"Xalq Cümhuriyyəti müsəlman Şərqinin Dan Ulduzu oldu"

 

Musa Qasımlı: "Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi"

 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü tamam olur. Həmin tarixi araşdıran alimlərdən biri, millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı "Həftə içi"nin qonağı oldu.

Maraqlı keçən görüş zamanı bizi maraqlandıran bir sıra suallara cavab tapmağa çalışdıq.

- 28 may 1918-ci ildə Şərqdə ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyi elan edilib. AXC-nin yaradılmasına aparan yol necə olub? Ona hansı beynəlxalq amillər təsir edib?

- Çarizmin işğalına qədərki dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə çar Rusiyası Şimali Azərbaycanı xanlıqlar formasında işğal etdikdən sonra yeni şərait yarandı. Azərbaycan ərazisi və xalqı 2 yerə bölüşdürüldü. Amma xalqımız işğalla barışmadı. Şimalı Azərbaycanda işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlanıldı. İşğaldan narazı olaraq ona qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min azərbaycanlı var idi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri belə qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi. Azərbaycanda demoqrafik şəraiti dəyişməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə, demoqrafik şəraiti dəyişdirmədi. Köçürülənlər yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılırdı. Hətta silah gəzdirmələrinə icazə verilirdi. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu. Çarizm özünün ümumi strateji mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. İlk milli teatr yaradıldı. Motivlərindən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və hətta milli hərəkatın yaranmasında, Azərbaycan xalqının millətləşməsində mühüm rol oynadı. Rusiyada gedən proseslər Azərbaycana da təsirsiz ötüşmədi. Rusiyanın tərkibində olan Şimali Azərbaycanda xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı. 1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. O dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda 2 böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel olaraq gedirdi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-Azadlıq Hərəkatı son nəticədə imperiyaların dağılması, zülm altında inləyən xalqların azad olması və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox rejimləri dəyişməklə mahiyyətinə görə imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, Milli-Azadlıq Hərəkatının öndərləri "Difai", "Müsavat", sosial-demokratiyanın təmsilçisi isə "Hümmət" oldu. Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində azərbaycanlı ziyalılar Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov və başqaları müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərilərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və İslamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü kimi baxırdılar. O dövrdə azərbaycanlı ziyalıların bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə bir neçə azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüş və azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa ehtiyac duyurdu.

1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklərin hakimiyyətə gəlməsi və müharibədən çıxdığını elan etməsi tamam yeni şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələrilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı. Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi qızışdı. Rus-Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımın başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.

- Bəs, Azərbaycan Xalq Cümhuriyyəti necə elan edildi?

- Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası (MŞ) elan etdi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarda iştirak edən M.Rəsulzadə qiyabi olaraq MŞ-nin sədri seçildi. MŞ-nin mayın 28-də Tiflisdə "Orient" oteldə keçirilən iclasında 6 maddədən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi MŞ - Parlament dururdu. Azərbaycan parlamentli respublika idi. Cümhuriyyətin elan edilməsilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı. AXC-nin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris sülh konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda AXC-nin ərazisi Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı, Cavad, Göyçay, Şamaxı, Quba və Lənkəran qəzaları), Yelizavetpol (Gəncə) quberniyası (Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Qaryagin Cəbrayıl), Zəngəzur və Qazax qəzaları (sonuncunun ərazisinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi), İrəvan quberniyası (Naxçıvan, Şərur-Dərələyəz, Sürməli və Yeni Bəyazid qəzaları, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi), Tiflis quberniyası (Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi), Zaqatala mahalı, Dağıstan vilayəti (Kür və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi, həmçinin, Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq - Tabasaran qəzasının bir hissəsi) kimi göstərilirdi.

AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. AXC-nin 113,9 min kv.km-lik ərazisinin 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i mübahisəli idi. Həmin vaxtlar bütün Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi.

- Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət idi?

- Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir F.Xoyski oldu. Hökumətdə I, II və III kabinetə F.Xoyski, IV və V kabinetlərə Nəsib bəy Usubbəyli başçılıq edib. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

Gəncədə öz fəaliyyətini dayandırmış MŞ noyabr ayında Bakıda fəaliyyətə başladı. MŞ Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Həmin parlamentin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Orada 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər türk-müsəlman əhali 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1, gürcülər 1, polyaklar 1, Bakı həmkarlar ittifaqı 3, Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı 2 nəfər olmaqla bölüşdürülmüşdü. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə, onun 155 iclası keçirildi və parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri Ə.Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı. Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti, ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirilirdi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

- AXC-nin xarici siyasəti barədə nə deyə bilərsiniz?

- Hökumətin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Ona görə də hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Ə.Topçubaşov səfir kimi İstanbula göndərilmişdi. Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla, noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır. Hökumətin ilk addımlarından biri də dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Ə.Topçubaşov başda olmaqla, nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L.Mallet Ə.Topçubaşovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Ə.Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H.Morgentau, günün ikinci yarısında isə prezident V.Vilsonla görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi. Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Yenicə yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılmasını, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi şərtilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

- AXC-nin süqutuna səbəb olan amilləri də sadalamağınızı istərdik...

- AXC-də yeni dövlət quruculuğu ilə bağlı problemlər çox idi. Aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. AXC-nin sosial dayaqları zəiflədi. Çarizmin Azərbaycana köçürdüyü bir sıra xalqlar dövlət müstəqilliyini tanımır və onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi. AXC 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti AXC-nin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, həmçinin, Mustafa Kamal Paşanın bolşevik lideri Leninlə yaxınlaşması da mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdi. Bu işğalda Bakı nefti faktoru da mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

- Bəs, cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət dərslərini almalıyıq?

- Çümhuriyyətin yaradılması və fəaliyyəti öz əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. AXC bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən xalqların olmaması, eyni zamanda, cümhuriyyətin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı, zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan ötrü müraciət etmişdilər. AXC-nin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz həmin illərdə düşünülmüş şəkildə hazırlandı. Milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Onu da deyim ki, Sovet dövründə AXC-nin yaranma gününün dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin AXC-nin 80 illiyinin qeyd edilməsi barədə imzaladığı sərəncamından sonra bu sahədə xeyli iş görüldü. Sovet dövründə Azərbaycan tarixi barəsində danışılmayan, üstündən sükutla keçilən, danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər AXC dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu düşünərək, təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə "tam məxfi", "məxfi" arxiv fondları açıldıqda tamam başqa mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi. Həmin tarixin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyil. Bunun üçün çoxlu amilin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalıdır. Xalq öz milli dövlətini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda AXC xadimlərinin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətimizin 93-cü illiyi ilə bağlı da geniş tədbirlər həyata keçirilir.

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 28-31 may.- S. 8-9.