İlk
azərbaycanlı alim kimi...
Doktorluq müdafiəsinə
buraxılmayan alim Şıxəli Şıxəliyev 350-dən
çox maddə sintez edib
Azərbaycan ta qədimdən
istedadlı ziyalıları, alimləri ilə nəinki
regionda, hətta dünyada seçilib. O insanlar ki,
dünyanın möcüzələrini, açılmayan sirlərini
öyrənməyə çalışıblar,
tapıntıları və yenilikləri ilə həmişə
cəmiyyətə dəyər veriblər. Amma bəzən
alimlər elmi kəşfləri və yenilikləri ilə
yanaşı mübarizliyi ilə daha çox
tanınıblar. Xüsusən
də sovet dövrünün
alimləri...
Çox istedadlı alim
Şıxəli Şıxəliyev haqqında hələ gənc
yaşlarımda, SSRİ dövründə eşitmişdim.
Kimya sahəsindəki uğurlarından məlumatlı olsam
da, üzünü görməmişdim. 1996-cı ildən
şəxsən tanıdım onu. Yeni Günəşli qəsəbəsində
yaşadığı məhəllədə tanışlarla
söhbət zamanı "professor böyük sözdür,
gərək bu titulu qazanmaq üçün nə qədər
oxuyub əziyyət çəkəsən, xalqın
faydalanması üçün bir iş görəsən"
ifadələrini tez-tez eşidirdim. Şıxəli
Şıxəliyev 1947- ci ildə Qusar rayonunda doğulub.
İndiki Bakı Dövlət Universitetinin kimya fakültəsini
bitirib. İkiillik hərbi xidmətdən sonra Azərbaycan
Milli Elmlər Akademiyasının Aşkarlar Kimya
İnstitutunda mühəndis işləyir. 1974-cü
ildə iş yerini tərk
etməmək şərti ilə aspiranturanın əyani
şöbəsinə daxil olur. Müsahibimiz deyir ki, aspiranturaya
daxil olan il Moskvadan SSRİ Elmlər
Akademiyasının bir qrup
alimi Bakıya gəlir. Onlardan
biri, tanınmış professor
Remir Qriqoriyeviç Kostyanovski Şıxəli Şıxəliyevlə
maraqlanır: "Mənimlə müsahibə elədi,
savadımı bəyənərək elmi
rəhbərliyi öz üzərinə götürdü və məni də özü ilə Moskvaya
apardı". Elmi işini
Moskvada SSRİ Elmlər Akademiyasında akademik Semyonov adına Kimyəvi
Fizika İnstitutunda davam etdirən Şıxəli Şıxəliyev
1977-ci ildə aspiranturanı bitirib
"Aminometilfosfinlər və onların Alkinləşdirici
reagintlərlə reaksiyaların məhsullarının tədqiqi"
mövzusunda dissertasiya
yazıb. Elmi işi yüksək səviyyədə
bəyənildiyindən onu SSRİ-nin ən mötəbər elm mərkəzi sayılan Lomonosov
adına Moskva Dövlət Universitetinə
göndəriblər. 1978- ci ildə isə
dissertasiyanı müvəffəqiyyətlə müdafiə
edərək alimlik dərəcəsi alıb.
"Doktorluq işim SSRİ-nin 3
nazirliyində tətbiq olundu"
1990- cı ildə isə Şıxəli Şıxəliyev
"Üzvü maddələrin sintezi, onların sürtgü
yağları və sürtgü soyuducu mayelərlə aşkarı kimi tətbiqi" mövzusunda
doktorluq dissertasiya işini yazıb. Dediyinə görə, doktorluq işi SSRİ-nin üç nazirliyinin müəssisələrində tətbiq
edilib: "Həmçinin,
aşkarların təsir mexanizmini öyrəndim.
Bu bir elmi
əsər kimi Rusiya
və Azərbaycan mətbuatında çap
olundu. 4 elmi əsərimlə
Moskva Dövlət Universitetində
müdafiə etdim.
Doktorluq dissertasiyasından indiyədək əlavə olaraq 54 elmi əsər
yazdığını və 350-dən çox
maddə sintez etdiyini
deyən Şıxəli Şıxəliyev söyləyir ki, aldığı Aminometil
birləşmələri, mikrob əleyhinə
aşkarlar, optiki aktiv dərmanları, bioloji
aktiv maddələrin təbabətdə tətbiq
olunması tövsiyə olunub.
Bununla belə, tanınmış alimin elm sahəsindəki
yolları heç də hamar
olmayıb. Belə ki, 1985-ci ildə
Şıxəli Şıxəliyevin doktorluq
əsas müdafiə işi rəy üçün dəfələrlə Moskvaya, elm adamların
üstünə göndərilirdi. Həmin şəxslər
isə Ümumittifaq Ali
Attestasiyanın üzvü olduğundan rəy vermək səlahiyyətində
deyildilər. Buna baxmayaraq,
1988-ci ildə Aşkarlar Kimyası İnstitutunun elmi işlər
üzrə direktor müavini
Abbas Quliyev tərəfindən
ona rəy verilir. Sonra Heft-Kimya Prosesləri İnstitutunun
professoru Əli Mərdanov və həmin institutun Problemlər Laboratoriyasının müdiri, kimya elmləri doktoru Sabir Məmmədov
tərəfindən rəylərin verilməsinə baxmayaraq, Şıxəli Şıxəliyev
yenə də əsas elmi müdafiəyə
nail olmayıb. Amma
nədənsə, bu məsələnin
üzərində dayanmaq belə istəmir:
"Səbəbini soruşmayın, gəlin bu
barədə danışmayaq".
Alimlərin müsabiqəsində
I yer
Amma Şıxəli müəllim heç də ruhdan düşmür, bir-birinin
ardınca yazdığı maraqlı elmi
əsərləri, məqalələri ilə elmi
jurnallarda çap olunur. Hələ 1984-cü ildən
Moskvada "Elmi nailiyyətlər"
jurnalında dərc olunan elmi
əsərləri dünyanın hər yerinə
yayılıb. Şıxəli Şıxəliyevin
reaksiyaları, o cümlədən, elmi əsərləri bu gün də aspirantlar tərəfindən
öyrənilir, onun kəşflərini öz elmi işlərində
tətbiq edirlər. Həmçinin, alimin
nailiyyətləri əczaçılıq, neft
və kimya, eləcə də digər sahələrdə
də istifadə olunur.
Buna baxmayaraq,
Şıxəli Şıxəliyev bu qədər
xidmətləri qarşısında "elmlər doktoru" adı alması üçün
ilkin müdafiəyə buraxılsa da, əsas müdafiəyə
buraxılmayıb. Halbuki o,
dəfələrlə gənc alimlərin müsabiqələrində
elmi əsərləri ilə
çıxış edərək fəxrifərmanlara, pul mükafatlarına layiq
görülüb. Hətta 1977-ci ildə
"Nobel" mükafatı laureatı, akademik Nikolay Nikolayeviç Semyonovun 80 illik yubileyi münasibətilə
alimlərin müsabiqəsində elmi
nailiyyətlərinə görə Şıxəli
Şıxəliyevə 1-ci mükafat təqdim
edilib.
Xatırladaq ki, Şıxəli
Şıxəliyev MEA Aşkarlar Kimya İnstitutunda
aparıcı elmi işçi
kimi fəliyyətini davam
etdirir. Bunun
müqabilində aldığı məvacib isə cəmi 260
manatdır. Ancaq heç
bir giley-güzarı yoxdur.
"Bu günə də şükür"
deyir.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2011.- 1 noyabr.- S. 7.