ƏBRU FƏLSƏFƏSİ
Təfəkkür və
özünüdərkə gedən yol
İnsan oğlunun
ortaq mirası olan sənət hər mədəniyyət
mühitində və çağında fərqli boy, xətt,
rəng və səs olaraq özünü göstərib.
Bu sənət növlərindən
biri də Əbrudur. Əbru sənətinin nə zaman və
hansı ölkədə ortaya çıxdığı məlum
deyil. Əbru sənətinə aid ən qədim əsərlər
Uyğur Respublikasının Hoten əyalətindəki
qazıntılarda tapılan, VIII-X əsrlərə aid olan
nümunələrdir. Ayrıca Azərbaycanda arxeoloji
qazıntılar zamanı çıxarılmış XIV əsrə
aid olduğu təsbit edilən çini üzərinə
işlənmiş əbruli əşyaların da var olduğu
iddia edilir.
Bulud və ya buluda bənzər
anlamına gələn əbrunun bəzi qaynaqlara görə,
Hindistanda yarandığı yazılır. Bəzi qaynaqlarda
isə Özbəkistanın Buxara şəhərində
meydana gəlib, Orta Asiya dillərindən olan
çağataycada "dalğalı , cizgili " mənasını
daşıyıb, "əbrə" adı ilə məlumdur.
İpək Yolu ilə
İrana gələn bu sənət həmin ölkədə
"abru" (su üzü) və ya "əbri" (buluda bənzər,
bulud kimi) olaraq adlandırılır. Daha sonra türklərlə
birlikdə Anadoluya gələn bu sənətin adı "əbru"
olaraq tanınmışdır.
Avropada
"Marbling" adı ilə məşhurlaşan əbru,
XVII əsrdə "türk mərmər
kağızı" kimi bu coğrafi ərazidə
böyük maraq doğurub. Günümüzdə
Avropanın bir çox
muzeyində əbru sənətçilərinin əsərləri
var.
Əbru sənəti ən qədim türk kağız süsləmə sənətidir.
Əbru sənətindən, kitab cild rəsmlərində, xəttatlıqda, fon kağızı süsləməsində
istifadə edilir. Əbru sənətində
işlədilən rənglərin çoxu
təbiətdən alınıb. Bu,
torpaq və qayalardan,
bitkilərdən, təbiətdə olan rənglərdən
qaynaqlanan boyalardır. Klassik
əbruda əsas olan boyanın suda əriməməsidir. Boya
əzilib toz halına gətirilir və qurudulmuş sığır ödü
də üyüdülüb ona qarışdırılır. Sonra kitrəli su
(yabanı tikan suyu)
hazırlanır. Həmin boya
qarışığı at tükündən
olan fırça ilə və ya incə bir çubuqla əbru qabındakı suya səpilir. Boyanın içindəki
sığır ödü rənglərin
bir-birinə qarışmasına mane olur. Suda rənglər buluda bənzər, rəngarəng bir hal alır. Bunun üzərinə
müxtəlif çiçək rəsmləri də
damladılıb, dəmir çubuqla
aşağıya və ya yuxarıya
çəkilir (lalə, qərənfil, qızılgül). Əbrunun
kağıza köçürülməsi məharət, incəlik
və əldən zirəklik istəyir. Çünki
suyun üzərindəki rənglər
qalıcı deyil. Əgər tez hərəkət edilməzsə, suyun üzərindəki naxışlar bir an içində yox olub gedər, dağılar.
Bu səbəbdən həmin sənəti
icra edən sənətkar təqdirəlayiqdir.
Əbru ustadı Mustafa Esat Düzgüman
şeirlərindən birində sevdiyi sənət
barədə belə deyir:
Tərif gərçi asan amma tətbiqatda güçlük
var,
Təcrübəsiz yapılarsa insan olar biqərar,
Görünüşə aldanıb da çox asanmış demə sən,
Bir ixtisas
işidir bu aşiq olan ər yapar.
... Bəzən günəş
batarkən və ya doğarkən üfüqdə onun qırmızı, sarı,
mavi rəng çalarlarıyla buludları
sanki bir əbru kimi şəkilləndirdiyini görürük.
Bəzi gecələrdə isə
ay sanki əsrarəngiz
fırçası ilə
baxışlarının nurunu
buludların arasından
göy üzünə
səpir. Bunu əbru sənəti ilə kağıza köçürmək o qədər
gözəldir ki...
Sanki sənətçi rənglərin
içinə axır,
səmanın ənginliklərində
yox olur... Min bir çeşid
gözəlliyin dünyası
olan əbru, sənətçinin əli
ilə könül qapısını açır,
orada taxtda oturur.
Əbru sənəti
ilə işləyən
ulu babalarımız bir anda dəyişən,
rəngdən rəngə
girən bu səmavi gözəllikləri
yer üzünə gətirib, şahanə əsərləri kağız
üzərində əbədiləşdiriblər.
Hz. Əli
nə gözəl deyib: "Sən özünü kiçik
bir cisim sanırsan, halbuki bütün aləm sənin ətrafında dönür".
Çox əmək
istəyən əbru
sənətinin geri dönüşü və
təkrarı yoxdur.
Ən qədim Osmanlı əbru əsəri 1595-ci
ilə aiddir. Şebek Mehmet Efendi imzasını
daşıyır. Ancaq
bir sənətin inkişafı və qəbul olunması üçün yüzlərlə
il keçməlidir.
Bunu düşündüyümüzdə əbrunun nə qədər keçmişə
dayanan tarixi olduğunu görərik.
Əbru sənəti ilə bağlı yazılmış
ilk əsər "Tərkibi-i
Risalə-i əbri"
dir. Bu əsər 1608-ci ildə
yazılmış, əbrunun
işlənmə tərzindən
və sənətkarlığından
bəhs edir. Osmanlıda Mehmet Əfəndidən sonraki ən əhəmiyyətli əbru
sənətçisi "Hatip"
əbrusuna da adını verən istanbullu Hatip Mehmet Efendidir. Eyni zamanda, xəttat olan sənətçi Ayasofya məscidində də hatiplik edib. İnsanın əbru sənəti
ilə təması digər sənətlərə
nəzərən mənən
daha çox və özəldir.
Əbru təfəkkürə və
özünü dərk
etməyə dayanır.
Sənətçi ilə elə
bütünləşir ki,
sanki kainatın yaradılışını onda
hiss etmək mümkün
olur. Və əbru əyani zərafətdir, mübahisəsiz
gerçəkdir... Əbru
başdan başa bir fəlsəfədir...
Pərvanə Əlizadə
Həftə
içi.- 2011.- 7 sentyabr.- S. 7.