"Oxumaqdan çətin sənət yoxdur"
...Fizioloji görünüşlə yanaşı, səsi
də, oxu tərzi də mərhum qardaşı, ecazkar səsi
ilə çoxlarının yaddaşında silinməz iz
qoyan Səxavət Məmmədova çox oxşayır. Tanrı
hər kəsə belə səs, belə avaz vermir. Amma Azərbaycan
muğamsevərləri onu qardaşı Səxavətin
ölümündən sonra tanımağa başladı. Təkcə
səsi, oxu tərzi ilə yox, həm də
qardaşının adının öz adı ilə bərabər
yaşada, gənc nəslə tanıtdıra bildiyinə
görə. Beləliklə "Seçilənlər"
rubrikasının budəfəki qonağı,
tanınmış muğam ustası, Əməkdar artist Fehruz
Səxavətdir:
- Muğam sənətinə
gəlişiniz haradan və necə başladı?
- Qarabağda hamı bizim
ailəmizi sənətkarlar ailəsi kimi
tanıyır. Hər dəfə qardaşım
Səxavət Məmmədovun tükürpədici səsinə
qulaq asdıqca xanəndəlik sənətinə
həvəsim bir qədər də
artırdı. Bu istək hələ orta məktədə oxuduğum
illərdə yaranmışdı. Kiçik
yaşımdan səsimin olduğunu hiss etmişəm. Əvvəllər özüm üçün
oxuyardım, çünki camaat
arasında oxumağa utanardım. Sonralar Abdal Gülablı
kənd orta məktəbinin təbdirlərində
oxumağa başladım. Məlahətli
səsimin olduğunu bilən kənd
sakinlərinin xahişi ilə el şənliklərində oxuyurdum.
Səsim hamının xoşuna gəlirdi.
El şənliklərinin birində oxuyarkən
Səxavət gözəl səsimin olduğunu
eşidıb, bu sahədə mənə xeyir-dua verdı. Sonra mənimlə
bir müddət məşğul oldu. Artıq 1984-cü ildə Ağdam şəhərində fəaliyyət
göstərən "Pioner Evi"nə
gəlib, böyük sənətkarımız
Murad Rzayevin
yaratdığı və rəhbərlik etdiyi
"Qarabağ Bülbülləri"
ansamblında bir il fəaliyyət
göstərdim. 1985- ci ildə Ağdamda təzə açılan Xan Şuşinski adına
muğam məktəbində təhsil
aldım. O vaxt tanınmış tarzən,
Azərbaycanın mədəniyyət işçisi
Rafiq Rüstəmli məktəbin direktoru idi. Rafiq müəllim kəndimizə gəlib öz avtomobili ilə məni
musiqi məktəbinə gətirdi.
Oranı bitirdikdən sonra Asəf
Zeynallı adına musiqi məktəbinə
verdim, amma qəbul ola bilmədim. İkiillik
hərbi xidmətdən sonra Milli Konservatoriyanın xanəndəlik
şöbəsinə daxil oldum və xalq artisti Arif Babayevdən
muğamın sirrlərini öyrəndim. Biz
ailədə 5 qardaş olmuşuq,
Səxavət, Əliyar və mən bu sənəti
seçdik. O vaxt Səxavət
qardaşımla məni öz
dostlarının məclisinə aparıb oxutdurardı.
- İndi nə işlə məşğulsunuz,
yaradıcılıqda nələr etmək istəyirsiniz?
- Milli Konservatoriyada
müəlliməm. Eyni zamanda,
yaradıcı adam kimi
hər gün işim
öz sahəmdə yeniliklər axtarmaq, biliyimi və
bacarığımı artırmaq üçün
çalışıram. Bu gün muğam göz qabağındadır. Bu
gün ölkə
başçısı, o cümlədən
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva muğama
böyük qayğı göstərir. Bunun sayəsində gənclərimizin muğama həvəsi əhəmiyyətli
şəkildə artdı və indi
inanıram ki, Azərbaycan muğamı gələcəyə
doğru daha çox uğur qazanacaq. Biz də
çalışırıq ki, öz üzərimizə düşən vəzifəni
layiqincə icra edək.
- İndi Qarabağ
torpağı işğal
altındadır. Muğamın varlığı da Qarabağla
bağlıdır. Çünki böyük sənətkarlar məhz Qarabağda yaşayıb, oranın
ab-havasından bəhrələnib. Qarabağsız muğam...
- Muğamın gələcəyi üçün
hər cür şərait
yaradılıb. Amma Qarabağın
olmaması artıq özünü
göstərməkdədir. Doğrudur, səsi
olan gənclərimiz yetərincədir. Lakin indi o
səs yoxdur, səs Qarabağdadır.
Qarabağın o saf
abı-havasından, sularından süzülüb
gələrdi o səslər. Allah eləməsin, Qarabağ
işğaldan azad
edilməzsə, həmin səslərin də axırı olacaq. Mən bunu əminliklə
deyə bilərəm. Yəni, oranın suyu,
torpağı, havası yetişdirir.
Cabbarı, Xan əmini, Arifi,
Qədiri, Səxavəti...
- İlk oxuduğunuz
mahnını xatırlayırsınız?
- İlk dəfə səhnəyə
"Azərbaycan maralı" mahnısı ilə
çıxmışam. Çox həyəcan
keçirsəm də, amma mahnını pis ifa etmədim. İlk mahnımla uğur
qazandım və böyük
tamaşaçı alqışlarına səbəb oldum.
- Səsinizi Səxavətin səsinə çox
oxşadırlar. Hətta lent
yazılarınıza qulaq asanda
onu ayırmaq çətin olur...
