Sözdən
utanmayanlar meydanda at çapırlar
Ayaz Arabaçı: "Dərd əlindən
də havalanıb oynamaq olar"
"Poeziya insanın köksündə
yanan bir ocaqdır. Bəziləri alovu görür, bəziləri
istini sevir, bəziləri də heç görmür. Sözdə
israfçılığı atmaq lazımdır. Söz
yağış kimidir. Az olanda bərəkətli, çox
olanda fəlakətli olur".
Bu dəfəki
müsahibimiz gənclərin ən çox
tanıdığı və sevdiyi şairlərdən biri
Ayaz Arabaçıdır.
Ayaz
Arabaçı Gədəbəy dağlarının qoynunda
özü kimi vüqarlı görünən Arabaçı
kəndində anadan olub. Kəndinə, el-obasına
bağlı olduğuna görə də bu kəndin
adını özünə təxəllüs
götürüb-Ayaz Arabaçı. Dağların havası
və suyu kimi saf olan Ayazın şeirlərinin təmizliyi,
hikmətliliyi, saflığı da elə o yurd yerlərinin
ab-havasından qaynaqlanır. Ayazla neçə vaxt idi
görüşə bilmirdik. Çünki zaman elə gətirib
ki, hər kəsin başı öz qayğılarına
qarışıb. Onu da qeyd edək ki, Ayaz
Arabaçının sözü-söhbəti hər adamla
tutmur. Amma bizimlə alındı. Yəqin ona görə ki,
hamımızın içi dolu, deməli, dərdləşməli
məqamlar da çox idi. Bizi xəyallar 2000-ci illərə
apardı və Ayazın bir misrası yada düşdü:
Çinara nahaqdan barsız deyirlər,
Dünyada vüqardan gözəl
barmı var?!
Rəhmətlik
şair Şahmar Əkbərzadə o zaman Ayazı Türk
dünyasının böyük şairi Bəxtiyar Vahabzadə
ilə tanış edib. Ayazın şeirləri ilə
tanış olan Bəxtiyar müəllim onun bu
misralarını oxuyaraq, yarıkövrək şəkildə
deyib: "Bu misralar məni heyrətə gətirdi, Şahmar.
Nə vaxt idi heyrətlənmirdim".
Bəli,
Ayazla söhbətimiz çox səmimi alındı və hər
kəlməsi də şeirləri kimi təsirlidir...
- 1980-cı ildə ədəbiyyatımızda
bir Ayaz Arabaçı göründü. O zaman mətbuatda
çox tez-tez çap olunurdunuz. Oxucular da sizin şeirlərinizi
həsrətlə gözləyirdilər. Son vaxtlar isə
imzanıza az-az rast gəlirik...
-
Çap olunmağa o qədər də meyilli deyiləm. Bu sahədə
bir az tənbəlliyim çoxdur. Amma bu gün qəzet və
mətbuat orqanları da həddindən çoxdur. İstənilən
qədər məhsuldar işləyib, çap olunmaq
mümkündür. Yaradıcılıqla bağlı elə
bir problem yoxdur. Məni tərpədən, istiləşdirən,
belə deyək, könlümü uçurdan mövzular
olanda yazıram. Şairin sərvəti onun yazdığı
şeirlərdir, onun yaradıcılığıdır. Bu
yazılanları təkcə özü mənimsəməməlidir.
Mən özüm də başqa şairlərin gözəl
misralarını görəndə sevinirəm, bir növ mənəvi
ehtiyacımı ödəyir. Və həmin an həmin
şairi bağrıma basmağa hazıram. Nə yaxşı
ki adamı tərpədən belə tapıntılar bu
gün də var. Təvazökarlıq olmasın, yəqin ki mənim
də şeirlərimdə belə tapıntılar yox deyil.
- Siz ədəbiyyata gəldiyiniz
dövrü tam açıqlaya bilərsinizmi?
- Ədəbiyyata
gələndə məndə bir utancaqlıq var idi. Mən
şeirlərimi çox cəsarətlə yazıram, ona
hünərlə yanaşıram. Amma onu aparıb təqdim edəndə
öz hisslərimi biruzə verməkdən bir az çəkinmişəm.
Elə indinin özündə də deyək ki, dostlarla, cəmiyyətlə
münasibətdə püxtələşsəm də yenə
o utancaqlıq qalır.
- Ayaz müəllim, bu, bir tərəfdən
yaxşıdır, digər tərəfdən yaxşı
deyil, niyə? Dostlarımızdan biri, adını çəkmək
istəmirik, çap etdirdiyi qəzetinin bir neçə
nömrəsini oxuyanda zəif şeirlərə rast gəldik
və dedik ki, belə şeirləri nəyə görə
çap edirsən. O da cavab verdi
ki, yaxşı şeirlər yoxdur, tapa bilmirəm. İstedadlı adamlar öz şeirlərini
sandıqlara yığanda onların yerini zəiflər tutur.
