"İstəməzdim
ki, tamaşaçı məni
şüşə arxasından seyr etsin"
"Mən
teatrı cəbhəyə bənzədirəm. Bu cəbhədə rejissorlar
komandir, aktyorlar isə
əsgərlərdir. Təbii ki, belə
yerdə tamaşaçı da müharibəni
qızışdıran bir vasitə rolunu oynayır". Bu
sözlərin müəllifi səhnəmizin "Gültəkini",
"Xumarı", "Dezdemonası"dır. Onu cəbhəyə bənzətdiyi teatr səhəsindən ayırıb
suallarımıza cavab istədik. Beləliklə,
müsahibimiz Gənc
Tamaşaçılar Teatrının aktrisası, əməkdar
artist Leyli Vəliyevadır.
- Leyli xanım, əvvəlcə
oxucularımıza özünüz haqda məlumat verəsiniz.
- Gənc Tamaşaçılar
Teatrının aktirisası, əməkdar artist,
prezident mükafatçısı Leyli Vəliyeva. Artıq 20 ildir
ki, səhnədəyəm. Həyatımın
demək olar ki,
yarı hissəsini teatra həsr etmişəm.
- Bir aktrisa kimi
formalaşmağınızda kimlərin əməyi var?
- Böyük
sənətkarların əlindən su
içmişəm. Universitetdəki müəllimlərimdən
tutmuş hazırda da
çalışdığım rejissorların və hətta
tərəf müqabillərimin də üzərimdə çox əməyi var. Həmişə
fəxr etmişəm ki, Zəminə
Hacıyeva, Məlik Dadaşov, Elmira Şabanova, İrina Perlova və Cənnət
Səlimova kimi insanlardan
dərs almışam. Bu baxımdan şans həmişə üzümə gülüb, tələbə olarkən də,
aktrisa kimi
formalaşdıqdan sonra da
gözəl və istedadlı müəllimlərdən, rejissorlardan bəhrələnmişəm.
Müəllimlərim arasında rəhmətə gedənləri
də var. Mən indi
də onların böyüklüyünü
hər səhnəyə çıxanda hiss
edirəm".
- Teatrda kişi aktyorlarla
oynadığınız rollar həyat
yoldaşınızın qısqanclığına səbəb
olmur ki?
- Qətiyyən yox.
Çünki o bilirdi ki, bir
aktrisa ilə ailə həyatı qurur. Nofəl Vəliyev də aktyordur
və o da səhnədə
dəfələrlə başqa
qadınları qucaqlayıb (gülür).
Tam səmimi deyirəm nə mən
yoldaşımı, nə də o məni
qətiyyən qısqanmır. Burada biz ikimiz də hər
şeyə sırf peşə zəminində
yanaşırıq. İnsan səhnədə
olarkən heç nə xatırlamır.
Hətta bəzən rolun təsirinə
qapılanda adam özünü
də unudur. Səhnədə olarkən biz ölüm-dirim
mübarizəsi ilə məşğul oluruq.
Necə deyərlər, tamaşaçı ilə mübarizəyə
çıxırıq. Peşəkar aktyor
şəxsi məsələlərini, problemlərini səhnəyə
çıxarmamalıdır. Tamaşaçını onun problemi deyil,
oynadığı obraz
maraqlandırır.
- Hər bir aktyor və aktrisa səhnədə
tamaşaçını razı salmaq üçün çalışır. Bəs
sizlər necə, bizlərdən, yəni
tamaşaçılardan razı qala bilirsinizmi?
- Rejissorumuz Cənnət
Səlimovanın gözəl bir sözü var:
"Tamaşaçı həmişə haqlıdır".
Bu həqiqətən də belədir. Biz səhnədə öz
istədiyimizi deyil,
tamaşaçının istədiyini göstərməliyik
və onun ürəyincə
olmalıyıq. Tamaşaçı bizim onu inandırmağımızı,
güldürməyimizi, ağlatmağımızı istəyir.
O, bizə baxanda öz
həyat yoldaşının, qızının, qonşusunun, qohumunun taleyini görmək və gördüyünə
inanmaq istəyir. Lakin
əgər tamaşaçı gedəcəyi tamaşanı
seçməyi başqasına həvalə edirsə, o zaman günah
onun özündədir.
- Aldığınız məvacib
sizi qane edirmi?
- Sənətimi
sevdiyimə, teatrsız
yaşaya bilmədiyimə
görə bu gün səhnədəyəm.
Deməzdim əməkhaqqımdan narazıyam. Aldığım qonorar məni razı salır, ancaq başqalarını demək olmaz. İmkanı
çox aşağı
olan sənətçilərimiz
də var. Buna görə
məncə, bu məsələyə baxılmalıdır.
