Azərbaycanın
Milli Qəhrəmanı - Gültəkin
zirvəsi"
Noyabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı,
Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə
ucalmış Gültəkin Əsgərovanın doğum
günü münasibətilə anım mərasimi
keçirilib. Mərasim Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin "Bura Vətəndir" məclisinin Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü və
azadlığı uğrunda döyüşlərdə həlak
olan Vətən övladlarının əziz xatirəsinə
həsr olunmuş "Şəhidlər ölməz, Vətən
bölünməz!" layihəsi çərçivəsində
gerçəkləşib.
Tədbir iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin məzarını, daha
sonra Şəhidlər Xiyabanına gələrək Gültəkin
Əsgərovanın məzarını ziyarət ediblər. Şəhid
anaları Cəmiyyətinin sədri, pedaqoji elmlər namizədi
Rəfiqə Əsgərova qızının məzarı
önündə çıxış edərək, Gültəkinin
qəhrəmanlıqla zəngin keşməkeşli həyatına
nəzər salıb. Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin prezidenti, Xalq şairi Söhrab Tahir Gültəkin
Əsgərovanın və ümumilikdə Vətən
torpağı uğrunda canlarından keçən
insanların həyatlarını xalqımızın qəhrəmanlıq
salnaməsinə yazılan şanlı səhifə kimi qiymətləndirib.
Tədbirin davamı
Gültəkin Əsgərovanın mənzilində olub. Əvvəlcə
Azərbaycan himni səsləndirilib, şəhidlərin və
Gültəkin Əsgərovanın ruhu bir dəqiqəlik
sükutla yad edilib. Giriş sözü ilə
çıxış edən Rəfiqə Əsgərova
qızı haqqında xatirələrini
bölüşüb. Mərasimdə həmçinin,
İtaliyada gənc ifaçılar arasında keçirilən
beynəlxalq müsabiqədə birincilik qazanan Səməd
Vurğunun nəticəsi Vurğun Vəkilov və
İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən
beynəlxalq müsabiqədə birinci yerə layiq
görülmüş Emin Xəzər musiqi parçaları
ifa ediblər.
Sonda Rəfiqə Əsgərova
və Söhrab Tahir tədbirin yüksək səviyyədə
təşkilinə, görə "Bura Vətəndir" məclisinin
sədri, əməkdar mədəniyyət işçisi Səriyyə
İsmayılovaya təşəkkürlərini bildirərək,
bu tipli tədbirlərin ölməz şəxsiyyətlərinin
ruhuna olan dərin ehtiram kimi qiymətləndirərək, gənclərin
mənəvi tərbiyəsində əvəzsiz olduğunu
diqqətə çatdırıblar. Natiqlər
çıxışlarında ölkə prezidenti İlham Əliyevin
apardığı ardıcıl və məqsədyönlü
siyasətinin torpaqlarımızın işğaldan azad edilməsinə
yönəldiyini diqqətə çatdıraraq,
Qarabağın tezliklə qaytarılacağına əminliklərini
dilə gətiriblər.
Pərvin İsmayılova
Həftə içi.- 2011.- 22 noyabr.- S.
6.