Kür
qırağının əcəb seyrəngahı var
Mütəxəssislər
Kürqırağı zonadakı turizm potensialından
yararlanmağı təklif edir
Kür
çayının Azərbaycan ərazisindən keçən
hissəsinin 400-500 kilometrə qədəri çay turizmi
üçün yararlıdır. Ancaq bundan istifadə olunmur.
Halbuki bu, Aran bölgəsində bir çox problemlərin həllinə
səbəb olar.
Bu fikir dünən
Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda
qeyri-ənənəvi turizmin inkişaf etdirilməsi"
mövzusunda keçirilən mətbuat konfransında səsləndirilib.
Azərbaycan Regional Turizm Mərkəzinin direktoru Çingiz
İsmayılov tədbirdəki çıxışında
deyib ki, ölkədə çay turizminin inkişafı
üçün böyük imkanlar var. Onun sözlərinə
görə, çay turizmi bu Kürqırağı ərazilərdə
məşğulluğun artması,
balıqçılığın inkişafı, eyni zamanda
Kürün lildən tutulmaması üçün əla
vasitədir.
Mütəxəssis,
eyni zamanda, ada turizminin inkişaf perspektivlərindən və
onun vacibliyindən də söz açıb. O qeyd edib ki,
turizmin istənilən sahəsində uğura nail olmaq
üçün böyük layihələrdən daha
çox kiçik və orta sahibkarlığın
inkişafı daha əlverişlidir.
Tədbirdə Azərbaycan
Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər
Kərimov də çıxış edib. O, qeyri-ənənəvi
turizmin inkişafı imkanlarından danışarkən turizm
obyektlərində yüksək keyfiyyətli xidmətin təşkil
olunmasının vacibliyini vurğulayıb: "Bizdə
aqroturizmin inkişafı üçün mütəxəssislərə
ehtiyac var. Bunun üçün mən Polşaya - aqroturizm və
yaşıl kənd turizminin inkişaf etdiyi ölkəyə
infoturların təşkil edilməsini təklif edərdim".
Azərbaycan Turizm
İnstitutunun kafedra müdiri Bahadır Bilalov isə gələn
il Azərbaycanın "Eurovision" müsabiqəsinə ev
sahibliyi edəcəyini xatırladıb və deyib ki, bu
müddətdə ölkəyə çoxlu sayda turist təşrif
buyuracaq: "Həmçinin noyabrın əvvəlində
Göyçayda nar bayramı keçiriləcək. Biz
çalışmalıyıq ki, bayramlarımızda da
ölkəyə turist cəlb edə bilək".
Geniş və ətraflı
çıxışlarla əhatə olunan tədbirdə səslənən
təkliflərin İqtisadi İnkişaf Nazirliyi nəzdində
fəaliyyət göstərən Sahibkarlığa
İnkişaf Fonduna təqdim olunacağı bildirilib.
Pərvin
İsmayılova
Həftə
içi.- 2011.- 2 noyabr.- S. 8.