İnanıram ki, tez bir zamanda buna
baxılacaq. Aktyorlarımızla maraqlanmaq, onlara qayğı göstərmək
lazımdır. Sənət adamının
puldan daha çox qayğı və sevgiyə ehtiyacı var.
- Bu sənəti
seçərkən nə
itirdiz, nə qazandınız? Sənətiniz üçün nəyisə və ya kimisə qurban verdinizmi?
- Bu sənət
mənim öz seçimim idi. Uşaqlıqdan olan arzumun dalınca getdim və indi də
olmaq istədiyim yerdə - səhnədəyəm.
Bunu mənə kimsə məcbur etməyib və bu sənətə
gəlmək üçün
heç bir qurban da verməmişəm.
Teatra gəlməklə heç
nə itirmədim, əksinə dəyəri
heç bir şeylə ölçülməyən
tamaşaçı ordusu,
alqış qazandım.
Şükürlər olsun
ki, ailəm, qızım, məni sevən və sevdiyim həyat yoldaşım, sevimli peşəm var. Bir aktrisa bundan artıq nə istəyə bilər ki...
- Övladlarınızın
yolunuzu davam etdirməyini istərdinizmi?
- Özündən
sonra peşəmi, duyğularımı, dəsti-xəttimi,
ideyalarımı yaşadan
birinin olması gözəl bir duyğudur. Ancaq bir qızım
var, onun da müəllimə olmasını istəyirəm.
- Leyli xanım həyatının
şah rolunu oynayıbmı?
- Məncə,
hələ yox. Bundan sonra hələ çox rolda oynayacağam və oynamalıyam. Həyatımın şah rolu da
yəqin ki, onlardan biri olacaq.
Düzü, rollarımın əksəriyyətində natamamlıq
hiss etmişəm. Açığı, özümü razı salacaq rolumu hələ də oynamamışam. Mən öz
şah rolumu rus klassikasında - Dostoyevskidə, Ostrovskidə,
Tolstoyda axtarıram.
- Arzusunda olduğunuz və oynamaq istədiyiniz rol hansıdır?
- Bizdə əsasən rolları rejissorlar özləri seçir. Onlar mənə hansı
rolu təklif etsə, onu da canladırıram.
Bəzən rollardan gözüm
doymadığına görə
yoldaşlarım mənə
"acgöz" də
deyir. Peşəkar aktyor "acgöz"
olmalıdır. Arzusunda olduğum
rollara gəlincə isə "Nastasiya Flipovna"nı, "Kleopatranı",
"Karmeni" oynamaq
istərdim.
- Filmlərə
dəvət almısınızmı?
- Əslində
mən bu sənətə gələndə
kinonu seçmişdim.
Elə bilirdim ki, kinoaktrisa
olacağam, mənim tayım-bərabərim olmayacaq.
Lakin indi kinonu sevmirəm.
Açığı, mən indiki
Azərbaycan kinosundan narazıyam. Ona görə
yox ki, Leyli
Vəliyeva orada yoxdur. Ona görə ki,
indi Azərbaycanda kinorejissor yoxdur. Əgər mənim üçün onlar yoxdursa, deməli, mən də onlar üçün
yoxam. Bir neçə dəfə
ən yaxşı rejissorlardan filmdə çəkilmək üçün
müraciətlər almışam,
hətta söz verənlər də olub. Lakin sonra nədənsə,
filmə başqa bir aktrisa çəkilib.
Mənim
üçün teatr
bir cəbhədir.
Rejissorlar komandir, aktyorlar
isə əsgərlərdir,
təbii ki, belə yerdə tamaşaçı da müharibəni qızışdıran
bir vasitə rolunu oynayır. Teatr canlı sənətdir, teatrda həyat var, kino da
isə yox. Oyunçu səhnədə
tamaşaçıdan əks
təsiri hiss edəndə,
alqış qazananda daha da ruhlanır.
Kinoda bu yoxdur. İstəməzdim ki, tamaşaçı
məni şüşə
arxasından seyr etsin. Bir zamanlar kino ulduzu olmaq arzusunda
olmağıma baxmayaraq,
indi teatrı daha çox sevirəm. Filmdə çəkilməyi ancaq özümdən sonra bir iz,
yadigar qoymaq üçün istərdim.
- Tərəf
müqabilinizdən və
sizə təklif edilən rollardan imtina etdiyiniz olubmu?
- Əlbəttə,
imtina etdiyim rollar da, razı
qalmadığım tərəf
müqabilim də olub. Bəzən elə olub ki, sevmədiyim və heç danışmadığım bir
adamla tərəf müqabili olmuşam.
