İgidlik məktəbi

 

Bu yazı Böyük Vətən Müharibəsi iştirakçısı Xavər Vəliyevə ithaf olunur

 

Müharibələrin tarixi bəşəriyyətin yaşı qədərdir. Amma müharibə təkcə fəlakət, ölüm, itki, göz yaşları demək deyil. Müharibə həm də mübarizələr meydanıdır. Hər bir xalqın qəhrəmanlıq səlnaməsidir. Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbədən 66 il vaxt keçir. Ağır müharibə illəri bizdən uzaqlaşdıqca qələbənin əhəmiyyəti daha möhtəşəm və unudulmaz görünür.

Bu tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük xidmətləri olub. Müharibənin ilk günlərindən silaha sarılıb, döyüş meydanlarında şücaət göstərən oğul və qızlarımız Qafqaz dağları ətəklərindən başlayaraq Berlinə qədər irəliləyiblər. Onlar Belarusiyada, Rumıniyada, Moldovada, Polşada eləcə də Terek, Don, Volqa, Dnepr, Oder, Visla çayları sahillərində əfsanəvi qəhrəmanlıqlar nümayiş etdirib, xalqımızın başını uca ediblər.

Onların Böyük Vətən müharibəsinin şanlı döyüş salnaməsinə yazdığı parlaq səhifələr bu gün də iftixar hissi ilə vərəqlənir. Müxtəlif tale yaşayan bu insanların çoxu bu gün sıramızda olmasa da, işıqlı xatirələri həmişə qəlbimizdədir. Şanlı döyüş yolu keçmiş Xavər Vəliyev də belə şəxsiyyətlərdəndir.

Xavər Ağarəhim oğlu Vəliyev Bakının Zabrat qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb. Hərbi-siyasi işi mükəmməl bildiyi üçün gənc hərbçi Xavəri bu sahədə daha da püxtələşməsi üçün kursa göndərirlər. 1936-cı ildə o, Hərbi - Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə SSRİ Ali Sovetinə deputat seçilir. Əvvəlcə o, 73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir. Doğma paytaxtının zabiti olmaq, onu qorumaq Xavərin taleyinə yazılmış illərdən idi.

1941-ci ilin od-alovu minlərlə gənc kimi onu da döyüş meydanlarına atır. O illərdə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır. Düşmən üzərində hücum əməliyyatı hazırlanır. Krım cəbhəsində olduqları 150 gün ərzində Xavər Vəliyevin göstərdiyi hünər və rəşadət onun həyatına qəhrəmanlıq səhifələri kimi daxil oldu. Daha sonra bu səhifəyə 1942-ci il Sevastopol uğrunda gedən döyüşlər yazıldı. Məhz bu döyüşlərdən sonra Xavər Vəliyev 416-cı Azərbaycan diviziyasına siyasi rəhbər təyin olundu. Xavər Vəliyevin günlərlə, həftələrlə çəkdiyi zəhmət hədər getmədi. Nəhayət "416-cı diviziya" cəbhəyə yola düşür. Staro-Lednev ətrafında gedən döyüşlərdə diviziya qalib çıxır. Düşmənin bütün cəhdlərinin qarşısı alınır. "416-cı diviziya"nın döyüş yoluna daha bir neçə şərəfli səhifə yazılır.

1945-47-ci illərdə o, 4-cü ordunun siyasi rəhbəri vəzifəsində çalışır. 1947-ci ildə isə Xavər Ağarəhim oğlu Vəliyev SSRİ Müdafiə Nazirliyi tərəfindən Azərbaycan SSRİ-nin hərbi komissarı təyin edilir. O, burada da öz işini layiqincə yerinə yetirir. 1954-cü ilə qədər doğma respublikasının hərbi komissarı işləyir və hərb sahəsində öz xidmətini başa vurur. Orduda etdiyi xidmətlərə görə dövlətin orden və medallarına layiq görülür: "Lenin", "Qızıl ulduz", "Qırmızı bayraq" ordenləri, "İkinci dərəcəli Böyük Vətən müharibəsi iştirakçısı", "Qafqazın müdafiəsi uğrunda", "Almaniya üzərində qələbə" medalları və s.

1955-ci ildə istefada olan Xavər Vəliyevi sanki doğma kəndi öz qoynuna çağırırdı. Vətən naminə atdığı hər addımı özünə borc saymış Xavər Vəliyev müharibədən sonrakı illərdə də əmək cəbhəsində uzun illər hünər göstərib, doğulub boya-başa çatdığı Zabrat qəsəbəsinin abadlaşmasında böyük rol oynayıb. Xavər Vəliyev uzun müddət Zabrat kənd sovetində sədr vəzifəsində çalışıb. Vətənpərvərliyi, əməksevərliyi insanların gözündə onu ucaltdı. Kənd ağsaqqalı kimi adı hər yerdə hörmətlə çəkildi. Qurdu, yaratdı kəndinə yeni həyat bəxş etdi. Bir örnək kimi tarixə iz qoydu. Bu kəndin hər döngəsində, hər küçəsində onun adı, nəfəsi yaşayır. Xavər Vəliyev adına olan küçədən keçənlər hər gün bu qəhrəman el oğlunu minnətdarlıq hissi ilə xatırlayırlar. Onun təşəbbüsü ilə tikilən 75 saylı orta məktəb bu gün Xavər Vəliyevin adını ünvanında qürurla yaşadır. Məktəbdə təhsil alan hər bir şagird onun adını uca tutmağa çalışır. 45 ildən artıq müəllimlik peşəsini şərəflə çiynində daşıyan Solmaz Əzizzadə 1990-cı ildən bu məktəbə rəhbərlik edir. Məktəbin uğurlarından, yetirmələrindən ürəkdolusu söhbət açan Solmaz müəllimə onu da qeyd etdi ki, ölməzlik zirvəsinə ucalan Xavər Vəliyevin xatirəsi hər il məktəbdə geniş şəkildə qeyd edilir. Bugünün şagirdləri sabahın əsgərləridir. Xalqımızın keçmişi, bu günü və gələcəyi qiymətli və əvəzsizdir. Qələbə bayramı ərəfəsində "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı tədbirdə iştirak edən şagirdlərin hər biri vətəni Xavər Vəliyev kimi sevməyə and içdilər. Bəli atalar düz deyib: "İgid ölər, adı qalar". Adları, əməlləri ilə öyündüyümüz qəhrəmanların, igidlərin hər birinin ruhları qarşısında baş əyirik. Bu dəhşətlərin şahidi olan veteranlarımıza dərin ehtiramımızı bildirir, Sizlərə-Dünyanın xilaskarları, alqış olsun deyirik!

Qələbə bayramınız mübarək olsun!

  

  

İradə Cavadova

 

Həftə içi.- 2011.- 6 may.- S. 7.