Oxucu da elə bilir yaxşı şeirlər yoxdu, halbuki bu ədəbiyyat
var və üzə çıxmalıdır, oxucuya
çatdırılmalıdır. Ona görə də daim
çap olunmaq lazımdır ki, o boşluqlara başqaları
yiyələnməsinlər...
- Daimi
çap olunmaq əslində elə də problem deyil. Çünki mövzu kifayət qədərdir.
Elə mövzular var toxunublar, ancaq tam əhatə
edə bilməyib, yaralayıblar. Gedirsən
meşədə görürsən ki, iti balta ilə nəhəng,
böyük ağacı yaralayırlar, ancaq gücləri
çatmır kəsməyə. Mən elə
bilirəm mövzu da bu şəkildədir. Kimsə yaralayır, böyründən ötüb
keçir, onun dərinliyinə girə bilmir. Yaxşı, geniş, qlobal mövzular var. Ancaq bəzən
istedadı olmayan bir xalturaçı onu yaralayıb olduğu
kimi də qoyur.
- Belə çıxır ki, siz
özünüzü o yaralı palıd ağacına bənzədirsiz?
- Mən
özümü palıd ağacına da bənzədirəm,
bəzən zərif çiçəyə də bənzədirəm.
Hətta xəzan vurmuş yarpaq kimi də təsəvvür
edirəm özümü. İnsan
ümumiyyətlə təbiətlə bağlıdır.
- Bəs bir şair kimi siz o gənclik
illərindən necə çıxdınız?
- Nəyi
nəzərdə tutursunuz, ixtisasımı deyirsiniz?
- Bəli.
- Mən
hesab etmirəm ki, peşə ilə yaradıcılıq
çiyin-çiyinədir. İnsan duyğusal olur. Necə
deyim, ürəyi qaba adam vurulan kimi istəyir şeir
yazsın, sevgi məktubu yazsın. Elə götürək
Çingiz Aytmatovu. O, Kənd Təsərrüfatı
Akademiyasında təhsil alan bir adam olub. Amma necə də
gözəl əsərlər yazıb. Bədii
yaradıcılığın peşəyə heç bir dəxli
olmur. Onda belə çıxır ki, filologiya fakultəsində
oxuyanların hamısı mütləq şair və
yazıçı olmalıdır. İstedad Allah vergisidir. Elə
ədəbiyyat müəllimləri tanıyıram ki,
ümumiyyətlə poeziyadan başı çıxmır,
onu duymur. Tolstoyun təbirincə desək, poeziya insanın
köksündə yanan bir ocaqdır. Bəziləri alovu
görür, bəziləri istini sevir, bəziləri də
heç görmür. Sözdə
israfçılığı atmaq lazımdır. Söz
yağış kimidir. Az olanda bərəkətli, çox
olanda fəlakətli olur.
- Söz ki ədəbiyyatdan
düşdü, sizcə bu gün orta məktəbdə ədəbiyyat,
poeziya necə təbliğ olunur?
-
Bizim oxuduğumuz orta məktəb artıq tarixə
dönüb. O məktəb bu gün yoxdur. Orta məktəbdə
vəziyyət çox ağırdır. Dərs kitabları,
tədrisin özü pis vəziyyətdədir. Belə olan
halda hansı poeziyanın təbliğindən danışa
bilərik. Hamı bilir ki, bu gün fərdi qaydada müəllim
yanına gedib hazırlaşmayan şagird heç bir ali məktəbə
qəbul ola bilmir. Bu, bizim orta məktəblərin göstəricisidir.
Biz bunu deməliyik, çünki yaralı yerimizdir.
- Ayaz müəllim, elə şair
var, dindirirsən döşünə döyüb
özündən razılıq edir. Siz bir şair, bir oxucu
kimi Ayaz Arabaçının yaradıcılığına
necə baxırsınız?
-
Şair kimi özümdən razı deyiləm. Çünki
yazdıqlarıma da çox qısqanclıqla
yanaşıram. Ümumiyyətlə şair olduğum anlar
çox az olur. Özüm üçün istəyirəm
ortaya nəsə çıxardım, görüm
yaxşı nəyim var. Görürəm ki, yoxdur. Bəlkə
də bu hiss elə çox yaxşı şeydir, adamı təzədən
kökləyir və anladır ki, yox, yaxşı heç nə
yazmamısan, yazıb ortaya nəsə çıxart. Təkmilləşmək
lazımdır. Getdikcə adam sözə qarşı
çox həssas olur, adam sözdən utanır. Sözü
daha yaxşı yazmaq istəyirsən, sözlə qardaş
olmaq istəyirsən.
