"Həyatımda
belə mənzərə görməmişdim"
Azərbaycanın Yaponiyadakı səfirliyinin
siyasi məsələlər üzrə keçmiş
attaşesi Vurğun Həsənli ilə "Həftə
içi"ndə söhbət
Yaponiyanın
adı çəkiləndə öncə robotlar, yüksək
sürətli bilgisayarlar və komfortlu avtomobillər təsəvvürümüzdə
canlanır. Amma son zamanlar adıçəkilən ölkədə
baş verən təbii fəlakətlər və zəlzələlərdən
sonra yapon xalqının sərgilədiyi mətanət, dəmir
iradə, faciə qarşısındakı soyuqqanlılıq
demək olar ki, hər cür texniki yenilikləri kölgədə
qoydu. Azərbaycanın Yaponiyadakı səfirliyinin gənc əməkdaşı
Vurğun Həsənli həmin faciə günü
keçirdiyi hisslərini və diplomatik korpusumuzun necə
çalışmasını "Həftə
içi"nin əməkdaşları ilə
bölüşdü, yapon xalqının təbiətin sərt
imtahanından necə sınmadan üzüağ
çıxmasının səbəblərini
açıqlamağa çalışdı. Bir sözlə
"Möcüzələr adası"nda bir azərbaycanlının
təəssüratları
- Yaponiya bizə görə bəlkə
də 23-cü əsrdə yaşayan ölkədir. Bu ölkədə
infrastruktur bütün sahələrdə tamamilə
oturuşub. Orada yaşayış standartları
baxımından şəhərlə kənddə fərq
yoxdur. Yaponiyanın ən ucqar dağ kəndindəki
standartlar Tokiodakı standartlarla eynidir.
Dünya
üzrə insanların yaşayış səviyyəsi
Yaponiyada ən yüksəkdir. Amerikadan oxuyub gələn
tanışlar bildirirlər ki, orada küçələrdə
zibil görmək və ya hansısa formada təhlükəylə
üzləşmək mümkündür. Amma Yaponiyada tam təmiz
və təhlükəsiz şərait hökm sürür.
İnsanlar evlərinin qapılarını açıq qoyub
harasa rahat şəkildə gedə bilirlər. Bu ölkəni
dünyada ideal saymaq olar. Bunun səbəblərinin
Yaponiyanın monoton olması, xaricdən o qədər də təsirə
məruz qalmaması ilə bağlayanlar və ya buna xalqın
iradəsi kimi baxanlar da var. Yaponlar tam dürüstdürlər,
yalan danışmaq, kiminsə kimi aldatması, qeybət və
digər xüsusiyyətlər onlara yaddır. Yaponlar söz
verdikləri vaxtdan ən azı 5 dəqiqə əvvəl gəlirlər,
son dərəcədə məsuliyyətlidirlər.
- Səfirlikdə hansı müddət
ərzində işləmisiniz?
-
Ötən ilin iyulun 15-dən aprelin 7-dək
çalışmışam. Səfirliyin işi bir az
çoxdur. Türkiyədə tələbə olarkən
diaspor fəaliyyəti ilə məşğul olmuşam. Bu
işlərlə müqayisədə səfirliyin işi son dərəcə
məsuliyyətlidir və bu mənada ağırdır. Amma
son dərəcə zövqlüdür, yəni öz ölkəmizin
təbliğatını aparmaq xoşdur və
qürurvericidir.
- Yaponiyaya ilk dəfə gedəndə
sizi təəccübləndirən nə oldu?
-
İlk dəfə məni Yaponiyanın nəqliyyatı təəccübləndirdi.
Qatarları maşinist idarə etmir. Mərkəzləşdirilmiş
sistem var və kompyuterlə idarə olunur, burada 1 saniyə
gecikmə ola bilməz. Tokioda 350-dən çox metro
stansiyası var, burada hər dəqiqə qatarlar hərəkət
edir. Tokionun əhalisi 18 milyona yaxındır və əhali əsasən
qatarlarla daşınır. Bu nəqliyyat sistemində də
heç bir səhvə yol verilmir, fikirləşəndə dəhşətə
gəlirsən və insan bu sistemin necə
yaradıldığını sadəcə qavraya bilmir.
İlk nəzərə çarpan odur ki, hər kəs qayda-qanuna
riayət edir. Yol boşdursa və piyadalar üçün
qırmızı işıq yanıbsa, yapon yolu heç vaxt
keçməz. İlk növbədə ictimai qaydanı
pozanlar üçün sərt cəzalar nəzərdə
tutulub, ən əsası isə artıq xalq bu qanunları mənimsəyib
və bu xarakterdə formalaşıb. Amma orada hər şey
bahadır.
