Azərbaycan telekommunikasiyası inkişaf yolunda
Müasir dövrdə
İKT cəmiyyətin inkişafına təsir göstərən
əsas amillərdən birinə çevrilib. İKT-nin əhatə
dairəsi dövlət strukturlarını və vətəndaş
cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri,
elm və təhsili, mədəniyyəti, bütövlükdə
insanların həyat tərzini əhatə edir. Azərbaycanda
son illərdə bu sahənin inkişaf etdirilməsi
üçün ardıcıl addımlar atılıb, bu
istiqamət dövlət siyasətinin prioritetlərindən
birinə çevrilib.
Mütəxəssislər
qlobal dünyada cəmiyyətin
informasiyalaşdırılması prosesinin getdiyini, Azərbaycanın
da dünyada cərəyan edən bu proseslərdən kənarda
qalmadığını və ölkəmizdə dövlət
siyasəti çərçivəsində mühüm
addımlar atıldığını deyirlər.
Rabitə və
informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin
sözlərinə görə, son 6 il ərzində İKT
sektoruna 1,5 milyard ABŞ dolları investisiya qoyulub ki, bunun da 21
faizi xaricdən cəlb edilib. Təkcə 2010-cu ildə
İKT sektoruna 204,1 milyon dollar həcmində birbaşa
investisiya yatırılıb: "Son illərdə Azərbaycanın
İKT sahəsində görülmüş işlər sayəsində
sektorun həcmi 5 dəfə artıb, orta illik artım tempi isə
30-35 faiz təşkil edib. Hətta 2009-cu maliyyə
böhranı ilində inkişaf dinamikası saxlanılaraq
13,7 faiz, 2010-cu ildə isə 32,1 faiz olub. Yaradılmış
əlverişli biznes və rəqabət mühiti şəraitində
əldə olunmuş gəlirlərdə özəl sektorun
payı 70,7 faizdən 80,3 faizə yüksəlib".
Azərbaycanda
telekommunikasiyanın inkişaf yoluna nəzər salan nazir müavini bu istiqamətdə müsbət nəticələrə
nail olunduğunu
söyləyir: "Məsələn, MDB məkanında
ilk dəfə olaraq
2008-ci ildə məhz Azərbaycanın ərazisi tam telefonlaşdırılıb. 2010-cu ildə
isə respublikanın telekommunikasiya şəbəkəsinin
tam elektronlaşması başa
çatdırılıb. 2009-cu ildə mobil
şəbəkədə 3G texnologiyasının tətbiqinə
başlanılıb. Bundan başqa, poçt sahəsində
Dünya Bankının maliyyə dəstəyi
ilə reallaşdırılan "Maliyyə xidmətlərinin
inkişafı" layihəsi uğurla başa çatıb. Artıq poçt
şöbələri tərəfindən bank-maliyyə xidmətlərinin
göstərilməsinə başlanılıb".
O, həmçinin respublikada internetin istifadə səviyyəsinin
artdığını vurğulayaraq
artıq ölkə əhalisinin 50 faizinin
internet istifadəçisi, onlardan 15 faizinin isə
genişzolaqlı xidmətlərdən istifadə etdiyini diqqətə çatdırır:
"Hazırda Azərbaycan istehsalı olan
kompyuter və noutbuklar
region ölkələrinə ixrac edilir. Eyni
zamanda, ölkə məktəblərinin tam kompyuterləşməsi yekunlaşmaq
üzrədir. Artıq məktəblərin 30 faizi
yüksək sürətli internetə qoşulub.
Bütün bunlar
telekommunikasiyanın inkişafının əsas göstəricisidir".
Qeyd edək ki,
Azərbaycan hökuməti telekommunikasiya sektorunun inkişafını sürətləndirmək
məqsədilə bir sıra layihələr
həyata keçirməyi nəzərdə tutur.
