"Papaq özü bir sənət əsəridir"

 

Xalqımızın ən qədim sənətlərindən biri də papaqçılıqdır. Hətta dahi Nizaminin əsərlərində yarımçıq papaqçılıq barədə fikirlərə də rast gəlmək olar. Çox təəssüf olsun ki, hazırda bu sənətə az insanlar meyil edir. Və bu sənətin xiridarları da sən deyən elə çox deyil. İndi paytaxtda bu sənətlə məşğul olan çox az sayda papaqçıya rast gəlmək olar. Onlar da milli papaqlarımızı bir milli atribut kimi nəinki qoruyub saxlayır, hətta onu dünyada da tanıtdırırlar. Bir neçə gün bundan öncə Milli Parkda keçirilən sərgidə qədim xalçaçılıq, digər nümunələrlə yanaşı, milli papaqlarımız da nümayiş etdirildi.  

Gənc olsa da, artıq kifayət qədər tanınmış papaqçı Zaur Uruxovla elə sərgidə tanış olduq. Sərgidən sonra vaxt tapıb sənətkarla iş yerində görüşə bildik. Zaur Uruxovla söhbətimiz papaqçılıq sənətinin bugünkü durumu ilə bağlı oldu.

- Zaur bəy, bildiyimiz kimi, papaq xalqımız üçün dəyərlər simvoludur. Sizcə bu papağa münasibət dəyişib, yoxsa...

- Papaq kişilik simvoludur. 5-10 il bundan əvvəl "norka" papaqlara daha çox üstünlük verərdilər. Artıq gənclərimiz, yəni yeni yetişən nəsil öz tariximizi öyrənir, yaxın keçmişimizə qayıdır. Bir o qədər də milli papağa maraq artır. Hətta biz şəkil çəkdirəndə də rusun yox, öz milli papağımızla şəkil çəkdiririk. Bu da bir məharət, qürurdur. Milli papaq hər bir kişiyə ilham verir. Hər bir insana qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Ələkbər Sabir ruhu aşılayır. Hərdən gəlib soruşurlar ki, bura dərzidir? Biz onlara iftixarla cavab veririk xeyr, biz papaqçıyıq. Hələ də insanlarımız dərzi ilə papaqçını səhv salırlar.

- Bəs necə oldu ki, bu sənəti seçdiniz.

- Biz nəsillikcə papaqçı olmuşuq. Üç əsrə yaxındır ki, bu sənəti davam etdiririk. Məni də bu sənətə dayım gətirib. Dayım Sədini ölkəmizdə tanımayan az adam tapılar. Ən məşhur sənətkardır. Mənə dedi ki, bu kişi sənətidir və papağın sirlərini mənə öyrətdi.

- Papağın kimi sirləri var?

- Papağın sirlərindən biri quzu dərisindəki güllərin istiqamətinin düzgün təyin olunmasıdır. Elə ustalar var ki, dərini tərsinə biçir. Amma əslində papaq başa qoyulanda onun gülləri soldan sağa doğru getməlidir. Onda dəri daha parlaq daha gözəl görsənir.

- Siz deyə bilərsinizmi neçə adda papaq var.

- Papağın növləri çoxdur. Onlardan seyid papağı, bəy papağı, qoçu papağı, qulaqlı papaq, motal papaq, hacı papağını göstərmək olar. Əsas milli papaq isə hündürlüyü 11 santimetrdən çox olmayan yumuru papağımız olan bəy papağıdır.

- Bəs papağın qoyuluşu necə olmalıdır?

- Çox gözəl sualdır. Çox adam bunu bilmir. Necə gəldi papağı başından çıxardıb onu yerə atır. Əslində belə olmamalıdır. Papaq başdan çıxardılandan sonra yan üstə qoyulmalıdır. Çünki papaq kişinin namusu, qeyrətidir. Papağı ağzı üstə qoymazlar, kişinin qeyrətini hes kəs ağzı üstə qoya bilməz. Papağı arxası üstə, beli üstə belə yerə qoymaq olmaz, bu papaq geyən kişilərin kürəyini yerə qoymaq deməkdir. Gülləri xırda dəridən tikilən papağı üzdən arıq insanlar başa qoyur ki, papaq ona yaraşsın. İri gülləri olan papağı üzü iri adamlar başa qoyur. Papaqla kişinin üz simmetriyası uyğun gəlməlidir. Yəni papaq kişini kişi kimi göstərməlidir.

- Papaq sifariş edənlər azalıb, yoxsa artıb?

- Əvvəlki illərə nisbətən indi papaq sifarişçilərinin sayı artıb. Belə ki, 10 il bundan əvvəl 100 kişidən 20-si papaq sifariş edirdisə, ondan da 10-u qulaqlı papaq olardı. Amma indi 100 kişidən 60-65-i sifariş edir, onların da çoxu milli papağa üstünlük verir. Onu da qeyd edim ki, respublikanın tanınmış əksər aşıqları da papaqlarını bizə tikdirir.

- Əgər sirr deyilsə, deyə bilərsinizmi müştəriyə papağı neçəyə tikirsiniz?

