Türkiyənin Amasiya şəhərində "Ağsu möcüzəsi" sərgisi açılıb

 

  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Ağsu möcüzəsi" sərgisinin açılışı, "Mövlanə İsmayıl Siracəddin Şirvani və qafqazlı müridlər" kitabının təqdimatı və "Azərbaycandan Amasiyaya şirvanlılar" konfransı Türkiyənin Amasiya şəhərinin Saraydüzü Qışlası Kültür Mərkəzində keçirilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bildirib ki, tədbirə Amasiya valisi Əbdülcəlil Öz, Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir, Amasiya Universitetinin rektoru Mətin Orbay, dairə müdirləri, Amasyalılar Dərnəyinin sədri Hakkı Göztaş, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin sədri Müttəlib Ulutanrıverdi, Amasiyanın şirvanlı əsilli sakinləri və sair qonaqlar qatılıb.

   Görüşdə sərgi haqqında ümumi məlumat verən F.Xəlilli bildirib ki, rəhbərlik etdiyi qurum "Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" Azərbaycan Prezidentinin 21 yanvar 2011-ci ildə verdiyi sərəncamda yer alan vəzifələrə əsaslanaraq Amasiyada Ağsu arxeoloji ekspedisiyası materiallarını və qazıntısını təsvir edən rəsm və foto sərgi təşkil edib. Birliyin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə orta əsr Ağsu şəhərinin yerindən çox maraqlı tapıntılar tapıb. Birliyin İdarə Heyətinin üzvü, fotoqraf Məmməd Rəhimov 2 ildir ki, bütün tapıntıları və qazıntı prosesini professional şəkildə sənədləşdirib. Deyib ki, aşkar olunmuş metal əşyaların konservasiyası ilə məşğul olan gənc heykəltəraş Vüqar Quliyevin metal tovuzquşu və at fiqurlarının bənzərlərini tökmə üsulu ilə yenidən hazırladığı plastika nümunələri də maraqlı əsərlərdir.

   Sərginin açılış lentini kəsən vali Ə.Öz Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş belə bir sərginin Amasiyada açılmasından duyduqları məmnuniyyəti dilə gətirib. Amasiya ilə şirvanlıların ayrılmaz bir bağ olduqlarını qeyd edən vali gələcəkdə iqtisadi, mədəni və turizm sahəsində ikitərəfli fəaliyyətlərdə maraqlı olduqlarını bildirib. Sərgiyə maraqla tamaşa edən vali "Azərbaycandan Amasiyaya şirvanlılar" konfransını da dinləyib.

   Konfransdan öncə Amasiya bələdiyyəsi sədrinin müavini Osman Akbaşın rəhbərliyi altında Amasiya bələdiyyəsi konservatoriyasının musiqi qrupu türk təsəvvüf musiqisindən nümunələr, o cümlədən Seyid Həmzə Nigarinin şeirlərinə bəstələnmiş musiqi parçaları təqdim ediblər.

   Ağsu şəhər bələdiyyəsi sədrinin müavini Əlməhəmməd Usubəliyev Ağsuda aparılan arxeoloji qazıntılara dövlətin diqqətindən və ictimai qayğıdan danışıb. Ağsu Rayon İcra hakimiyyəti və şəhər bələdiyyəsi adından "Ağsu möcüzəsi" sərgisinin təşkilinə göstərdiyi dəstəyə görə Amasiya valisi və bələdiyyəsinə minnətdarlıq edən Ə.Usubəliyev gələcəkdə Ağsu ilə Amasiyanın qardaş şəhərlər olmasını arzuladığını deyib.

   Tədbirin sonunda Türk Dünyası Mədəni İrsinin tədqiqində və təbliğində göstərdikləri dəstəyə görə Cərrahpaşa Universitetinin professoru İbrahim Yıldırım, Qafqaz Universitetinin dosenti Məhmət Rıhtım, Amasyalılar Dərnəyinin sədri H.Göztaş və Amasiya Memarlar Odasının sədri H.Seçilmişə MİRAS İctimai Birliyinin Dostu diplomları təqdim ediblər.

   Həmin gün Azərbaycanın Türkiyədəki səfirliyi adından Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə konfrans və sərginin iştirakçılarına ziyafət verilib. Sərgi noyabrın 3-nə qədər Amasiya şəhərində davam edəcək. Daha sonra sərginin Türkiyənin digər şəhərlərində də nümayiş olunması planlaşdırılır.

 

 

  Vüsal

 

  Həftə içi.- 2011.- 20 oktyabr.- S. 7.