"İstəməzdim
ki, tamaşaçı məni şüşə
arxasından seyr etsin"
"Mən teatrı cəbhəyə bənzədirəm.
Bu cəbhədə rejissorlar komandir, aktyorlar isə əsgərlərdir.
Təbii ki, belə yerdə tamaşaçı da müharibəni
qızışdıran bir vasitə rolunu oynayır". Bu
sözlərin müəllifi səhnəmizin "Gültəkini",
"Xumarı", "Dezdemonası"dır. Onu cəbhəyə
bənzətdiyi teatr səhəsindən ayırıb
suallarımıza cavab istədik. Beləliklə,
müsahibimiz Gənc Tamaşaçılar Teatrının
aktrisası, əməkdar artist Leyli Vəliyevadır.
- Leyli xanım, əvvəlcə
oxucularımıza özünüz haqda məlumat verəsiniz.
- Gənc
Tamaşaçılar Teatrının aktrisası, əməkdar
artist, prezident mükafatçısı Leyli Vəliyeva.
Artıq 20 ildir ki, səhnədəyəm. Həyatımın
demək olar ki, yarı hissəsini teatra həsr etmişəm.
- Bir aktrisa kimi formalaşmağınızda kimlərin
əməyi var?
- Böyük sənətkarların əlindən su
içmişəm. Universitetdəki müəllimlərimdən
tutmuş hazırda da çalışdığım
rejissorların və hətta tərəf müqabillərimin
də üzərimdə çox əməyi var. Həmişə
fəxr etmişəm ki, Zəminə Hacıyeva, Məlik
Dadaşov, Elmira Şabanova, İrina Perlova və Cənnət
Səlimova kimi insanlardan dərs almışam. Bu baxımdan
şans həmişə üzümə gülüb, tələbə
olarkən də, aktrisa kimi formalaşdıqdan sonra da gözəl
və istedadlı müəllimlərdən, rejissorlardan bəhrələnmişəm.
Müəllimlərim arasında rəhmətə gedənləri
də var. Mən indi də onların
böyüklüyünü hər səhnəyə
çıxanda hiss edirəm".
- Teatrda kişi aktyorlarla oynadığınız
rollar həyat yoldaşınızın
qısqanclığına səbəb olmur ki?
- Qətiyyən yox. Çünki o bilirdi ki, bir aktrisa
ilə ailə həyatı qurur. Nofəl Vəliyev də
aktyordur və o da səhnədə dəfələrlə
başqa qadınları qucaqlayıb (gülür). Tam səmimi
deyirəm nə mən yoldaşımı, nə də o məni
qətiyyən qısqanmır. Burada biz ikimiz də hər
şeyə sırf peşə zəminində
yanaşırıq. İnsan səhnədə olarkən
heç nə xatırlamır. Hətta bəzən rolun təsirinə
qapılanda adam özünü də unudur. Səhnədə
olarkən biz ölüm-dirim mübarizəsi ilə məşğul
oluruq. Necə deyərlər, tamaşaçı ilə
mübarizəyə çıxırıq. Peşəkar
aktyor şəxsi məsələlərini, problemlərini səhnəyə
çıxarmamalıdır. Tamaşaçını onun
problemi deyil, oynadığı obraz maraqlandırır.
- Hər bir aktyor və aktrisa səhnədə
tamaşaçını razı salmaq üçün
çalışır. Bəs sizlər necə, bizlərdən,
yəni tamaşaçılardan razı qala bilirsinizmi?
- Rejissorumuz Cənnət Səlimovanın gözəl
bir sözü var: "Tamaşaçı həmişə
haqlıdır". Bu həqiqətən də belədir. Biz
səhnədə öz istədiyimizi deyil,
tamaşaçının istədiyini göstərməliyik
və onun ürəyincə olmalıyıq.
Tamaşaçı bizim onu inandırmağımızı,
güldürməyimizi, ağlatmağımızı istəyir.
O, bizə baxanda öz həyat yoldaşının,
qızının, qonşusunun, qohumunun taleyini görmək və
gördüyünə inanmaq istəyir. Lakin əgər
tamaşaçı gedəcəyi tamaşanı seçməyi
başqasına həvalə edirsə, o zaman günah onun
özündədir.
- Aldığınız məvacib sizi qane edirmi
- Sənətimi sevdiyimə, teatrsız yaşaya bilmədiyimə
görə bu gün səhnədəyəm. Deməzdim əməkhaqqımdan
narazıyam. Aldığım qonorar məni razı salır,
ancaq başqalarını demək olmaz. İmkanı
çox aşağı olan sənətçilərimiz də
var. Buna görə məncə, bu məsələyə
baxılmalıdır. İnanıram ki,
tez bir zamanda buna baxılacaq. Aktyorlarımızla
maraqlanmaq, onlara qayğı göstərmək
lazımdır. Sənət adamının
puldan daha çox qayğı və sevgiyə ehtiyacı var.