- Qiymətlər müxtəlifdir. Əgər papaq qara dəridəndirsə 50-100 manat, əntiq dəridən tikilən papaq daha baha, 100 manatdan yuxarı qiymətə başa gəlir.

- Papaq sizin özünüz üçün nədir?

- Papaq mənim üçün kişilik simvoludur. Çünki kişinin papağını da kişi tikər.

- Azərbaycanda neçə nəfər papaqçı qalıb? Məşhur papaq ustalarından kimləri tanıyırsınız?

- Azərbaycanda papaqçını barmaqla saymaq olar. Hazırda bu sənəti bizə öyrədən tanınmış ustalardan ağdamlı Əyyub dayını, şəkili Qurban kişini, sabirabadlı Ramizi balakənli Sədi dayını tanıyıram. Onlar bu sənəti qoruyub saxlamaqla yanaşı, gənc nəsilə öyrədirlər. Bu sənət yaşayıb, yaşayır yaşayacaq.

   - Papağın materialları barədə məlumat verməyiniz maraqlı olardı.

- Papaq quzu dərisindən tikilir. Quzular kəsilmə gününə görə müxtəlifdir. Birgünlük quzudan tutmuş 10 günlüyə qədər kəsilmiş quzuların dərisindən tikilir. Biz dərini əsasən Buxara şəhərindən gətirdirik. Həmin dərinin birini 50-100 manata alırıq. Buxara dərisi daha qiymətlidir.

- Bəs bizdə quzu yoxdurmu?

- Bizdə o cür heyvan saxlanılmır. Ona görə ki, ən gozəl ot Hollandiyadadır. Buxaradakı qoyunları Hollandiyaya apardılar, amma həmin keyfiyyəti vermədi.

Çünki bu keyfiyyətli dərilər ancaq isti qumlu, çör-çöplü olan yerdə alınır.

- Neçə ildir sənətdəsiniz? Yetirmələriniz varmı?

- 11 ildir bu sənətdəyəm. Şagirdlərim İrşad Qazaxov, Vüqar İsmayılov Qurban Xalayev artıq bu sənətə yiyələniblər. Yenə deyirəm bizdə papaq nəsillikcədir. Biz çalışırıq ki, bu şərəfli peşəni davam etdirək. Onu da nəzərinizə çatdırım ki, döyüşçü papaqları da var ona general papağı da deyirik. Halbuki vaxtilə o papaqları Atatürk, General Şıxlinski, Cavadxan, İbrahim Xəlilxan, Şeyx Şamil, General Mehmandarov, Həzi Aslanov kimi kişilər başlarına qoyublar. Biz döyüş papaqlarını ancaq kinostudiya üçün tikirik. Hal-hazırda Cabbarlı adına Azərbaycan kinostudiyası sifarişlərini bizə verir. Abbasqulu Ağa Bakıxanov haqqında kino çəkilir. Artıq həmin filmin baş rolları üçün 7-8 papaq tikmişik. Hətta M.Ş.Vazeh, M.F.Axundovun rolunu oynayacaq aktyorlar üçün papaq tikmişik.

- Nəyə görə kinostudiya papaq sifarişini məhz sizə verir? Axı respublikamızda sizdən yaşlı, təcrübəli papaqçılar var?

   - Sənətə gərək sənətkar gözüylə baxasan. Bu sahədə ustad sənətçilərimiz var. Biz onlardan öyrənmişik. Amma papağın rəmzləri, inciləri, bu günə kimi açılmayan sirləri var. Papağın üst hissəsi göydə Ayın formasını, çöl dairəsi Günəşin simvolunu, içinin sırıqları isə göyün qurşağını əks etdirir. Papağın içərisindəki astarın üst hissəsi paxlava şəklində sırınır. O da atəşpərəstlikdən qalan Novruz bayramında bişirilən paxlavanı göstərir. Bunların hamısı türkçülüyün əlamətlərini göstərir. Ona görə hər dövrün özünün sanballı kişiləri olub. Biz həmişə o milliliyi, o ənənələri papaqda incilərinə qədər yaşatmağa çalışırıq. Bu sənət özü bir elmdir. Gərək onun alimi olasan yaxşı papaqçı ola bilərsən, amma bu inciləri elmi sirlərini əgər bilməsən, hardasa tikmələrində xırdaca səhvə yol verə bilərsən. Gərək papağı ölçüb, biçəndə, onu tikəndə ehtiyatlı olasan. Dünyanın hansı ölkəsi olursa-olsun bizim tikdiyimiz papaq tanınacaq. Çünki tikdiyimiz papaqda milliliyi incəliyinə kimi qoruyub saxlayırıq. Bizim təkcə əllərimiz yox, ruhumuz da işləyir. Biz hər papağa sənət əsəri kimi baxırıq. Hətta sərgilərdə iştirak edirik. Xalq əl işimizə çox önəm dəyər verir. Xarici ölkələrdən gələn turistlər bizim milli papağı alırlar. Bir çoxları onu Azərbaycanın atributu kimi saxlayır, digər qismi isə alıb başına qoyur. Artıq əcnəbilərə papaq qoymağı öyrətmişik. Onlar bizim milli papağı çox sevirlər.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 5 oktyabr.- S. 7.