Hamının ali məktəbə sənəd verməsi vacib
deyil
Almaz Həsrət: "Müəllimlik
peşəsi heç zaman nüfuzdan düşə bilməz..."
Vətənimizə
ali diplomlular ordusu yox, həqiqi biliyi və müasir
dünyagörüşü olan vətənpərvər vətəndaşlar
lazımdır...
Hamıya
məlum olduğu kimi, artıq ölkədə fəaliyyət
göstərən orta ümumtəhsil məktəbləri
ayın 31-də keçiriləcək "Son zəng"
gününə hazırlaşır. Eyni zamanda, bir neçə
həftədən sonra 9-11-ci sinif şagirdləri attestat almaq
üçün mərkəzləşdirilmiş qaydada test
üsulu ilə imtahan verəcəklər. Bundan başqa,
abituriyentlərin səbirsizliklə gözlədikləri qəbul
imtahanlarına da bir neçə ay qalıb. Bu və digər
məsələlər barədə respublikanın əməkdar
müəllimi və 204 saylı orta məktəbdə
biologiya fənnini tədris edən Almaz Həsrət ilə
söhbətləşdik...
- Almaz xanım, artıq qəbul
imtahanlarına bir neçə ay qalıb. Bir pedaqoq olaraq,
abituriyentlərə nə məsləhət vermək istərdiniz?
-
Artıq Azərbaycanın bütün orta məktəblərinin
son tədris ayıdır və məzunlarımızın səbirsizliklə
gözlədikləri "Son zəng" yaxınlaşır.
Son zəng həyatda bir dəfə olan və bütün
ömür boyu xoş duyğularla xatırlanan hadisələrdəndir.
Bütün məzunlarımıza bu xoş günlərinin
xoş xatirələrlə yadda qalmalarını arzu edirəm.
Ancaq mən üzümü məzunlarımıza və
valideynlərimizə tutub bəzi fikirlərimi bildirmək istərdim.
Əvvəla bütün məzunlarımızın
savadlı olması və dünyagörüşlü
olması təbii ki, çox önəmli və
lazımlı bir şərtdir. Amma hamısının da
mütləq ali təhsil ocaqlarına sənəd vermələrini
isə çox da mühüm bir amil kimi saymazdım. Çünki
ali təhsil ocaqlarına qəbul olunanların içərisində
mən yalnız qarşısında həqiqətən də
elmi biliklərini davam etdirmək istəyən abituriyentlərin
olmasını istərdim. Kütləvi olaraq abituriyentlərin
hamısının qəbul imtahanlarına qoşulması və
sonda da məktəblərin müvəffəqiyyət və
keyfiyyət faizinin aşağı düşməsi elə
bunun nəticəsidir. Gərək yalnız özündə
tam inamı olan və həqiqətən də ali təhsil
almaq istəyənlər sənədlərini hazırlayıb
qəbul imtahanına getsinlər. Bu mənim şəxsi
fikrimdir. Ola bilsin ki, mənim bu fikirlərimlə kimlərsə
razılaşmasın. Amma fikrimcə, vətənimizə
sayı çox olan ali diplomlular ordusu yox, həqiqi biliyi və
müasir dünyagörüşü olan vətənpərvər
vətəndaşlar lazımdır. Mən o qədər
"diplomlu" ali məktəb məzunları
görmüşəm ki, onların savadı orta məktəblinin
savadından qat-qat aşağıdır. Ali təhsilini almaq
istəyən abituriyentlərə isə uğurlar
arzulayıram. İstərdim ki, onlar ali məktəbləri
yüksək qiymətlərlə bitirib, Azərbaycan təhsilini
hər yerdə, evində, məhəllədə,
dost-tanışlarının yanında, xaricdə və s.
layiqincə təmsil edə bilsinlər.
- Şagirdləriniz daha çox nədən
şikayətlənirdilər?
- Maraqlı
sualdır... Mən şagirdlərlə işləyərkən
onlar bir dərsin 45 dəqiqə olduğundan şikayətlənirlər.
Dərsin dəqiqəsinin artırılmasını istəyirlər.
Çünki dərsimiz o qədər maraqlı keçir ki,
onun tez bitməsini istəmirlər. Mən bildiyiniz kimi,
repetitorluqla məşğul olmuram. Çünki zənnimcə,
müəllim şagirdlərə lazımi biliklərini
yalnız dərs zamanı çatdırmalıdır. Əsl
müəllim bunun öhdəsindən ustalıqla gələ
bilər. Müxtəlif metod və üsullardan istifadə etməklə
bunu həll etmək olar. Əksər repetitor məktəbdə
bir 45 dəqidəqə dərslərini keçməkdənsə,
evdə hazırlığa daha çox üstünlük
verirlər. Bu da şagirdlərin dərsə
marağını azaldan səbəblərdən biridir.
