"Zaman bizim zaman deyil"

 

Rasim Novruzov: "Bəzi şairlərimizin yazdıqları ilə şəxsiyyətləri düz gəlmir"

 

Sumqayıt şəhərində bir şair yaşayır, yurdsuz - yuvasız. Adı Rasimdir. Azərbaycanda elə bir mahal, el yoxdur ki, onu orda tanımasınlar. Öz insan ömrünü şair ömrünə, öz şair ömrünü döyüşçü ömrünə qurban verən Rasim Novruzov keşməkeşli, məşəqqətli bir həyat yolu keçib.

Ağdamın Gülablı kəndində doğulub ərsəyə gəlib Rasim. O Gülablı ki, Abdal Qasım, aşıq Xaspolad kimi söz ustadlarını yetişdirib. Elə Rasimin yaradıcılığı da onlardan qaynaqlanıb. Ona görə də şairin yazdığı şeirlər bu gün aşıqlarımızın, sənətçilərimizin, şeir həvəskarlarının dilindən düşmür, məclislərimizi bəzəyir. SSRİ dövründə haqqında bəhs etdiyimiz şair Rusiyanın Krasnodar şəhərində yaşayırdı. R.Novruzov həmin illəri belə xatırlayır: "Orada heç də pis yaşamırdım. Böyük bir avtoservizə rəhbərlik edirdim. Krasnodar şəhər sovetinin deputatı olmuşam. Vilayətdə sözüm ötürdü, hamı mənə hörmətlə yanaşırdı. Həm şair, həm də qabaqcıl işçi, deputat kimi sözüm keçirdi. Orada yaşayan soydaşlarımıza həmişə əl tutardım. Lakin 1988-ci ildə ermənilərin azğınlaşmış hərəkətinə dözə bilmədim. Düzü bunu özümə heç cürə sığışdıra bilmirdim ki, mən Krasnodarda kef edəm, yağı düşmən isə torpaqlarımızı işğal edə, evlərimizə od vurub yandıralar, soydaşlarımızı isə öz ata-baba yurdlarından didərgin salalar. Krasnodardan vətənə, doğulduğum Gülablı kəndinə gəlib, təzə yaranmaqda olan könüllü özünümüdafiə batalyonuna üzv yazıldım. Batalyonda hissə komandiri oldum. Əlimizdə silah torpaqlarımızın müdafiəsinə qoşulduq. Erməniləri bir qarış da olsun yaxına buraxmırdıq. Onların hücumlarının qarşısını nəinki alırdıq, hətta tutarlı cavab da verirdik. Lakin torpaqlarımız xəyanətin qurbanı oldu. O xəyanət bu gün bizi yandırır, için-için göynədir. Onu da qeyd edim ki, 4 il döyüş bölgəsində olmuşam. Qızıl Qaya yüksəkliyinin müdafiəsi uğrundakı qanlı döyüşlərdə ermənilərin topdan atdıqları mərminin biri yaxınlığıma düşərək partladı. Nəticədə ağır yaralandım və gözlərimi Ağdam hospitalında açdım. Bir müddət hospitalda müalicə aldım. Aldığım ciddi beyin travmasına görə, həkimlər döyüşə getməyimə icazə vermədilər. Ancaq mən yenidən cəbhəyə, döyüşçü yoldaşlarımın yanına qayıtdım. 1993-cü ilə kimi müharibənin ən qaynar nöqtələrində olmuşam. Qarabağ müharibəsi veteranıyam".

- Elə adam var ki, xəstəlik adıyla, dolayı yollarla özünə əlillik vəsiqəsi düzəltdirib dövlətdən təqaüd alır. Bəs siz necə, Qarabağ əlili kimi təqaüd alırsınızmı?

- Xeyr. İstəsəm elə bu gün əlil kimi təqaüdə çıxaram. Beyin zədəsi alsam da, mən bunu özümə, şəxsiyyətimə sığışdırmıram. Çünki əllərim, ayaqlarım yerindədir, hələ ki, iş qabiliyyətimi itirməmişəm. Heç də pis yaşamıram. Dünən silah tutan əllərim bu gün məni ac qoymaz.

- Bəs nə vaxtdan şeir yazırsınız? Ümumiyyətlə, bu gün yaradıcılığınız, yazı-pozu işləriniz nə yerdədir?

