"Azərbaycan
cümhuriyyətin prinsiplərini uğurla
həyata keçirir"
Fəzail İbrahimli: "ADR 23 ay
yaşadığı müddətdə 23 illik iş
gördü"
Mayın 28-də Azərbaycan
Demokratik Respublikasının (ADR) yaranmasının 93-cü
ili tamam olur. Azərbaycan tarixinin ən şərəfli
dövrlərini əhatə edən bu tarixlə bütün
dünyada öyünməyə haqqımız çatır.
Şərqin ilk demokratik dövləti olan ADR bütün
dünyaya digər millətlərə qarşı ehtiram,
Avropaya demokratiya, dözümlülük dərsi keçdi.
Hakimiyyəti
23 ay sürən ADR bir çox uğura da imza atdı. Bu
gün müstəqil Azərbaycan Respublikasının var
olması üçün də ADR-ə və bu
respublikanın qurulması kimi müqəddəs vəzifəni
həyata keçirmiş babalarımıza borcluyuq. Professor,
millət vəkili Fəzail İbrahimli ilə birlikdə bir
daha şərəfli tariximizə
nəzər salırıq.
-
Birinci Dünya müharibəsindən sonra Çar
Rusiyasının tərkibində olan xalqlar başa
düşdülər ki, artıq oyanış
zamanıdır. Azərbaycanda da ictimai fikir
daşıyıcıları müxtəlif tarixi mərhələlərdə
müxtəlif ideyalarla - islamçılıq, hümmətçilik
ideyaları ilə çıxış etmişdi. Artıq
19-cu əsrin əvvəllərindən milliyyətçilik hərəkatı
başladı və dünyanın qabaqcıl fikrinə,
Avropanın öncül təhsilinə sahib olan və Rusiyada
təhsil alan ziyalılarımız Azərbaycanın taleyi ilə
bağlı düşünməyə başladılar.
İlk öncə bu proses ehtiyatla davam edirdi. Çar
Rusiyasının dağılmasına baxmayaraq, yaranmış
yeni müvəqqəti hökumət də keçmiş
Rusiya sərhədlərinin dağılmasını istəmirdi.
Ona görə də "Zaqafqaziya seymi" adlanan bir qurum
yaratmışdı. Bu da bir növ Zaqafqaziyanın idarəçilik
orqanı idi. Hadisələrin gedişində, xüsusən
mart soyqırımından sonra
məlum oldu ki, "Zaqafqaziya seymi" qurama bir təşkilatdır.
Bir qurumda Azərbaycana qarşı soyqırımı törətmiş
ermənilərlə seymdə qalmağın heç bir mənası
yoxdur. Azərbaycanlılar bu məsələni qətiyyətlə
gündəmə gətirdilər. Nəticədə seym
parçalandı və Azərbaycan öz istiqlaliyyətini
elan etdi. Rusiyada müvəqqəti hökumətdən sonra
bolşeviklər hakimiyyəti ələ aldılar və onlar
ölkədə vətəndaş müharibəsi ilə
üz-üzə qaldılar. Kimin qələbə
çalacağı qeyri-müəyyən olduğu bir
dövrdə məhz Azərbaycan Cümhuriyyəti yarandı
və öz istiqlalını elan etdi. İstiqlal qərib yerdə
-Tiflisdə elan olundu, ermənilərin öz müstəqilliyini
elan edən zaman isə sərhədləri, paytaxtları,
heç dövləti yox idi. Tarixən bir respublika olduqlarını
təsəvvür edib, dövlətlərini elan etdilər.
Amma Azərbaycan öz vətənində öz
istiqlalını elan etmək imkanından məhrum idi.
Çünki burada bolşeviklər at oynadırdılar.
Şaumyan başda olmaqla, bolşeviklər demək olar ki,
bütün türklərə qarşı genosid prosesi ilə
məşğul idi. Belə bir mühitdə Azərbaycan
Cümhuriyyəti meydana gəldi. Tarix o zaman məsələni
çox kəskin qoymuşdu. Ya ayağa qalxıb öz tarixi
dövlətçiliyini bərpa etməli, millətin şərəf
və ləyaqətini qorumalı, öz sərhədlərini
müəyyənləşdirməli, ya da parçalanıb
ayrı-ayrı dövlətlər arasında xırda bir əyalət
formasında mövcud olub itaətkar bir şəkildə
yaşamaq. Tarix o insanlar qarşısında çox ciddi
sınaq qoymuşdu. Onlar
bu sınaqdan şərəflə çıxa bildilər və
ayağa qalxaraq istiqlaliyyətlərini elan etdilər.
- O zamankı tarixi-siyasi şəraitdə
Azərbaycanın bölünmə ehtimalı var idi. Ölkə
bundan necə xilas ola bildi?
-
Rusiya Bakıya göz dikmişdi, ermənilərin,
gürcülərin ərazi iddiaları var idi. Cənubda
İran bildirirdi ki, şimali Azərbaycan İranın tarixi
torpaqlarıdır, Çar Rusiyası
dağıldığından İrana birləşdirilməlidir.
