"Muğam haqqında qanun" qəbul olunarsa...
"Sənətin Azərbaycan xalqına məxsus olması bir daha dünyaya
nümayiş olunacaq"
Son dövrlər ölkəmizdə muğam
sənətinə göstərilən
qayğı xalqımızın
diqqətindən yayınmır. Belə ki, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə gördüyü
işlər mənəvi
sərvətimiz olan muğamın dünya səviyyəsində tanıdılmasına
yönəlib. Bu təqdirəlayiq
işlərlə yanaşı, Azərbaycanda ilk dəfə
"Muğam sənətinin qorunması və inkişaf
etdirilməsi haqqında" qanun da qəbul olunacaq. Belə ki, qanun layihəsi Milli Məclisin mədəniyyət
komitəsinin iclasında
ilk dəfə olaraq müzakirəyə çıxarılıb.
Yeni qanun layihəsi
Azərbaycan muğam sənətinin
ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini
müəyyənləşdirir. Bu, azərbaycanlıların mədəni
irsinin tərkib hissəsi olan və tarixən ifa etdikləri
Azərbaycan muğamlarının hüquqi qorunması,
öyrənilməsi, tədqiqi, tədrisi, təbliği və
inkişaf etdirilməsi ilə bağlı yaranan münasibətləri
tənzimləyir. Layihədə həmçinin
Muğam Şurasının yaradılması, itirilmə təhlükəsi
olan nadir muğam sənət nümunələrinin müasir
üsullarla bərpası, kütləvi istehsal edilən xalq
çalğı alətlərinə "Azərbaycan"
sözünün nəqş edilməsi və muğamla
bağlı bütün incəliklər əksini tapıb.
Müzakirələr zamanı deputatlar son illərdə
Azərbaycan muğam sənətinə dövlətin
qayğısından danışıb və Heydər Əliyev
Fondunun bu istiqamətdə atdığı məqsədyönlü
addımları xüsusi vurğulayıblar. Onu da nəzərinizə
çatdıraq ki, qanun layihəsinin müəllifi, komitənin
sədr müavini Rafael Hüseynov bildirib ki, muğam Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi
üçün istifadə edilən vacib amillərdəndir,
dünya azərbaycanlılarını birləşdirən dəyərdir:
"Azərbaycanın birinci xanımı UNESCO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
muğamımızın dünyanın maddi mədəni irsi
siyahısına daxil olmasına nail olub. Ona
görə də bu sənət haqqında qanun layihəsinin
hazırlanması da labüddür". Onu
da əlavə edək ki, qanun layihəsi 4 fəsil 9 maddədən
ibarətdir. Müzakirələrdən
sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mədəniyyət komitəsinin üzvü, millət vəkili
Jalə Əliyevanın sözlərinə görə,
ölkənin birinci xanımı Mehriban Əliyevanın
muğam sənətinin inkişafına göstərdiyi diqqətə
qədər muğam məhv olmaq təhlükəsi ilə
qarşı-qarşıya idi: "Buna səbəb isə son
dövrlərdə bizlərin düşüncəsinə yad
olan müxtəlif sənət nümunələrinin cəmiyyətə
aşılanmasına cəhd idi. Elə buna
görə də ortaya çıxan musiqilər
muğamı sıxışdırıb
aradan çıxarırdı.
İlk növbədə isə muğam sənətinin
davamçıları yetişmirdi. Lakin
dövlətimizin bu sahədə atdığı addımlar
bütün bunların qarşısını aldı".
Müsahibim onu da əlavə etdi ki, ötən sessiya
zamanı komitənin sədr müavini, professor Rafael
Hüseynov tərəfindən hazırlanan "Muğam sənəti
haqqında" qanun layihəsi də ilkin variantda müzakirədən
keçirilmişdi: "Çünki belə bir qanun layihəsinin
də müzakirələrə çıxarılması və
qəbul edilməsinə böyük bir ehtiyac var. Xüsusilə
də "Mədəniyyət haqqında" qanuna nəzərdə
tutulan dəyişikliklər belə bir qanunun
hazırlanması, qəbul edilməsi zərurətini ortaya
qoyur". J.Əliyeva onu da diqqətə çatdırdı
ki, mədəniyyətimizin böyük bir qolu olan Azərbaycan
muğamının hüquqi cəhətdən
qorunmasını təmin etmək, bunun məhz Azərbaycana -
xalqımıza məxsus olmasını bir daha dünyaya
nümayiş etdirmək üçün belə bir qanun layihəsinin
hazırlanması və sonda qəbul edilməsi olduqca vacibdir
və əhəmiyyətlidir: "Onu da nəzərə alaq
ki, nəinki torpaqlarımızda, sərvətlərimizdə,
həmçinin, mədəniyyətimizdə, incəsənətimizdə,
mədəniyyət nümunələrimizdə gözü
olan məkrli qonşumuz var. Ermənilər hər zaman bizim mədəniyyət
nümunələrimizi, abidələrimizi öz adlarına
çıxmaqdan çəkinməyiblər və təəssüflər
olsun ki, bu gün də mənfur niyyətlərindən əl
çəkmirlər. Qonşularımız
utanmasalar, hətta muğamın da onlara məxsus olduğunu
iddia edər, - necə ki, müəyyən məqamlarda bu
cür cəhdlər olub - öz adlarına
çıxırlar. Ancaq bütün
dünya da bilir və birmənalı olaraq qəbul edir ki,
muğam məhz bizə məxsusdur, bizə aiddir. Muğam adi sənət deyil, o bizim milli
varlığımız, ruhumuzdur. Odur ki,
bu sənətin də hüquqi cəhətdən qorunması,
tənzimlənməsi ilə bağlı qanuna
ehtiyacımız var". Millət vəkilinin sözlərinə
görə, qanunda muğamın təbliği və tədrisi
ilə bağlı müddəalar öz əksini tapır:
"Gərəkən hər şey hazırdır, sadəcə,
qanun öz qəbulunu gözləyir".
Muğam ustası Əlibaba Məmmədov bildirdi ki, Azərbaycan
muğamına bu cür yüksək beynəlxalq qiymətin
verilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın böyük zəhməti olub:
"Azərbaycan muğamı qədim və zəngin ənənəyə
malikdir. Əsrlər boyu muğam sənəti
Azərbaycan xalqının ən yüksək mənəvi
nailiyyətləri ilə zənginləşib, inkişaf edib.
Ölkəmiz müstəqillik qazandıqdan
sonra isə bu inkişaf yeni mərhələyə qədəm
qoyub. YUNESKO tərəfindən
Azərbaycan muğamının qeyri-maddi mədəni sərvətlər
sırasına daxil edilməsi heç də təsadüfi
sayılmamalıdır". Artıq ikinci dəfədir
ki, Azərbaycanın ev sahibliyi ilə
keçirilən Beynəlxalq Muğam Festivalının da
tarixi əhəmiyyət daşıdığını
vurğulayan Ə.Məmmədov qeyd etdi
ki, adıçəkilən qanunun qəbulu sənətin daha
da inkişaf etməsinə zəmin yaradacaq: "Biz öz sənət
nümunəmizi inkişaf etdirməklə yanaşı, onu həm
də qorumalıyıq. Elə bu səbəbdən
də qanunun qəbul olunmasını təqdirəlayiq hal
hesab edərdim".
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 5 oktyabr.- S. 8.