Xilasını gözləyən abidələrimiz

 

"Qazıntılar" zamanı 15-dən çox Xocalı mədəniyyətinə aid məşhur kurqan dağıdılaraq əldə olunan maddi nümunələr Ermənistana daşınıb

 

Azərbaycan ən qədim insan yaşayış məskənlərindən biri olub. Yer kürəsinin müxtəlif qitələrində aşkar edilmiş qaya təsvirləri içərisində Azərbaycan xalqının qədim dövr tarixi daha maraq doğurur. İlk insan məskəni sayılan Azıx mağarası, Kültəpə, Qazaxdakı Baba Dərviş abidələri, Bakı şəhəri yaxınlığındakı Qobustan qaya təsvirləri bu xalqın qədim tarixindən, zəngin mədəniyyətindən xəbər verir. Şübhəsiz ki, xalqın bədii təvəkkür və yaradıcılığına ölkəmizin gözəl təbiəti, iqlimi təbii sərvətlərinin zənginliyi böyük təsir göstərib.

Azərbaycanın incəsənəti təbiəti kimi rəngarəngdir. Xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə desək milli siması, mənliyi, sənət növlərində özünü parlaq şəkildə təzahür etmişdi. Bu gün dünyanın ən zəngin muzeylərində Azərbaycan bədii sənətinin bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Azərbaycanın ən qədim sənət nümunələri daş və qayalar üzərində əks olunub. Bu da səbəbsiz deyil. Məlumdur ki, ibtidai insanların ilk yaşayış məskənləri də daşlardan olmuşdur. Elə buna görə də xalqımız ta qədimdən bu günə qədər daşı həmişə müqəddəs sayıblar. Vətənin adi boz daşına hörmətlə, məhəbbətlə yanaşmağımız da elə bu səbəbdəndir. Qobustan qayaları bu baxımdan böyük tarixi əhəmiyyət kəsb edir. İnsanlar qayalar üzərində öz həyat tərzlərini, müxtəlif dini ayin və ov səhnələrini, Allaha qurban kəsmə mərasimlərini və ən maraqlısı hətta daş dövründə yiyələndikləri səmavi biliklərini də qayalar üzərində həkk ediblər. Elmi araşdırmalar göstərir ki, uzaq keçmişdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltməklə üzərinə bəzək vurmaqla bir növ onları ilahiləşdiriblər. Belə sənət nümunələrinə Azərbaycanın bütün bölgələrində rast gələ bilərik. O cümlədən İrəvan, Dərələyəz, Zəngəzur, Qarabağ bölgələrində at, qoç fiqurları das üzərində süjet xarakterli və ornamentli oymaları xüsusi qeyd etmək olar. Öz tarixi abidələri ilə zəngin olan Qarabağ Azərbaycanın qədim maddi mədəniyyət abidələri ilə bərabər Qafqaz Albaniyasının bir neçə xristianlıq memarlıq abidələrinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə qədim və keşməkeşli tarixə malik olduğunu göstərir. Tarixdən məlumdur ki, qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ Qafqaz Albaniyasına daxil idi.