- Sözdən utanmayanlar meydanda at
çapırlar. Meydanı boş görüb özlərini
qabağa atırlar. Bunun özü də ədəbiyyata bir
fəlakət gətirir axı...
-
Tamamilə doğrudur. Bərli-bəzəkli kitablar
çıxır, baxıb görürsən ki, doğurdanda
içində təzə nəfəs yoxdur. Təzə hənir,
istilik, söz yoxdur. Şablon ifadələr, çeynənmiş,
boyat sözlərdir. Nəticədə oxucu bütöv
poeziyadan, hamıdan iyrənir. Bununla da poeziyaya münasibət
dəyişir. Bunun qarşısını almaq
üçün də ancaq layiqli poeziyanı oxucuya vermək
lazımdır.
- Müasir ədəbi mühit sizi
qane edirmi?
-
Yaradıcı gənclər çoxdur. Bu, nəsirdə
də, poeziyada da özünü göstərir. Qaneedicidir. Sadəcə olaraq
istedadlı gəncliyin üzə çıxmaq problemi var.
- Son vaxtlar toylarda "Yanıq Kərəmi"
havasına daha çox oynandığını
görürük. Sizin də belə bir şeriniz var "Oyun
havasıdır Yanıq Kərəmi". Bu şeriniz də
"Yanıq Kərəmi" oynamağa haqq
qazandırır. Bəs onda siz o "Yanıq Kərəmi"ni
necə görürsünüz?
- Mən
həyatda dərdindən dəli olub, kef eyləyib, gülən
adam görmüşəm, yana-yana oynayan adam görmüşəm,
başından tüstü çıxıb amma bu qəşş
edib, qəh-qəhə çəkib, gülüb. Yəni mən
o oyun havasına oynayanları görəndə hardasa öz
içimdən bir hiss keçib ki, bəlkə də daha
çox dərdə oynamaq lazımdır. Yazdığım
şeirimin bir-iki bəndi ilə fikrimi sizə
çatdırmaq istəyirəm:
O hansı havadır, bu hava kimi
Canlara qor salsın, yanıq gətirsin.
Durub yana-yana oynasın adam,
Oynaya-oynaya doymasın adam.
Məni bu havada ağlamaq tutur,
Məni bu havada oynamaq tutur.
Gülüb, sevinməyə bəxti
qoymayan,
Peymanı qoymayan, əhdi qoymayan
Mənim tək qəlbimdə alov
qaynayan
Bəyin havasıdır Yanıq Kərəmi,
Oyun havasıdır Yanıq Kərəmi.
Yəni
atəş var, oda yanmaq da var. Bəlkə də o, atəşdən
doğan bir şeydir. Görünür o dərd əlindən
də havalanıb, oynamaq olar. Dərd əlindən
havalanıb oynamaq bu günümüzdə
mümkündür.
- Başqalarını dərd
oynadır, şairi də söz. Onda bu məqamda sözlə
dərd doğmalaşır, bir-birini tamamlayır...
- Məncə,
poetik sözün mayasında bir gizli kod var. O kodun adı dərddir.
Yəni şairi silkələyən, tərpədən, onun
içində fırtınalar qoparan dərd-qəm şairin
köksündə şeir göyərdir. Məhəmməd
Füzuli niyə deyirdi:
Füzuli dərd əlindən
dağa çıxdı,
Dedilər bəxtəvər
yaylağa çıxdı.
Füzulini
dağa çıxardan dərd bu gün bizim sinəmizi
yandırır. Sözü poetikləşdirən, ona ruh verən,
ətə-qana dolduran məhz o yanğının odu, istisidir.
- Yəni şeirin istisinə
qızınmaq olur...
-
İnanın ki, mən bunu özüm duymuşam. Şeirin,
sözün istisini deyirəm. Elə vaxtım olubdu ki,
şeir məni üşüməyə qoymayıb. Onun həniri
ürəyimə dolub və bütün bədənimə
yayılıb.
- Oxucular da bizdən onların
ürəklərini qızdıran şeirlər gözləyirlər.
Onlar soyuq, bumbuz sözləri oxuyub, bir dəfə
üşüyəndən sonra sözdən
qaçırlar...
- Mən
özüm də soyuq sözdən qaçıram. Ona görə
oxucuya soyuq sözləri sırımağın tamamilə əleyhinəyəm.
Mən özümü o vaxt xoşbəxt sayıram ki,
şeirim bir üşüyən qəlbi qızdırır.
İslam Sadıq
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 7-10
may.- S. 14.