Azərbaycan bölünmə ehtimalı olan belə bir siyasi
mühitdə öz istiqlalını elan etdi və 18
günlük fəaliyyətdən sonra Gəncəyə
köçdü. Hərbi qüvvəsi olmayan millət
öz istiqlalını necə qazana bilərdi? Hansı ki, Bakıda
bolşeviklər kifayət qədər erməni-daşnak qüvvələrindən,
müharibədən geri qayıdanlardan böyük hərbi
qüvvə toplamışdılar. Qəribə bir situasiya
yarandı. Ölkənin bir hissəsində-Gəncədə
müstəqilliyi elan edən Azərbaycan Cümhuriyyəti,
müvəqqəti Milli Şura, bir tərəfdə də
bolşeviklər. Bolşeviklər başa
düşürdü ki, xalq onları istəmir və gec-tez
süpürüb atacaq, öz hökumətini dəstəkləyəcəklər.
Ona görə də onu beşiyində boğmaq
üçün Gəncəyə istiqamətləndi.
- Bu zaman Bolşeviklərə
qarşı necə mübarizə aparıldı?
- Təbii
ki, bu vaxt bolşeviklərə qarşı hərbi qüvvə
kimi çıxış edən, bizim tarixən güvənc
və güman yerimiz olan Türk İslam Ordusu hərəkətə
keçdi. Göyçay yaxınlığındakı
döyüşdən sonra Şaumyan məğlub oldu.
- Dünya dövlətləri
hansı mövqedən çıxış edirdilər?
-
Dünya dövlətləri də bugünkü mövqedə
idi. Məsələn, Türkiyə ilə Almaniya müttəfiq
idi, amma Türk-İslam Ordusunun Bakıya girməməsi
üçün məğlub Rusiya ilə
danışıqlar aparırdı. Bu ikili standart elə o
zaman da mövcud idi. Lakin Türk-İslam Ordusunun qətiyyətli
mövqeyi sentyabrın 15-də Bakının işğadan
azad olunması ilə nəticələndi və Azərbaycan əməli
olaraq öz istiqlalına qovuşdu.
- ADR mövcud olduğu 23 ay ərzində
hansı uğurlara imza atdı?
- Bu
hökumət 23 ay yaşadığı müddətdə 23
illik iş gördü. Azərbaycan xalqının mövcudluğunu
üzə çıxardı. Tarixən dövlətçiliyimizi
bərpa etdi, paytaxtı, sərhədləri qeyri-müəyyən
olan ayrı-ayrı xanlıqlar formasında Çar
Rusiyasının tərkibinə daxil olan Azərbaycan siyasi
mühit yaranan kimi dünyaya nümunə olan demokratik
cümhuriyyət kimi parladı. Çünki demokratiyanın
beşiyi adlanan Amerikada qadınlara seçki hüququ ADR-dən
10-15 il sonra verilmişdi. Yaxud da ki, ADR-də irqindən, milliyyətindən,
dinindən asılı olmayaraq, hər kəsə seçim
hüququ verilmişdi. Halbuki Amerikada 1960-cı illərdə
qara və ağdərilərin hüquq bərabərliyi təmin
edildi. Belə bir ağlasığmaz dərəcədə
demokratik olan dövlət yaradıldı və bununla da Azərbaycan
tarixən Səfəvilər dövlətinin yenidən bərpasına
rəvac verdi. Beləliklə də Azərbaycan sərhədləri,
paytaxtı olan dövlətə çevrildi. Burada bir məsələyə
xüsusi diqqət yetirmək istəyirəm. Əgər o
vaxt Azərbaycan 114 min kvadratkilometr əraziyə sahib olaraq
öz dövlətini qurmasaydı, aprel işğalında yer
üzündən silinər, Çar Rusiyasının tərkibinə
əyalət formasında daxil ola bilərdi. 70 il Çar
Rusiyasının tərkibində məhz cümhuriyyətin
qurduğu sərhədlər daxilində mövcud olduq.
İndiki Azərbaycan da həmin bünövrə üzərində
ayağa qalxdı və bu gün də yaşayır.
Cümhuriyyətin həyata keçirdiyi islahatları isə
saymaqla qurtarmaz.
- Bugünkü Azərbaycan varis
kimi cümhuriyyətin prinsiplərini özündə
daşıya bilirmi?
-
Bugünkü Azərbaycan cümhuriyyətin varisidir və
onun prinsiplərini böyük uğurla daşıyır.
Çünki Azərbaycan cümhuriyyətin o zaman arzu etdiyi,
amma həyata keçirə bilmədiyi bir sıra məsələləri
uğurla davam etdirir. O zaman cümhuriyyət beynəlxalq aləmdə
Paris Sülh Konfransı tərəfindən de-fakto
tanındı. Bu gün Azərbaycan BMT-nin, o cümlədən
dünyanın ən mötəbər təşkilatlarının
üzvüdür. O zaman cümhuriyyət torpaq məsələlərini
həll edə bilmədi, amma indi torpaq islahatı
aparılıb. O zaman xaricə yüzə qədər tələbə
göndərilsə də, uğursuz alındı. Bu gün
xaricdə oxuyan çoxsaylı tələbələrimiz var,
neftimiz "Bakı-Ceyhan" kəməri ilə dünyaya
çıxır. Cümhuriyyətin nəinki etdikləri
davam etdirilir, hətta onun arzu etdiyi, amma həyata keçirə
bilmədiyi, zamanın ona imkan vermədiyi məsələləri
indiki Azərbaycan davam etdirir. Birmənalı olaraq Azərbaycan
demokratik cümhuriyyətin varisidir.
Əli Zülfüqaroğlu
Ədalət.- 2011.- 26 may.- S. 4.