Xalqımızın
müstəqillik uğrunda
mübarizəsinin zəngin tarixi var
"ADR bütün güclü və
zəif cəhətləri ilə birlikdə bizim milli dövlət
quruculuğunda ilham mənbəyi oldu"
Mayın
28-də Azərbaycan Demokratik Respublikasının (ADR)
yaranmasının 93-cü ili tamam olur. Azərbaycan tarixinin ən
şərəfli dövrlərini əhatə edən bu tarixlə
bütün dünyada öyünməyə haqqımız
çatır. Şərqin ilk demokratik dövləti olan ADR bütün
dünyaya digər millətlərə qarşı ehtiram,
Avropaya demokratiya, dözümlülük dərsi keçdi.
Hakimiyyəti 23 ay sürən ADR bir çox uğurlara da imza
atdı.
Bu
gün müstəqil Azərbaycan Respublikasının var
olması üçün də ADR-ə və bu
respublikanın qurulması kimi müqəddəs vəzifəni
həyata keçirmiş babalarımıza borcluyuq. Professor,
millət vəkili Nizami Cəfərovla birlikdə bir daha
şərəfli tariximizə nəzər saldıq.
- Azərbaycan
xalqının milli müstəqillik uğrunda mübarizəsinin
çox zəngin tarixi var. Yəni elə xalqlar var ki, onlar
öz dövlət müstəqilliklərinə orta əsrlərdə
nail olublar. Xalqların əksəriyyəti də yeni dövrdə
öz dövlət müstəqilliklərini qazanıblar. Amma
Azərbaycanda vəziyyət xeyli mürəkkəb olub. Buna
baxmayaraq, təqribən Səfəvilər-Şah
İsmayıl Xətai dövründən başlayaraq, bizim
dövlət müstəqilliyi ilə bağlı mükəmməl
bir tariximiz var. Ancaq tarixi hadisələr ona gətirib
çıxardı ki, Azərbaycan parçalandı, müxtəlif
dövlətlərin tərkibinə qatıldı və nəticə
etibarilə biz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə
müxtəlif dövlətlərin tərkibində mövcud
olan bir xalq kimi gəlib çatdıq. Bu dövrdə ciddi
ideoloji mübarizələr getdi. Azərbaycançılıq
adlandırdığımız ideologiya formalaşdı, bunun
arxasınca artıq milli dövlət yaranmalıydı. ADR
şərqdə ilk dəfə demokratik bir cümhuriyyət
kimi yarandı və 2 il müddətində mövcud oldu. Həmin
2 il göstərdi ki, Azərbaycan xalqının müstəqil
olmaq üçün iqtisadi, ictimai-siyasi, mədəni, mənəvi
imkanları var. Azərbaycan parlamentinin fəaliyyəti nəticəsində
xeyli hüquqi sənəd hazırlandı. Bunun nəticəsində
Azərbaycan xalqının milli, müstəqil və demokratik
dövlət qurmaq istedadı rəsmi olaraq otaya
çıxdı. Təbii ki, beynəlxalq şərait bu
dövlətin yaşamasına imkan vermədi və 2 ildən
sonra süqut etdi. Bu respublikanı quranlar, parlamenti təşkil
edən çox böyük mütəfəkkirlər -
xüsusilə də cümhuriyyətin ideoloji rəhbəri Məhəmməd
Əmin Rəsulzadə sonralar dəfələrlə "Biz
millətə azadlığı dadızdıra bildik", -
deyə bidirmişdi. Bunun özü də böyük bir
hadisəydi.
- Müstəqil Azərbaycan
varislik prinsiplərini özündə daşıya bilirmi?
