İqtisad Universitetinin
"İqtisadçı"sı
Artıq məlum olduğu kimi, "Həftə içi"
olaraq təhsil
ocaqlarımızın rəsmi orqanları olan
qəzetlərin işi
və fəaliyyəti barədə oxuculara
ətraflı məlumat
veririk. Səhifəmizdə
bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən
"İqtisadçı" qəzetinə yer
ayırmışıq.
Bu dəfə
oxucularımız "İqtisadçı"nı daha
yaxından tanıyacaqlar. Cəmiyyətə savadlı,
dünyagörüşlü iqtisadçılar hazırlayan
universitetin mətbuat orqanını tanımağa dəyər.
O zaman tanıyaq...
30 illik tarixə baxış
Qəzet
1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu Rektorluğunun, Partiya Komitəsinin, Həmkarlar
İttifaqı və Komsomol təşkilatlarının
orqanı kimi təsis olunub. İlk sayı həmin il
yanvarın 28-də çapdan çıxıb. Qəzetin nəşri
institutun yaranmasından xeyli sonra olsa da, nəşr edildiyi
vaxtdan bu günə qədər özünün obyektivliyi,
dolğun məzmunu ilə professor-müəllim və tələbə
kollektivinin böyük rəğbətini qazanıb. Fəaliyyət
göstərdiyi 30 il ərzində universitetin bütün tədbirlərində
yaxından iştirak edib və həmin tədbirlər haqda
öz səhifələrində geniş materiallar dərc
edib. Nəşr olunduğu vaxtdan etibarən
"İqtisadçı" qəzetinə müxtəlif
illərdə öz dəsti-xətti ilə tanınan fərqli
insanlar redaktorluq ediblər. 2006-cı ildən isə Eyyub
Hüseynov qəzetin məsuliyyətini öz üzərinə
götürüb. Baş redaktor da daxil olmaqla heyət 4 nəfərdən
ibarətdir. Ayda 1 dəfə 1000-1500 tirajla nəşr olunur və
bütün fakültələrə pulsuz paylanır.
"Parlaq gələcək naminə
güclü iqtisadçı kadrlar hazırlayaq!"
Qəzetin
redaktoru Anar Eyyubovun sözlərinə görə,
"İqtisadçı"nın universitet daxilində
öz oxucu kütləsi var və xüsusilə də son
dövrlər dizaynda dəyişiklik edildiyindən ona maraq
daha da artıb: "Mən beş ildir qəzetin baş
redaktoruyam. Beş il fəaliyyət çox uzun zaman olmasa da,
deyə bilərəm ki, 30 ildir qəzet doğma
universitetimizin aynasına çevrilib. "Azərbaycanın
parlaq gələcəyi naminə güclü
iqtisadçı kadrlar hazırlayaq" şüarı ilə
nəşr olunan qəzetimiz qarşısına təlim-tərbiyə
işinin müxtəlif sahələrini
işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər
arasında tərbiyə işinin səviyyəsini yüksəltmək,
mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək,
nəzərəçarpan qüsurların aradan
qaldırılmasında üniversitet rəhbərliyinə
yaxından kömək göstərmək kimi mühüm vəzifələr
qoyub. Bununla yanaşı, universitetdə qabaqcıl iş
metodu ilə fərqlənən, tədrisin
yaxşılaşdırılması istiqamətində fəallıq
göstərən alimlərimiz haqqında da obyektiv, tərbiyəvi
xarakterli materiallar dərc olunur".
Redaktor
qəzetin uğurlarından da danışdı: "Tələbə-müxbirlərimizin
ölkə iqtisadiyyatı barədə yazdıqları elmi
problematik yazıların nəticəsi çox uğurlu olub.
Belə ki, 1994-cü ildə "İqtisadçı" qəzeti
Azərbaycan İcarədarlar və Sahibkarlar
İttifaqının və Azərbaycan KİVİHİ-nin
birgə keçirdikləri "Azərbaycanın iqtisadi
dirçəlişi" mövzusunda yaradıcılıq
müsabiqəsinin qalibi olub. Bundan başqa, iqtisadi biliklərin
təbliği və bir sıra sosial-iqtisadi problemlərin həlli
sahəsində göstərilən səylərə, ölkənin
iqtisadi və mədəni dirçəlişindəki xidmətlərinə
və şəxsi yaradıcılıq uğurlarına
görə qəzetin kollektivi "Azərbaycan
bayrağı" diplomuna layiq görülüb".
