"Xalçalarımız
Azərbaycanın tarixini əks etdirir"
"Əvvəla onu qeyd edim ki, Qarabağ
xalçası Xan qızı Xurşudbanı Nətavanın
adıyla bağlıdır. Çünki onun sifarişi ilə
bu sənət Qarabağa gətirilib. Və
xalçaçılıq orada sürətlə inkişaf
etməyə başlayıb".
Azərbaycan xalqı yüksək mədəniyyəti
ilə çox haqlı olaraq hər zaman öyünüb. Ən
qədim sənətin inci növləri məhz burada
yaranıb. Onlardan biri də xalçaçılıq sənətidir.
Azərbaycanın təbiəti kimi onun xalçaları da
gözəldir, sirli bir aləmdir.
Çünki Azərbaycan xalçaları onun rəngarəng
təbiətinin bütün gözəlliyini-səmanın
maviliyini və meşələrin
yaşıllığını, dağ yamaclarının əlvanlığını,
qarlı zirvələrin bəyazlığını əks
etdirib. Bu xalçalarda qırmızı nar dənələrinin
və qızılı heyvanın, sarı zəfəranın,
kəhrəba üzümünün rəngləri ecazkar bir
şəkildə qovuşub. Bir sözlə,
xalçalarımız həmişə boyalarının
tükənməz zənginliyi naxışların təkrar
edilməzliyi, yaradıcılıq təxəyyülünün
gücü və yüksək sənətkarlığı
ilə fərqlənib. Tanınmış
xalçaçı Zaur Hüseynovla söhbətimiz bu səpkidə
keçdi.
- Zaur müəllim, necə oldu ki, bu sənətə
gəldiniz?
- Xalçaçılıq sənəti ilə
çoxdan məşğulam. Qarabağın gözəl
guşələrindən biri olan Cəbrayıl rayonunda
doğulmuşam. Evimizdə gözümü açandan bu sənəti
görmüşəm. Rəhmətlik nənəm gözəl
xalçalar toxuyardı. Və məndə də bu sənətə
maraq artdı. Onu da qeyd edim ki, xalçalar Azərbaycanın
tarixini əks etdirir. Hər dövrün
xalçalarının rəngləri vaxt-zaman keçdikcə
öz tarixini, gözəlliyini göstərir. Xalça həm
də çox çətin sənətdir. Gərək onun
ilmələrini ustalıqla vurasan, modellərinə
düzgün rəng verəsən. Xırda bir səhv
xalçanın incilərini pozur, dəyərini itirir. Azərbaycanda
xalçaların tarixi XV-XVI əsrlərə təsadüf
edilməklə, 7 zonaya (Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə,
Qazax və Təbriz) bölünür.
- Bəs bu xalçalar hansı tipdə toxunub?
- Xalçalar üç tipdə toxunulub. Xovlu, xovsuz və arxası xovlu
xalçalar olub. Hər zonanın xalçalarına vurulan modellər
həmin bölgədə olan kəndlərin adı ilə
bağlıdır. Yəni xalçanı toxuyan adam onun üstünə öz incə ilmələri
ilə möhrünü vurub. 7 qruplar isə
vurulan ilmələrin sayına, modelinə və görkəminə
görə seçilir. Məsələn,
Bakı xalçası ilmələrinə görə
Qarabağ xalçasından seçilir, toxunuşlar isə
müxtəlifdir. Bakı
xalçaçıları Qarabağ və Gəncə
xalçalarını o bölgələrin
xalçaçıları kimi toxuya bilməzlər. Və yaxud əksinə, Qarabağ xanımları
Bakı xanımlarının xalçaya vurduğu ilmələri
olduğu kimi vura bilməzlər. Nə qədər
yaxşı toxusalar da, seçiləcək.
- Buna səbəb nədir?
- Səbəb ondan ibarətdir ki, ilmələri
Qarabağ xanımları yumşaq vurduğu halga, Bakı,
Şirvan və Quba xanımları ilmələri daha sıx
vururlar.
