Özəl vəkil
büroları
Bu tipli qurumların sayı az,
müştəriləri çoxdur
Bu
gün Azərbaycanda kifayət qədər hüquqi təhsilli
insan olsa da, ölkədə vəkil qıtlığı
mövcuddur.
Müşahidələr
göstərir ki, hüquq fakültəsini bitirən gənclərin
əksəriyyəti vəkillik fəaliyyəti ilə məşğul
olmaq istəmirlər. Bu addım isə vəkilliyin karyera
üçün əlverişli başlanğıc
olmaması ilə əlaqələndirilir.
Kimlər vəkil ola bilər?
Hazırda
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
778 nəfər üzvü var. Paytaxt Bakıda isə 25
hüquq məsləhətxanası fəaliyyət göstərir.
Bu məsləhətxanaların çox az qismi isə özəl
vəkil bürolarıdır. Yeri gəlmişkən deyək
ki, "Vəkillər və vəkillik fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununa görə,
Vəkillər Kollegiyası üzvlüyünə müəyyən
olunmuş qaydada qəbul edilmiş və vəkil andı
içmiş şəxs vəkillik fəaliyyətini həyata
keçirə bilər. Həmçinin, qanunvericiliyə əsasən,
vəkillik fəaliyyəti irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq insan və vətəndaş hüquq və
azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin
müstəqilliyi, onlarla hüquqi yardım üçün
müraciət edənlər arasında olan münasibətlərin
könüllülüyü əsasında və vəkil
etikasına riayət edilməklə həyata keçirilir.
Ali
hüquq təhsilli, hüquqşünas ixtisası üzrə
üç ildən az olmayaraq iş stajı olan və ya elmi
və pedaqoji təhsil müəssisələrində
hüquq sahəsində üç ildən az olmayan müddətdə
fəaliyyət göstərən, İxtisas Komissiyasında
peşə yararlılığının müəyyən
edilməsi məqsədi ilə yazılı testdən və
şifahi müsahibədən ibarət olan ixtisas
imtahanını müvəffəqiyyətlə vermiş
şəxsin vəkil olmaq imkanı var. Eyni zamanda, əvvəllər
müvafiq ixtisas imtahanını müvəffəqiyyətlə
vermiş vəkillərin və hakimlərin göstərilən
testi vermədən vəkil işləməsi
mümkündür. Hüquq elmləri doktoru alimlik dərəcəsi
olan şəxslər, habelə əvvəllər Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apelyasiya və
kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində
işləmiş şəxslər göstərilən testi
vermədən və şifahi müsahibədən keçmədən
vəkil ola bilərlər. İkili vətəndaşlığı,
digər dövlətlər qarşısında öhdəlikləri
olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli
hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş
qaydada alınan tibbi rəyə əsasən əqli
qüsurlarına görə vəkillik fəaliyyətini həyata
keçirməyə qadir olmayan, qəsdən az ağır,
ağır və ya xüsusilə ağır cinayət
törətməyə görə məhkumluğu ödənilməmiş
və ya götürülməmiş, barəsində tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
haqqında, qanuni qüvvəyə minmiş məhkəmə
qərarı olan şəxslər vəkil ola bilməzlər.
Dövlət qulluğunda çalışan şəxslər
yalnız tutduqları vəzifədən azad edildikdən və
bu qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə
etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul
ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul
edildikdə, onun vəkillik fəaliyyəti dövlət
qulluğundan azad olunanadək dayandırılır.
Vəkillərin İxtisas
Komissiyası
Vəkilliyə
namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə
uyğunluğu və peşə
hazırlığının müəyyən edilməsi
üçün İxtisas Komissiyası yaradılır. Qeyd
edək ki, İxtisas Komissiyası beş vəkil, üç
hakim və üç hüquqşünas alimdən,
ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə
fəaliyyət göstərir. İxtisas Komissiyasının vəkil
olan üzvləri müvafiq olaraq Vəkillər
Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən
təyin edilir. İxtisas Komissiyasının
hüquqşünas alim olan digər üç üzvü
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin
olunur. İxtisas komissiyası vəkilliyə namizədlərin
peşə yararlılığını müəyyən
etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə
müvafiq rəy təqdim edir. Bununla belə vəkilliyə
namizəd Vəkillər Kollegiyasının
üzvlüyünə qəbul etməkdən imtina
haqqında qərardan həmin qərar ona təqdim edildiyi
gündən 20 gün müddətində məhkəməyə
qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin
düzgünlüyünə dair şikayət verə bilər.
İxtisas imtahanını verə bilməyən şəxs
bir ildən tez olmamaqla, İxtisas Komissiyasının rəyi əsasında
təkrar imtahana buraxıla bilər. İxtisas
imtahanının qaydaları isə Vəkillər
Kollegiyasının Rəyasət Heyəti tərəfindən
müəyyən edilir.
Özəl vəkil
bürolarının fəaliyyəti necə tənzimlənir?
