Serialların çəkilişinə
ayrılan vəsait artırılacaq
"Azərbaycanda
sovet dövründə və müstəqillik illərində
çəkilmiş bədii filmlərin qiymətləndirilməsinə
yenidən baxılmalıdır"
Milli Televiziya və Radio
Şurası (MTRŞ) milli televiziya filmlərinin və teleserialların
çəkilməsi üçün 300 min manat vəsaitin
ayrılması ilə bağlı artıq bir
neçə telekanalla müqavilə
bağlayıb. Bu barədə MTRŞ sədri
Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə,
artıq "Xəzər", "ATV", "Space" və İctimai Televiziya ilə belə müqavilələr
bağlanıb. Digər kanallarla
bağlı da yaxın günlərdə
müqavilələr imzalanacaq.
Nuşirəvan Məhərrəmli
deyib ki, bu həftə MTRŞ maliyyə məsələləri
ilə bağlı sənədləri hazırlayacaq, bundan
sonra Maliyyə Nazirliyi həmin vəsaiti kanallara ödəyəcək:
"Artıq bəzi kanallar daxili imkanları hesabına bu
işə başlayıb. Serialların ilk 4 bölümü
çəkiləndən sonra bölümlərə
yaradıcı heyətlə birgə baxış keçiriləcək,
müəyyən qiymətləndirmələr
aparılacaq".
Şura sədrinin
sözlərinə görə, ayrılan məbləğ
ilkin vəsaitdir. Dekabr ayında bu proses ozünün daha aktiv
fazasına daxil olacaq. Ölkə prezidenti tərəfindən
milli televiziya filmlərinin və serialların çəkilməsi
üçün ayrılan 5 milyon manat vəsaitin qalan hissəsi
də tədricən telekanalların hesabına
köçürüləcək: "Bu, 2011-ci il
üçün ayrılan vəsaitdir. Ola bilər ki, bu vəsaitin
bir hissəsi gələn ilə də keçsin. Amma gələn
il vəsaitin daha da artırılması nəzərdə
tutulur. Bundan sonra MTRŞ telekanallarda xarici filmlərlə
bağlı qərar verə bilər". Regional televiziya
kanallarına da milli televiziya filmləri və serialların
çəkilməsi üçün vəsaitin
ayrılıb-ayrılmayacağına gəlincə, MTRŞ sədri
hələlik bunun mümkün olmadığını deyib:
"Regional kanalların texniki bazası çox zəifdir.
Serialların çəkilməsi ilə bağlı problemləri
yarana bilər. Telekanallarla bağladığımız
müqavilədə belə bir bənd var ki, dövlət
televiziya filmlərinin mülkiyyətçisi kimi ondan öz
ehtiyacları üçün istifadə edə bilər. Mən
telekanalların rəhbərləri ilə də
danışmışam. Çəkilişlər qurtarandan
sonra biz o serialları çox cüzi qiymətə və ya vəsait
ödəmədən regional kanallara da verəcəyik ki,
onlar da ondan istifadə edə bilsinlər. Çox
cüzi qiymət deyəndə, həmin
serialın saxlanmasına və yenilənməsinə
çəkilən xərclər nəzərdə tutulur".
"Azərbaycanda sovet
dövründə və müstəqillik illərində
çəkilmiş bədii filmlərin qiymətləndirilməsinə
yenidən baxılmalıdır. Bu filmlərin
ekranda az görünməsi
narahatedici faktdır".
Bunu da
çıxışı zamanı Nuşirəvan Məhərrəmli
deyib. MTRŞ sədri bu
məsələ ilə bağlı Mədəniyyət və
Turizm Nazirliyinə və Müəllif
Hüquqları Agentliyinə məktubla müraciət etdiklərini
bildirib: "Qəbul edə bilmərik ki, büdcədən ayrılmış vəsait
hesabına çəkilmiş filmlərin hər saatına
60-70 manat ödənilsin. Bu,
həddindən artıq yüksək qiymətdir. Bu filmlərə qoyulan
qiymət o filmlərin saxlanmasına və
yenilənməsinə sərf olunmalıdır ki, bunun üçün
də 10-20 manat kifayət edir.
Bəzi televiziya şirkətləri
şikayətlənirlər ki, yalnız bayram günlərində milli
filmləri nümayiş etdirə bilirlər.
Bu məsələni yenidən gündəmə
gətiririk ki, qiymətləndirmə real olsun və kanallar o filmləri tez-tez göstərə bilsin.
Həmin filmlər dövlət mülkiyyəti
sayılır. Amma o zaman "Azərbaycanfilm" kinostudiyası bu filmləri çəkəndən sonra onun mülkiyyət hüququnu əldə edib.
Hansı əsaslarla, bəlli deyil. Təbii
ki, mülkiyyət hüququ
Mədəniyyət və Turizm Nazirliyində
olmalıdır".
Nigar
İxtiyarqızı
Həftə içi.- 2011.- 1
noyabr.-S. 8.