Azərbaycanda "Uşaq hüquqları" aylığı başlayır

 

Yarandığı gündən "Uşaq Qaynar Xətt" xidmətində 1500-dən çox müraciət daxil olub

 

Bu gündən Azərbaycanda "Uşaq hüquqları aylığı"na star verilir. Uşaq Hüquqları üzrə QHT Alyansının Ombudsman Aparatı ilə birgə təşkil etdiyi aylıq çərçivəsində uşaqların sosial müdafiəsi sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə təşkil olunan aylığın keçirilməsində məqsəd cəmiyyətin, medianın və beynəlxalq, yerli təşkilatların, biznes qurumlarının diqqətini uşaq problemlərinə yönəltmək, habelə uşaq hüquqları ilə bağlı Konvensiyanın təbliğ olunması, BMT-nin Uşaq Hüquqları Komitəsinin hökumətə verdiyi tövsiyələrin icrasını sürətləndirməkdir. Onun sözlərinə görə, BMT-də "Uşaq Hüquqları Haqqında" konvensiyanın qəbul edilməsi 1989-cu il oktyabrın 20-ə təsadüf etdiyindən aylığın həmin tarixdə keçirilməsi daha məqsədəuyğun sayılıb.

   Nazir Quliyev bildirir ki, oktyabrın 22-də isə Park Bulvar Ticarət Mərkəzində ayrı-ayrı sosial qrupları təmsil edən uşaqlarla birgə tədbir təşkil olunacaq. Tədbirdə həm uşaq evlərindən, həm uşaqlara qarşı zorakılıq mərkəzindən nümayəndələr iştirak edəcəklər. Tədbir çərçivəsində konsert proqramı və sərgi təşkil ediləcək. Bundan başqa, gənc və yaşlı rəssamların iştirakı ilə uşaq problemlərini əks etdirən rəsm çəkmək kampaniyasının, Uşaq Simfonik Orkestrinin konsertinin keçirilməsi nəzərdə tutulub. Aylığa Dövlət Filarmoniyada təşkil ediləcək "Heç bir uşağı diqqətdən qaçırmayaq" devizi altında keçiriləcək tədbirlə yekun vurulacaq. Həmin tədbirdə uşaq problemləri ilə məşğul olan ən yaxşı KİV, QHT, beynəlxalq təşkilat, dövlət orqanları mükafatlandırılacaq. Təşkilat rəhbəri hesab edir ki, bu aylığın keçirilməsi həm də ayrı-ayrı biznes strukturlarını uşaq hüquqlarının müdafiəsi barədə düşünməyə vadar edəcək. Onun sözlərinə görə, bu kampaniyaya "Azercell", "Park Bulvar" ticarət mərkəzi, "Veysəloğlu" və digər biznes qurumları dəstək verirlər: "Düşünürük ki, bu dəstək gələcəkdə də davamlı olacaq. Bizə bu tədbirin reallaşmasında Ombudsman Aparatı ilə yanaşı, təhsil, gənclər və idman, mədəniyyət və turizm nazirlikləri də dəstək verirlər. Zənnimcə, birgə əməkdaşlıq nəticəsində Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində daha ciddi uğurlara nail olacağıq".

  

   "Sosial xidmətlər" haqqında qanun layihəsi qəbul olunarsa...

  

   Xatırladaq ki, Azərbaycanda uşaq və yeniyetmələrin sosial hüquqlarının qorunması məqsədilə "Uşaq Qaynar Xətt" xidməti də fəaliyyət göstərir. Bu xidmət Təhsil Nazirliyi, Azərbaycan QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən "Ümidli Gələcək" gənclər təşkilatı tərəfindən "Azercell" şirkətinin dəstəyi ilə "Uşaqların Xilası", "Dünyaya Baxış" beynəlxalq təşkilatları ilə birlikdə təsis olunub. Nazir Quliyev deyir ki, bu qurumların dəstəyi olmasaydı, "Uşaq Qaynar Xətt" xidmətinin fəaliyyəti sual altında qalacaqdı. Onun sözlərinə görə, bu layihənin gerçəkləşməsində daha böyük dəstəyi Təhsil Nazirliyi və "Azercell" verib.

   "Uşaq Qaynar Xətt" xidmətinin dövlət tərəfindən maliyyələşəcəyi məsələsinin hansı mərhələdə olduğuna gəlincə, QHT rəhbəri deyir ki, hazırda bu istiqamətdə ciddi danışıqlar aparılır. Bir neçə gün əvvəl isə bununla bağlı Təhsil, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri nümayəndələri ilə birgə məsləhətləşmələr aparılıb.