Mən səhnədə o rola Leyli kimi yox,
tərəf müqabili
kimi yanaşıram.
Hətta
məşqlərdə də
mən o insanı özü kimi deyil, canlandırdığı
obraz kimi görürəm. Rol məndən
nəyi tələb edirsə, onu da oynayıram. Onu da deyim ki,
həyat yoldaşımla
(Nofəl Vəliyev -
N.İ) bir çox rollarda tərəf müqabili olmuşuq.
Nofəllə oynamaq mənim
çox xoşuma gəlir. Özümü rahat, arxayın
və güvəndə
hiss edirəm. Ancaq çox
qəribədir ki, o, mənimlə oynayanda rahat olmur. Deyir bütün fikrim-zikrim sənin yanında qalır (gülür-N.İ).
- Kimlərin pyeslərini oynamaq daha çətindir?
- Yazıçıların
üslubu bir-birindən
fəqli olduğu kimi, canlandırılan personajlar, onların hərəkətləri və
danışıqları da
bir-birindən fərqlənir.
Məsələn, Hüseyn Cavidin
dili də, üslubu da tamam başqadır. Onun pyeslərini məişət
üslubunda oynamaq olmaz. Cavidin pyeslərində pafosla oynamaq mütləqdir. Çexovda isə
məişət üslubuna
üstünlük vermək
lazımdır, pafoslu
çıxışlara ehtiyac
yoxdur. Şekspiri, Cavidi, Cabbarlını,
Dostoyevskinin qəhrəmanlarını
canlandırmaq gözəl
və zövqverici olduğu qədər də həm çətin, həm də məsuliyyətlidir.
- Aydının Gültəkini,
Otellonun Dezdimonası və Şeyx Sənanın Xumarı - bunlardan hansının faciəsi daha dərindir?
- Hər kəs hər 3
personajın faciəsinə fərqli yanaşa
bilər. Mənim fikrimcə, onları çörək, pul, yaşadıqları dövr
deyil, öz məhəbbətləri
idi məhv edən. Birinci
baxaq "Aydın" tamaşasına.
Gültəkin onsuz da
kasıb evdən gəlməmişdi. Heç
Dövlət bəyin malı-pulu onun umrunda da deyildi.
O, özünü Aydına görə qurban verdi və faciəsi
də elə ordan başladı. Yaxud "Otello"da Dezdimona sağ
qalmaq üçün
biletini alıb Kiprdən Venetsiyada
yaşayan atasının yanına gedərdi.
Lakin o, bunu edə bilmədi. Onu eşqi,
Otelloya olan məhəbbəti
qoymadı getməyə və monoloqunda da dediyi kimi
"Məni məhv eləsə də, toxuna
bilməz heç vədə mənim
eşqimə. Yaxud Cavidin
Şeyx Sənan tamaşasında Sənanı
Xumar qədər sevən olmayıb.
Onlar da öz sevgiləri uğrunda
məhv oldular. Bu üç faciəni də birləşdirən
ancaq eşqdir,
qarşılıqlı, lakin sonu olmayan eşq.
Məncə, bütün dövrlər üçün Şeyx Sənan
və Xumarın faciəsi ən dərindir.
- Digər yaş
təbəqəsinə nisbətən gənc nəslin zövqü daha müxtəlif
olur. Gənclərə hər şeyi bəyəndirmək o
qədər də asan deyil.
Sizcə bu günün
gənc tamaşaçılarını da
rollarınızla razı sala bilirsinizmi?
- Əgər rolu
doğrudan da gözəl
ifa edirsənsə, tamaşaçı səni
bəyənəcək, yox əgər tamaşaçı
səni bəyənmədisə, deməli, rolun
öhdəsindən gələ bilməmisən. Peşəkar
aktyor tamaşaçını
"aldatmağı" bacarmalıdır. Amma
əvvəlcə özün rola inanıb aldanmalısan ki,
tamaşaçını da "aldada" biləsən. Gənclər hər
dəfə yenilik tələb edir. Əvvəlki nəsilləri inandırmaq
asan idi. İndikiləri
inandırmaq üçün isə səhnədə
"qan tökmək" lazımdır. Sizin dediyiniz o gənc tamaşaçıdan biri də elə öz
evimdə var. Bəzən elə olur ki, çox
bəyənilən bir rolumu
qızım bəyənmir. Deyir çox pis oynadın bu rolu. O, mənim ən böyük tənqidçimdir.
Nigar İxtiyarqızı
Həftə içi.- 2011.- 16 sentyabr.-
S. 8.