"İndi kitabxana müdirləri
kabinet həvəsindədirlər"
Badamdar kitabxanasının
yaradıcısı və ilk direktoru Süriyyə Rzayeva:
"Oxucularla davranmağı bacarmaq lazımdır"
Müsahibimiz
1957-ci ildən Badamdar qəsəbəsində fəaliyyət
göstərən Nəriman Nərimanov adına Kütləvi
Kitabxananın
yaradıcısı və ilk direktoru Süriyyə xanım
Rzayevadır. Bu gün onun yaratdığı kitabxana Badamdar
sakinlərinin doğma evinə çevrilib, onların qiraət
ocağı olub.
Kitabxanada hər gün onlarca insan faydalanır,
bilik əldə edir. Ancaq onların bəlkə də bilmirəm oturduqları bu işıqlı, rahat, yayda sərin, qışda isti qiraət zalı necə yaranıb. Onlar onu da bilmirlər
ki, bu kitabxananı
yaratmaq üçün
bəzi insanlar çox əziyyət çəkib, çox məhrumiyyətlərə dözüblər.
Hansı
çətinliklərə? Bu barədə oxuculara Süriyyə
xanım özü danışacaq. Məlumat
üçün deyək ki, müsahibimizin hazırda 82
yaşı var. Haqqında danışdığımız
kitabxana da onun yaşadığı evin binasının
altında fəaliyyət göstərir. Süriyyə
xanım Rzayeva söhbətə başlayarkən göz
yaşlarını gizlədə bilmədi:
- Əvvəl
bu kitabxananı dünyaya gətirmişəm, sonra
övladlarımı. Uşaqlarım xəstələnəndə
bir ana kimi necə həyəcanlanıb kədərlənirəmsə,
kitabların səhifələri korlananda, bəzən də
tutduğu işin pis əməl olduğunu hələ
başa düşməyən uşaqların vərəqləri qopardıb evə apardıqlarından xəbər
tutanda da həmin vəziyyətə düşürdüm.
Xalqımız, dövlətimiz mənə böyük bir sərvət
etibar edib, onu qorumaq, gələcək nəslə
çatdırmaq vətəndaş borcum, peşə məsuliyyətim
olub...
- Maraqlıdır, bəs necə
oldu ki, Badamdar qəsəbəsində kitabxana yaratmaq qərarına
gəldiniz? Özü də Azərbaycanda ilk qiraətxana-kitabxananın
banisi olan Nəriman Nərimanovun adına...
- Məlumat üçün
bildirim ki, 1929-cu ildə anadan olmuşam. Əvvəlcə
Krupskaya adına
kitabxanaçılıq texnikumunu,
sonra isə indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm. Kiçik yaşlarımdan Badamdar qəsəbəsində
yaşamışam. Yaxşı xatırlayıram.
1957-ci ilin may ayı idi. Mən universitetin beşinci
kursunda oxuyurdum. Qəsəbədə kitabxananın yoxluğu
məni çox narahat edirdi. Demək olar ki, qəsəbədə
hər şey var idi - məktəb,
klub, xəstəxana, uşaqların əyləncəsinin
səmərəli təşkili
üçün müxtəlif
məkanlar. Amma kitabxana
yox idi. Elə bu məqsədlə qəsəbədə fəaliyyət
göstərən kluba
üz tutdum. Klubun direktoruna kitabxana yaratmaq istədiyimi bildirdim. Hətta ona dediklərimi
də çox gözəl xatırlayıram.
Dedim ki, tələbəyəm, hələ
təcrübəm azdır.
Bilmirəm kitabxanaya oxucu
yığa bilərəm
yoxsa yox. O isə bu təşəbbüsümü
alqışladı və
cavabı da maraqlı oldu: "Qızım, sənin içində olan enerjini, istedadını görürəm. Gələcəyin parlaqdır. Elə buna görə də bu iş
səndə alınacaq".
Bundan sonra qəsəbə sakinləri, məktəb və xəstəxana direktorları ilə görüşdüm. Təvazökarlıqdan uzaq olsa da,
qeyd edim ki, bu təşəbbüsüm
hamının böyük
marağına səbəb
oldu və məni dəstəklədilər.
Belə olanda üzümü Mədəniyyət və
Turizm İdarəsinə
tutdum. O vaxtlar bu idarə Bayıl
qəsəbəsində fəaliyyət
göstərirdi. İdarənin rəisi Kəmis Allahverdiyev və Vəkilov, Xuçaturov soyadlı rəis müavinləri ilə görüşüb, belə
bir məqsədim olduğunu onlara söylədim. Onlarda bu
təşəbbüsümü yüksək qiymətləndirdilər.