Repetitorlar evdə məşğul olduqları şagirdlərə
sərf etdikləri həvəsi, məktəbdə parta
arxasında əyləşən şagirdlərə də
eynilə sərf etsələr, onda heç bir problem olmaz. Məktəb
şagirdlərimizin ən sevimli maraq dünyasının bir
hissəsinə çevrilə bilər.
- Bir sıra ekspert hesab edir ki, orta
məktəb proqramları, qəbul imtahanı zamanı
düşən sualları əhatə etmir. Bəs siz nə
düşünürsünüz?
-
Bildiyiniz kimi, qəbul imtahanlarının sualları mütləq
orta məktəb proqramına tam uyğun olmalıdır. Çünki
orta məktəb proqramı dövlət tərəfindən
təsdiqlənmiş bir proqramdır və qəbul
imtahanlarının testləri də məhz dövlət
proqramına tam uyğun olaraq tərtib olunmalıdır. Qəbul
imtahanı zamanı sualların orta məktəb dərsliyi ilə
uyğunsuzluğu o zaman yaranır ki, sualları
hazırlayanlar, 15-20 ilin dərsliyində olan məlumatlara
istinad edirlər. Bu da yeni dərsliklərdə
olmadığı halda suallarla məktəb dərsliyində
uyğunsuzluğa gətirib çıxarır. Ona görə
də sualların Təhsil Nazirliyinin ən son təsdiq etdiyi
orta məktəb dərsliklərinin materiallarına əsasən
hazırlanması vacibdir. Bu yanaşmaya düzgün
münasibət olsa, o zaman bütün uyğunsuzluqlar aradan
qalxacaq.
- Müəllimlik sənəti son
illər xeyli reytinq itirib. Sizcə bunun səbəbi nədir?
- Mən
bu ifadə ilə tam razı deyiləm. Müəllimlik
peşəsi heç zaman nüfuzdan düşməyib,
düşə də bilməz. Yalnız bu adı öz
üzərində daşıya bilməyənlər var ki,
onlara bu ifadə yaxın ola bilər. Mən həmişə
müəllimliyim ilə qürur duyur və fəxr edirəm.
Bəzi müəllimlərin müasir zamanla ayaqlaşa bilməməsi
bu fikrin yaranmasına səbəb olub. Sevindirici haldır ki,
ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyaları
sürətlə inkişaf edir. Kompyuter, internet müasir
dövrün ən böyük nailiyyətidir. Əvvəllər
bir məlumatı bir neçə saata axtarıb
tapırdıqsa, indi internet vasitəsi ilə istədiyimiz məlumatı
bir neçə saniyəyə əldə edə bilərik. Müasir
uşaq və gənclər də bu nailiyyətlərdən
get-gedə daha çox faydalanırlar. Amma təəssüf
ki, bəzi müəllimlər yeniliklərlə ayaqlaşmaq
istəmir və ənənəvi tədris üsullarına
üstünlük vermək istəyirlər . Onlar interneti qara
səhifə kimi görürlər. Elə müəllimin
nüfuzunun aşağı düşməsinin səbəbini
də məhz azlıq təşkil edən həmin müəllimlərin
müasir dövrə uyğun inkişaf etmək istəməmələri
ilə izah edərdim. Ancaq bu sözləri bütün müəllimlərə
şamil etmək düzgün olmazdı. Müasir zamanla
ayaqlaşan müəllimlərimiz də var.
- Bir neçə gün əvvəl,
şəxsi saytlarınız sırasına daha bir sayt,
www.biologiya.org saytı əlavə edildi. Bu haqda məlumat verməyinizi
istərdik...
-
İstifadəyə verilmiş bloqda orta məktəb səviyyəsində
biologiya fənninə aid proqramlar, kurrikulum layihəsi, terminlər,
sahə alimləri, kitabxana, videodərslər və başqa gərəkli
bilgilər toplanıb. Saytın ziyarətçiləri burada
həm də Azərbaycanın zoocoğrafi xəritəsi, Təhsil
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Kurrikulum Portalı, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Təhsil Portalı, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının biologiya fənni
üzrə videomühazirələrindən ibarət YouTube
kanalına və ölkə prezidentinin məktəblilər
üçün internet resursuna birbaşa keçidlərlə
də yaxından tanış ola bilərlər. Daha bir maraqlı
məqam da ondan ibarətdir ki, bloqun ziyarətçiləri
burada orta məktəbdə biologiya fənni ilə
bağlı sorğuya qatılaraq öz fikirlərini ifadə
edə bilərlər. Fürsətdən istifadə edib, sizin
qəzet vasitəsilə bu bloqun işinin təşkilində
marağı olan şagirdləri, müəllimləri,
valideynləri və elm adamlarını işbirliyinə dəvət
edirəm. Onların bu yöndə təkliflərini dinləməkdən
məmnun olardıq.
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 27 may.-
S. 7.