Bu unutqanlıq bizi hara aparır

 

Mirzə Məhəmməd Zamanbəyli öz fəaliyyətinin bütün dövrlərini xalqımızın maariflənməsinə həsr edib

 

Şərqin qocaman ölkəsi olan Azərbaycan hər bir dövrdə böyük mütəfəkkirlər, maarifçi və ictimai xadimlər yetişdirib. Onlar zəngin biliyi, mühakiməsi və fikir dünyası ilə özlərindən sonra gələn nəsillərin mənəvi inkişafına təkan verməklə, yeni ruhda yetişib formalaşmasına da kömək ediblər. Bir sözlə, Avropanın əksər dövlətlərində, elm ocaqlarında təhsil alan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Firudun bəy Köçərli, Əlimərdan Topçubaşov, Fətəli Xan Xoyski, Mirzə Məhəmməd Zamanbəyli kimi mütərəqqi fikirli ziyalılarımızın xidmətləri danılmazdır.

Çünki XIX əsrin sonlarına yaxın Azərbaycanda baş qaldırmış istiqlaliyyət uğrunda mübarizə onları vahid bir ideya altında birləşdirdi. Bu dövrdə Azərbaycanın ilk ziyalılarından biri kimi tanınan Mirzə Məhəmməd bəy Zamanbəyli mənəvi, əxlaqi dəyərləri, milli ruhu və yüksək elmi biliyi ilə Azərbaycanın taleyinə biganə qalmadığı üçün mübarizəyə qoşuldu. Öz keçmişinə görə həmfikirlərindən seçilən M.Zamanbəyli Azərbaycan xanlıqlarından olan Naxçıvan hakimi Kərim xanın nəticəsidir. Tarixi faktlar göstərir ki, minilliklərin yaddaşında zəngin və qədim xalq kimi tanınan Azərbaycan zaman-zaman böyük dövlətlərin diqqət mərkəzində olduğu üçün müharibə meydanına çevrilibdir. Xüsusən XIX əsrin I rübü Azərbaycan üçün faciəli dövr kimi tarixə düşüb. Cənubi Qafqaz uğrunda Rusiya İran arasında gedən müharibələr Gülüstan (1813) "sülh müqavilə"si ilə nəticələndi. Azərbaycan ikiyə bölündü. Bu ədalətsiz bölgü ilə razılaşmayan İran başda şahzadə Abbas Mirzə olmaqla yenidən Rusiya ilə müharibəyə girdi. Sözsüz ki, qanlı döyüş meydanına çevrilən Azərbaycanın ərazisi dağıntılarla nəticələndi. Bu dövrdə Naxçıvanda Kərim xanın oğlu Zaman xan Azərbaycan uğrunda Abbas Mirzə ilə bir yerdə vuruşmağa başladı. Mənbələr göstərir ki, Zaman xan Abbas Mirzənin inanılmış sərkərdələrindən biri olub. O 1826-cı ildə Şəmkir, 1827- ci ildə Dərələyəz döyüşlərində Abbas Mirzə ilə birgə olub. Ancaq məğlub olan İran ordusu geri çəkilərkən A.Mirzənin təklifi ilə Zaman xan da Cənubi Azərbaycana gedir. O inanılmış və sədaqətli şəxs kimi Abbas Mirzənin fərmanı ilə 1829 (1245) Marağa və Mərəndəyə vali təyin edilir. Vergilərdən və mükəlləfiyətlərdən azad edilən Zaman xan ömrünün sonuna kimi Mərənddə yaşayır. İkinci Rus-İran müharibəsi Türkmənçay (1828) müqaviləsi ilə nəticələnir. Müqavilənin şərtlərinə görə, Naxçıvan İrəvan xanlıqları, Ordubad mahalı Rusiyaya verilir. Tarixi mənbələrdə göstərilir ki, Türkmənçay müqaviləsindən sonra xanlıqlar ləğv edilir. Zaman xanın övladı Hacı Fərzəli bəy atasının vəsiyyəti ilə öz ata-baba mülkündə varis kimi yaşayır. Sonrakı dövrlərdə (13 iyul 1830) Çar hökumətinin Azərbaycanda ali müsəlman təbəqəsinə malik olan zadəganların hüquqlarını bərpa etməklə Kəngərli sülaləsinə mənsub olan mülkləri sülaləyə qaytarır. El arasında Zaman xanın "Əriklik" bağı oğlu Fərzəlibəyin ixtiyarına verilir. O cümlədən, sülalənin mülki sayılan Qaraçuq və Bulqan