Daha sonra kitabxanaya hansı adı vermək istədiyimi məndən soruşdular.
Mən də sanki bu sualı
çoxdan gözləyirdim,
dərhal cavab verdim: "Artıq mən kitabxanaya ad seçmişəm. Nəriman
Nərimanov". Beləliklə təklifim qəbul olundu. Məni həmin kitabxanaya
iyun ayının 1-dən
müdir təyin etdilər. Yadımdadır,
bizim kitabxanaya Maksim Qorki adına Kütləvi
Kitabxanadan 4 min kitab, Kirov adına Uşaq Kitabxanasından isə 2 min kitab verildi. İlk vaxtlarda kitabxanada
iki nəfər işçi çalışırdı.
Kitab fondu 6 min nüxsə olsa da oxucuların sayı az
idi. Çətinliklərlə üz-üzə idik. Lakin bütün çətinliklərə
baxmayaraq, biz kollektiv şəkildə çiyin-çiyinə
çalışaraq böyük
məsuliyyətin öhdəsindən
gələ bildik.
Belə ki, kitabları səliqə ilə şöbələr üzrə
rəflərə düzdük,
qəzet və jurnallar üçün guşə ayırdıq.
Oxucuların sayını artırmaq
üçün idarə
və müəssisələrə,
evlərə getdik, müəllim, tələbə,
neftçi və evdar qadınlarla söhbət apardıq, təzə və maraqlı kitablardan söz açdıq, disputlar təşkil etdik. 1957-ci ilin
avqust ayının
11-də qəsəbə sakinlərinin,
müxtəlif ziyalı
insanların iştirakı
ilə kitabxananın təntənəli açılışını
etdim. Hamı məni bağrına
basıb təbrik edirdi. 1957-1960-cı illərdə kitabxana uşaq kitabxanası kimi fəaliyyət göstərdi. Sonradan fəaliyyətimiz
genişləndi və
bura kütləvi kitabxanaya çevrildi.
Yaradıcısı və ilk müdiri
olduğum kitabxana yarandığı tarixdən
bu günə kimi fəaliyyət göstərir. Biz kitabxanada tez-tez mühazirələr, söhbətlər,
oxucu konfransları, ədəbi-bədii gecələr,
kitab sərgiləri keçirər, əlamətdar
günlərə aid maraqlı
vitrinlər təşkil
edərdik. Təzə
yaranmağımıza baxmayaraq
bir il
ərzində 350-400 tədbir
keçirdik. Beləliklə,
çox az
müddət ərzində kitabxanaya xeyli sayda oxucu cəlb
edə bildik. Təqribən gündəlik oxucularımızın
sayı 30-40 nəfərə
yaxın olurdu. Əsas oxucularımızı neftçilər
təşkil edirdi.
Onlar adətən işdən sonra öz istirahətlərini
geniş qiraət salonunda mütaliə ilə keçirərdilər.
Müntəzəm olaraq evlərə,
idarə və təşkilatlara, mədən
və müəssisələrə
kitab göndərərdik.
Kitabxanaya gələ bilməyən,
əlil insanlara da xüsusi qayğı göstərirdik.
Həmin
insanların evlərinə
istədikləri kitabları
göndərirdik. Kitabxananın zavod və fabriklərdə,
yeraltı təmir sexində, Badamdardakı pionerlər evində, məktəblərdə, xəstəxanalarda
və başqa yerlərdə onlarca xırda filialları vardı. Elə bütün bunlara görə də, digər kitabxanalardan xüsusi ilə fərqlənirdik...
- Sizcə, müasir Azərbaycan oxucusunun getdikcə kitabxanadan üz döndərməsinin əsas
səbəbi nədir?!
Gəlin nəzərə
alaq ki, əvvəllər belə
deyildi. Kitabxanada çoxlu sayda kitab, qəzet oxuyanlar rastlaşardıq...
-
Razıyam sizinlə. Müasir Azərbaycan oxucusu kitabxanadan
getdikcə uzaqlaşır. Demək olar ki, oxucuların
gündəlik gəlişindən danışmaq
gülünc olardı. Sizin də qeyd etdiyiniz kimi, amma əvvələr belə
deyildi. Kitabxanada oxu zalı dolu olardı. Kitabxanadan oxucunun uzaq
düşməsinin müxtəlif səbəbi var. Birincisi,
oxucu ilə yaxşı rəftar etmək lazımdır. Amma
nədənsə kitabxanaçılar oxucu ilə
yaxşı rəftar etmirlər və yaxud da yaxşı rəftar
etməyi bacarmırlar. Öz işlərində çox məsuliyyətsizdirlər.
