"Qarabağ bülbülləri" cəbhə bölgəsindən qayıtdı

 

Murad Rzayev: "Ağdamlılar bizi sevgi ilə qarşıladılar"

 

Dünyanın bir çox səhnələrini və milyonlarla tamaşaçının ürəyini fəth etmiş "Qarabağ bülbülləri" ansamblının səsi tez-tez cəbhə bölgələrindən gəlir.

Bu dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ansambl əvvəlcə Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsinin stadionunda rayon ziyalıları, sakinlər, eləcə də qaçqın və məcburi köçkünlər qarşısında maraqlı konsert proqramları ilə çıxış etdilər. Balaca "bülbüllərin" ecazkar səsi çoxsaylı tamaşaçının alqışına səbəb oldu.

40 ildir böyük səhnələrdən gələn balaca "bülbüllərin" cəh-cəhi bu günə kimi qulaqlarımızdan getməyib. Beynəlxalq festivallar laureatı, "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri, tanınmış sənətkar Murad Rzayev Qarabağ təəssüratlarını bizimlə belə bölüşdü. Artıq cəbhə bölgəsinə getmək, əsgərlərlə görüşmək, orada konsert vermək bizdə adət-ənənəyə çevrilib: "Ağdam rayon icra başçısı Nizami Sadıqovun dəvəti ilə rayona getdik. Rayon ziyalıları, sakinləri bizi yüksək səviyyədə qarşıladılar. Mənə çox xoş və səmimi gəldi ki, rayon İcra Hakimiyyətinin başçısı konsertin proqramının seçilməsində münsiflər heyətində oturaraq repertuara şəxsən özü nəzarət edirdi. Onu da qeyd edim ki, konsertimiz rayonda iki gün davam etdi. 64 yaşımda 50 il sənətdə olan bir sənətçi kimi mənə təəccüblü gəldi ki, Nizami müəllim konsertə şəxsən özü rəhbərlik edən ilk rayon rəhbəridir. Bu, Nizami müəllimin incəsənətə olan marağından irəli gəlir. Başçı bizim üçün rayonda lazım olan bütün şəraiti yaratdı. Bizim budəfəki görüşümüz xüsusilə fərqlənirdi. Nizami Sadıqov həqiqətən "Qarabağ bülbülləri"ansamblına böyük qayğı ilə yanaşdı".

M.Rzayev onu da vurğuladı ki, başçının təşəbbüsü ilə cəbhə bölgəsində də olublar: "N saylı hərbi hissənin əsgərləri ilə görüşdük və iki saatdan artıq onların qarşısında konsert verdik. Ansamblın solistləri, balaca bülbüllər Zülfiyyə Cəbrayılzadə, Dürdanə Keytiyeva, Ülkər Orucova, Rövlan Hacıyev, Təbriz Orucov, Elmin İmanov, Məqsəd Eyvazlının ifa etdikləri "Qarabağ şikəstəsi" külli Qarabağı bürüdü. Turan Səfərli "Sarı gəlin" mahnısını ifa etməklə sübut etdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycan torpağıdır, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır və onu ancaq azərbaycanlılar oxuya bilər. Tədbirdən sonra əsgər və zabit heyəti ilə birlikdə xatirə şəkilləri çəkdirdik".

M.Rzayev onu da söylədi ki, 40 ildir ansambl fasiləsiz fəaliyyət göstərir: "Qarabağ bülbülləri" həm Təhsil Nazirliyinin, həm də Mədəniyyət və Turizm Nazirliyinin fəxridir. Yəni bizim ansambl bu nazirliklərin adını həmişə ucaldıb, şöhrətə mindirib. Amma bir şeyi də unutmaq olmaz ki, "Qarabağ bülbülləri" Qarabağın atributlarından biridir. Qarabağı dünyaya tanıdan qurumlardan biri də məhz bu ansambl olub. Çünki ölməz şairimiz Xəlil Rza Ulutürk boş və mənasız yerə deməyib ki, "Qarabağ bülbülləri" xalqımızın mənəvi sərvətidir. Mən də nə qədər canımda can var, nəfəsim varsa, bu ansamblı qoruyub-saxlayacağam və inşallah, torpaqlarımız yağı düşmən tapdağından azad olduqdan sonra bu tarixi əsəri doğma Ağdam şəhərinə qaytaracağam. Budur mənim arzum, budur mənim istəyim. Artıq yubiley proqramımız hazırdır. Bizim həm doğma Ağdamda - Quzanlıda, həm də Heydər Əliyev Sarayında yubileyimizin keçiriliməsi nəzərdə tutulub. İnanırıq ki, bu sahədə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi bizə yardımçı olacaqlar".

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 11 may.- S. 6.