kəndlərinin də idarəçiliyi Hacı Fərzəli bəyə tapşırılır. Tarixi araşdırma göstərir ki, Qaraçuq kəndi 1963 -cü ildə Sovet- İran müqaviləsi əsasında Araz su qovuşağının tikilməsi ilə başqa yerə köçürülüb. H.Fərzəlibəy naxçıvanlıların xeyriyyəçisi və maarifçisi kimi də tanınıb. O həmçinin öz vəsaiti hesabına Şahbuz kəndində ikimərtəbəli məktəb də tikdirir. Yoxsul və kimsəsiz uşaqların təhsil almasına qayğı göstərir. Həmin məktəb bu gün də fəaliyyətini davam etdirir. Təəssüf ki, adıçəkilən məktəb öz sahibinin adı ilə deyil, orada müəllim işləmiş, sonralar siyasi baxışlarına görə repressiyaya məruz qalan Mirzə Sadıq Xəlilovun adını daşıyır. Tanınmış maarifçi M.Məhəmməd Zamanbəyli ilk təhsilini bu məktəbdə alıb. Atasının arzusu ilə təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına gedir. Görkəmli maarifçi və pedaqoq K.D.Uşinskinin lahiyəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın seminaristi və ilk məzunlarından biri olan M.M.Zamanbəyli fəaliyyətinin bütün dövrlərini xalqın maariflənməsinə həsr edib. Hələ o, seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq A.O.Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub. Çünki A.O.Çerniyayevskinin Azərbaycanda ziyalı, xüsusən müəllim kadrlarının hazırlanmasında (M.M.Zamanbəyli, F.Köçərli, Ü.Hacıbəyli, M.Maqomayev, S.M.Qənizadə, R.Əfəndiyev, C.Məmmədquluzadə, N.Nərimanov və başqalarının) əvəzsiz xidmətləri olub. M.M.Zamanbəyli maarifçiliklə yanaşı, öz sülaləsinə xas olan xeyriyyəçilik xidmətlərini də davam etdirib. Belə ki, o "Xeyriyyə" cəmiyyətini yaratmaqla mülklərindən əldə etdiyi bütün gəlirləri kimsəsiz və yoxsul adamlara, uşaqlara paylayıb. Öz vəsaiti hesabına onlarla yeniyetmələri Qori Seminariyasına təhsil almağa göndərib. M.Məhəmməd bəy Şahbuzdakı məktəbin maliyyə məsələlərini də öz vəsaiti hesabına həll edirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Milli Burjuaziyasının mütərəqqi fikirli ziyalıların istiqlaliyyət uğrunda mübarizəsinə qoşulan M.M.Zamanbəyli istər Naxçıvanda, istərsə də Bakıda, Şuşada, maarifçi ziyalılar tərəfindən böyük hörmətlə yad edilirdi. Tarixi arxiv materiallarından göründüyü kimi, o, təhsil aldığı Qori Müəllimlər Seminariyasını sonralar da ziyarət edib. Arxivdən əldə edilən nadir foto nüsxəsindən aydın olur ki, təxminən 1893- cü ildə Qori Müəllimlər Seminariyasına toplanan maarifçi ziyalılar təhsil ocağını unutmurlar. Foto şəkildə 2-ci sırada əyləşənlərin 4 nəfəri azərbaycanlıdır. Soldan 2-ci F,Xoyski, 5-ci tanınmış maarifçi- pedaqoq A.O.Çerniyayevski, 6-cı M.Ə.Rəsulzadə, 7-ci Ə.Topçubaşov və nəhayət 8-ci M.M.Zamanbəylidir. Foto təsvirdə göstərilən ziyalılar heç də eyni vaxtda təhsil almayıblar. XX əsrin əvvəlləri azadlıq ideyalarının Rusiyada, eləcə də ucqarlarda (Zaqafqaziyada) böyük vüsət alması Çarizmin devrilməsinə (1917 fevral) səbəb oldu. Bu dövrdə Azərbaycanda da istiqlaliyyət uğrunda mübarizə alovlandı. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi, XIX əsrdən başlanan ictimai- siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yaratdı. Sözsüz ki, istiqlalçı xadimlərimiz başda M.Rəsulzadə olmaqla Tbilisidə 28 may 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətini ?lan etdilər. Tarixi mənbələrin dili ilə desək M.M.Zamanbəyli o dövrün görkəmli nümayəndəsi kimi istiqlalçı mübarizlərlə bir yerdə olub. Xalq Cümhuriyyətinin qələbəsi Şərqin, türk və müsəlman dünyasının ilk müstəqil dövləti kimi tanındı. Cümhuriyyətin Gəncədə fəaliyyəti dövründə M.M.Zamanbəyli Nəsib bər Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyətə başladı. Onun elmi biliyini, pedaqoji təcrübəsini nəzərə alaraq təklif olunan vəzifələrdən imtina etməsi yalnız təhsildə xidmət göstərməsi F.X.Xoyski və Ə.B.Topçubaşov tərəfindən bəyənildi. Xalq Cümhuriyyətinin Gəncə və Bakıda fəaliyyəti zamanı təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında Zamanbəyli öz pedaqoji təcrübəsindən istifadə edir. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsində iştirakçı olur. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra sovetlər zamanı milli dövlətimizə münasibət də dəyişdi. Sosializmin adı altında bolşevizmin çirkin əməlləri qanlı aksiyaların, repressiyalarının başlanmasına təkan verdi. Dövrün ədalətsizliyini, xidmətlərinin qiymətləndirilməməsi M.M.Zamanbəylinin acı və ağır həyatının ağırlarına dözməyərək İran dövlətindən sığınacaq istəsə də, onun müraciətləri cavabsız qalır. Yeni dövranın dəhşətlərinə və istiqlaliyyətin məhvinə dözə bilməyən böyük maarifçi 1923-cü ildə acınacaqlı vəziyyətdə dünyasını dəyişir. Doğrudur, Azərbaycanın ilk maarifçilərindən sayılan M.M.Zamanbəyli haqda tarixi sənədlər yetərincədir. Ancaq nədənsə bu böyük şəxsiyyətin fəaliyyəti elmi ədəbiyyatlarda, tarixi sənədlərdə göstərilmir. Doğrudanmı biz tarixi həqiqətləri olduğu kimi araşdırmırıq və yaza bilmirik. Ümummilli lider dönə- dönə qeyd edir ki, tarixi olduğu kimi qəbul etmək, dərk etmək və real qiymətləndirmək lazımdır. Nə yaxşı ki, böyük sənətkar, Azərbaycanda portret janrının banisi Bəhruz Kəngərlinin qələmlə çəkdiyi M.M.Zamanbəylinin o nadir portreti bu günə kimi qalıb və R.Mustafayev adına Rəsm-İncəsənət Muzeyinin bəzəyidir. Müdriklər deyir ki, adi insanın görə bilmədiyini və duymadığını rəssamlar çox-çox əvvəldən hiss edirlər. Ona görə də onlar həmişə bəşər mədəniyyətinin keşiyində ayıq-sayıq dayanırlar ki, gələcək nəsil onları qınamasın. Nə yaxşı ki, böyük maarifçi- pedaqoq A.O.Çerneyayevski Qori Seminariyasının mütərəqqi fikirli ziyalı məzunlarını öz ətrafına yığaraq onların tarixi foto sənədlərini biz nəslə çatdırıb.

Onu da qeyd edək ki, M.M.Zamanbəylinin irsini davam etdirən oğlu Qafar Zamanov ömrünün sonuna qədər müəllim kimi Naxçıvan şəhərində yerləşən 2 saylı orta məktəbdə çalışıb. Sonralar isə Naxçıvan Pedaqoji Texnikumunda işləyib. Q.Zamanov istər orta məktəbdə, istərsə də texnikumda ulu öndərin sevimli müəllimi olub. Ümummilli lider də öz sevimli müəllimlərini həmişə fəxrlə yad edərdi.

P.S. Materiallar M.M.Zamanbəylinin nəvəsi Oqtay Zamanov və nəticəsi Anar Zamanbəylinin şəxsi arxivindən götürülüb.

 

 

Qələndər Xaçınçaylı,

 

Vaqif Rüstəmov

 

Həftə içi.- 2011.- 14 oktyabr.- S. 8.