- Bu sənəti seçərkən nə itirdiz, nə
qazandınız? Sənətiniz
üçün nəyisə və ya kimisə qurban
verdinizmi?
- Bu sənət mənim öz seçimim idi. Uşaqlıqdan olan arzumun dalınca getdim və indi
də olmaq istədiyim yerdə - səhnədəyəm.
Bunu mənə kimsə məcbur etməyib və
bu sənətə gəlmək üçün heç bir
qurban da verməmişəm. Teatra gəlməklə
heç nə itirmədim, əksinə dəyəri heç
bir şeylə ölçülməyən
tamaşaçı ordusu, alqış qazandım.
Şükürlər olsun ki, ailəm, qızım, məni
sevən və sevdiyim həyat yoldaşım, sevimli peşəm
var. Bir aktrisa bundan artıq nə istəyə bilər ki...
- Övladlarınızın yolunuzu davam etdirməyini istərdinizmi?
- Özündən sonra peşəmi,
duyğularımı, dəsti-xəttimi, ideyalarımı
yaşadan birinin olması gözəl bir duyğudur. Ancaq bir qızım var, onun da müəllimə
olmasını istəyirəm.
- Leyli xanım həyatının şah rolunu
oynayıbmı?
- Məncə, hələ yox. Bundan sonra hələ
çox rolda oynayacağam və oynamalıyam. Həyatımın şah rolu da yəqin ki, onlardan
biri olacaq. Düzü, rollarımın əksəriyyətində
natamamlıq hiss etmişəm. Açığı,
özümü razı salacaq rolumu hələ də
oynamamışam. Mən öz şah
rolumu rus klassikasında - Dostoyevskidə, Ostrovskidə, Tolstoyda
axtarıram.
- Arzusunda olduğunuz və oynamaq istədiyiniz rol
hansıdır?
- Bizdə əsasən rolları rejissorlar özləri
seçir. Onlar mənə hansı rolu təklif
etsə, onu da canladırıram. Bəzən
rollardan gözüm doymadığına görə
yoldaşlarım mənə "acgöz" də deyir.
Peşəkar aktyor "acgöz"
olmalıdır. Arzusunda olduğum rollara gəlincə
isə "Nastasiya Flipovna"nı, "Kleopatranı",
"Karmeni" oynamaq istərdim.
- Filmlərə dəvət almısınızmı?
- Əslində mən bu sənətə
gələndə kinonu seçmişdim. Elə bilirdim ki, kinoaktrisa
olacağam, mənim tayım-bərabərim olmayacaq. Lakin indi kinonu sevmirəm. Açığı,
mən indiki Azərbaycan kinosundan narazıyam. Ona görə yox ki, Leyli Vəliyeva orada yoxdur.
Ona görə ki, indi Azərbaycanda kinorejissor
yoxdur. Əgər mənim
üçün onlar yoxdursa, deməli, mən də onlar
üçün yoxam. Bir neçə dəfə
ən yaxşı rejissorlardan filmdə çəkilmək
üçün müraciətlər almışam, hətta
söz verənlər də olub. Lakin sonra
nədənsə, filmə başqa bir aktrisa çəkilib.
Mənim üçün teatr bir cəbhədir.
Rejissorlar komandir, aktyorlar isə əsgərlərdir,
təbii ki, belə yerdə tamaşaçı da müharibəni
qızışdıran bir vasitə rolunu oynayır. Teatr canlı sənətdir, teatrda həyat var, kino
da isə yox. Oyunçu səhnədə
tamaşaçıdan əks təsiri hiss edəndə, alqış
qazananda daha da ruhlanır. Kinoda bu yoxdur. İstəməzdim ki, tamaşaçı məni
şüşə arxasından seyr etsin. Bir
zamanlar kino ulduzu olmaq arzusunda olmağıma baxmayaraq, indi
teatrı daha çox sevirəm. Filmdə
çəkilməyi ancaq özümdən sonra bir iz, yadigar
qoymaq üçün istərdim.
- Tərəf müqabilinizdən və sizə təklif
edilən rollardan imtina etdiyiniz olubmu?
