Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının
ləğv edilməsi
haqqında konvensiya
Maddə 11
1.
İştirakçı-dövlətlər məşğulluq
sahəsində qadınlar barəsində
ayrı-seçkiliyi ləğv etmək məqsədilə
kişi və qadınların bərabərliyi əsasında
qadınların bərabər hüquqlarını, o cümlədən
aşağıdakı hüquqları təmin etmək
üçün bütün müvafiq tədbirləri
görürlər:
a)
bütün insanların ayrılmaz hüququ olan əmək
hüququ;
b)
işə götürülərkən eyni imkanlara malik olmaq,
o cümlədən işə götürülərkən
eyni meyarların tətbiq edilməsi hüququ;
c)
azad surətdə peşə, yaxud iş növü seçmək,
vəzifədə irəli çəkilmək və məşğulluğunun
təminatı hüququ, eləcə də iş şəraitinin
bütün güzəştlərindən istifadə etmək,
şagirdlik, yüksək səviyyəli peşə
hazırlığı, ixtisasını müntəzəm
artırmaq daxil olmaqla, peşə hazırlığı və
ixtisasını təkmilləşdirmə hüququ;
d)
güzəştlər daxil olmaqla, bərabər haqq almaq, bərabər
dəyərli əməyə görə bərabər şərtlər,
həmçinin işin keyfiyyətinin qiymətləndirilməsinə
bərabər yanaşma hüququ;
e)
sosial təminat o cümlədən pensiyaya çıxarkən,
işsizlik, xəstəlik, əlillik, qocalıq və əmək
qabiliyyətini itirdiyi digər hallarda hüququ, həmçinin,
ödənişli məzuniyyət hüququ;
f)
sağlamlığının mühafizəsi və təhlükəsiz
əmək şəraiti, o cümlədən nəsil
davamı funksiyasının saxlanması üzrə hüququ;
2.
Qadınlar barəsində ərə getməyə və
analığa görə ayrı-seçkiliyin
qarşısını almaq və onların əmək
hüququna təsirli təminat vermək üçün
iştirakçı-dövlətlər
aşağıdakı müvafiq tədbirləri
görürlər:
a)
hamiləliyə, yaxud hamiləliyə və doğuşa
görə məzuniyyətə görə işdən azad
etməyi, yaxud işdən çıxarılarkən ailə
vəziyyətinə görə ayrı-seçkilik
qoyulmasını, sanksiya tətbiq etmək təhdidi ilə,
qadağan etmək;
b) əvvəlki
iş yerini, vəzifə üstünlüyünü, yaxud
sosial müavinətini itirmədən ödənişli məzuniyyətlər,
yaxud hamiləliyə və doğuşa görə sosial
müavinətlərlə müqayisə edilə bilən məzuniyyətlər
tətbiq etmək;
c)
valideynlərin ailədəki vəzifələrini yerinə
yetirməklə yanaşı, əmək fəaliyyətini və
ictimai həyatda iştirakını
uyğunlaşdırmalarına o cümlədən uşaqlara
qulluq üzrə müəssisələr şəbəkəsinin
yaradılması və genişləndirilməsi ilə imkan
verən əlavə sosial xidmətləri təşviq etmək;
d)
qadınları, xüsusilə hamiləlik dövründə,
onların sağlamlığı üçün zərərli
olduğu sübut olunmuş işlərdə müdafiə
etmək;
3. Bu
maddədə bəhs edilən hüquqların müdafiəsinə
dair qanunvericilik elmi-texniki biliklər baxımından
vaxtaşırı gözdən keçirilir, eləcə də
lazım olduğu qədər yenidən baxılır, ləğv
edilir, yaxud genişləndirilir.
Maddə 12
1.
İştirakçı-dövlətlər qadınların
kişi və qadınların bərabərliyi əsasında
tibbi xidmət almasını o cümlədən, ailənin həcmi
məsələsini planlaşdırılmasına dair təmin
etmək üçün qadınlar barəsində səhiyyə
sahəsində ayrı-seçkiliyin ləğv edilməsi
üçün bütün müvafiq tədbirləri
görürlər.
2.