- Artıq məndə elə fikir
formalaşdı ki, orada həbsxana yoxdur.
- Həbsxana
azdır, onlardan da ikisi əcnəbilər
üçündür. Fucu və Osaka həbsxanalarında
xaricilər çoxdur.
- Orada həbsdə
olan azərbaycanlılar var?
- Azərbaycan Respublikasının vətəndaşları
yoxdur. Rusiya vətəndaşları olan azərbaycanlılar
və İran azərbaycanlılarının həbsdə
olması barədə məlumatımız var idi. Çünki həbsxana rəhbərliyi bizdən Azərbaycan
dilində kitab istəmişdi. Yəni digər
ölkələrlə müqayisə olunmaz dərəcədə
Yaponiyada cinayət faktlarının sayı
aşağıdır. Bunu küçədə gəzəndə
də hiss edirsən. Sən hansısa yaponun
ayağını tapdasan, o özü səndən üzr istəyir,
bizə görə isə bu addımı sən atmalısan.
Burada viza şərtləri çox çətindir,
kənardan gələnlərin-xüsusən çinlilərin
ölkələrini xarab etmələrindən qorxurlar.
Ona görə də maksimum çalışırlar ki,
miqrantların sayı az olsun. Amma buna baxmayaraq orada 1 milyon çinli var.
- Azərbaycan səfirliyi harada yerləşir?
Zəlzələ zamanı harada idiniz və belə
ekstremal şəraitdə yaponlar özünü necə
aparırdı?
- Səfirlik Tokionun mərkəzində, səfirliklər
üçün ayrılmış ərazidə yerləşir,
üçmərtəbəli binadır. Zəlzələ martın
11-də, cümə günü saat 14:46-da baş verdi. Həmin zaman səfirlikdə
adi rejimdə işləyirdik. Bir gün əvvəl
də Yaponiya üçün kiçik hesab olunan zəlzələ
baş vermişdi. Dəhşətli zəlzələ
baş verən gün isə fikirləşdik ki, bu da qısa
müddət çəkər və hər şey
yaxşı olar. Amma gördük ki, zəlzələ ara vermir və getdikcə şiddətlənir.
Bayıra çıxdıq və orada gözlədik.
1999-cu ildə Türkiyədə 42 saniyə zəlzələ
oldu və 50 min nəfərə yaxın insan həyatını
itirdi. Amma bu həyatımda görmədiyim
mənzərə idi, zəlzələ çox güclü
idi. Amma bununla belə, Yaponiyada
dağıntı çox cüzi
oldu.
Dağıntı zamanı təxminən 20-dək adam öldü. Ümumiyyətlə
Yaponiyada binalar daşdan tikilmir, beton və taxta-dəmir
konstruksiyadan istifadə olunur. Göydələnlərdə
isə betondan istifadə olunmur, poladdan tikilir və resor
üstündə olur. Ən çox itki əsasən
Sunami nəticəsində baş verdi. Son 100 ildə ən hündür dalğa 8-9 metr
olub, ona görə də sahildə 10 metr
hündürlüyündə beton maneə tikiblər. Amma budəfəki dalğalar 20 metrə
çatırdı.
Hər tərəfdə uğultu var idi. Mənə elə
gəlirdi ki, indicə yer yarılacaq. Türkiyə
və Azərbaycanda da zəlzələlər
görmüşəm. Amma bu tamam başqa
mənzərəydi. Yaponiyada bundan əvvəl də 2-3 dəfə
zəlzələ gecə məni yuxudan oyatmışdı.
Amma bu zəlzələlər həm zəif
idi, həm də qısa vaxt ərzində dayanırdı.
Həmin gün Tokioda 9 dərəcədə
isti var idi. Həftə sonu da isti hava
proqnozu vermişdilər. Amma zəlzələdən
sonra okeandan soyuq hava kütlələri daxil oldu. 9 baldan
sonra 3 dəfə 2 dəqiqə ara verməklə
7-8 bal gücündə təkanlar baş verdi. Bundan
sonra isə güclü külək əsdi və soyuq hava
kütlələrinin ardınca Tokionun şimal bölgəsinə
qar yağdı. Episentrə yaxın olan ərazidə
yaşayan insanlar təkrar zəlzələ və sunami təhlükəsinə
görə daha təhlükəsiz yerlərdə
quraşdırılmış çadırlara
köçürüldülər. Episentrə
yaxın Senday şəhəri tamamilə su altında
qaldı. Bu şəhərin ətrafında
yaşayan insanların isə hamısı
köçürüldü.
- Orada azərbaycanlılar
yaşayırdı?
- Azərbaycan
vətəndaşlarından Sendayda 1 nəfər var idi.