- Bəs Qarabağ xalçaları Təbriz
xalçalarından hansı əlamətlərinə görə
fərqlənir?
- Qarabağda əsas naxışlar güllü, atlı, itli, qız başında xonça,
içində qızıl gül və giometrik fiqurlardan ibarət
olur. Özü də təmiz yundan toxunulur.
Amma Təbriz xalçalarına gəldikdə
isə bu xalçalarda ilmə sayı Qarabağ
xalçalarından çox olur. Əsasən
Təbriz xalçalarının gülləri ipək sapla
toxunulur. Süjet əsərləri Təbriz
xalçalarında daha dəqiq toxunulur.
- Əgər zəhmət deyilsə, siz
deyə bilərsinizmi bəs xalçaların sirləri nədən
ibarətdir?
- Xalçaların yaşı nə qədər
çox olarsa, bir o qədər gözəl görünməklə
insanı daha çox özünə cəlb edir. Qobustan xalçaçılığın məbədgahı
sayılır. Ona görə ki, Qobustanda
olan qayaların üzərindəki işarələr,
giometrik fiqurlar xalçalar üzərində işlənilib.
Qobustan qayalarının üzərində olan
işarələr isə həm də ibtidai icma quruluşuna
təsadüf edir. Bu qayalardakı işarələrdən
və xalçaçılıq sənətində olan
işarələr bir daha sübut edir ki, insanlığın
başlanğıcı məhz Qobustandan
götürülüb. Həm də
Qobustan xalçasının üzərində
"Yallı" rəqsi simvol olaraq göstərilib, kənar
yerlərində isə bir-birinə əks olan butalar, qoç
buynuzları toxunulur. O cümlədən həmin
xalçanın üzərində od rəmzi
olan butalar da var. Qoç buynuzu onu göstərir ki, bu
xalçanı qoyun yunundan toxuyublar. "Yallı"
isə onu göstərir ki, o dövrün insanları rəqs
edərmişlər. Od isə atəşpərəstliyi
göstərir. Amma bütün Azərbaycan
xalçalarında, o çümlədən Qarabağ
xalçalarında bu butadan çox istifadə olunur. Nə buta, nə də giometrik fiqurlar başqa millətlərin
xalçalarında yoxdur. Deyilənə
görə qədim Qız qalasının tarixi IV əsrə
gedib çıxır. Havadan, yəni
üst tərəfdən qalaya baxarkən onun dam
örtüyü buta işarəsini xatırladır. Butanın da təxminən 32 növü var.
- Onu da diqqətinizə çatdırım ki,
Qarabağ xalçaları digər xalçalarla müqayisədə
daha şux görünür. Bunun səbəbini
açıqlaya bilərsinizmi?
- Çox maraqlı sualdır. Bu sualı
birinci dəfədir siz mənə verirsiniz, amma gələn
qonaqlara, əcnəbi turistlərə bu haqda ətraflı məlumat
veririk. Əvvəla onu qeyd edim ki,
Qarabağ xalçası Xan qızı Xurşudbanı Nətavanın
adıyla bağlıdır. Çünki
onun sifarişi ilə bu sənət Qarabağa gətirilib.
Və xalçaçılıq orada sürətlə
inkişaf etməyə başlayıb. Nənələrimiz
gündüzlər mal-qarayla, təsərrüfatla məşğul
olub, gecələr isə çıraq işığında
gözəl əhval-ruhiyyələrini xalça üzərinə
əks etdirərmişlər.
Çünki Qarabağ xalçalarını
analarımız qızları üçün cehizlik
toxuduqlarına görə onların qəlbindən müsbət
enerji süzülərmiş. Bu səbəbdən də Qarabağ
xalçaları daha cazibədardır. Bir sözlə, Qarabağ
xalçalarının əksəriyyətində nənələrimizin
təxəyyülündə canlandırdığı fikirləri
və ideyaları ilməyə çevirərək
xalçanın üzərində əks etdirdiklərini
görürük.