- Uşaqlıq illərindən şeir yazıram. Gülablıda doğulasan şeir yazmayasan, bu mümkün deyil. Kəndimizin qocası, cavanı da adamla şeir dilində danışırdılar. Siz bizdə olmusunuz. Hətta dostumuz Ceyhun Nağı da. Anamı görmüsünüz, onun 90 yaşı var, amma bədahətən bayatılar dediyinin şahidi olmusunuz. Çünki Gülablının saf havası, təmiz soyuq bulaqları, gözəl mənzərəsi hamını şair edir, ilhama gətirirdi. Gülablının hər çiçəyi, hər gülü bir poeziya, bir şeir, bir nəğmə çələngi idi. İstəyirəm şeirlərimi toplayıb bir yerə yığam və onu kitab halında çap elətdirəm. Qağa, vallah Ağdamsız, Gülablısız adamın əli gəlmir bunları etsin, qələm götürüb şeir yazsın.Vallah o torpaqlar üçün burnumun ucu göynəyir. Gülablının ən zərif çiçəyi, gülü, hətta xırda bir daşı da şeir idi. Mən çiçəklərinə, güllərinə, ağaclarının yarpaqlarına baxanda bir insan ömrü görürdüm, ən azı özümü görürdüm. Bir gün Bakı kəndlərinin birinə məni toya dəvət etmişdilər. Bakılı dostlarım buranın abı-havası ilə çox öyündülər. Səbrimi ha cilovladımsa da, ancaq özümü saxlaya bilməyib mikrafonu əlimə götürüb bədahətən bu misraları dedim:

 

Bakılı qardaş öyünmə Abşeronla,

Kəndimin tikanlı koluna qurban.

Aşırımlardan aşan keçi cığırına,

O tozlu-torpaqlı yoluna qurban.

 

Dağ döşündən kəklikotu biçərdim,

Dəmləyibən, məxməri çay içərdim.

Gəvənlidən Qızıl Qayaya keçərdim,

Səxavət yurdunun elinə qurban.

 

- Rasim, xalq arasında kifayət qədər səni tanıyırlar. Nə əcəb mətbuatda çap olunmursan?

- Mən Krasnodarda yaşayanda çox şeirlərim çap olunub. İndi zaman, dövran bizim deyil. Sandıq şairlərinin dövranı gəlib. Özümü onların arasında görmək istəmirəm. Bir qəpiklik şeirləri olmayan dırnaqarası şairlər ekranlardan düşmür. Qalın cildli kitablar çap elətdirir. Dövlət tədbirlərində, nə bilim haralarda olurlar. Şeir elə bir bulaqdır ki, o, insanın içindən süzülüb gəlir. Şairin poeziyası, şeir bulağı dağların suyu kimi saf və təmiz olmalıdır. Bu gün nədənsə şairlərimiz də elə bil ikiləşib.

Yazdığı ilə şəxsiyyəti bir-birini tamamlamır, yəni heç cür uyğun gəlmir. Üzümü o şairlərə tutub deyirəm:

 

Adıdır yaşadan hər bir insanı,

Şərəfsiz insanın adı da olmur.

Mənasız bir ömür kimə gərəkdir?

Bax, yesən ağzının dadı da olmur.

 

Gərək şairin hər bir sözü, şeirləri də çiçəklərin şirəsindən çəkib gətirdiyi arının balı kimi dadlı olmalıdır.

- Zahirən şux görünsən də, dostlar həmişə sənin içində bir narahatlıq, bir nigarançılıq, bir qəmginlik olduğunu hiss edir. Nədir səni narahat edən?

- Dostlarım bəzən deyirlər ki, Rasim əvvəlki Rasim deyil. Düzü mən dəyişməmişəm, xasiyyətcə necə var, elə də qalmışam. Amma belə deyil. 19 ildir yurdumdan, öz doğma elimdən uzaq düşmüşəm. Yurd həsrətidir məni üzən. Vətəndə vətənsiz olmaq ən böyük dərddir. Qərib eldə səni heç kəs tanımır. Amma vətəndə hamı səni tanıyır. Şairin yurd-yuvasız olması ən böyük dəhşətdir. Mən özümü bəzən yuvası dağılmış qaranquşa bənzədirəm. Bu gün Qarabağın toy evi Ağdam yoxdursa, necə danışıb gülə bilərəm:

 

Soruşursan, danışıb-gülmürsən niyə?

De, necə danışım-gülüm Ağdamsız!?

Ruhum o yerlərdə qalıbdır mənim,

Mən necə dolanım, gəzim Ağdamsız!?

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 25 may.- S. 7.