Şəxsiyyət vəsiqəsi internet vasitəsilə...

 

  Azərbaycan vətəndaşları yaxın gələcəkdə internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər. Bunu bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov rəsmi qəzetlərdən birində dərc olunan məqaləsində bildirib. Nazir qeyd edib ki, prezidentin müvafiq fərmanına uyğun olaraq, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə əhəmiyyətli işlər görülür. Bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək.

   Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda bu istiqamətdə müvafiq işlər aparılır və bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək. 

   Qeyd edək ki, Azərbaycanda şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi zamanı bəzi nöqsanların müşahidə olunması vətəndaşların narazılığı ilə nəticələnirdi. Belə ki, uzun növbələr və müxtəlif insanlarla əlaqələrin qurulması zamanı meydana çıxan əngəllər ciddi çətinliklər yaradırdı ki, bu da müəyyən hallarda vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarırdı.

   Bəs görəsən, şəxsiyyəti təsdiq edən sənədlərin internet üzərindən verilməsinin vətəndaşlar üçün hansı üstünlükləri olacaq?

  

   Qanunvericilik dəyişməlidir

    

   Məsələyə münasibət açıqlayan hüquqşünas Əlövsət Əliyev şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesinin internet vasitəsilə həyata keçirilməsinin o qədər də asan olmayacağını düşünür. Onun sözlərinə görə, bunun üçün ilk növbədə müvafiq qanunvericilik bazasında dəyişikliklər edilməlidir: "Çünki Azərbaycan Respublikası "Şəxsiyyət vəsiqəsi haqqında" qanuna əsasən, vətəndaş aidiyyəti quruma şəxsiyyət vəsiqəsi üçün şəxsən müraciət etməlidir. Eyni zamanda, vətəndaş şəxsiyyət vəsiqəsinin alınması barədə şəxsi imzasını qoymalıdır. Yəni, bu məsələlər qanunda müəyyən olunmuş məcburi normalardır. Bir sözlə, qanunvericiliyə dəyişiklik etmədən bu məsələni reallaşdırmaq çox çətindir".

   Əlövsət Əliyev bildirir ki, Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulduğundan bu yöndə ciddi işləmək lazımdır: "Hazırda pasportların verilməsi sistemi mürəkkəbləşdirilir. Gələcəkdə pasportlarda barmaq izləri də öz əksini tapacaq. Ola bilər ki, sənədlərin verilməsi zamanı bəzi prosedurlar elektron qaydada həyata keçirilsin. Amma ümumilikdə vətəndaşın bir dəfə də pasport qeydiyyatı şöbəsində olması vacibdir".  

   Həmsöhbətimiz bildirir ki, biometrik texnologiyalar insanların avtomatik sistemlər tərəfindən avtomatik tanınması üsullarından biridir: "Yəni, insanların davranışı və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyəti müəyyən edilir. Bu üsullara müxtəlif biometrik xarakteristikalar barmaq izləri, səs, sifətin cizgisi, gözün qüzehli qişası, DNT və sair daxildir".

   Biometrik eyniləşdirmə sisteminin yaradılmasının məqsədlərinə gəlincə isə bu sistemin təhlükəsizlik baxımından insan üçün yararlı olduğu bildirilir. Bura həm də insanların, cəmiyyətin və dövlətin maraqları arasında balansın saxlanmasının təmin edilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi və digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsi daxildir. Bir sözlə, biometrik texnologiyalar sayəsində insanların parolu unutması, şəxsiyyət vəsiqəsinin lazım olan vaxtda üstündə olmaması, gərəkli bir zamanda pulsuz olması kimi problemləri həll edilir. Biometrik texnologiyaların geniş tətbiqinin arxasında bilavasitə şəxsiyyəti təsdiq edən pasport, viza, əsas etibarilə elektron hökumətin elektron xidmətlərindən avtomatik istifadə etmək durur. Burada müxtəlif arayışların alınmasından tutmuş müxtəlif sənədlərin-sürücülük vəsiqəsi, pasport və digər sənədlərin əldə edilməsi nəzərdə tutulur. Ekspertlər güman edirlər ki, Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasportun internet üzərindən verilməsi ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsi tətbiq olunduqdan sonra reallaşacaq.