- Mənfur düşmənimiz olan ermənilər isə
nənələrimizin min bir əziyyətlə toxuduğu
Qarabağ xalçalarını öz adlarına
çıxaraq, xarici ölkələrdə keçirilən
sərgilərdə onu Ermənistan xalçası kimi təqdim
edirlər. Buna sizin münasibətiniz necədir?
- Ermənilərin dedikləri xülyadır. İçlərinin paxırları kimi, artıq
yalanları da üzə çıxmağa başlayıb.
Qarabağ xalçalarını öz
adlarıyla dünya ictimaiyyətinə reklam etsələr də,
bu mənasız bir şeydir. Çünki
həmin sərgi keçirilən ölkənin vətəndaşları
əgər Ermənistana gedərsə, vətənlərində
keçirilən sərgidəki Qarabağ
xalçasını orada görə bilməyəcəklər.
Amma Azərbaycana gəldikdə Qarabağda
yaşayan nənələrimiz və analarımız
xalçaçılıqla məşğul olduqlarına
görə onlar hər bir evdə ən azı 1-2 ədəd
Qarabağ xalçalarını görə bilərlər.
Axı ermənilərin xalçası
olmayıb. Onlar bizim xalçaları
öz adlarına çıxsalar belə xeyri yoxdur. Çünki xalça üzərində olan buta və
Qobustanda olan işarələr bir daha bunu təsdiq edir ki, bu
xalça Azərbaycana məxsusdur.
- Bəs Qarabağ
xalçalarındakı rəngli zolaqlar nəyi bildirir?
- Qədim zamanlarda nənələrimizin elmi savadları
olmadığından bilməyiblər ki, bir xalçanı
toxumaq üçün nə qədər ip boyamaq
lazımdır. Xalçanı toxuyur, hansısa
bir hissəsinə rənglədiyi ip çatmır. Və başlayır ipi yenidən boyamağa. Amma həmin rəngi ala bilmir. Bu
səbəbdən də toxunan xalçalarda fərq var. Buna
elmi dildə "əbrəş" deyilir.
- Xalçaların bugünkü toxunuşu sizi nə dərəcədə
qane edir? Ölkəmizdə hazırda
götürsək, bu sənət necə inkişaf etdirilir?
- Dövlət səviyyəsində bir neçə sex fəaliyyət
göstərir. Bakı, Şirvan, Quba və
Qazax zonasında xalçalar toxunulur. Demək
olar ki, 20 ildir Qarabağ xalçaları toxunulmur. Ona
görə də turistlərin ən çox gəldiyi və
maraqlandığı yer olan İçərişəhərdə
"Böyük Qala" küçəsi, döngə 4 5-də
yerləşən və VIII əsrə aid olan mədrəsəni
icarəyə götürdüm. Artıq bura
"Toğrul- Qarabağ" dükanı kimi fəaliyyət
göstərir. Biz Qarabağ
xalçalarının toxunulması sifarişlərinin verilməsi
ilə yanaşı, onun satışı və təbliğatı
ilə də məşğul oluruq. Və
bir də ki, bura gələn xarici vətəndaşlarla,
turistlərlə ünsiyyət yaradırıq. Bəzi xarici vətəndaşlar qarabağlı
olduğumuzu biləndə və onlara Qarabağ
xalçaları haqqında məlumat verərkən, onlar
xalçalarımız haqqında ermənilərin yalan məlumatlarını
bizə deyirlər. Bizim verdiyimiz
açıqlamadan sonra onlar bir daha əmin olurlar ki, Qarabağ
xalçaları Azərbaycan xalqına məxsusdur. Onu da qeyd edim ki, bu gün Azərbaycanda
xalçaçılığın yaşamasında və
onun dünya miqyasında göstərilməsində
böyük alim Lətif Kərimovun xidmətləri olub.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2011.- 7 oktyabr.- S. 8.