Azərbaycanda
özəl vəkil bürolarının sayının az
olmasına baxmayaraq, bu qurumlara kifayət qədər vətəndaş
müraciət edir. Adil İsmayılov və partnyorları
hüquq məsləhətxanasının müdir müavini Tərlan
Xanəliyev deyir ki, özəl vəkil bürolarının fəaliyyəti
"Vəkillər və vəkillik fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
"Vəkillik fəaliyyəti fərdi və ya Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada hüquqi şəxs statusunda təşkil
olunmuş qurumların (hüquq məsləhətxanaları,
vəkil büroları, vəkil firmaları və s.) tərkibində
həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin
təşkilati-hüquqi forması vəkillər tərəfindən
könüllü olaraq seçilir. Vəkillik bürosu
yaradarkən bu qurumun azı 3 nəfərdən ibarət təsisçisi
olmalıdır. Vəkillik qurumlarının yerləşdiyi
yer və ərazi Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin tövsiyələrinə
uyğun həyata keçirilir. Vəkillik qurumu qanunla müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan
sonra isə hüquqi şəxs statusu əldə edir. Bu
qurumun təsisçiləri (üzvləri) yalnız vəkillər
ola bilər. Vəkillik qurumlarının təşkili və
fəaliyyəti Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının Nizamnaməsinin tələblərinə
uyğun olaraq tərtib edilmiş Nizamnaməyə əsasən
həyata keçirilir və bu qurumların fəaliyyəti vəkillik
fəaliyyəti ilə məhdudlaşır. Vəkillik
qurumuna həmin qurumun təsisçiləri tərəfindən
seçilmiş vəkil rəhbərlik edir. Vəkillik
qurumlarının təsisçiləri öz aralarında bu
qurumun təsis edilməsi və qurumun fəaliyyət şərtləri
barədə müqavilə bağlayırlar. Vəkillik
qurumları vəkillik fəaliyyəti ilə bağlı Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasına Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin müəyyən
etdiyi qaydada və formaya uyğun olaraq ümumiləşdirilmiş
statistik hesabat verirlər".
"Kermur"
vəkil bürosunda isə bildirirlər ki, bu tipli
qurumların sayının az olmasına baxmayaraq, müştəriləri
kifayət qədərdir: "Biz digər hüquq məsləhətxanaları
ilə eyni qaydada fəaliyyət göstəririk. Yəni,
bütün işlər müvafiq qanunvericiliklə tənzimlənir
və özəl qurum olsaq da, müəyyən mənada Vəkillər
Kollegiyası ilə birgə fəaliyyət göstəririk. Məsələn,
hansısa nöqsanlar olanda adıçəkilən qurum tərəfindən
müvafiq tövsiyələr verilir və biz də həmin məsləhətlərdən
yararlanırıq".
Yeri
gəlmişkən bildirək ki, əgər vəkil peşə
borcunu həyata keçirərkən müvafiq qanunvericilik
aktlarının tələblərini, vəkillərin
davranış qaydaları haqqında Əsasnaməni, o
cümlədən vəkil etikası normalarını pozarsa,
o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil
yalnız Vəkillərin İntizam Komissiyasının rəyinə
əsasən, Vəkillər Kollegiyasının Rəyasət
Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb
edilir. Vəkil haqqında intizam tənbehi isə intizam
pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi
gündən isə bir il müddətində tətbiq edilə
bilər. Vəkillər barəsində intizam icraatı Vəkillər
Kollegiyasının Rəyasət Heyətində
başlanır. İntizam Komissiyası intizam icraatının
başlandığı gündən bir ay müddətində,
bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma
aparır və müvafiq rəyini Rəyasət Heyətinə
təqdim edir. İntizam Komissiyasının rəyi əsasında
Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən
vəkilə irad tutma, töhmət, üç aydan bir il
müddətinədək vəkillik fəaliyyəti ilə məşğul
olmanın dayandırılması kimi tənbeh tətbiqlənə
bilər. Bundan başqa, əgər vəkillik fəaliyyəti
ilə məşğul olan şəxs öz arzusu ilə fəaliyyətinə
xitam verilməsi barədə yazılı ərizə verərsə,
barəsində məhkəmənin qanuni qüvvəyə
minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqinə dair qərarı olarsa, fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi
məhkəmə tərəfindən müəyyən edilərsə,
vəfat edərsə, məhkəmə tərəfindən
ölmüş elan edilərsə və ya itkin
düşmüş hesab edilərsə, Vəkillər
Kollegiyasının üzvlüyündən xaric edilərsə,
vəkilliyə namizədlər üçün müəyyən
edilmiş tələblərə uyğun gəlmədiyi
aşkar edilərsə, üzvlük haqqını altı
aydan artıq müddətdə üzürsüz səbəbdən
ödəməzsə, onun fəaliyyətinə xitam verilə
bilər. Vəkillərin fəaliyyətinə isə Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə
xitam verilir. Bu isə yalnız vəkilin kollegiyadan xaric
olunması barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı əsasında həyata keçirilə
bilər.
Sevinc
Həftə içi.- 2011.- 24 may.-
S. 5.