Laçın, Kəlbəcər rayonu ərazisində olan memarlıq abidələrinin əksəriyyəti demək olar ki, Qafqaz Albaniyasının dövrünün yadigarlarıdır. Ağdərədə Amaras (qədim türk dilində bu söz "ağ hun" deməkdir), Ağdamda Govurqala, Kəlbəcərdə Hoşavənd, Xotavəng, Xocavənd alban kilsəsi, Qarabağ bölgəsinin tikinti memarlığını, eləcə də tarix və mədəniyyətini səciyyələndirir. Hələ sovetlər dövründə erməni ideoloqları Qarabağın alban xristian abidələrini, erməni abidələri kimi qələmə verməyə çalışıblar. Hətta qədim mənbələrdən guya istinad edərək bütövlükdə Kür və Araz çayları arasındakı ərazilərin, əzəli erməni torpaqları olduğunu sübut etməyə çalışıblar. Ermənilər daha çox alban kilsələrindəki xaçları yonaraq "erməniləşdirmək" və məbədlərə erməni yazıları olan daşları yamamaqla tariximizə qarşı hələ o zamanlardan təcavüz ediblər. Elə bu səbəbdəndir ki, qədim sərvətlərimiz saysız-hesabsız abidələrimiz qəddarlıqla sındırılıb, dağıdılıb və talan edilib. Təəssüf ki, tariximizə qarşı biganəliyimiz düşmənlərimizin əl-qolunu daha geniş açdı. İllər uzunu kin-küdurəti içində gizlədib, fürsət gözləyən qonşularımız XX əsrin axırlarında yenidən baş qaldırdılar. Bu dəfə M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq" və yenidənqurma pərdəsi arxasında öz çirkin niyyətlərini həyata keçirdilər. "Tarix ibrət götürmək üçündür deyib aqillərimiz. Nə yazıqlar ki, düşmənlərimiz tarixdən ibrət almadıqları kimi biz də öz tariximizi, başımıza gələn faciələrimizi tez unutduq. Elə unutqanlığımızın acı nəticəsidir ki, Qərbi Azərbaycandan, Qarabağa doğru uzanan çirkin əllər barlı-bərəkətli torpaqlarımızı mənisəməklə yanaşı, yüz minlərlə sənət nümunələrimizi, tarixi abidələrimizi, inanc yerlərimizi, qəbiristanlıqlarımızı yerlə-yeksan etdilər. Laçın rayonu ərazisində Kərbəlayı Behbudalı bulağı, Həmzə Soltan sarayı, Dəmirovlu piri, Soltanbaba, Şeyx Əhməd Məlikəcdər, Pənah xan türbəsi, Şuşa tarix memarlıq qoruğu, o cümlədən Hacı Abbas, Hacı Yusifli Mamay, Gövhərağa, Malıbəyli kənd məscidləri, Şahbulaq kəndindəki karvansaray bu kimi abidələr ermənilər tərəfindən darmadağın edilib. Ermənilər növbəti saxtakarlığa əl ataraq heç bir elmi əsasa söykənmədən belə bir iddia irəli sürürlər ki, guya Böyük Ermənistanın paytaxtı, Tiqranakertin qalıqları Ağdam ərazisində aşkar olunub. Bu qazıntılar zamanı 15-dən çox Xocalı mədəniyyətinə aid məşhur kurqan dağıdılaraq əldə etdikləri maddi nümunələri Ermənistana daşıyıblar.

2005-ci ildən ermənilər Ağdamda Şahbulaq saray kompleksi abidəsinin ətrafında qazıntı adı altında on hektar torpaq sahəsini korlayaraq Tiqranakert adlı "əfsanəvi bir şəhəri"n izlərini burda axtarıblar. Xarici turistlərin diqqətini bura yönəltmək məqsədilə Şahbulaq saray kompleksini təmir edərək "Tiqranakert" adlı tarix muzeyinə çeviriblər. Erməni xəyanəti yalanı təkcə bununla bitmir. Onlar Şahbulağın adını dəyişərək Surenavan Ağdamı isə Akna adlandırıblar (Miras elmi-kütləvi jurnal). Halbuki elə I minillikdə yarandığı ehtimal edilən bu şəhərin adı Ağdam-qədim türk dilində kiçik qala mənasını verir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənasını dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ sənət istiqaməti rolunu oynayıb. Hazırda Qarabağdakı muzeylərin taleyi həyəcan doğurur. Ümumilikdə Azərbaycanın işğal edilən ərazilərində yüz min eksponatı olan muzey talan edilib. Məhv edilən muzeylər sırasında Ağdam çörək muzeyi, tarix diyarşünaslıq muzeyi, tarzən Qurban Primovun xatirə muzeyi də var. Mənfur düşmən Azərbaycan xalqının tarixi mədəniyyəti və incəsənəti ilə bağlı qiymətli əşyaları rəsm və heykəltəraşlıq əsərlərini dünya şöhrətli xalçaları və digər eksponatları mənimsəyərək öz adlarına çıxıblar.

Amma necə deyərlər "Yalan ayaq tutar yeriməz". Qarabağdakı işğal altında qalan torpaqlarımızla birlikdə babalarımızın ruhu, nəfəsi yaşayan abidələrimiz qisas gününü - xilas gününü gözləyir.

 

 

İradə Cavadova

 

Həftə içi.- 2011.- 19-21 noyabr.- S. 14.