- Əlbəttə, imtina etdiyim rollar da,
razı qalmadığım tərəf müqabilim də
olub. Bəzən elə olub ki,
sevmədiyim və heç danışmadığım bir
adamla tərəf müqabili olmuşam. Mən
səhnədə o rola Leyli kimi yox, tərəf müqabili
kimi yanaşıram. Hətta məşqlərdə
də mən o insanı özü kimi deyil,
canlandırdığı obraz kimi görürəm. Rol məndən nəyi tələb edirsə, onu da
oynayıram. Onu da deyim ki, həyat
yoldaşımla (Nofəl Vəliyev - N.İ) bir çox
rollarda tərəf müqabili olmuşuq. Nofəllə
oynamaq mənim çox xoşuma gəlir. Özümü
rahat, arxayın və güvəndə hiss edirəm. Ancaq çox qəribədir ki, o, mənimlə
oynayanda rahat olmur. Deyir bütün
fikrim-zikrim sənin yanında qalır (gülür-N.İ).
- Kimlərin pyeslərini oynamaq daha çətindir?
- Yazıçıların üslubu bir-birindən fəqli
olduğu kimi, canlandırılan personajlar, onların hərəkətləri
və danışıqları da bir-birindən fərqlənir.
Məsələn, Hüseyn Cavidin dili də,
üslubu da tamam başqadır. Onun pyeslərini
məişət üslubunda oynamaq olmaz. Cavidin
pyeslərində pafosla oynamaq mütləqdir. Çexovda isə məişət üslubuna
üstünlük vermək lazımdır, pafoslu
çıxışlara ehtiyac yoxdur. Şekspiri,
Cavidi, Cabbarlını, Dostoyevskinin qəhrəmanlarını
canlandırmaq gözəl və zövqverici olduğu qədər
də həm çətin, həm də məsuliyyətlidir.
- Aydının Gültəkini, Otellonun Dezdimonası və
Şeyx Sənanın Xumarı - bunlardan hansının faciəsi
daha dərindir?
- Hər kəs hər 3 personajın faciəsinə fərqli
yanaşa bilər. Mənim fikrimcə, onları
çörək, pul, yaşadıqları dövr deyil,
öz məhəbbətləri idi məhv edən. Birinci baxaq "Aydın" tamaşasına. Gültəkin onsuz da kasıb evdən gəlməmişdi.
Heç Dövlət bəyin malı-pulu onun
umrunda da deyildi. O, özünü Aydına görə
qurban verdi və faciəsi də elə
ordan başladı. Yaxud "Otello"da Dezdimona sağ qalmaq
üçün biletini alıb Kiprdən Venetsiyada yaşayan
atasının yanına gedərdi. Lakin o, bunu edə
bilmədi. Onu eşqi, Otelloya olan məhəbbəti
qoymadı getməyə və monoloqunda da dediyi kimi "Məni
məhv eləsə də, toxuna bilməz heç vədə
mənim eşqimə. Yaxud Cavidin Şeyx Sənan
tamaşasında Sənanı Xumar qədər sevən
olmayıb. Onlar da öz sevgiləri
uğrunda məhv oldular. Bu üç faciəni
də birləşdirən ancaq eşqdir,
qarşılıqlı, lakin sonu olmayan eşq. Məncə, bütün dövrlər
üçün Şeyx Sənan və Xumarın faciəsi ən
dərindir.
- Digər yaş təbəqəsinə nisbətən
gənc nəslin zövqü daha müxtəlif olur. Gənclərə hər şeyi bəyəndirmək
o qədər də asan deyil. Sizcə bu
günün gənc tamaşaçılarını da
rollarınızla razı sala bilirsinizmi?
- Əgər rolu doğrudan da gözəl
ifa edirsənsə, tamaşaçı səni bəyənəcək,
yox əgər tamaşaçı səni bəyənmədisə,
deməli, rolun öhdəsindən gələ bilməmisən. Peşəkar aktyor
tamaşaçını "aldatmağı"
bacarmalıdır. Amma əvvəlcə
özün rola inanıb aldanmalısan ki,
tamaşaçını da "aldada" biləsən.
Gənclər hər dəfə yenilik tələb
edir. Əvvəlki nəsilləri
inandırmaq asan idi. İndikiləri
inandırmaq üçün isə səhnədə "qan
tökmək" lazımdır. Sizin
dediyiniz o gənc tamaşaçıdan biri də elə
öz evimdə var. Bəzən elə olur ki, çox bəyənilən
bir rolumu qızım bəyənmir. Deyir
çox pis oynadın bu rolu. O, mənim ən
böyük tənqidçimdir.
Nigar İxtiyarqızı
Həftə içi.- 2011.- 16 sentyabr.-
S. 8.