İştirakçı-dövlətlər bu maddənin 1-ci
bəndindən asılı olmayaraq, lazım gəldikdə,
pulsuz xidmətlər, eləcə də hamiləlik və əmizdirmə
dövründə müvafiq qida məhsulları ilə təchiz
etməklə qadınlara hamiləlik, doğuş və
doğuşdan sonrakı dövrlərdə müvafiq xidmətlər
göstərilməsini təmin edirlər.
Maddə 13
İştirakçı-dövlətlər
qadınların kişilərlə bərabərliyi əsasında
bərabər hüquqlarını, o cümlədən
aşağıdakı hüquqları təmin etmək məqsədilə
qadınlar barəsində iqtisadi və sosial həyatın digər
sahələrindəki ayrı-seçkiliyin ləğv edilməsi
üçün bütün müvafiq tədbirləri
görürlər:
a) ailə uçun
müavinət hüququ;
b)
daşınmaz əmlak üçün istiqraz, ssuda və digər
formalarda maliyyə krediti almaq hüququ;
c)
istirahətlə, idmanla məşğul olmaq və mədəni
həyatın bütün sahələri ilə bağlı
olan tədbirlərdə iştirak etmək hüququ.
Maddə 14
1.
İştirakçı-dövlətlər kənd yerlərində
yaşayan qadınların qarşılaşdıqları
xüsusi problemləri və ailələrinin iqtisadi
rifahını təmin edilməsində oynadıqları
mühüm rolu, o cümlədən təsərrüfatın
qeyri-əmtəə sahələrindəki fəaliyyətini
nəzərə alırlar və bu Konvensiyanın müddəalarının
kənd yerlərində yaşayan qadınlar barəsində tətbiqi
təmin etmək üçün bütün lazımi tədbirləri
görürlər.
2.
İştirakçı-dövlətlər kişi və
qadınların bərabərliyi əsasında
qadınların kənd rayonlarının inkişafında
iştirak etmələrini və bu inkişafdan
faydalanmalarını təmin etmək məqsədilə kənd
rayonlarında yaşayan qadınlar barəsində
ayrı-seçkiliyin ləğv edilməsi üçün
bütün müvafiq tədbirləri görür, o cümlədən
onların aşağıdakı hüquqlarını təmin
edirlər:
a)
bütün səviyyələrdə inkişaf
planlarının işlənib hazırlanmasında iştirak
etmək;
b)
ailənin həcminin planlaşdırılması məsələlərinə
dair, informasiya, məsləhətlər və xidmət daxil
olmaqla, müvafiq tibbi xidmətə yol tapmaq;
c)
sosial sığorta proqramlarından bilavasitə bəhrələnmək;
d)
hazırlıq və funksional savad daxil olmaqla, bütün
formal və qeyri-formal təhsil növlərinə yiyələnmək,
həmçinin icma xidmətinin bütün xidmət vasitələrindən,
kənd təsərrüfatına dair o cümlədən
texniki səviyyələrini artırmaq üçün məsləhət
xidmətindən istifadə etmək;
e)
muzdlu iş, yaxud müstəqil əmək fəaliyyəti
vasitəsilə iqtisadi imkanlara bərabər yol tapmağı
təmin etmək üçün özünəyardım
qrupları və kooperativlər təşkil etmək;
f)
kollektiv fəaliyyətin bütün növlərində
iştirak etmək;
g) kənd
təsərrüfatı kreditlərinə və
istiqrazlarına, satış sisteminə, müvafiq texnologiyaya
yol tapmaq, torpaq islahatlarında, aqrar islahatlarda və
torpaqların yenidən məskunlaşdırılması
planlarında bərabər statusa malik olmaq;
h)
lazımi həyat şəraitindən, xüsusilə mənzil
şəraitindən, sanitar xidmətindən, elektrik enerjisindən
və su təchizatından, eləcə də nəqliyyatdan və
rabitə vasitələrindən istifadə etmək.
IV HİSSƏ
Maddə 15
1.
İştirakçı-dövlətlər qadınların
qanun qarşısında kişilərlə bərabərliyini
etiraf edirlər.
2.
İştirakçı-dövlətlər qadınlara
kişilərlə eyni mülki hüquq səlahiyyəti və
onu gerçəkləşdirmək üçün eyni
imkanlar verirlər. Onlar, o cümlədən, qadınlara
müqavilə bağlamaqda və əmlakı idarə etməkdə,
həmçinin onlara məhkəmə və tribunal təhqiqatının
bütün mərhələlərində bərabər
münasibəti təmin edirlər.