İlk öncə onun həmin ərazidən
çıxarılmasına nail olduq. Səfirlik
onun evakuasiya olunması üçün əlindən gələni
etdi. Səfir başda olmaqla bütün
heyətlə çalışırdıq. Tokioda yaşayan 65-ə yaxın vətəndaşımızdan
çoxu tələbə idi. Amma orada
qalıb yaşayanlar və yapon vətəndaşları ilə
evlənən vətəndaşlarımız da var. Ona görə
də çətin günlərdə gecə saat 12-dək
işləyirdik. İlk öncə Azərbaycan
vətəndaşlarına, daha sonra Rusiya əsilli azərbaycanlılara
və İran vətəndaşlarına köməklik
göstərildi. Azərbaycan səfirliyinə köməklik
üçün kim müraciət edirdisə,
ona yardım göstərilməsinə
çalışılırdı. Hamı təhlükəli
bölgələrdən Osaka şəhərinə evakuasiya
olundu. Osakadan da Azərbaycana qayıtmaq istəyənlər
səfirliyin hesabına vətənə göndərildi.
Səfirlik əməkdaşları fövqəladə
vəziyyət bitəndən sonra da öz fəaliyyətlərini
davam etdirirdilər. Martın axırına qədər
daha gərgin iş gedirdi, təhlükə
azalandan sonra isə əvvəlki iş rejiminə
qayıdıldı. İlk günlər
Yaponiyanın rəsmi telekanalı vətəndaşları məlumatlandırırdı.
Baş nazir tərəfindən əhali
soyuqqanlı olmağa dəvət olundu və yaponların
özünü aparmasına bütün dünya heyran
qaldı. Baş nazirin tövsiyələrinə
hər kəs nöqtəsinə qədər riayət etdi.
Halbuki baş nazir hakimiyyətə gələrkən
reytinqi 63 faiz idi. Amma zəlzələ ərəfəsində
onun reytinqi 23 faizə düşmüşdü və istefa məsələsi
gündəmdəydi. Onun reytinqinin ən
aşağı olduğu halda belə bütün tövsiyələrinə
əməl olundu. Ölkədə
heç bir oğurluq və digər cinayət əməllərinin
şahidi olmadıq. Bəzi şəhər
və qəsəbələr tamamilə
boşaldılmışdı. Sunaminin
vurduğu zərərin 350 milyard dolları keçdiyi
bildirilir. Amma mənim fikrimcə bu zərər
daha böyük olacaq. Çünki bəzi
qəsəbələr tamamilə yoxa çıxıb.
Yapon atom-elektrik
stansiyaları (AES) dünyada ən təhlükəsiz
sayılırdı. Çünki onlar
üçün elə bir sistem qurulmuşdu ki, bu Amerikadan
daha üstün idi. Silkələnmə
zamanı müəyyən şiddətdən sonra sistem
avtomatik olaraq bağlanır. Zəlzələ
o qədər güclü oldu ki, həmin sistem sıradan
çıxdı. Bunun üçün nəzərdə
tutulan ikinci sistem də işləmədi. Bunun qarşısını almaq üçün isə
üçüncü sistem - okean suyu dövrəyə girməliydi.
Okeandan demək olar ki, qırılması
mümkün olmayan borularla gələn su ilə qazanların
soyudulması nəzərdə tutulub. Amma
sunami boruları qırdığından həmin sistem də
işə yaramadı. Yapon xalqının
bəxtsizliyindən bu üç sistemin 3-ü də
sıradan çıxmışdı. Daha
sonra radiasiya sızmağa başladı. Bu
isə xalqın həyəcanına səbəb oldu.
Baş nazir xalqı soyuqqanlılığa dəvət etdi və
yapon xalqının bu problemin öhdəsindən gələcəyinə
söz verdi. Yaponiyada təbii
fəlakətlər üzrə dövlət naziri var. O, hər
saat brifinq keçirir və xalqı məlumatlandırırdı.
Həmin AES Tokioya 180 kilometr məsafədə
yerləşir və elə də uzaq sayılmır. Hadisədən 2-3 gün sonra Tokioda da müəyyən
qədər radiasiya var idi. Digər tərəfdən
həmin bölgə Yaponiyanın kənd təsərrüfatı
üçün mühüm hesab olunur. Yaponlar
əsasən tərəvəz və balıq məhsullarından
istifadə edirlər. Həmin bölgələrdən
gələn balıq, düyü və tərəvəz məhsullarının
istifadəsi qadağan olundu. Bundan sonra
müəyyən qədər qida, şirin
çatışmazlığı yaranmışdı,
mağazalarda demək olar ki, istifadə olunan bütün qida
məhsulları qurtarmışdı.
(Ardı var)
Əli Zülfüqaroğlu
Həftə içi.-
2011.- 12 may.- S. 1, 4.