"Mən
bir Bakı qızıyam"
Hasibə
Şahoğlu: "Fürsət tapan kimi mütləq Azərbaycana
gəlmək fikrim var"
ŞKTC-nin Birləşmiş Ərəb
Əmirliklərində təmsilçisi Hasibə
Şahoğlu ilə "Həftə içi"ndə
eksklüziv söhbət
Xeyli müddət öncə Türkiyənin Azərbaycandakı
səfirliyində katib vəzifəsində bir xanım diplomat
çalışırdı - Hasibə Şahoğlu. Onu
tanıyandan, jurnalist olaraq ünsiyyət qurduqdan sonra bu
xanımın əslində Şimali Kipr Türk Cümhuriyyəti
(ŞKTC) vətəndaşı olduğunu bildik. Həm də
ürəyi şeir-sənətlə döyünən bu
xanım öz yaradıcılığında Şimali Kiprlə
yanaşı Türkiyə, eyni zamanda, Azərbaycanla
bağlı çox sayda şeirlərin sahibidir. Hətta
xatırladığımız qədər, o, Azərbaycanda
olarkən növbəti kitablarından birini məhz Bakıda
çap etdirmişdi.
Azərbaycandan ayrılandan sonra Şimali Kiprin Pakistana
səfiri təyin olunan Hasibə xanım bu uzaq dost ölkədə
vəzifə müddətini başa vurandan sonra bu gün
ölkəsini Birləşmiş Ərəb Əmirliklərində
təmsil etməkdədir. Yeri gəlmişkən,
Hasibə xanım Pakistanda səfir olarkən də "Həftə
içi"nə müsahibə vermişdi. Ənənəmizə
sadiq qalaraq onunla yenidən müsahibə etmək arzumuzu
bildirdikdə ürəkdən razı qaldı və Əbu-Dabidə
vəzifəsinin icrasına yenicə başladığı
günlərdə suallarımızı cavablandırdı.
Xanım diplomat bizimlə söhbətə Birləşmiş
Ərəb Əmirliklərində keçirdiyi günlərindən,
işindən söz açmaqla başladı.
- Birləşmiş
Ərəb Əmirliklərinə gəldiyim və vəzifəmin
icrasına başladığım hələ cəmi bir
aydır. Buradakı təmsilçiliyimiz də eynən Azərbaycanda
olduğu kimi Ticarət və Turizm Nümayəndəliyi
şəklində fəaliyyət göstərir. Hələlik,
hansısa özəl bir status daşımırıq. Amma
deyim ki, Birləşmiş Ərəb Əmirlikləri ilə
Şimali Kipr Türk Respublikasının hər ikisinin dəniz
sahilində yerləşməsi məni darıxmağa qoymur.
Şimali Kiprlə müqayisədə burada havalar daha isti
keçir. Hətta deyim ki, Birləşmiş Ərəb Əmirliklərində
yay 10 ay davam edir. Yerdə qalan iki aya da qış demək
olmaz, çünki havalar olduqca mülayim keçir. Burada hara
baxırsan, nəzərə əcnəbilər dəyir.
Hindistan, Pakistan, Filippin və sair ölkələrdən gələnlər
daha çoxdur. Amma onu da deyim ki, Birləşmiş
Ərəb Əmirliklərində idarəetmə sistemi
çox gözəl qurulub. Ölkənin hər yerində məskunlaşmış
əcnəbilər ən müasir nəzarət sistemində
saxlanılır, bu ölkəyə gələn hər bir kəs
mütləq qeydiyyata alınır. Küçə və
meydanlar tərtəmizdir, göydələnlər tikilmiş
şəhərlər çox sakitdir. Yəqin buna görədir
ki, Əbu Dabiyə gəldiyim qısa müddət ərzində
ölkəyə sürətlə alışmışam,
adaptasiya olunmuşam.
