Xəstəliklərə hökm "oxuyan" musiqi...

 

"Hazırda "Muğam terapiyası" adlı layihə üzərində işləyirik. Bu müalicə metodundan istifadə etsək, həm səhiyyəmizə xidmət göstərəcək, həm də dünyanın diqqətini ölkəmizə, milli musiqimizə cəlb edəcəyik". Bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli deyib. Onun sözlərinə görə, "Muğam terapiyası"nın effektiv təsiri həm də əcnəbiləri Azərbaycana cəlb edəcək: "Biz bununla, Azərbaycan muğamının qüdrətini bir daha sübut etmiş olacağıq". Siyavuş Kərimlinin sözlərinə görə, musiqi qammasında olan səslərin insan orqanlarına müxtəlif təsiri var: "Məsələn, lya notu qaraciyərə, mədəaltı vəziyə müsbət təsir edir. Si notu ilə isə insanı hətta öldürmək olar. Biz bu nəzəriyyələri bir daha nəzərdən keçiririk". Rektor həmçinin onu da qeyd edib ki, bəzi həkimlər əməliyyat proseslərində musiqidən istifadə edirlər: "Hazırda cərrah dostlarım əməliyyat zamanı mənim musiqilərimdən istifadə edir, bunun effektinin yüksək olduğunu deyirlər".

   Ümumiyyətlə, musiqinin ruhun qidası olması illərdən bəri öz təsirini itirməyən məsələlərdəndir. Adi bir not vasitəsilə insanı həm sağaltmaq, həm də qəribə səslənsə də, hətta öldürmək də olar. Ancaq hələ ki, bu üsuldan ancaq müalicə etmək məqsədilə istifadə edilib. Bəs görəsən, musiqinin müalicəvi təsiri nədən ibarətdir? Ümumiyyətlə, musiqi ilə müalicə necə aparılır? Bu terapiya üsulu ilə hansı xəstəlikəri sağaltmaq olar? Mövzu ilə bağlı kiçik bir araşdırma aparmaq qərarına gəldik...

  

   Müharibə iştirakçılarının müalicə üsulu...

   

   Yeri gəlmişkən, "Musiqi terapiyası"nın tarixinə də nəzər salaq. Musiqinin müalicəvi təsiri hələ qədim zamanlardan insanlara bəllidir. Tarixi faktlara görə, musiqi ilə müalicə metodları bizim eradan əvvəl II yüzillikdə Çində tətbiq edilib. Həmin dövrlərdə bir sıra xüsusi xəstəxanalarda xəstəlikləri musiqi alətlərinin köməyi ilə sağaldırmışlar. Bu üsulun xəstəliyin müalicəsində, həmçinin də onun inkişaf etməsinin qarşısının alınmasında müsbət rolu sübut edilib. Qeyd edək ki, qədim tarixə malik musiqi terapiyası bu gün dünyanın əksər ölkələrində tətbiq olunur. Musiqi ilə müalicə kifayət qədər öyrənilmiş və geniş yayılmış metoddur. Musiqi terapiyasında musiqidən bir korreksiya vasitəsi kimi istifadə olunur. Musiqi terapiyasının çoxsaylı metodlarına tam bir varlıq kimi baxılır və təsirin əsas, aparıcı faktoru sayılır. Emosional dəyişikliklər, qorxu, hərəki və dil pozğunluqları, psixosomatik xəstəliklər, davranış pozğunluğu zamanı musiqi terapiyasından geniş istifadə olunur. Ensiklopedik biliyə malik məşhur Orta Asiyalı türk alim Əbu Nəsr əl-Fərabi də (873-950 illər) "Musiqi haqqında böyük kitab" əsərinidə qeyd edirdi ki, musiqi əhval-ruhiyyənin yaxşılaşmasına, mənəvi-əxlaqi tərbiyyəyə, təmkinli olmağa və mənən inkişafa təkan verir: "Musiqi həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da haldan düşmüş olur. İnsan hisslərinə müsbət təsir edən musiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır". Hətta II Dünya müharibəsindən sonra da müxtəlif psixi pozğunluqların müalicəsində bu üsuldan geniş istifadə edilib. Bundan başqa, bir neçə ay bundan öncə silahlı hücuma məruz qalaraq başından güllə yarası alan məşhur türkiyəli müğənni İbrahim Tatlısəs də musiqi vasitəsilə müalicə olunur. Onun müalicə aldığı "Maslak Acıbadem" Xəstəxanasında bütün əməliyyatları musiqi terapiyası ilə həyata keçirilib.

     

   Amerikaİsveç musiqi terapiyası

  

