"Eurovision-2012"nin Azərbaycanda yüksək səviyyədə
təşkilinə əminik"
Ölkəmizdəki tolerantlıq
və çoxkonfesiyalılıq isə xüsusilə
vurğulanır
Azərbaycanda artıq "Eurovision-2012" mahnı müsabiqəsinin
hazırlıqlarına start verilib. Bu məqsədlə
prezident İlham Əliyevin sərəncamı
ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi də yaradılıb və ciddi işlərə
start verilib. Bu məsələyə Avropanın
bir çox dövlətlərinin mətbuat
orqanları böyük
maraq göstərməkdədirlər.
Artıq
silsilə məqalələr də dərc olunur. Onu da bildirək
ki, növbəti müsabiqənin Azərbaycanda təşkil
olunması bir çox dövlətlər, tanınmış
şəxslər, həmçinin ictimai-siyasi xadimlər tərəfindən
də böyük rəğbətlə qarşılanıb.
Bununla belə, Azərbaycanın bu müsabiqənin təşkili
ilə bağlı gördüyü işlərə kölgə
salmaq istəyən qüvvələr də tapılır. Lakin
ölkəmiz bu istiqamətdə atdığı
addımlarla həmin əsassız fikirlərə tutarlı
cavablar verməkdədir. Qeyd edək ki, Azərbaycan dünyada
tolerant, qonaqpərvər ölkə kimi ad
çıxarıb. Bu baxımdan "Eurovision" mahnı
müsabiqəsinə qatılan ölkələrdə Azərbaycan
barədə hansı təsəvvürlərin mövcud
olması sadə vətəndaşlarımızda da ciddi maraq
doğurur. Bunu nəzərə alaraq iştirakçı
dövlətlərin ictimai xadimlərinin ölkəmiz,
"Eurovision-2012"nin Azərbaycanda təşkilinə dair
fikirlərini öyrənməyə çalışdıq.
"www.slaptai.lt"
portalının baş redaktoru Qintaras Visoskas: "Mütləq
Bakıya gələcəm. Sizin dağlarınızı,
toylarınızı, hansısa bir kəndinizdə qədim adət-ənənələrinizi,
qəbiristanlıqlarınızı, memarlıq incilərinizi
görməyi çox istəyərdim"
"Eurovision"
mahnı müsabiqəsinə qatılan dövlətlərdən
biri də Litvadır. Bu ölkədə fəaliyyət
göstərən tanınmış "www.slaptai.lt"
portalının baş redaktoru, ekspert Qintaras Visoskas isə
"Həftə içi"nə açıqlamasında bu
mahnı müsabiqəsinin Bakıda təşkil edilməsi
ilə bağlı fikirlərini bölüşüb. Onun
sözlərinə görə, bir dəfə də olsun
ölkəmizdə qonaq olmasına baxmayaraq, Azərbaycan haqda
geniş təsəvvürə və böyük rəğbətə
malikdir: "Orada olmağı çox istərdim. Ölkəniz
barədə ən çox məlumatı ümumi faciəniz
olan Dağlıq Qarabağ münaqişəsinin
mövcudluğunu biləndən sonra öyrəndim. Faciəniz,
qadınlarınız və uşaqlarınızın qətlə
yetirilməsi, hücuma məruz qaldığınız barədə
bütün həqiqətləri öyrəndikdən sonra
ölkəniz barədə bütün xəbərləri izləməyə
çalışıram. Litvada türklər və azərbaycanlıların
təşkil etdiyi bütün tədbirlərə
qatılıram". Onun sözlərinə görə, Azərbaycanın
"Eurovision-2012" mahnı müsabiqəsini yüksək
səviyyədə təşkil edəcəyinə heç
bir şübhə yoxdur. Azərbaycanın böyük
potensialı var. Burada çox sayda gənc nəsil yetişir:
"Mahnı müsabiqəsini çox yaxşı təşkil
edəcəyinizə inanmağım həm də sizin Azərbaycanı
ayaqları üstə daha möhkəm dayanmasına necə də
çalışmanızdan xəbərimin olmasına görədir".