- Ola bilər ki,
musiqini həssas hiss
edənlər belə deyə bilərlər. Bizim
səsimizdə oxşarlıq ola bilər,
lakin musiqini duyan insan bilir
ki, bu Fehruzdur,
yoxsa Səxavət.
- Səxavət Məmmədovun sağlığında Fehruz Səxavət səhnədə görünmürdü. Niyə?
- Onda mən uşaq
idim. Onunla
bağlı xatirələrim çoxdur.
Dəfələrlə Ağdamdan verilən
konsertlərdə bilib ki,
şıxış edirəm, Bakıdan gəlib bizə qulaq asıb gedərdi.
- İndiki gənc
ifaçıların səviyyəsi qaneedicidirmi?
- Bu gün
yuxarıda qeyd etdiyim kimi müsabiqələr keçirilir.
Muğam
xalqın içindən və ruhundan gələn
bir musiqi olduğundan xalq tərəfindən
ona daha çox hörmətlə qulaq
asırlar, nəinki digər musiqilərə. Müsabiqələrin
bir tərəfdən ziyanı da var. Çünki
gənclər çıxıb, 2 ay
tanındıqdan sonra əlləri
çörəyə çatır və artıq sənət
qalır bir tərəfdə,
başlayırlar çörək qazanmağa.
Tanınandan, şöhrət tapandan sonra üz tuturlar
toylara. Şöhrətə də tez qapılırlar, özlərini yekə
aparırlar. Biz həmişə sənəti
öyrənməyə çalışmışıq. Əvvəllər
10-20 ildən bir sənətkar yetişərdi.
Daha sonra daha 10 il staj
keçəndən sonra onu
qəbul edərdilər. Amma indi heç 2 ay da çəkmir toylara gedir. Heç onlardan tələb
edən də yoxdur ki,
bunu oxu. Ona görə də bildiklərini oxuyurlar. Ümumiyyətlə, zaman,
mühit dəyişib. Yəni, sənətkarlıq
keyfiyyətləri, mədəni davranış artıq arxada qalıb.
- Solo-konsertləriniz olurmu?
- İndiyə qədər 3 solo-konsertim
olub - 2005, 2007 və 2009-cu illərdə. Muğam oxuyanların içində məndən
çox solo-konsert verən
yoxdur. Artıq yeni bir solo-konsertə hazırlaşıram. İnşallah Heydər Əliyev sarayında
keçiriləcək.
- Bir sənətkar kimi
hansı mahnıya öz möhrünüzü
vurmusunuz?
- "Röyamdasan"ı ilk dəfə
mən oxumuşam və möhrünü
də mən vurmuşam. Bu
ifamı hamı tərifləyir. Müasir
mahnıdır, amma xalq
mahnılarına söykənən bir
mahnıdır. Çox gözəldir, mən
özüm də bu
mahnını xoşlayıram.
- Sizcə, bütün sənətkarlar
niyə özündən razıdır?
- Ümumiyyətlə, sənətə qarşı mən
özümdən həmişə narazıyam. Hər bir mahnını ifa edəndən
sonra hiss edirəm ki, bu mahnını daha da yaxşı oxuya bilərəm. Yəni insan
özündən razı olursa, o zaman sənət bitir.
- Bəzən müəllimləri qınayırlar ki, yaxşı sənətkar yetişdirmir.
Buna münasibətiniz?
- İndi elə bir
fikir yaranıb ki,
müəllim mütləqdir. Mən bununla
razı deyiləm. Yəni oxumağı o
qədər asanlaşdırıblar ki, kim istəyir gəlib oxuyur.
Amma belə olmamalıdır. Oxumaq içəridən gəlməlidir. Onun fitri istedadı
olmalıdır.
- Muğam oxumaq üçün hansı şərtlər
lazımdır?
- Oxuyanın birinci olaraq səsi olmalıdır. Ondan sonra onu öyrətmək
olar. Yoxsa səsi yoxdursa,
onu necə gələcəyin muğam
ustası hazırlamaq
olar. Amma musiqi məktəblərində
də təhsil alanların hamısının
bilik səviyyəsi eyni deyil və
onlar haqda eyni sözü demək olmaz. Lakin təhsil gərək elə musiqi məktəblərindən başlasın.
Mən özüm də musiqi məktəbində dərs deyirəm. Ümumi qənaətim belədir ki, musiqi məktəblərində
oxuyan hər 20 nəfərin birində istedad var.
- Eşitdiyimizə
görə, sizə hansısa rollara çəkilmək barədə
dəvət gəlib...
- Bu yaxınlarda
Kor Ərəbin mahnısını mənə
oxumağa dəvət
etmişdilər. Orada iştirak
etdim. Başqa təkliflər də
almışam, amma xırda rollardı. Operada isə ümumiyyətlə,
həvəsim olmayıb.
Mənim
fikrimcə, indi oxumaq qədər çətin sənət
yoxdur. Çünki iqlim dəyişikliyi
və digər amillər hər an səsə təsir edə bilir. Bir balaca xırıltı olanda, artıq böyük problemlər yaranır. Mən oxuyanda üzərimdə çox məsuliyyət
hiss edirəm. İndinin özündə
də sənətkarlar
görürəm ki,
60 yaşı var, oxuyanda heç bir məsuliyyət hiss etmir. Sanki başdan-getdi
işi yola vermək istəyir.
- Özünüzü
niyə məhz Səxavət təxəllüsü
ilə tanıtmaq istədiniz?
- Mən
bu adla fəxr
edirəm. Səxavət sənəti hər
zaman yaşayacaq.
Səxavət seçilən və
sevilən sənətkarlarımızdan
olub. Bu gün
bir Səxavət məktəbi var, bu adı götürməklə
öz üzərimdə
ağır bir məsuliyyət hiss edirəm.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 18 noyabr.- S. 7.