- Dünya birliyi tərəfindən tanınmayan
ŞKTC-yə Əbu-Dabidə münasibət necədir? Əmirliklərin
vətəndaşı olan ərəblərin Şimali Kipr,
ümumiyyətlə, dünyanın hər yerində
yaşayan türklərin barəsində nələr
düşünürlər? Yəni millətimizə
münasibət necədir?
- Bayaq da dedim: biz burada Ticarət və Turizm Təmsilçiliyi
şəklində fəaliyyət göstəririk. Ancaq ərəblərin
türklərə münasibəti çox
yaxşıdır. Şəxsən mənim müşahidəmə
əsasən, onlar hər bir məsələdə türklərə
kömək göstərməyə
çalışırlar. Yeri gəlmişkən, hazırda
Birləşmiş Ərəb Əmirliklərində
çox sayda Türkiyə vətəndaşı
yaşayır. Hətta bu günlərdə bir çox azərbaycanlı
ilə qarşılaşmışam. Söhbət əsnasında
başa düşdüm ki, hamısı burada yaxşı
yaşayır, heç bir problemləri yoxdur.
- Əbu Dabidəki vəzifənizdə yeni olsanız
da, əslində bir diplomat olaraq çox təcrübəli
xanımsınız. Hətta Pakistan kimi nəhəng və
daxili siyasəti qarışıq olan bir dövlətdə səfir
olmusunuz. Bəs bu gün 7 əmirliyi birləşdirən, ərəb-müsəlman
cəmiyyətinə sahib bir dövlətdə işləmək
sizə çətinlik yaratmır ki?
- Hələlik, hər hansı çətinliklə
rastlaşmamışam. Bilirsiniz, diplomat hər yerdə eyni cürdür. Əgər söhbət diplomatın
qadın və ya kişi olmasından gedirsə,
burada da problem yoxdur. Birləşmiş Ərəb
Əmirliklərində isə ümumiyyətlə, qadın
diplomatlar yaxşı qarşılanır.
- Əbu
Dabidə olduğunuz müddətdə Türkiyə və Azərbaycan
diplomatları ilə əlaqələriniz necədir?
- Hansı ölkədə
olmağımıza baxmayaraq türkiyəli diplomatlarla həmişə
əməkdaşlıq şəraitində işləyirik və
bu ölkədə də eyni cür fəaliyyət göstəririk.
O ki qaldı Azərbaycan səfirinə, təəssüf ki,
hələlik onunla tanış
olmamışam. Amma ən yaxın vaxtlarda Azərbaycan
səfirliyinə gedib Şimali Kipr nümayəndəliyi ilə
əlaqələr yaratmaq planım var.
- Məncə, Azərbaycan
səfirliyi ilə münasibətlərinizin koordinasiya
olunması Şimali Kipr nümayəndəliyi olaraq xeyrinizədir...
- Azərbaycanlı
diplomatlarla görüşüb, tanış
olmaq niyyətimiz qətidir. Hətta deyim ki, gələcəkdə
onlarla mütəmadi əlaqə saxlayacağıq. Bilirsiniz, mən bir Bakı qızıyam, Azərbaycan
mənim ata vətənimdir. Hansı
ölkədə olsam da, Azərbaycanı vətənim, ana
yurdum kimi sevib, müdafiə edirəm.
- Bu gün Ərəb Əmirliklərində
çox sayda Türkiyə və Azərbaycan türkü
yaşamaqdadır. Nəzərə alsaq ki,
dünyanın hər yerində türk və azəri diaspor təşkilatları
birlikdə fəaliyyət göstərir, o zaman Birləşmiş
Ərəb Əmirliklərində də eyni cür işləməyin
faydası böyük olardı. Bəs siz
necə, bu diaspor təşkilatlarla əlaqə saxlamaq niyyətindəsinizmi?
