Milli suvenirlər "Eurovision"a hazırlaşır...

 

   Avstriyanın paytaxtı Vyana şəhərində satılan bütün milli aksessuarların üzərində "burada kenquru yoxdur" sözləri yazılır. Ona görə ki, Avstriyaya səyahətə gedən turistlərin əksəriyyəti o ölkəni kenquruların vətəni olan Avstraliya ilə səhv salırlar. Ancaq dünyada nə ölkəmiz Azərbaycanın, nə də Bakının bənzəri və oxşarı olmadığına görə hələ ki, biz belə bir problemlə qarşılaşmamışıq. Yəqin ki, söhbətin nədən getdiyini anladınız?..  

   Suvenirlər bir daş parçası olsa da, bizim haqqımızda çox şey danışır və çox şeydən xəbər verir. Aydındır ki, hər bir turistin səfər etdiyi ölkədə əldə etmək istədiyi əşya həmin ölkə haqqında təsəvvür yaradan suvenirlərdir. Kimi bu suveniri hansı ölkələri gəzdiyini sübut etmək üçün alır, kimi yaxınlarına hədiyyə etmək istəyir, kimi isə sadəcə xatirə olaraq saxlayır. Belələri arasında təbii ki, kolleksiyaçılar da olur... Bəs görəsən, Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələcək turistlər Bakıda hansı suvenirləri ala biləcəklər? Ümumiyyətlə, "Eurovision" təlaşı suvenir bazarında da canlanmaya səbəb olubmu?

  

   "Podvallara" köçürülən köhnə Bakı

  

   Mövzu ilə bağlı araşdırma aparmaq üçün ilk öncə "Torqovı" kimi məşhur olan Nizami küçəsinə yollandıq. Məlumat üçün əvvəlcədən qeyd edim ki, ötən il köklü dəyişiklik və təmirdən sonra adıçəkilən ərazi tamamilə dəyişdirilərək yeni simaya büründü. Təmirdən sonra bir vaxtlar əsl Bakını özündə əks etdirən kitab pasajları, milli aksessuarlar və küçə rəssamları ilə tanınan hissəsini indi tanımaq mümkün deyil. Məlumunuz olsun ki, Nizami küçəsində təmirdən sonra buradakı səyyar satışa qadağa qoyuldu. Bu məqsədlə həmin ərazidə fəaliyyət göstərən piştaxtaların hamısı yığışdırıldı. Onların yerlərinə isə arkaların içəri hissəsində xarici geyim mağazaları fəaliyyətə başladı. Həmin köhnə Bakını isə şəhərin "podvalları"na köçürdülər. Bu zirzəmilər əvvəllər səyyar satışla məşğul olanların emalatxanası və anbarı kimi fəaliyyət göstərirdi. Müşahidə üçün zirzəmilərdən birinə daxil oldum. Qeyd edim ki, təmirdən sonra fəaliyyətə başlayan bu mağazalar üç otaqdan ibarət idi. Həmin otaqların birində kitablar, digərlərində isə milli aksessuarlar və rəsm əsərləri piştaxtaya çıxarılmışdı. "Torqovı"nın təmiri bitdikdən sonra bir neçə dəfə həmin ərazidə olmuşdum. Düzü, həmin zirzəmilərdə təmirə və yenidən qurmaya ehtiyac olduğu hiss olunmurdu. Ancaq görünür, "Eurovision" təlaşı zirzəmiləri də əməlli-başlı "işə salıb". Otaqlardan cəmi biri hələ də fəaliyyətdədir və burada ancaq milli aksessuarlar satılır. Mağazanın satıcısı ilə də söhbətləşdik. O, təmirin genişləndirmə ilə əlaqəli olduğunu bildirdi: "Təmirdən sonra piştaxtaları zirzəmiyə keçirəndə bir o qədər də alıcımız yox idi. Çünki əksəriyyət mağazaların harada olduğunu bilmirdi. Vəziyyət elə təzəcə düzəlmişdi ki, mağazamız yenidən təmirə bağlandı. Eşitdiyimə görə, bura bir az da genişləndiriləcək. Aksessuarlar, kitab və əsasən də rəsm əsərlərinin çox olması narahatlıq yaradırdı. Rahatlıq və genişlik üçün yenu təmir işləri gedir".

   

   "Eurovision"un dirçəltdiyi sahələr...