Bu layihələr sırasında Regional İnnovasiya
Zonasının yaradılması, Transmilli
Avrasiya super informasiya magistralı, eləcə də telekommunikasiya peykinin orbitə
çıxarılmasını xüsusi vurğulamaq yerinə düşər. Hazırda Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında" və
"Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı" sərəncamlarının icrası ilə əlaqədar
olaraq ölkəmizdə məqsədyönlü
işlər aparılmaqdadır. Ölkə
prezidentinin imzaladığı Dövlət
Proqramı və sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinin
üzvünə çevrilməsi və ölkəmizdə peyk texnologiyalarının istehsalı, tətbiqi,
ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və informasiya
təhlükəsizliyinin təmin olunması üçün
geniş imkanlar
açıb. Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə olunması və
istismar işlərinin həyata
keçirilməsini təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 3 may
2010-cu il tarixli 885
nömrəli Sərəncamı ilə "Azərkosmos"
Açıq Səhmdar Cəmiyyəti təsis edilib. İlk telekommunikasiya peykinin
istehsalı və orbitə çıxarılması məqsədilə
ötən il müvafiq
olaraq ABŞ-ın "Orbital
Sciences Corporation"
və Fransanın "Arianespace"
şirkətləri ilə müqavilələr imzalanıb.
Hazırda müqavilə şərtlərinə uyğun olaraq işlər
yerinə yetirilir, istehsalçı
şirkətlərin nümayəndələri ilə mütəxəssislərimiz
arasında mütəmadi olaraq
görüşlər keçirilir. "Azerspace" telekommunikasiya
peykinin 2012-ci ilin sonuncu rübündə orbitə
çıxarılması nəzərdə tutulur.
Digər tərəfdən, ölkəmizin
əlverişli coğrafi, eləcə də
informasiya magistrallarının kəsişdiyi
məkanda yerləşməsi, informasiya
mübadiləsində xarici ölkələrdən
asılılığının aradan
qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin təmin
edilməsi, Azərbaycanın qlobal informasiya mübadiləsi məkanına
çevrilməsi baxımından telekommunikasiya
peyklərinin hazırlanması və orbitə
çıxarılması böyük əhəmiyyət
kəsb edir. Azərbaycanın telekommunikasiya peykinin əhatə
zonasına Avropa, Asiya
və Şimali Afrikanın bir hissəsi daxildir. Milli peykin ehtiyatlarından
daxili tələbat və beynəlxalq bazarda xidmətlər üçün
istifadə planlaşdırır. Peyk istifadəyə verildikdən
sonra kosmik texnologiyalarla teleradio
yayımı, diplomatik nümayəndəliklərimizlə
birbaşa və etibarlı rabitənin
yaradılması, ölkənin informasiya
təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi,
yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik sahə üzrə kadr
hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni
imkanların yaradılması və s. təmin
ediləcək.
Milli peykin orbitə
çıxarılması məsələsinə münasibət
bildirən nazir müavini
qeyd edir ki, bu istiqamətdə müvafiq qurumlarla iş aparılır: "Milli
orbitin peykə
çıxarılmasından sonra Azərbaycanda
telekommunikasiya sektorunun
inkişafı daha da
sürətlənəcək".
Onu da deyək ki, Azərbaycanda telekommunikasiyanın inkişaf səviyyəsi həm də son illər Bakıda keçirilən ənənəvi
"BakuTel" sərgisində nümayiş olunur. Belə
ki, bu il
"BakuTel-2011" sərgisində iki dəfədən
çox artım müşahidə olunub. Dünyanın 29 ölkəsindən
250-dən çox şirkət öz yeni məhsul və
xidmətlərini nümayiş etdirmək
üçün Bakıda bir
araya gəlib. İlk
dəfə olaraq, "BakuTel"
sərgisində Avstriya, Belarus,
Macarıstan, Fransa, İran,
İsrail, İspaniya,
Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə,
Xorvatiya və Estoniyadan
18 milli ekspozisiya
da iştirak edib. İkinci pavilyonda isə öz
miqyası və təqdim edəcəyi layihələri ilə
fərqlənən Azərbaycan Respublikasının Milli pavilyonu yerləşib.
Qeyd edək ki, builki sərginin iştirakçıları
arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distributorlar, rabitə operatorları və servis şirkətləri olub.
Azərbaycanda telekommunikasiyanın inkişafı çərçivəsində
yerli mobil rabitə
operatorları dördüncü nəsil
rabitə standartında xidmətlərin göstərilməsinə
hazırlaşırlar. Artıq bu təkliflə
mobil rabitə operatorları Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə
müraciət ediblər. Nazir müavini Elmir
Vəliyev isə deyir ki,
4G standartında xidmətlərin göstərilməsi üzrə
lisenziyanın verilməsində heç bir problem yoxdur:
"Əgər şirkət bu standartda xidmətlərin göstərilməsinə
texniki cəhətdən hazır olarsa, onda icazə sənədi
təqdim edilə bilər".