- Haqlısınız. Əlbəttə ki, Azərbaycan, Türkiyə və
Şimali Kipr türkləri daima birlikdə hərəkət
ediblər, hər zaman bir-birilərinin haqlarını
müdafiə endiblər. Əminəm ki,
burada da vəziyyət eynən dediyim kimidir. Ancaq məsələ ondadır ki, mən bu ölkəyə
yeni gəlmişəm, ona görə də hələlik
imkan tapıb bu məsələdə hansısa addımı
ata bilməmişəm. Amma bu məsələ
hər zaman bizim planımızın bir hissəsi olub, yəqin
ki, diaspor təşkilatlarının nümayəndələri
ilə görüşüb, müzakirələr
aparacağam.
- Gəlin bir az da nostalji hisslərinizdən
söz açaq. Çoxdandır ki, Azərbaycanı
tərk etmisiniz, ölkəmizi necə
xatırlayırsınız?
- Azərbaycanı bəyəm unutmuşam ki,
xatırlayım da? Bu ölkə həmişə
ürəyimdədir. Orada çox sayda
dostlarım var ki, indi də yazışırıq, telefonla əlaqə
saxlayırıq. Hətta Bakıda vəzifəmi
başa vurandan sonra iki dəfə oraya getmişəm. Bakı və digər şəhərləriniz
xatirimdən çıxmır. Allah qoysa
fürsət tapan kimi mütləq Azərbaycana getmək
fikrim var. Hamınız üçün darıxmışam,
çox istərdim sizləri yenidən görüm. Eşitmişəm geridə
buraxdığımız illərdə Bakı çox
inkişaf edib və bu tərəqqidən qürur duyuram.
İnşallah Qarabağ münaqişəsi də
həllini tapacaq və Azərbaycan heç bir problemi olmayan
ölkəyə çevriləcək.
- Azərbaycanda işlədiyiniz müddətdə
şeirlər yazardınız, hətta bir kitab da
yayınlamışdınız. Yaradıcılığınızı
davam etdirirsinizmi və daha çox hansı janrlarda
yazırsınız?
- Əlbəttə ki,
yaradıcılığımı davam etdirirəm, çox
sayda yeni şeirlərim var. Azərbaycandan sonra fəaliyyət
göstərdiyim İslamabadda da bir şeir kitabı çap
etdirdim. İndinin
özündə də nəşrini gözləyən
çox sayda əsərlərim var. İnşallah yaxın
vaxtlarda onları da çap etdirəcəyəm.
P.S. Son olaraq
oxucularımız üçün də maraqlı
olacağını nəzərə alıb Hasibə
Şahoğlundan Azərbaycandan bəhs edən şeirlərindən
birininin bizə söyləməsini xahiş etdik və təbii
ki, o da çox böyük məmnuniyyətlə
razılaşdı. Yeri gəlmişkən,
Hasibə xanımla hələ Pakistanda səfir olarkən də
müsahibə dərc etmişdik və xanım diplomat o zaman
da qəzetimiz vasitəsilə oxucularımıza şeirlərindən
birini demişdi. Bu dəfə isə 2003-cü ildə
yazdığı "Azərbaycan"ı şeirsevərlərin
diqqətinə çatdırırıq:
"Azərbaycan"
Mən Bakını
sevdim
Gülən gözlərin
sıcaklığında,
Xəzərin
azğın dalğalarını,
Məhrəm
sirlərini sevdim.
Gedənlərin
ardıyca yellənən əllərdəki
Hüznün
sıcaklığını,
Anma günlərindəki
acıyı,
Sevinci paylaşmayı
Mən Azərbaycanı
sevdim.
Yemək
kültürünü,
Ceviz, qarpız məcununu
Ləhcələrimizdəki
bənzərliyi
İçtən
qonaqsevərliyi sevdim.
Sevdim sevəbildiyimcə
Eyni millət qururuyla,
Heyran oldum rəsminə,
Könül verdim nəğməsinə,
Özgün
rəqslərini sevdim.
Mən Azərbaycanı
sevdim
Paylaşdığım
tarixlə,
Kültürümlə,
ceddimlə,
Sevdim və
ürəyimə qoydum bütünlüklə.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 29 noyabr.- S.
1;3.