 

  Xidmətlər onlayn rejimdə

 

   Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hüquqşünas Əlövsət Əliyevdən fərqli olaraq şəxsiyyəti təsdiq edən sənədin internet üzərindən verilməsinin heç bir problem yaratmayacağını bildirir. Onun sözlərinə görə, Azərbaycanda elektron hökumətə keçid ayrı-ayrı qurumlarda e-xidmətlərin yaradılmasını zəruri edib: "Məlumdur ki, şəxsiyyət vəsiqəsi və pasportun verilməsi sosial əhəmiyyət kəsb edən xidmətlərdən biridir. Yəni, insanlar həmişə bununla bağlı müəyyən əziyyət çəkiblər və çoxlu sənəd toplamaq məcburiyyətində qalıblar. Həmçinin, uzun növbələr və müxtəlif insanlarla əlaqələrin qurulması zamanı meydana çıxan əngəllər ciddi çətinliklər yaradırdı. Əgər bu proses onlayn rejimdə həyata keçiriləcəksə, məsələ alqışlanmalıdır. Çünki artıq sosial əhəmiyyətə malik xidmətlərin onlayn rejimə keçirilməsi günün tələbidir".

   Ekspert bildirib ki, bu təcrübə xarici ölkələrin də təcrübəsində geniş yayılıb. Onun sözlərinə görə, hazırda qonşu Rusiyada da şəxsiyyət vəsiqələri və pasportların verilməsi elektron qaydada həyata keçirilmək üzrədir. Amma inkişaf etmiş ölkələrdə bütün bu prosedurlar elektron formada aparılır: "Bir məqamı da vurğulayım ki, şəxsiyyət vəsiqələrinin internet üzərindən verilməsi o demək deyil ki, ilkin mərhələdə bütün prosedurlar elektron qaydada həyata keçiriləcək. Ola bilər ki, ilkin mərhələdə blankların doldurulub göndərilməsi, növbəyə yazılmaq, habelə hansısa informasiyanın şəxsiyyət vəsiqəsini verən orqana ötürülməsi elektron qaydada həyata keçirilsin. Təbii ki, bunların hamısı xidmətdir və onların elektron üzərinə gətirilməsi vətəndaşların işini asanlaşdıra bilər. Yəni, vətəndaş cəmi bir dəfə, yalnız şəxsiyyəti təsdiq edən sənədi almaq məqsədilə şəxsiyyət vəsiqəsi verən orqana gedəcək".

  

   Məlumatın təhlükəsizliyini mərkəzi sistem qoruyacaq

  

   Həmsöhbətimiz vurğulayır ki, hətta Azərbaycanda e-imza kütləviləşəndən sonra şəxsiyyət vəsiqəsinin verilməsi prosedurları daha da asanlaşacaq: "Ola bilər ki, e-imza kütləviləşəndən sonra heç şəxsiyyət vəsiqəsi verən orqana getməyə lüzum olmasın".  

   İnternet üzərindən ötürülən məlumatların təhlükəsizliyinin hansı formada təmin ediləcəyinə də aydınlıq gətirən İnternet Forumun prezidenti bildirir ki, proses mərkəzləşdirilmiş sistem vasitəsilə nəzarətdə saxlanacaq: "Hər bir vətəndaşın şəxsiyyətini eyniləşdirən kartı olacaq. Dövlət orqanlarında isə mərkəzləşdirilmiş sistem yaradılacaq. Yəni, vətəndaş şəxsi kartı ilə sistemə daxil olanda dövlət orqanı vətəndaşı həmin adam kimi tanıyacaq. Dövlət orqanı vətəndaşın imzasından istifadə edərək zəruri olan xidməti göstərəcək. Amma indiki halda e-imza yeni formalaşdığından bəziləri bu məsələnin mahiyyəti barədə xəbərsizdirlər. Artıq aidiyyəti qurumlar vətəndaşlar üçün e-imza xidmətinin qiymətini də açıqlayıb. Belə ki, e-imzanın 3 illik qiyməti təxminən 30-40 manatdır. Yəni, e-imzanı verən qurum 3 il müddətində həmin imzanın təhlükəsizliyi ilə bağlı bütün məsələləri öz üzərinə götürür. Təbii ki, e-imzanı verən şirkət müvafiq dövlət orqanında akkreditasiyadan keçməlidir. Həmin şirkət akkreditasiyadan keçərkən onun bütün sistemi yoxlanılır. Yəni, həmin şirkətin təhlükəsizliyə nə qədər dayanıqlı olması araşdırılır".

   Osman Gündüz biometrik pasportların verilməsi zamanı elektron xidmətlərdən istifadənin heç bir problem yaratmayacağını da deyir: "Təbii ki, nəzərdə tutulan xidmət növləri vasitəsilə həm də internet üzərindən biometrik məlumatları ötürmək də mümkündür. Amma bütün bunlar gələcəyin işidir. Bunun üçün təklif olunan xidmət növləri təkmilləşdirilməlidir".

 

 

  Sevinc

 

  Həftə içi.- 2011.- 1 noyabr.- S. 5.