-
20-ci əsrin sonlarında yaranan müstəqil Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Elə
bunun özü cümhuriyyətin Azərbaycan xalqının
tarixində hansı səviyyədə
dayandığını təsdiqləyir. Biz bu gün yenidən
cümhuriyyət dövrünə qayıtdıq, həmin
dövlətin atributlarını qəbul etdik. O dövrü
dərk etməyə başladıq. Azərbaycanda 80-ci illərin
sonu, 90-cı illərin əvvəllərində milli hərəkat
başlayanda artıq Xalq Cümhuriyyətinə ayrıca diqqət
yetirildi. Yəni ADR bütün güclü və zəif cəhətləri
ilə birlikdə bizim milli dövlət quruculuğunda ilham mənbəyi
oldu. Ona görə də bu gün Azərbaycan Xalq
Cümhuriyyətinin ildönümünü hər dəfə
qeyd edəndə millətin bütöv bir kompleksi hərəkətə
gəlir. Bu gün 20-ci ilini yaşayan Müstəqil Azərbaycan
Respublikasının tarixini, məzmununu, mahiyyətini,
görülən böyük işləri nəzərdən
keçirəndə mütləq şəkildə xalq
cümhuriyyəti yadımıza düşür. Yəni
bilavasitə mənbəyi haradan
götürdüyümüzü dərk edirik. Ona görə
də Xalq Cümhuriyyəti bizim xalqımızın tarixində
çox böyük proqressiv bir hadisədir.
- Bugünkü Azərbaycan ADR-in
arzuladığı, amma həyata keçirə bilmədiyi məsələləri
reallaşdıra bilirmi?
- Mənə
elə gəlir ki, 20 illik qısa bir müddətdə Azərbaycan
ADR-in irəli sürdüyü demək olar ki, bütün
proqramları həyata keçirib, hətta o proqramlardan da irəli
gedib. Bu gün dünya 19-cu əsrin əvvəllərindəki
dünya deyil. Məncə, o dövrdə tarixi şərait
elə idi ki, iş görməkdən daha çox nəzəri
müddəaların irəli sürülməsinə daha
çox diqqət yetirilmişdi. Məsələn, Bakı
Dövlət Universiteti yaradıldı, işə
başladı və heç vaxt da fəaliyyətini
dayandırmadı. Amma ölkənin ərazi
bütövlüyünə nail olmaq mümkün deyildi, həmin
dövrdən qalan bir sıra problem sovet dövründə
yaşandı, bu gün də ortadadır. Yəni xalq
cümhuriyyəti dövründə müəyyən məsələlər
lazımi şəkildə həll olunsaydı, həmin
problemlər bu günə qədər gəlib
çatmazdı. Düşünürəm ki, bugünkü
nailiyyətlərimizlə, həmçinin
yaşadığımız problemlərlə də
cümhuriyyətin varisiyik. İstər-istəməz bu tarixi
dövrlər bir-biri ilə çox sıx
bağlıdır. Xalq cümhuriyyəti dövründə Azərbaycan
xalqının vəziyyəti, imkanları, dövlətin beynəlxalq
nüfuzu, daxili strukturu baxımından müqayisə aparmaq
isə çox çətindir. Bugünkü Azərbaycan
bölgənin, dünyanın hesablaşdığı bir
dövlətdir. Elə bilirəm ki, çox böyük
nailiyyətlər əldə olunub, həm də o
dövrün sənədlərində öz əksini tapan
prinsiplər bu gün də həyata keçirilir. Məsələn,
Azərbaycan dili dövlət dili elan olunurdu, amma dövlət
dili kimi işlənmirdi. Amma bu gün Azərbaycan dili dövlət
dilidir. O zamankı dövlət strukturları çox zaman
şərti xarakter daşıyırdı, yəni mövcud
idi, amma faktiki olaraq lazımi fəaliyyət göstərə
bilmirdi. O zaman Azərbaycanın iqtisadi təsərrüfat həyatı
çətin vəziyyətdəydi, amma bu gün yüksək
inkişaf göz qabağındadır. Yəni o zaman arzulanan əksər
məsələ bu gün həyata keçirilib. Ərazi ilə
bağlı problemlər isə hələ də qalır.
İqtisadi inkişaf isə əminlik verir ki, həmin problemləri
müasir dünya səviyyəsində həll edək.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 27 may.-
S. 4.