   Bu müalicə üsulu iki istiqamətdə müəyyənləşdirilir: Amerika musiqi terapiyası və İsveç musiqi terapiyası məktəbi. Amerika musiqi terapiyası - empirik-klinik istiqamətə malikdir. Bu, əsas etibarilə müxtəlif forma və tərkibli musiqinin göstərdiyi kliniki təsirdir. Bunun əsasında musiqinin "müalicəvi" kataloqu tərtib edilir. Öz növbəsində bu, musiqi farmakologiyasıdır və tərkibində müalicəvi təsirin iki tərəfi ayırd edilir: stimuləedici və sedativ. Psixoanaliz tərəfdarları musiqinin təsirinin maraq dairəsinə nüfuzu ilə izah edirlər. Musiqinin effektinin izahı üçün istifadə edilən "katarsis" (təmizlənmə) anlayışına onlar prinsipcə başqa məna verirlər. Musiqi yalnız emosional gərginliyi azaldanya aradan qaldıran vasitə deyildir, o həmçinin seksual enerjinin xaric olması üçün bir kanaldır. İsveç musiqi terapiyası məktəbi isə - psixologiyanın dərinliyinə girərək, belə hesab edir ki, musiqi terapiyasının korreksiya işində mərkəzi rolu kənara çəkilməlidir. Belə ki, musiqi öz spesifik xüsusiyyətlərinə görə, şəxsiyyətin dərin qatlarına nüfuz edir. Xəstədə söz qıtlığı yaranan zaman onunla kontaktı bərpa etmək məqsədi ilə və pasientin emosional tonusunu aradan qaldırmaq üçün uyğun musiqi seçilir. Başqa sözlə desək, depressiya zamanı yavaş, sakit musiqinin, oyanıq vəziyyətdə ikən bərk və sürətli templi musiqinin ifası məqsədəuyğun sayılır. Musiqi terapiyasının tarixi bu prinsipin praktiki tətbiqi üçün çoxlu sayda misallara malikdir. Musiqi proqramının düzgün seçimi-musiqi terapiyasının açar faktorudur. Müştəri ilə kontakta girmək üçün musiqi onun emosional vəziyyətinə uyğun gəlməlidir.

  

   "Musiqi terapiyası psixoloji müalicə üsuludur"

  

   Bir az da mütəxəssislərin fikirlərini öyrənək. Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayevin sözlərinə görə, bu müalicə metodu tam tibbi üsul deyil, daha çox psixoterapiyadır: "Ancaq hazırda Azərbaycanda ümumiyyətlə psixoterapiya yoxdur. Bu müalicə növü Rusiyada tibbə aiddir, ancaq AvropaAmerikada isə qeyri-tibbə, yəni psixologiyaya məxsusdur. Bu üsul psixoloji müalicənin bir növüdür. Ancaq onu da qeyd edim ki,bu üsul elm tərəfindən tam təsdiq olunmuş üsul deyil. Ancaq təbii ki, müəyyən qədər rahatlıq və sakitlik gətirəcək müalicədir. Çünki musiqi terapiyası insanın emosional sahəsinə təsir göstərir. Musiqi bir başa beyinə təsir göstərdiyi üçün yaraların sağalmasında da öz işini görür. Ümumiyyətlə, musiqi sədaları altında keçirilən əməlliyyat daha çox uğurlu olur". Psixoloqun sözlərinə görə, müalicə zamanı musiqinin növüçox önəmlidir: "Ola bilər ki, kimsə bəstəkar Bakın, Betxovenin əsərlərini dinləyəndə rahatlıq tapır. Ancaq digəri bu musiqini anlamır. İnsanı anlamadığı musiqi ilə müalicə etmək mümkünsüzdür". Muğam vasitəsilə müalicəyə gəldikdə isə, psixoloq bu müsiqinin bizə təsiri ilə əcnəbilərə təsirinin eyni olmadığını dedi: "Biz muğamı sevirikbu musiqidən zövq alırıq. Hər hansısa azərbaycanlını muğam terapiyası ilə müalicə etmək olar. Ancaq əcnəbi üçün bunu deyə bilmərik axı. Muğam sakitləşdirici musiqidir. Ancaq insan bu musiqiyə də həddən artıq qulaq asdıqda depressiyaya qapılır". Dəyanət Rzayev onu da bildirdi ki, musiqi terapiyası insanı tam müalicə etməsə də sağalma müddətini tezləşdirə bilər.

   

   "Bu terapiya müasir tibbi əvəz etmir"

  

   Həkim-terapevt Gülnar Alıyeva da hər bir notun müalicə etdiyi xüsusi orqanın olduğunu bildirdi: "Qədim Çin nəzəriyyəsində bu cür anlayışlar çoxdur. Çin musiqisində istifadə edilən tsyao notu əsasən qaraciyər öd kisəsinə, çji notu ürək nazik bağırsağa, qum notu dalaq, mədə mədəaltı vəziyə, şan notu ağciyər yoğun bağırsağa, yuy notu isə böyrək sidik kisəsinə təsir edir. Bu o deməkdir ki, hər bir notun öz təsir gücü var. Diaqnoz qoymaq üçün xəstələr hər hansısa notlar üzərində yazılan muğamları dinləyə bilər hansısa muğam xəstənin həddən artıq xoşuna gəlirsə, bu ona uyğun orqanda müəyyən problemin olması deməkdir. Musiqi müalicəyə çox müsbət təsir edir. Bu müalicə üsulu beyinə təsir göstərir. Əgər insan beyni xəstəlikdən azad olmağa hazırdırsa, deməli sağalma bütün bədəndə gedə bilər. Musiqi bunu daha da tezləşdirəcək". Bəs görəsən, bu müalicə tibbin müasir üsullarını da əvəz edəcəkmi? Həkim - terapevt Gülnar Alıyevanın sözlərinə görə, bu mümkünsüzdür: "Bu heç müasir tibbin üsullarını əvəz etmir. Musiqi terapiyası xəstə insana stimul verir bu da daha tez sağalmağa səbəb olur".

 

 

  Nigar İxtiyarqızı

 

  Həftə içi.- 2011.- 2 noyabr.- S. 6.