Behbud ağa Şaxtaxtinskinin 130
illik yubileyi və
"Qars" müqaviləsinin 90 illiyi ilə bağlı konfrans
keçirildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun görkəmli dövlət xadimi və
diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin
keçirilməsi haqqında 2011-ci il 21 fevral tarixli sərəncamına
əsasən bu günlərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisində Behbud ağa Şahtaxtinskinin
130 illik yubileyi və beynəlxalq "Qars" müqaviləsinin
90-cı ildönümünə həsr olunan konfrans
keçirilib. Naxçıvan Ali Məclisindən "Həftə
içi"nə verilən məlumatda qeyd olunur ki, konfransdan
öncə Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və
"Qars" müqaviləsinin 90 illiyini əks etdirən
kitab, monoqrafiya, qəzet və jurnal materiallarından, tarixi sənəd
və fotoşəkillərdən ibarət sərgiyə
baxış keçirilib. Sonra konfrans öz işinə
başlayıb. Məlumatda vurğulanır ki,
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov
konfransda məruzə edərək Behbud ağa
Şahtaxtinskinin siyasi, diplomatik və publisistik fəaliyyətindən,
xalqımızın tarixi taleyində mühüm rol oynayan
Moskva və "Qars" beynəlxalq müqavilələrinin
imzalanmasında göstərdiyi vətənpərvərlik və
siyasi uzaqgörənliyindən danışıb, konfransın
işinin məhsuldar, elmi araşdırmalar baxımından nəticəli
olacağına inamını ifadə edib. Ali Məclis sədrinin
geniş çıxışından sonra konfransda
ayrı-ayrı məruzələr dinlənilib. Məlumatda
deyilir ki, konfrans öz işini bölmələr üzrə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Naxçıvan Bölməsində və Naxçıvan
Dövlət Universitetində davam etdirib. NDU-nin mətbuat xidmətindən
Nərmin Cəfərova qəzetimizə
açıqlamasında bildirdi ki, konfransın
Naxçıvan Dövlət Universitetində keçən
bölmə iclasını giriş sözü ilə tərbiyə
işləri üzrə prorektor, fəlsəfə elmləri
doktoru, professor Məmməd Rzayev açıb və
konfransın elmi əhəmiyyətini vurğulayaraq uğurlar
arzulayıb. Onun sözlərinə görə, NDU-də
keçirilən konfransda universitetin Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, professor Əsgər Qədimovun,
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Fərqanə
Kazımovanın, filologiya elmləri üzrə fəlsəfə
doktoru Ramiz Qasımovun, AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun elmi katibi Fariz Yunislinin məruzələri dinlənilib.
Konfransın işinə isə NDU-nin rektor, akademik İsa Həbibbəyli
yekun vurub.
Nahid
Canbaxışlı
Həftə
içi.- 2011.- 20 oktyabr.- S. 6.