3.
İştirakçı-dövlətlər
razılaşırlar ki, hüquqi nəticələri
qadınların hüquq səlahiyyətinin məhdudlaşdırılmasına
səbəb olan bütün müqavilələr və hər
cür digər xüsusi sənədlər etibarsız
sayılır.
4.
İştirakçı-dövlətlər şəxslərin
yer dəyişməsinə, yaşamaq və daimi
yaşayış yerini azad surətdə seçməsinə
dair qanunvericiliyə münasibətdə kişilərə və
qadınlara eyni hüquqlar verirlər.
Maddə
16
1.
İştirakçı-dövlətlər nikah və ailə
münasibətlərinə dair bütün məsələlərlə
qadınlar barəsində ayrı-seçkiliyin ləğv
edilməsi üçün bütün müvafiq tədbirləri
görür, o cümlədən kişilərlə
qadınların bərabərliyi əsasında
aşağıdakıları təmin edirlər:
a) nikaha daxil
olmaqda eyni hüquqlar;
b)
azad surətdə ər seçməkdə və nikaha
yalnız özünün azad və tam razılıqa ilə
daxil olmaqda eyni hüquqlar;
c)
nikah dövründə və o pozularkən eyni hüquq və
vəzifələri olmaq;
d)
kişi və qadınların, ailə vəziyyətlərindən
asılı olmayaraq, valideyn kimi övladları ilə əlaqədar
məsələlərlə eyni hüquq və vəzifələri
olması; bütün hallarda uşaqların mənafeyi
üstün tutulur;
e)
uşaqların sayı və onların doğum illəri
arasında fasilə məsələsini azad və məsuliyyətlə
həll etməkdə eyni hüquqa, informasiyaya və təhsilə,
həmçinin bu hüququ həyata keçirməyə
imkan verən vasitələrə malik olmaq;
f) qəyyum,
hami, vəkil olarkən və uşaqları
övladlığa götürərkən, yaxud milli
qanunvericilikdə nəzərdə tutulan analoji funksiyaları
həyata keçirərkən eyni hüquq və vəzifələri
olmaq; bütün hallarda uşaqların mənafeyi
üstün tutulur;
g) ər
və arvadın eyni şəxsi hüquqları, o cümlədən
soyadı, peşə və məşğuliyyət seçmək
hüququ;
h) ər
və arvadın mülkiyyətə pullu, yaxud pulsuz şəkildə
sahib olmaq, onları almaq, idarə etmək və onlar barəsində
sərəncam verməkdə eyni hüquqları.
2.
Uşağın nişanlanması və nikahı hüquqi
qüvvəyə malik deyil, minimal nikah yaşının
müəyyənləşdirilməsi və nikahların
mütləq vətəndaşlıq vəziyyəti
aktlarında qeydiyyatdan keçirilməsi üçün,
qanunvericilik tədbirləri daxil olmaqla, bütün lazımi
tədbirlər görülür.
V HİSSƏ
Maddə 17
1. Bu
Konvensiyanın həyata keçirilməsinin gedişini
yoxlamaq üçün qadınlar barəsində
ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə
(bundan sonra Komitə adlandırılacaq) yaradılır. O,
Konvensiya qüvvəyə mindiyi vaxt on səkkiz, onu təsdiq
edəndən, yaxud ona otuz beşinci dövlət qoşulandan
sonra iyirmi üç yüksək əxlaqi keyfiyyətlərə
və Konvensiyanın əhatə etdiyi məsələlərdə
səriştəyə malik ekspertdən ibarət olur. Bu
ekspertlər iştirakçı-dövlətlər tərəfindən
onların öz vətəndaşları arasından
seçilir və özlərinin şəxsi keyfiyyətlərində
çıxış edirlər; həm də ədalətli
coğrafi bölgü və müxtəlif sivilizasiya
formalarının, həmçinin əsas hüquq sistemlərinin
təmsil olunması nəzərə alınır.
2.