Onu
da əlavə edək ki, qəzetin adında Azərbaycan
bayrağının əks olunması xüsusi diqqətçəkən
məqamlardandır. Redaktor bunu qəzet rəngli nəşr
olunandan sonra dizaynda edilən dəyişikliklə əsaslandırdı:
"Həmişə tələbələrin, təbii ki, həm
də müəllimlərin marağına səbəb olacaq
rubrikalarla çıxış etməyə
çalışırıq. Bizim üçün tələbələrin
fikirləri çox önəmlidir. Rubrikalar hazırlayarkən
onların istəyini nəzərə alırıq. "Rektorun
poçtundan", "Sorğu guşəsi" sevilən
rubrikalardandır. Birinci rubrikada rektora ünvanlanan hər
hansı bir məktubu cavabı ilə birlikdə
işıqlandırırıq, bu da təbii olaraq marağa səbəb
olur. Digərində isə tələbələrin öz
hüquqlarını yaxşı bilməsi üçün
onları maraqlandıran suallara cavablar dərc olunur"
"Müəllimlər tələbələrin
gözü ilə"
"Əgər
tələbələrə qarşı hər hansı bir
haqsızlıq baş verərsə, onu qəzetinizdə
işıqlandırarsınızmı" sualına Anar
müəllim belə cavab verdi: "Zaçot və imtahan
sessiyalarına hazırlığın vəziyyəti və
gedişatı ilə bağlı yol verilən nöqsanlar,
qeyri-obyektiv hallar, dərsə gecikən, öz mühazirəsini
günün tələbləri səviyyəsində qura bilməyən,
pedaqoji qaydalara riayət etməyən, tələbə-müəllim
münasibətlərinə xələl gətirən əməkdaşlar
haqqında ciddi yazılar dərc olunur və onlar yeri gəldikdə
tənqid olunur. "Müəllimlər tələbələrin
gözü ilə" rubrikası var ki, burada tələbələrin
hər hansı bir müəllimin onlara qarşı etdiyi
nöqsanlar əks olunur. Bu problem də öz həllini tez bir
zamanda tapır".
Xüsusi İstedadlar Qrupu daha
aktivdir
Redaktorun
sözlərinə görə, qəzetə yazı verən
tələbələr daha çox maliyyə, ümumi
iqtisadiyyat fakültələrindəndir: "Əslində qəzetimizə,
demək olar ki, bir çox fakültələrin tələbələri
yazılar verirlər. Bütün fakültələrdən
yığma, yəni istedadlı uşaqların daxil olduğu
Xüsusi İstedadlar Qrupu var ki, buranın tələbələri
hər zaman daha aktivdirlər. Universitetin qəzeti barədə
orada təhsil alan tələbələrin də fikrini öyrənməyə
çalışdıq. "İqtisadçı"nı
tanımayan tələbə azlıq təşkil etsə də,
fərqli fikirlər ortaya qoyanlar var. "Bir dəfə
yazı vermişəm, həm də daimi olaraq qəzeti izləyirəm,
şəxsən mənim üçün çox
maraqlıdır öz yazımı orada görmək". Bu
sözləri maliyyə fakültəsinin tələbələrindən
biri dedi.
Söhrab
da qəzetdə aktiv iştirak edən tələbələrdəndir:
"Gələcək işimlə əlaqədar buraya
yazı veməkdə maraqlıyam. Çünki hər
yazıdan sonra bir az daha qələmim formalaşır". Qəzetdə
gedən materialların maraqsız olduğundan şikayətlənən
tələbələrə də rast gəldik. Onlar deyirlər
ki, tələbələrin problemlərinə, onları
maraqlandıran qeyri-rəsmi yazılara üstünlük versələr
yaxşı olar.
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 24 may.-
S. 6.