Çal Aslan kim olub?

 

Məhəmməd Piriyev: "Babam öz dəstəsi ilə Andranikin 40 min qoşununu məhv edib"

 

Düzü əslən Laçınlı olan bu tarixi qəhrəman Çal Aslan haqqında eşitməmişdim. Və bu günə kimi də heç bir məlumatım da yox idi. Amma Qarabağın Çal Aslan adlı igid və qəhrəman oğlu olub. Bəs Çal Aslan kimdir? Bununla bağlı paytaxta çıxıb sorğu apardıq. Heç kəs bu qəhrəmanı tanımadı. Amma əslən laçınlı olan bir gənc başını bulayıb dedi ki, belə bir ad eşitmişəm. Amma kimliyi haqqında heç nə bilmirəm. Öz-özümə düşündüm:

Bəlkə taksi sürücülərinə müraciət edim? Çünki sürücülər daha çox əhali ilə sıx təmasda olur, qəzet-jurnal oxuyurlar. Taksi sürücülərindən biri gülə-gülə dedi: "Sizi nə maraqlandırır?" jurnalist olduğumu ona dedikdə o, belə cavab verdi: Çal Aslan mənim babam olub. Sürücünün adı Məhəmməd Piriyev idi. M.Piriyev bildirdi ki, əslən laçınlı olsalar da, Ağdamda doğulub, boya-başa çatıb: "Çal Aslan Laçın rayonunun Kürdhacı kəndində doğulub, Soltan bəyin əmisi oğludur. Bölgələrdə, eləcə də camaat arasında adıçəkilən bu tarixi şəxsiyyət haqqında o qədər də məlumat yoxdur. Çal Aslan elə aslan kimi kişi olub. Cəngavər, qorxmaz, dizi bükülməz bir igid olub. Onun gülləsindən quş da ötə bilməzdi. Çal Aslanın adı gələndə yağı düşmən zağ-zağ əsərdi. Azərbaycan xalqı Soltan bəyi daha geniş tanıyır. Amma Çal Aslan ondan da qoçaq olub. Elə Soltan bəy kimi ağıllı adam olub. Bir sözlə, Çal Aslan soltan bəyin sərkərdəsi idi".

M.Piriyev onu da dedi ki, babası haqqında elə dərin məlumatı olmayıb: "Allah rəhmət eləsin akademik Xudu Məmmədova, bir gün Xudu müəllim doğulduğu doğma kəndi olan Mərziliyə gəlir və söhbət Çal Aslandan düşəndə o deyir ki, ə, görün Çal Aslanın burda qohumlarından kimi var, onu mənimlə görüşdürün. Çünki o igid haqqında sinəm doludur. Nə qədər sağam, qoy bu məlumatları onun qohumlarına çatdırım. Onda çox kiçik idim. Ağlım elə sən deyən kəsmirdi. Amma babam haqqında Xudu müəllimin dediklərindən bir-iki kəlmə qalıb. 1918-ci ildə Andranik Gürcüstana getmək üçün Paşa bəydən yol istəyir və bunun müqabilində ona bir qatır yükü vəd edir. Paşa bəy Çal Aslanla Soltan bəyi yanına dəvət edib bu haqda onların fikirlərini öyrənir. Bu dəmdə Çal Aslan belə cavab verir ki, biz gərək Şuşa qubernatoru Xosrov bəyin yanına gedək və ona bu haqda məlumat verək. Çal Aslanla Soltan bəy Şuşaya Xosrov bəyin yanına gedib bu haqda ona məlumat verirlər ki, Andranik böyük qoşunla üstümüzə gəlir. Xosrov bəy çox uzaqgörən və ağıllı adam olub. O, Çal Aslanın sözündən tutur və bir az fikirləşib deyir - "Aslan, əmioğlu fikirin nədir?"

Çal Aslan Xosrov bəyə belə cavab verir ki, düşmənə yol vermək olmaz. Amma Andranik bizə bir qatır yükü qızıl vəd edib deyir ki, siz yer verin mən qoşunlarımla birgə Gürcüstana keçirəm. Xosrov bəy Çal Aslana söyləyir ki, sənin üz-gözündən sərkərdəlik yağır, bir sərkərdə kimi bu haqda nə fikirləşirsən? O belə cavab verir ki, Andranikə bildirəcəyik ki, camaat başa düşməsin deyə topları sökün, onu qatırlara yükləyin və sizə onda yol verəcəyik. Bu təklif Xosrov bəyin çox xoşuna gəlir və sağ əlini Çal Aslanın kürəyinə vurub deyir ki, əmioğlu sən əsl sərkərdəsən və mənim sualıma da sərkərdə kimi cavab verdin. Belə də olur. Bu siyasətlə Zabux çayında 3 gün qanlı döyüş gedir. Çal Aslan öz dəstəsi ilə 40 min erməni silahlılarını məhv edir".

Müsahibin onu da söylədi ki, 11-ci qızıl ordu Azərbaycana gələndən sonra bolşeviklərin əlinə keçməsin deyə Soltan bəy Çal Aslana təklif edir ki, artıq Azərbaycan sovet ordusunun əlində olduğundan onunla Türkiyəyə getsin: "Çal Aslan etiraz edib deyir ki, kişi də vətənini düşmən əlində qoyub gedərmi? Qürbətdə yaşamaqdansa və yad məzarın olmaqdansa vətəndə qalmaq daha yaxşıdır. Çal Aslan qucaqlaşıb, öpüşüb ayrılan zaman Soltan bəy dərindən ah çəkib belə bir bayatı söyləyir:

  

   Əziziyəm, dolan gözüm,

   Dol gözüm, dolan gözüm.

   Gedərsən qayıtmazsan

   Vətəni dolan gözüm.

 

Çal Aslansa belə cavab verir:

  

   Xoruz keçdi, çağırır

   Vədə keçdi, çağırır

   Başım cəllad əlində,

   Dilim dostu çağırır.

 

Hətta deyilənə görə orda hər iki qəhrəman düşmən əlinə keçməsin deyə bir-birilərinə güllə atmaq istəyirmişlər. Amma Soltan bəy uzaqgörənlik edib Çal Aslana deyir ki, özümüzü öldürə bilərik amma arvad-uşağı fikirləşmək lazımdır. Düşmən çoxdur. Soltan bəy ailəsini Çal Aslana tapşırıb Türkiyəyə gedir. Bolşeviklər Çal Aslanı tutub Qazaxıstana sürgün edir. Sürgündə onun iki gözü tutulur axırda gəlib vətəndə ölür".

M.Piriyev onu da vurğuladı ki, Çal Aslanın nəticəsi Fazil Mehtiyev Azərbaycanın milli qəhrənmanıdır.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 14 sentyabr.- S. 8.