Komitə üzvləri iştirakçı-dövlətlərin
irəli sürdükləri şəxslərin daxil edildiyi
siyahıdan gizli səsvermə yolu ilə seçilir. Hər
iştirakçı-dövlət öz vətəndaşları
arasından yalnız bir nəfərin namizədliyini irəli
surə bilər.
3.
İlk seçkilər bu Konvensiya qüvvəyə mindiyi
gündən altı ay sonra keçirilir. Hər seçkinin
keçirilməsinə, heç olmasa, üç ay
qalmış Birləşmiş Millətlər Təşkilatının
Baş katibi iştirakçı-dövlətlərə iki
ay müddətində öz namizədlərini təqdim etmək,
təklifi ilə məktub göndərir. Baş katib namizədlikləri
beləliklə irəli sürülmüş bütün
şəxslərin əlifba sırası ilə
siyahısını onların namizədliyini irəli
sürmüş iştirakçı-dövlətlər
göstərilməklə hazırlayır və bu
siyahını iştirakçı-dövlətlərə təqdim
edir.
4.
Komitə üzvlərinin seçkisi
İştirakçı-dövlətlərin Birləşmiş
Millətlər Təşkilatı Baş katibinin Birləşmiş
Mİllətlər Təşkilatının Mərkəzi
idarələrində çağırdığı
iclasında keçirilir. İştirakçı-dövlətlərin
üçdə ikisinin yetərsay olduğu bu iclasda ən
çox səs alan və iştirakçı-dövlətlərin
iclasda və səsvermədə iştirak edən nümayəndələrinin
mütləq əksəriyyətinin səsini qazanan namizədlər
Komitəyə üzv seçilmiş sayılırlar.
5.
Komitə üzvləri dörd il müddətinə
seçilir. Lakin ilk seçkilərdə seçilmiş
doqquz üzvün səlahiyyət müddəti iki ildən
sonra bitir; bu doqquz üzvün familiyası Komitə Sədrinin
seçkilərdən dərhal sonra keçirdiyi püşk
vasitəsilə müəyyən edilir.
6.
Komitənin əlavə beş üzvünün seçilməsi
bu maddənin 2-ci, 3-cü və 4-cü bəndlərinə
müvafiq olaraq Konvensiyanı otuz beşinci dövlət təsdiq
edəndən, yaxud ona qoşulandan sonra keçirilir. Beləliklə,
seçilmiş əlavə üzvlərdən ikisinin səlahiyyət
müddəti iki ildən sonra bitir; həmin üzvlərin
familiyalarını püşk vasitəsilə Komitə Sədri
müəyyən edir.
7.
Gözlənilməz vakansiyanı tutmaq üçün,
eksperti Komitə üzvü funksiyalarına xitam vermiş
iştirakçı-dövlət öz vətəndaşları
arasından, Komitənin bəyənməsi şərtilə,
yeni ekspert təyin edir.
8.
Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatının
vəsaitindən, Komitənin vəzifələrinin əhəmiyyəti
nəzərə alınmaqla, Baş Məclis tərəfindən
müəyyən edilmiş qayda və şərtlərlə
Baş Məclisin təsdiq etdiyi haqq alırlar.
9.
Birləşmiş Millətlər Təşkilatının
Baş katibi Komitənin bu Konvensiyaya müvafiq olaraq
funksiyalarını səmərəli yerinə yetirməsi
üçün lazımi sayda personal və maddi vəsait
ayırır.
Maddə 18
1.
İştirakçı-dövlətlər baxılmaq
üçün Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə bu Konvensiyanın müddəalarının
yerinə yetirilməsi üçün gördükləri
qanunvericilik və məhkəmə tədbirləri, inzibati və
digər tədbirlər və bununla bağlı əldə
edilmiş tərəqqi barəsində məruzələr təqdim
etməyi öhdələrinə götürürlər:
a)
maraqlı dövlət üçün bu Konvensiya qüvvəyə
mindiyi gündən sonra bir il ərzində;
b)
ondan sonra, ən azı, dörd ildə bir dəfə və
daha sonra Komitə tələb etdikdə.
2. Məruzələrdə
bu Konvensiyanın təəhhüdlərinin yerinə yetirilmə
dərəcəsinə təsir göstərən amillər
və çətinliklər göstərilə bilər.
(ardı var)
Həftə içi.- 2011.- 21 may.-
S. 8.