövlətlərdə insan vətəndaş hüquq və azadlıqlarının başlıca təminatçısı məhkəmədir. Çünki məhkəmə heç bir başqa dövlət orqanından asılı olmayan və yalnız qanuna tabe olan müstəqil hakimiyyətdir. İnsan hüquq və azadlıqlarının beynəlxalq müdafiəsi müasir dövrdə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşdırılmış təşkilatları çərçivəsində həyata keçirilir. Bu baxımdan "İnsan hüquqlarının Ümumi Bəyannaməsi" (1948-ci ildə qəbul edilmişdir) mühüm siyasi və hüquqi sənəd kimi böyük əhəmiyyət kəsb edir.

 

 

Həftə içi.- 2011.- 21 may.- S. 7.