Birinci olduq (Eurovizion-2011)

  

   Gizlədə bilmədim göz yaşlarımı,

   Tükənməz sevincim bir ümman oldu.

   Gördükcə dünyanın alqışlarını,

   Bu doğma yurdumda toy-bayram oldu.

  

   Üçrəngli bayrağım göyə ucaldı,

   Eldarın, Nigarın qələbəsilə.

   Böyük dünyamızı lərzəyə saldı,

   Çox həzin, çox şirin bir nəğməsilə.

  

   Bu yerdə Tanrı da köməyə çatdı,

   Ələkdən keçirdi bütün bəşəri.

   Bu bir yarışmadır, bu bir savaşdır,

   Susdurduq yerində şeytanı, şəri.

  

   "Eurovision"da birinci olmaq,

   Millətlər içində millət deməkdir.

   Böyük Avropada qələbə çalmaq,

   Yağıya, düşmənə bir dərs verməkdir.

  

   Bələndi vətənim gülə-çiçəyə,

   Dünyanın gözüylə görünən xalqım.

   Bu zəfər bayramın mübarək deyə,

   Günəşin nuruna bürünən xalqım.

  

   O gün olsun ki, Qarabağa biz,

   Qələbə müjdənlə, zəfərlə gedək.

   Düşmən üzərində qələbəmizi,

   Bir daha dünyaya biz sübut edək.

  

  

   BU YOLUN

  

   Qaytanını itiribdi,

   Bağı yoxdur bu yolun,

   Bağı yoxdur.

   Çiyni üstə sola əyir,

   Sağı yoxdur bu yolun,

   Sağı yoxdur.

   Bulud kimi salxım-salxım,

   Barı yoxdur bu yolun,

   Barı yoxdur.

   Elə gedir əyə-əyə,

   Döngələri yeyə-yeyə,

   Arı yoxdur bu yolun,

   Arı yoxdur.

   Əyri gedir, əyri gedir,

   Düzü yoxdur bu yolun,

   Düzü yoxdur.

   Əzəl gündən əyilibdi,

   Üz tutmağa,

   Düz getməyə

   Üzü yoxdur bu yolun,

   Üzü yoxdur

  

  

   BİR KÖVRƏK NƏĞMƏDİR HƏYATIM MƏNİM

  

   Bir kövrək nəğmədir həyatım mənim,

   Bir kövrək nəğməylə mən doğulmuşam.

   Açılır hər yana qanadım mənim,

   Həyata bir kövrək nəğmə olmuşam.

  

   Anamın qıvrılan saçlarında

   Bir kövrək nəğməmi bil, duyuram mən.

   Balamın od saçan baxışlarında

   Bir kövrək nəğməni oxuyuram mən.

  

   Bir kövrək nəğmədir həyatım mənim,

   Yeriyib qanıma bir həzin layla.

   Bir kövrək nəğmədir Arazım mənim,

   Bu taydan o taya məni harayla.

  

   Bir kövrək nəğmədir həyatım mənim,

   Ağlayar dindirsən həsrət baxışlar.

   Ən zərif bir gülün xətrinə dəysəm,

   Bir kövrək nəğməylə məni bağışlar.

  

   Bir kövrək nəğmədir həyatım mənim,

   İsinir oduna soyuq nəfəsim.

   Bir kövrək nəğmədir çölüm-çəmənim,

   Öyrənib bir kövrək nəğməyə səsim.

 

 

   Qələndər Xaçınçaylı

 

   Həftə içi.- 2011.- 21-23 may.- S. 7.