   Nazir Quliyev onu da bildirib ki, Milli Məclisin payız sessiyasında "Sosial Xidmətlər" haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Həmin qanun layihəsində göstərilib ki, dövlət tərəfindən yerli QHT-lərə sosial sifarişlər verilə bilər. Bu qanun qəbul olunandan sonra "Uşaq Qaynar Xətt" xidmətinin dövlət tərəfindən maliyyələşməsi gözlənilir: "Biz sabit maliyyə mənbəyi olduqdan sonra "qaynar xətt" xidmətinin fəaliyyətini daha da genişləndirmək niyyətindəyik".

   Yeri gəlmişkən, "qaynar xətt" xidmət bütün zəruri texniki vasitələrlə təmin olunub və bütün uşaqlar 012 480-22-80, 051 880-11-80, 050 680-22-80 nömrələrinə zəng etməklə pulsuz hüquqi yardım imkanlarından bəhrələnə bilər. Belə ki, uşaqlar üzləşdikləri problemlə qarşılaşdıqda şəhərdaxili nömlərə saat 9:00-dan 18:00-dək, mobil telefonlara isə günün istənilən anında zəng etmək imkanına malikdir. Nazir Quliyev bildirir ki, yarandığı gündən indiyədək "Uşaq Qaynar Xətt" xidmətində 1500-dən çox zəng qəbul edilib. Bu zənglər həm paytaxtı, həm bölgələri, həm də xarici ölkələri əhatə edir: "Amma bizim xidmətə daxil olan zənglər başqa "qaynar xətt" xidmətlərinə edilən zənglərlə müqayisə oluna bilməz. Çünki bizim əməkdaşlar hər zəngə 40-45 dəqiqə vaxt ayırırlar. Bu minvalla gündə ancaq 7-8 zəng qəbul edə bilirik".

  

   Zorakılıqla bağlı müraciətlər artır

  

   Nazir Quliyev həmçinin bildirir ki, aparılan təhlillər nəticəsində daxil olan ümumi müraciətlərin 306-sının təhsil sahəsini əhatə etdiyi məlum olub. Son illər ailədaxili zorakılıqla bağlı müraciətlər artdığını deyən ekspertin sözlərinə görə, indiyədək daxil olmuş zənglərin 316-sı psixoloji, 111-i sosial, 56-sı hüquqi, 32-si səhiyyə sahəsinə aid olub: "Bütün bu zənglərlə bağlı zərurət yaransa, müvafiq qurumlara müraciətlər edilir. Məsələn, təhsil problemləri ilə bağlı daha çox Təhsil Nazirliyinin nəzdində olan De-institutlaşma İdarəsi ilə əməkdaşlıq edirik".

   Yeri gəlmişkən, təhsil problemlərini əhatə edən şikayətlər əsasən məktəbdə uşaqlara qarşı psixoloji və fiziki təzyiqlərlə bağlı olur. Müəllimlərin şagirdlər arasında ayrı-seçkilik salması barədə şikayətlər də üstünlük təşkil edir. Nazir Quliyev deyir ki, xidmətə daxil olan müraciətlər çərçivəsində münaqişədə olan uşaqlar Gənclərin Sosial Reabilitasiya Mərkəzinə istiqamətləndirilir. Hazırda Bakının bir neçə rayonunda fəaliyyət göstərən bu qurun indiyədək 113 uşağa xidmət göstərib və onların reabilitasiyasına nail olunub.

  

   Təbliğatın qiyməti bahadır

  

   Uşaq hüquqları ilə bağlı maarifləndirmə işlərinə gəlincə, həmsöhbətimiz televiziyalarda reklam çarxlarının nümayişinin baha olmasından gileylənir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat ictimaiyyət arasında mütəmadi maarifləndirmə işləri aparılır, küçələrdə, metrostansiyalarda vətəndaşlara broşurlar, bukletlər paylanılır: "Lakin televiziyalarda "Uşaq Qaynar Xətt" xidmətinin fəaliyyətini əks etdirən reklam çarxlarının yayımlanmasına tam nail ola bilməmişik. Çünki telekanallarda reklam çarxlarının nümayişi çox bahadır".

 

 

  Sevinc

 

  Həftə içi.- 2011.- 20 oktyabr.- S.5.