Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Boris Tadiç: "Rəsmi Bakı xarici siyasətində və həmçinin enerji sahəsində balanslı siyasət yeridir"

 

Azərbaycanın Serbiyadakı səfirliyindən verilən məlumata əsasən, Belqradda ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Serbiya prezidenti Boris Tadiç tərəfindən qəbul edilib.

Prezident B.Tadiç 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırlayaraq, səmimi salamlarının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını istəyib. Azərbaycan prezidentinə böyük hörmət və ehtiram bəslədiyini və iki dövlət başçısı arasında dost və mehriban münasibətlərin mövcud olduğunu xüsusi vurğulayıb. Cari ilin 8-9 iyun tarixlərində prezident cənab İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirən Serbiya prezidenti, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. Görüş zamanı B.Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib. Serbiya-Azərbaycan iqtisadi əlaqələrinə toxunan B.Tadiç, son bir ildə bu əlaqələrdə canlanma olmasına baxmayaraq, iki ölkənin potensialından tam istifadə edilmədiyini və yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin və əlaqədar qurumların üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Azərbaycanın mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən B.Tadiç, Azərbaycan özünün xarici siyasətində və həmçinin enerji sahəsində balanslı siyasət yeritdiyini və ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

  

 

Azad

 

Həftə içi.- 2011.- 6 may.- S. 3.