Turizmdən 1 milyard gəlir gözləntisi
Turistlərə göstərilən
xidmət nə dərəcədə bunu deməyə əsas
verir?
Turizm
dünyada perspektivinə görə qeyri-neft sektorunda
aparıcı mövqedə dayanan və dünya miqyasında
sürətlə inkişaf edən biznes sahəsidir. Dünya
ölkələri üzrə ümumi milli məhsulun 10 faizi,
ixracın isə 8 faizi beynəlxalq turizmin payına
düşür. Dünyada əməkqabiliyyətli əhalinin
8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində
məşğuldur.
Bizim
region isə turizm bazarında dinamik inkişafa meyilli olsa da, hələlik
oturuşmuş bazar sayılmır. Baxmayaraq ki, potensial
mövcuddur. Belə ki, Azərbaycanda 7000-dək mühafizə
olunan yerli, ölkə və dünya əhəmiyyətli
tarixi abidə, mədəniyyət və cəlbedici təbiət
var. 11 iqlim qurşağından 8-i Azərbaycandadır. Deməli,
ölkədə turizmi inkişaf etdirmək olar. Bura ölkənin
Şərqlə Qərbin qovşağında olmasını,
3 böyük dinin bu coğrafiyada yaşamasını,
yüksək tolerantlığı və qonaqpərvərlik mədəniyyətini
də əlavə etsək...
Amma
deyəsən, ölkəmiz əcnəbilərin diqqətini
son bir neçə ildə çəkməyə
başlayıb. Statistikaya inansaq, 2002-ci ildən bəri Azərbaycana
gələn turistlərin sayı 3 dəfə artıb. Bu irəliləyişlərin
davamlı olması üçünsə 2011-ci il Azərbaycanda
"Turizm ili" elan edilib.
Mədəniyyət
və Turizm Nazirliyindən (MTN) aldığımız məlumata
görə, turizmin inkişafı ilə bağlı bir
çox tədbir və layihələri əhatə edən sənəd
dövlət başçısına təqdim olunub. Azərbaycanda
irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşdirilməsi
ilə yanaşı, tarixi abidələrin qorunması
haqqında proqramın tərkibinə daxil edilib. Plan
bütövlükdə turizmin inkişafına yönəlib.
Nazirlikdən hesab edirlər ki, bu tədbirlər tam 2011-ci ildə
Azərbaycana gələn turistlərin sayının 2 milyona
çatacağına imkan verəcək. Ötən il isə
Azərbaycana 1 milyon 280 min turist gəlib ki, bu da əvvəlki
illə müqayisədə 275 min nəfər və yaxud təxminən
27 faiz çoxdur. Bununla belə, hələ də turizm sektoru
ölkə iqtisadiyyatında aparıcı sahələrdən
birinə çevrilə bilməyib. Məsələn, ötən
ilin nəticələrinə görə, Azərbaycanda
istehsal olunan Ümumi Daxili Məhsulun cəmi 0,7 faizi turizmin
payına düşür. Turizmin qeyri-neft sektorunda xüsusi
çəkisi isə 1,6 faiz təşkil edir.
Bir
neçə gün öncə MTN-nin aparat rəhbəri
Firudin Qurbanov maraqlı açıqlama ilə
çıxış edib. Onun sözlərinə görə,
bu il Azərbaycanın turizm sahəsində ötənilki
artım tendensiyası davam edəcək və turistlərin
axınından təxminən 900 milyon - 1 milyard ABŞ
dolları həcmində gəlir əldə olunacağı
gözlənilir: "Ümumdünya Turizm Təşkilatının
hesablamalarına görə, Azərbaycana gələn hər
turist orta hesabla 600-700 dollar xərcləyir və bunu 1,5 milyona
vurduqda turist axınından nə qədər gəlir əldə
olunacağını hesablamaq olar".
