"Həyatımda belə mənzərə görməmişdim"

 

Azərbaycanın Yaponiyadakı səfirliyinin siyasi məsələlər üzrə keçmiş attaşesi Vurğun Həsənli ilə "Həftə içi"ndə söhbət

 

(Əvvəli ötən sayımızda)

 

Yaponiyanın adı çəkiləndə öncə robotlar, yüksək sürətli bilgisayarlar və komfortlu avtomobillər təsəvvürümüzdə canlanır. Amma son zamanlar bu ölkədə baş verən təbii fəlakətlər və zəlzələlərdən sonra yapon xalqının sərgilədiyi mətanət, dəmir iradə, faciə qarşısındakı soyuqqanlılıq demək olar ki, hər cür texniki yenilikləri sanki kölgədə qoymuş oldu. Azərbaycanın Yaponiyadakı səfirliyinin gənc əməkdaşı Vurğun Həsənli həmin faciə günü keçirdiyi hisslərini və diplomatik korpusumuzun necə çalışmasını "Həftə içi"nin əməkdaşları ilə bölüşdü, yapon xalqının təbiətin sərt imtahanından necə sınmadan üzüağ çıxmasının səbəblərini açıqlamağa çalışdı. Bir sözlə, "Möcüzələr adası"nda bir azərbaycanlının təəssüratları o qədər maraqlı idi ki, ixtisar etmədən oxucularımıza təqdim etmək qərarına gəldik.

- Belə olduqda səfirlik əməkdaşları qidanı necə əldə edirdilər?

- Biz əvvəlcədən tədarük görmüşdük. Zəlzələ baş verəndən 1-2 gün sonra bizə 10 günlük ərzaq ehtiyatımızı görməyi məsləhət bilmişdilər.

- Tokioda radiasiya nə qədər idi?

- Yaponiyada Metrologiya Agentliyi var. Həmin agentlik hər saat statistik rəqəmlər açıqlayırdı. Bir həftə ərzində Yaponiyada 5 baldan yuxarı 3 yüzdən çox zəlzələ oldu. Bu artıq əhalini bezdirmişdi. Bunların içərisində 7,3, 7,5 ballıq zəlzələlər var idi. 3-4 dəqiqədən bir yer silkələnirdi, demək olar ki, ara vermirdi. Yaponiya Atom Təhlükəsizlik Agentliyi də hər saat radiasiyanı ölçür və onun səviyyəsi ilə bağlı məlumat yayırdı. Normal halda 30-40 dərəcə radiasiya olmalıdır. Tokioda radiasiyanın səviyyəsi 230-a qədər qalxdı. Amma öldürücü 1000-dən yuxarı sayılır. Fukusima AES-in 20 kilometrliyində 10 min dərəcə radiasiyanın olduğu bildirilirdi. Tokioda uşaqlara zərərli ola biləcəyini ehtimal edirdilər. Amma bu baş vermədi. Xarici agentliklər bildirirdilər ki, Yaponiya hökuməti bəzi məlumatları xalqdan gizləyir. Amma biz inanmırdıq ki, yapon hökuməti bu addımı atsın.

- Sizi yoxladılar?

- Şəxsən mən özümü yoxlatdırmadım. Amma səfirlik əməkdaşlarından özlərini yoxlatdıranlar oldu və radiasiyaya məruzqalma qeydə alınmadı. Sadəcə, AES-də işləyənlərdən 12 nəfəri zəhərləndi ki, onlar da müalicə olunurdular.

- Fəlakət bölgəsindən qaçqın düşənlər də oldu? Ümumiyyətlə, Yaponiyada bu anlayış var idimi?

- Fəlakət bölgəsindən evakuasiya olunan insanlar məktəblərə, xəstəxanalara yerləşdirildi. Amma Tokioya axın yox idi, daha çox cənuba - Osaka, Kiotoya gedirdilər. Bu da kütləvi deyildi. Heç kim hay-küy salmırdı.

- Həmin ekstremal vəziyyətdə yaponlar özlərini necə aparırdılar?

- Zəlzələdən əvvəlki Tokio ilə müqayisədə bir az fərqlilik hiss olunurdu. Amma əhali son dərəcə soyuqqanlı idi. Orada telekanallarda şou proqramları həddindən artıq çoxdur. Ancaq zəlzələ müddətində televiziyalar da fövqəladə vəziyyət və fəlakət bölgəsindən reportajlar yayımlamağa başladı. Orada yaxınlarını axtaranlar televiziyalara elan verirdilər. Teleaparıcılar ilk günlərdə dəbilqə ilə efirə çıxırdılar. Yəni dediyim kimi zəlzələ ara vermədiyi üçün bu təhlükəsizlik xarakteri daşıyırdı. Xalqa da dəbilqə geyinmək tövsiyə olunmuşdu. O cür zəlzələ dünyanın hansı ölkəsində olsaydı ölkədə xaos yaranardı. Yer durmadan silkələnir, bir az keçir, bu dəfə tərsinə təkanlar olurdu. Təsəvvür edin, bu proses bütün sutka ərzində davam edir və özünəməxsus səslə müşahidə edilirdi. Bizə elə gəlirdi ki, dünyanın axırıdır. İlk günlərdə yatmamaq tövsiyə olunurdu. Yaponiyada televiziyalar zəlzələni bir dəqiqə əvvəl xəbər verir. Ekranın aşağı tərəfində yarısı qırmızı rəngə boyanır və böyük hərflərlə yazılır: "Təcili xəbərdarlıq. Zəlzələ gəlir". Zəlzələnin gücü də deyilir, güclü, orta-güclü və ya şiddətli. İşdə olduğumuz üçün televiziyaya baxmamışdıq və buna görə də xəbərdarlıqdan məlumatımız yox idi. Küçələrdə həyəcan siqnalı səslənməyə başladı. Səfirlik xəstəxananın yanında olduğu üçün elə bilirdik ki, bu təcili yardım maşınlarının səsidir.