Yeri gəlmişkən deyək ki, noyabrın əvvəlində adıçəkilən
qurum "Azercell"
və "Baksell"ə 3G standartında rabitə xidmətlərinin
göstərilməsi üçün lisenziya verib. Bundan əvvəl isə "Azerfon"
şirkəti 3G standartında rabitə xidmətlərinin
göstərilməsi üçün lisenziya alıb.
Ölkəmizdə telekommunikasiyanın
inkişafı eyni zamanda,
rəqəmsal yayıma keçidi sürətləndirib.
Ümumilikdə isə Beynəlxalq Telekommunikasiya
İttifaqının qərarına əsasən, 2015-ci ilədək
dünya ölkələri rəqəmli
TV yayımına keçidi təmin etməlidirlər.
Elmir Vəlizadənin
sözlərinə görə, Azərbaycanda bu
məsələni reallaşdırmaq məqsədilə Nazirlər
Kabinetinin 26 saylı 10 fevral
2011-ci il tarixli Sərəncamı
ilə ölkə ərazisində rəqəmli televiziya yayım sisteminin
tətbiqi və inkişafı proqramı təsdiq edilib. Bununla da Azərbaycanda rəqəmli TV
yayımına keçidlə əlaqədar indiyədək
sınaq məqsədilə aparılan işlər genişləndirilib.
Artıq Bakı, Gəncə, Şirvan,
Lerik, Lənkəran şəhərlərində
və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmli
TV yayımı həyata keçirilir.
2012-ci ilin yanvar
ayına qədər respublika əhalisinin
85%-nin 10 TV proqramlı açıq paketli
rəqəmli yayımla təmin edilməsi planlaşdırılır.
Daha sonra kommersiya təyinatlı əlavə 50-60 TV
proqramının yayımı da həyata
keçiriləcək. Rəqəmli TV yayımı tam təmin edildikdən sonra
analoq televiziya
yayımı dayandırılacaq.
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev də
bildirir ki, ölkəmizdə
müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə
olduğu kimi, informasiya texnologiyaları sektorunda
da öz mühüm təsirini göstərməkdədir.
Onun sözlərinə görə, rabitə
sisteminin müasir dünya standartları səviyyəsində
yenidən qurulması, yeni
texnologiyaların tətbiqi hökumətin başlıca hədəflərindəndir:
"Məsələn, yüksək dinamikaya
malik mobil rabitə sahəsində
müasir texnologiyaların tətbiqi üçün məqsədyönlü
işlər aparılıb. Ötən il
İKT sahəsində ən yeni
texnologiyaların tətbiqi işləri davam
etdirilib. Paytaxt
Bakı ilə yanaşı, artıq bölgələrdə
də Yeni Nəsil Şəbəkə
(NGN), CDMA və digər modern texnologiyalar tətbiq edilir.
Məsələn, ötən il
Sumqayıt şəhər telefon şəbəkəsi
NGN texnologiyası əsasında rekonstruksiya
olunaraq nömrə tutumu
artırılıb, İP TV, İP telefon,
"Triply play" və
s. multimedia xidmətlərinin
göstərilməsi imkanı yaradılıb".
Mütəxəssis bildirir ki, İKT infrastrukturunun
inkişafında dövlət başçısının böyük xidmətləri var:
"Prezident İlham Əliyevin
11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramı" informasiya-kommunikasiya
texnologiyaları sahəsində yeni inkişaf meyilləri üçün
fundamental əsaslar yaratmış olur. Bu sənəd ölkəmizdə müasir
informasiya və kommunikasiya
texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə İKT xidmətlərinin,
həmçinin dövlət, ictimai və
sahə informasiya resurslarına
çıxışının genişləndirilməsi,
dövlət idarəçiliyinin bütün
səviyyələrində e-hökumət
həllərinin tətbiqi ilə dövlət orqanları
arasında əlaqələrin elektron üsullarla həyata keçirilməsi, vətəndaş
və təşkilatlara göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, e-ticarət, e-səhiyyə
kimi mütərəqqi fəaliyyət
formalarının müasir dövrün tələbləri səviyyəsində
təşkili, İKT xidmət və məhsullarının
istehsalının və ixrac
potensialının artırılması və digər sahələrdə
inkişafa böyük
yol açır".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 29 noyabr.-S.
7.