Həm də başqa bir məqam da var. Onu da nəzərinizə
çatdırmaq istərdim. Keçmişin oxucuları ilə
indiki oxucular arasında çox böyük fərq var.
Keçmişdə oxucuların tələbkarlığı
yüksək səviyyədə idi. Amma indi... İndiki
kitabxana müdirlərini mən başa düşə bilmirəm.
Çox təəssüf ki, onlar kreslo arxasında əyləşmək
ilə öz işlərini bitmiş hesab edirlər. Kitabxana
direktoru kreslo arxasında əyləşməli deyil! O,
işçiləri ilə daim ünsiyyətdə
olmalıdır. Mənim direktor işlədiyim zamanda heç
vaxt öz şəxsi kabinetim, kreslom olmayıb. Hər zaman
işçilərin yanında olmuşam. Hətta yeri gələndə
tualet də təmizləmişəm. İndiki kitabxana
sisteminin quruluşu sıfır səviyyəsindədir.
Yuxarıda sadaladığım məsələlər öz
həllini tezliklə taparsa, kitabxananın əvvəlki
populyarlığını geri qaytarmaq mümkün olar...
- Yaratdığınız
kitabxananın, ümumilikdə Azərbaycanda fəaliyyət
göstərən kitabaxanaların
gələcəyini necə xarakterizə edərdiniz?
-
(Ağlayır) Əgər müasir müdir özünə
şəxsi kabinet yaradıb, kreslosunda əyləşib,
işçiləri və oxucuları ilə ünsiyyətdə
olmayacaqsa, hər hansı bir irəliləyişdən
danışmağa dəyərmi?! Əlbəttə, yox! Bu
yaxınlarda kitabxanaların adlarının dəyişdirilərək,
filiallarla əvəz olunması xəbərini eşitdim. Evdəkilər
bunu məndən gizlədirdilər. Amma sonradan xəbər
tutdum ki, yaratdığım, əvəzsiz zəhmət
çəkdiyim, ilk övladım olan kitabxananın
adını da dəyişiblər. İnanın ki, bu xəbəri
eşidən zaman gözlərim tutuldu. Elə həmin
gündən etibarən bir gözüm görmür. Bu təkcə
mənə deyil, ümumilikdə Azərbaycan xalqına vurulan
ağır zərbə və hörmətsizlik oldu. Belə
getsə, mənim fikrimcə, kitabxanalar getdikcə tarixdən
silinəcək, izləri də yoxa çıxacaq. Eh, o illər...
Nə qədər əziyyət çəkdim. Saçım
orda ağardı. Amma nə olsun?! Mənə verilən qiymət
də belə oldu!.. İndikilər ancaq özlərini
düşünür...
- 51 ilə yaxın kitabxana sahəsində
çalışmısınız. Hazırda 82
yaşınız var. Amma fəxri adınız yoxdur...
- (Yenidən gözləri
dolur) Oxucularım mənə ad veriblər. Məncə,
bundan yüksək ad mənim üçün ola bilməz...
Elə bu günün özündə də, kitabxanaya Süriyyə xanımın kitabxanası
kimi müraciət edirlər Kitabxana mənim ilk övladımdır.
Fəxrlə deyə bilərəm
ki, yaratdığım
kitabxanadan minlərlə
insan faydalanaraq bu gün müxtəlif
yüksək yerlərdə
çalışır. Fəxri ada gəlincə isə, yadımdadır, bir dəfə mənə fəxri ad təklif etdilər.
O vaxtın pulu ilə 100 manat istədilər. Mən də razı
olmadım. Dedim ki, pulla verdiyiniz
hər hansı bir ad mənə lazım deyil...
- İndi
də fəxri ad almaq istəmirsiniz, yoxsa hansısa gözləntiniz var?
- Əlbəttə, gözləyirəm. Demək olar
ki, Uca Tanrının
mənə verdiyi ömrün çox hissəsini kitabxanada keçirmişəm. Əziyyətim
əvəzsiz olub... Elə günlərim olurdu, yolçuluq edib, kitabxanaya kitablar alırdım ki, insanlar oxuyub bilik əldə etsinlər. Fəxri ad mənim haqqımdır.
Niyə də gözləməyim
ki?!
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 11 may.-
S. 7.