"Nizami Hikməti, Şəhriyar Sözü" adlı dəyirmi masa keçirilib

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr edilmiş "Nizami Hikməti, Şəhriyar Sözü" adlı dəyirmi masa keçirilib. Tədbir Azərbaycanda keçirilən İran İslam Respublikasının Mədəniyyət Günləri çərçivəsində baş tutub. Dəyirmi masada çıxış edən kitabxananın direktoru Kərim Tahirov Nizami Gəncəvi yaradıcılığının böyüklüyündən danışıb. O, iki görkəmli mütəfəkkiri bir-birindən ayırmağın düzgün olmadığını deyib. Ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan K.Tahirov dünəndən etibarən paytaxtda İran Mədəniyyət Günlərinin start götürdüyünü və əhalinin marağına səbəb olduğunu vurğulayıb. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli iranlı qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən söz açıb: "Biz bura Nizami və Şəhriyarın - dünya ədəbiyyatının iki böyük simasının işığına toplaşmışıq. Nizami ən nəhəng söz ustadır. Hər birimiz məhz bu hikmətli əsərlərlə böyümüşük. Azərbaycanda Nizamidən sonra Şəhriyar sözünə qiymət verilir. Bu da olduqca əhəmiyyətlidir". Dəyirmi masada Azərbaycanda İran Mədəniyyət Mərkəzinin sədri Ağayi Nuri, şərqşünas-alim Vasim Məmmədəliyev və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər. Tədbirdə eyni zamanda, Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın kitabları və onlardan bəhs edən nəşrlər nümayiş etdirilib. Qeyd edək ki, Azərbaycanda İran Mədəniyyət Günləri oktyabrın 7-dək davam edəcək.

  

 

Nigar

 

Həftə içi.- 2011.- 5 oktyabr.- S. 8.