  

   Mağazadakı əşyalar və onların qiymətləri ilə maraqlandıq. Satıcı Akif qiymətlərin o qədər də baha olmadığını bildirdi. Onun sözlərinə görə, piştaxtada 20 manatdan yuxarı suvenir yoxdur. Ancaq onu da qeyd etdi ki, piştaxtaları zirzəmilərə köçürüləndən yer baha olduğuna görə, bu özünü aksessuarların qiymətində də göstərir: "Bir o qədər də baha satmırıq. Ancaq məcburiyyət qarşısında qalanda 1 manat artıq qiymət deyirik. Çünki alan onsuz da qiyməti aşağı saldırmaq istəyir". Akif mağazasında sovet dövründən qalma əşyalarla yanaşı, milli geyimlər, qədim çarıqlar, çoban papaqları, köhnə Bakını əks etdirən fotoalbomlar, əl işləmələrindən ibarət xalçalar, Bakının küçələrinin və gəzməli yerlərinin şəkilləri və adlarının üç dildə tərcüməsi olan broşuralar və s. var. Rəssam Mehdi də bu mağazada bölgələrimizin mənzərəsini yaratdığı tabloları satışa çıxarıb. Tabloların qiyməti isə 100 hətta 1000 manat arasında da dəyişir. Rəssam sifariş də qəbul etdiyini dedi.

  

   Qonaqların boxçasına nə qoyacağıq?

  

   Əlbəttə ki, Bakımıza qonaq gələn əcnəbilər qədim İçərişəhəri gəzmədən getməyəcəklər. Biz də bunu nəzərə alıb İçərişəhərdə də satılan suvenirlərlə maraqlandıq. İçərişəhəri gəzərkən bir neçə yerdə suvenir satılan köşklərə rast gəldik. Burada hər addımbaşı böyük sandıqçaların içində Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları və müxtəlif personajlar, milli ornametli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və s. görmək mümkündür. Boşqablar, fincanlar və bu kimi suvenirlər "İçərişəhər" Qoruq İdarəsi tərəfindən sifariş edilib hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri isə sənətkarlar tərəfindən təqdim edilir. Qız Qalasının yaxınlığında suvenir satan Sülaeyman adlı küçə ticarətçisi bizə bu suvenirləri necə əldə etdiyindən danışdı: "Suvenirləri həm qoruq idarəsindən, həm də sənətkarlardan alıram. Fərdi şəxslər və sənətkarlar öz əl işlərini gətirib verirlər, həm biz, həm də onlar qazanır". Suvenirlərə tələbatın çox olduğunu deyən satıcı bayramlarda və İçərişəhərdə təşkil edilən müəyyən tədbirlərdə bu tələbatın daha da artdığını bildirdi. Qiymətlərlə də maraqlandıq. Düzü, elə də baha deyildi, 1-10 manat arasında dəyişirdi. Aksessuarların qiyməti ölçüsünə görə 7-15 manat arasında dəyişir. Fincanlar 3-5 manat, muğam kuklaları 7 manat, təsbehlər 2-10 manat, breloklar isə 1 manat və 50 qəpiyədir. Onu da qeyd edək ki, aksessuarlarla yanaşı, milli pullarımız da xüsusi şüşə və plastik qablarda suvenir kimi satılır. Ancaq dəmir pullardan fərqli olaraq, satışa çıxarılan kağız pullar saxtadır. Və bunlar əsasən turistlər üçün nəzərdə tutulub.

  

   Turistlərin "cibindən" çıxan çörək pulu

  

   Satıcılarla söhbət zamanı maraqlı hadisələrin də şahidi olduq. Sən demə, İçərişəhərdə "milli"lik qoymayan əcnəbilərin əlindən şəhər sakinləri təngə gəlsə də, çörək pulunu bu turistlərin "cibindən" çıxaranlar da var. İçərişəhərdə səyyar satışla məşğul olanlar turistlərin "əli açıqlığından" xeyli razıdırlar. Natiq adlı satıcı turistlərdən razılığını bildirdi. "Eurovision"da gələcək qonaqları səbirsizliklə gözlədiklərini dedi: "Allah onları buradan əskik etməsin. Xaricilər olmasa, biz nə ilə dolanarıq? Onların qədim əşyalara qarşı xüsusi maraqları var. Bir də görürsən, bir manatlıq güzgünü onlara 30-40 dollara satırıq. Əgər bir əşyanı bəyənirlərsə, neçəyə desən alacaqlar". Digər səyyar satıcı da öz "məharəti" barədə danışdı. O da İçərişəhəri turistlərsiz təsəvvür etmədiyini dedi: "Biz burada onların sayəsində işləyirik. Yerli camaata qalsa, acından ölərik. Onlar gəlib ancaq qiymət soruşub gedirlər. Amma xaricilər yaxınlaşan kimi bilirik ki, real müştərimiz var. Həm də onlar üçün xüsusi qiymətlər var. Məsələn, yerli camaat üçün qədim papaqların qiyməti 14 manatdır. Amma xaricilər yaxınlaşanda 50-100 dollar deyirik. Çox nadir hallarda endirim etməyimizi istəyirlər". Bax belə... Görünür, "Eurovision" müsabiqəsi ölkəmizə hərtərəfli gəlir gətirəcək. Gözünü turistlərin "cibinə" dikən satıcılarımız da əcnəbilərə əsl qonaqpərvərliyimizi göstərəcəklər.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2011.- 17 noyabr.- S. 8