Litvalı jurnalistin sözlərinə görə, bu cür
müsabiqələr tək Amerika və Avropada yox, Bakıda -
Azərbaycanda da təşkil olunmalıdır:
"Qazaxıstanda, Qırğızıstanda səfərdə
olarkən, Qafqazda yaşayarkən müsəlmanlar barədə
çox şey öyrənmişəm. Onların tolerantlığı,
başqa dinlərdən, millətlərdən olanlara necə
hörmətlə yanaşmasından xəbərdaram. Mənim
müsəlmanlar arasında çox yaxşı dostlarım
var. O cümlədən, azərbaycanlılarla da dostluq edirəm.
Ona görə də fikirləşirəm ki, müsabiqənin
Azərbaycanda keçirilməsi məntiqlidir. Bundan əlavə,
siz qalibsiniz, sizin mahnını eşitmişəm. Çox
xoşuma gəldi, ürəkdən təbrik edirəm. Əgər
səsvermək imkanım olsaydı, Bakıya səs verərdim.
Ən azından ona görə ki, Avropanın ölkənizlə
daha çox maraqlanması, Azərbaycanla bağlı prosesləri
daha dərindən araşdırmasının vaxtı
çatıb". Jurnalist həmkarımız, litvalı
klassik yazıçı Vinças Krevenin vaxtilə
yaşadığı Bakını görməyi çox
arzuladığını söyləyib: "Mütləq
Bakıya gələcəm. Sizin dağlarınızı,
toylarınızı, hansısa bir kəndinizdə qədim adət-ənənələrinizi,
qəbiristanlıqlarınızı, memarlıq incilərinizi
görməyi çox istəyərdim. Dağlıq
Qarabağ münaqişəsi barədə daha çox məlumat
toplamaq, ordunuzun hazırlığını görmək,
jurnalistlər və siyasətçilərinizdən
müsahibələr götürmək çox yaxşı
olardı".
İsrailin
Bakıdakı keçmiş səfiri Artur Lenk: "Azərbaycanın
və onun xalqının mənim və ailəmin ürəyində
çox isti yeri var. Vaxtilə mənim Azərbaycanda bir
çox dostlarım olub, tez bir zamanda oranı ziyarət edəcəyimizə
ümid edirik"
Azərbaycanda
işləmiş diplomatların bir çoxunun ölkəmiz
haqqında hansı fikirdə olduqları da maraq doğurur. Bu
məqsədlə İsrailin Bakıdakı keçmiş səfiri
Artur Lenkin də ölkəmiz barədə fikirlərini
öyrənməyə çalışdıq. Ona Azərbaycanın
bu müsabiqədə qalib gəlməsi və bir sıra
suallar ünvanladıq. Lakin səfir geniş müsahibəyə
vaxtının olmaması səbəbindən fikirlərini sadəcə,
bir neçə cümlə ilə bölüşdü:
"Azərbaycanın və onun xalqının mənim və
ailəmin ürəyində çox isti yeri var. Vaxtilə mənim
Azərbaycanda bir çox dostlarım olub, tez bir zamanda
oranı ziyarət edəcəyimizə ümid edirik". Təbii
ki, bu cür fikirlərin İsrail kimi dövlətin
diplomatının dilindən eşitmək çox xoşdur. Əgər
bir neçə il burada yaşadıqdan sonra diplomatın
ürəyində ölkəmizə qarşı belə bir
bağlılıq yaranırsa, deməli Azərbaycanın
bütün dünyaya örnək ola biləcəyi
tolerantlıq ənənələrini danmaq qara qüvvələrə
nəsib olmayacaq.
Avstriyanın
Bakıdakı səfiri Silviya Mayer Kibiç: "Bu,
"Eurovision" üçün özünü Avropada
yaxşı mənada göstərməsi üçün
böyük imkandır. Əminəm ki, Azərbaycan da bu
şansdan istifadə edəcək. Azərbaycanda prezidentdən
sıravi vətəndaşa qədər hamı bunu bilir və
"Eurovision"a hazırlaşır. Fikrimcə, Azərbaycan
gələn il Avropada özünü layiqincə göstərəcək"
Avstriyanın
Bakıdakı səfiri Silviya Mayer Kibiçin sözlərinə
görə isə ölkəsi Azərbaycanın Avropanın ən
böyük mahnı müsabiqəsini təşkil etməyə
hazır olduğu qənaətindədir: "Bu,
"Eurovision" üçün özünü Avropada
yaxşı mənada göstərməsi üçün
böyük imkandır. Əminəm ki, Azərbaycan da bu
şansdan istifadə edəcək. Azərbaycanda prezidentdən
sıravi vətəndaşa qədər hamı bunu bilir və
"Eurovision"a hazırlaşır. Fikrimcə, Azərbaycan
gələn il Avropada özünü layiqincə göstərəcək".