Turistləri uzaqlaşdıran səbəblər
Hazırda
turizm sahəsinin daha da inkişaf etdirilməsi
üçün iki mühüm dövlət proqramı icra
olunur. "Azərbaycan Respublikasında kurortların
2009-2018-ci illərdə inkişafı üzrə Dövlət
Proqramı" və "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı". Turizm sektoru üzrə mütəxəssislər
hesab edirlər ki, hər iki dövlət proqramı üzrə
nəzərdə tutulmuş işlər həyata
keçirildikcə, turizm inkişaf etməklə bərabər
regionların da siması dəyişir. Buna misal olaraq Naftalan və
Qusar rayonlarındakı "Çinar" və
"Qaşaltı" sanatoriyalarının tikilməsini
göstərmək olar. Bu obyektlərin açılması ilə
sözügedən rayonlarda yeni inkişaf dövrünun
başladığını demək mümkündür. Turizmlə
bağlı növbəti bir cəlbedici məkan isə
Qusarda yaradılır. Həmişə başı qarlı
olan Şahdağda qış-yay turizm kompleksi qurulur.
"Turizm ili"ndə daha bir yenilik paytaxt Bakıda olacaq ki,
bu da beşulduzlu mehmanxananın açılmasından ibarətdir.
Bütün bunlar ölkəyə turist axınına səbəb
olacağına imkan verən amillər sayılsa da, mövcud
qiymət və tariflərin turistlər üçün
optimal həddə olmamasının müəyyən problemlər
yaratdığı tez-tez vurğulanır. Problemlər Azərbaycanda
istirahətin xarici ölkələrlə müqayisədə
baha başa gəlməsi, xidmətin səviyyəsinin
yüksək olmaması və ən əsası turist cəlb
etmək üçün lazımi işlərin görülməməsi
ilə xarakterizə edilir. Kiçik bir araşdırma apardıq.
Məsələn, Azərbaycanda otellərdə lüks şəraitli
"VİP" nömrələrdə sutkalıq qiymət
1000 manatdan 2000 manata qədər dəyişir. Halbuki Amerikada
1 həftəlik səyahət bizim vətəndaşa
gediş-gəliş xərcləri də daxil olmaqla 5-6 min
dollara başa gəlir. Birləşmiş Ərəb Əmirliklərində
istirahətin qiyməti 1500 dollardır. Şimali Kiprdə isə
belə istirahət təxminən 1000 dollara başa gəlir.
Türkiyədə Antalya kimi tanınmış turizm bölgəsində
istirahət xərci 600-700 dollardır.
"Turizm iqtisadiyyatın
aparıcı sahələrindən birinə çevrilə
bilər"
İqtisadçı
mütəxəssis Oqtay Haqverdiyevin sözlərinə görə,
hətta sovet dövründə belə Azərbaycanda turizm
olmayıb və müstəqillikdən sonra bu işlə məşğul
olunmağa başlanılıb: "Azı 5-6 il vaxt
lazımdır ki, bu sahədə hansısa infrastruktur yaradılsın.
Düzdür, ölkədə xeyli sayda özəl turizm
obyektləri də var, amma elə baha qiymətlər qoyublar
ki, gələn az olur, bu da turizmdən əldə edilən gəlirləri
azaldır. Turizm elə bir sahədir ki, onu cəlbedici etmək
üçün həm yüksək səviyyəli
infrastruktur olmalı, həm də xidmət göstərən
adamların xüsusi turizm mədəniyyəti
olmalıdır".
O.Haqverdiyev
turizmin inkişafında otellərin də böyük rol oynadığını
deyir: "Azərbaycanda fəaliyyət göstərən
otellər arasında dünya səviyyəsində
tanınanları çox azdır. Üstəlik onların
neçə ulduzlu olmaları ilə də bağlı
problemlər var. Amma bu sahədə də vəziyyət
yavaş - yavaş düzəlir".
İqtisadçının qənaətinə görə, Azərbaycanda
turistlərə xidmət səviyyəsi də bərbad vəziyyətdədir:
"Bu da mədəniyyət məsələsidir. Bizdə
xaricdən hansısa meneceri dəvət edirlər, 1-2 həftə,
uzağı 1 ay ondan az-maz nə isə öyrənirlər,
bununla da hər şey qurtarır gedir, başlayırlar
işləməyə. Bir də görürsən hansısa
peşəkar adamı işə götürürlər, o 1
ay normal işləyir, sonra görür ona qiymət verən
yoxdur, başlayır başqaları kimi vaxt keçirməyə.
Bu sahəyə nəzarət olmalıdır. Unutmayaq ki, bu
sektor ölkə iqtisadiyyatında aparıcı sahələrdən
birinə çevrilə bilər".
Naibə
Həftə içi.- 2011.- 12 may.-
S. 6.