Yaponiyada dünyanın ən sürətli qatar sistemi - saatda 380 kilometr sürətlə hərəkət edən qatarlar var. Bu qatarların 300 kilometr saat sürətdən 0-a düşməsi üçün 1 dəqiqə vaxt lazımdır. Körpü silkələnərsə, həmin qatarlar qəzaya uğraya bilər. Zəlzələnin bir dəqiqə əvvəl xəbər verilməsi də buna hesablanıb. Zəlzələdən bir dəqiqə əvvəl qatara məlumat ötürülür və qatar maşinistin müdaxiləsi olmadan avtomatik dayanır.

Zəlzələdə küçəyə çıxdıq. Yapon xalqında azacıq narahatlıq hiss olunurdu, amma bununla belə qarmaqarışıqlıq yox idi. Bəzi dayanacaqlar körpünün altında yerləşir, ona görə də körpünün uçmaq ehtimalı vardı. Amma bununla belə kimsə dayanacağı qoyub harasa qaçmırdı. Dayanacaqda avtobus gözləyir, adi günlərdəki kimi hərəkət edir və öz işlərinə gedirdilər. Amma başqa millətlər ailəsinin, uşağının başına nəsə gələ biləcəyini ehtimal edər, qorxar və bunun üçün işini atıb evinə qaça bilər, taksiyə üstünlük verərdilər. Yaponlarda isə tam normal qaydada hamı öz işində idi. Elə bil ki, heç nə baş verməyib. İlk olaraq uşaqların təhlükəsizliyi təmin olundu, məktəblərdə şagirdlər müəllimlərin nəzarəti altında evlərinə çatdırıldı. Başa düşdük ki, budəfəki zəlzələlər ciddidir. Sonra helikopterlər şəhərin üzərində uçmağa və fəlakət bölgəsindən görüntü çəkməyə başladılar. Hamıya, o cümlədən bizə də xəbərdarlıq olundu. Tokionun sahillərini də sunami vurdu, amma bizim olduğumuz əraziyə gəlib çıxmadı, sahildən 7-8 kilometr aralıdaydıq.

- Burada məlumat yayılmışdı ki, Yaponiyada fəlakət bölgəsində günü 5 min dollara işləmək üçün fəhləyə ehtiyac var. Azərbaycanda Yaponiya səfirliyinə müraciət edənlər də oldu. Orada bu barədə sizdə məlumat var idi?

- Bu məlumat rəsmi şəkildə yayılmışdı, radiasiya olan ərazidə işə kömək məqsədi daşıyırdı. Amma hər adamı ora götürmürdülər, ora fövqəladə hallar sahəsində bacarıqlı insanlar dəvət olunurdu. Bu da qısa müddət xarakteri daşıdı, sonradan həmin elan ləğv edildi.

- Yaponların özləri həmin ərazidə işləmirdi?

- İstək başqa şeydir. Amma dövləti yapona desə ki, get xalqın üçün öl, yapon onu sözsüz yerinə yetirəcək. Bu işi görən də bilir ki, yapon xalqı üçün qəhrəmanlıq edəcək. Yaponlarda da bu duyğu güclüdür. Amma həmin stansiyanı işlədən "TEPKO" şirkəti könüllü kömək üçün elan vermişdi.

- Azərbaycanlılardan heç kim zərər çəkmədi?

- İlk günlərdən radiasiya elə də yüksək deyildi. Getdikcə şiddətlənməyə başladı. Azərbaycanlıların hamısı öz istəyi ilə çıxdı. Amma qalanlar da oldu. 4-5 nəfər Tokioda qaldı. Bəzi xarici ölkələrin səfirlikləri fəaliyyətlərini qismən dayandırdılar. Amma belə diplomatik korpusların sayı 10-u keçməzdi. Böyük ölkələrin və digər dövlətlərin səfirlikləri fəaliyyətlərini davam etdirdilər.

- Səfirliyin oradakı azərbaycanlılarla iş rejimi necəydi, oradakı soydaşlarımızın diaspora fəaliyyəti var idimi?

- Yaponiyada rəsmi qeydiyyatdan keçmiş Azərbaycan diaspor təşkilatı yoxdur. Amma tələbələrdən təbliğatla məşğul olanlar var. Azərbaycan səfirliyi isə rəsmi günləri qeyd edirdi. Xocalı faciəsi, Dağlıq Qarabağla bağlı və digər mühüm məsələlərlə əlaqədar səfirlik əlindən gələn işi görürdü.

- Yapon KİV-lərində Azərbaycanla bağlı məlumatlar gedirmi?

- Xocalı faciəsi, Novruz Bayramı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 28 May - Respublika günü kimi tədbirlər ictimaiyyətin iştirakı ilə geniş şəkildə qeyd olunur. Nazirlər, millət vəkilləri, tanınmış insanlar dəvət olunur. Media nümayəndələri də tədbirlərimizə qatılır və geniş şəkildə işıqlandırırlar. Yaponiyanın çox tirajlı qəzetlərində Azərbaycanla bağlı məlumat xarakterli məqalələr dərc olunur. Amma rəsmi qeydiyyatdan keçmiş diaspor təşkilatımız hələ ki, fəaliyyət göstərmir.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 13 may.- S. 4.