Qeyd
edək ki, Azərbaycanın tolerant və qonaqpərvərliyini
sübut edən digər bir amil də Bakıda tez-tez dünya
mədəniyyətləri, sivilizasiyaları arasında dialoqa
dair beynəlxalq görüşlərin, tədbirlərin
keçirilməsi, ölkəmizə gəlmiş yüzlərlə
yüksək vəzifəli şəxsin, diplomatların, din
xadimlərinin buradan öz ölkələrinə məmnunluq
hissi ilə qayıtmalarıdır. Bu toplantılara qatılan
hər bir alim, siyasətçi və ictimai xadim ölkəmiz
barədə obyektiv mövqeyə malikdirlər. Belə şəxslərdən
biri də Qahirə Universitetinin Sivilizasiyalararası dialoq mərkəzinin
direktoru Pakinam Şərqavidir. Onun sözlərinə görə,
Azərbaycan xalqı zəngin mədəni irsə və yüksək
əxlaqı keyfiyyətlərə malikdir. Qeyd edək ki,
dünyaca məşhur bir təhsil ocağının
aparıcı mütəxəssislərindən sayılan
Şərqavi indi də Misirdə və səfər etdiyi
ölkələrdə Azərbaycanın gözəl
tolerantlıq nümunəsi olduğunu qətiyyətlə
söyləyir: "Mən cari ilin aprel ayında Bakıda
keçirilmiş beynəlxalq mədəniyyətlərarası
forum çərçivəsində Azərbaycana gəldim. Bu
müddətdə ölkənizin sürətli və hərtərəfli
inkişafının bir daha şahidi oldum. Azərbaycan beynəlxalq
səviyyədə mədəniyyətlərarası dialoqda fəal
rol oynayır".
"İzrus"
portalının baş redaktorunun müavini, yəhudi ekspert
Aleksandr Qoldenşteyn: "Azərbaycan "Eurovision-2012"
mahnı müsabiqəsini Almaniya, İsrail və Rusiyadan
heç də pis qəbul etməyəcək. Əminəm
ki, 2012-ci ildə ölkəniz çox gözəl bir şou
təşkil edəcək. Azərbaycanın buna tam
potensialı var"
"İzrus"
portalının baş redaktorunun müavini, yəhudi ekspert
Aleksandr Qoldenşteyn isə "Həftə içi"nə
açıqlamasında vurğulayıb ki, Azərbaycan
"Eurovision-2012" mahnı müsabiqəsini Almaniya,
İsrail və Rusiyadan heç də pis qəbul etməyəcək.
Bu mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə
təşkil olunacağına inanır: "Hadisələrin
əks istiqamətdə inkişafı üçün
heç bir səbəb görmürəmg Əminəm ki,
2012-ci ildə ölkəniz çox gözəl bir şou təşkil
edəcək. Azərbaycanın buna tam potensialı var".
Qoldenşteyn bəzi şəxslərin bu müsabiqənin Azərbaycanda
təşkil oluna bilməyəcəyinə dair səslənən
bəzi fikirlərin heç bir əsası
olmadığını da bildirib: "Bilmirəm, Azərbaycanın
bu müsabiqəni qəbul edə bilməyəcəyi fikirlərini
kim səsləndirir. Ancaq İsraildə bu cür
düşünənlər dəqiq deyə bilərəm ki,
yoxdur". Azərbaycan barədə fikirlərinə gəldikdə
isə Qoldenşteyn artıq bir dəfə Bakıda
olduğunu söyləyib. Onun sözlərinə görə,
Bakıya xarici işlər naziri Aviqdor Libermanın səfəri
zamanı gəlib. Lakin vaxt çox az olduğu
üçün yalnız parlament, Xarici İşlər
Nazirliyi və Şəhidlər Xiyabanına baş çəkməklə
səyahətlərini başa vurublar: "İnanıram ki,
ölkənizə yenidən gələrək daha uzun müddətə
qalacam və Bakı, bir sıra digər şəhərlərinizlə
yaxından tanış olmaq imkanı qazanacağam".
Azad Əliyev
Həftə içi.- 2011.- 27 may.-
S. 3.