Təbriz inqilabına dəstək verən Qaçaq Süleyman

 

O, təkcə çar məmurlarına qarşı deyil, həmçinin xalqı çapıb-talayan quldurlarla da vuruşurdu

 

Gülüstan və Türkmənçay "Sülh müqaviləsi"ndən sonrakı dövrlərdə müstəmləkəçilik siyasətini möhkəmləndirmək üçün bir-birini əvəz edən islahatlar bütövlükdə Azərbaycan xalqının etiraz və çıxışlarına səbəb olurdu. Bununla əlaqədar Çar Rusiyası Qafqaz regionunda üsyançıları boğmaq, məhv etmək üçün yeni inzibati ərazi bölgüsünə əl atır.  

Mərkəzi Tiflisdə yerləşən Qafqaz Canişinliyi müstəmləkəçilik ideyalarının həyata keçirilməsində önəmli rol oynayırdı. Ancaq bədnam müqavilələrin ağrılı nəticələri xalqı rahat buraxmırdı. Ona görə də XIX əsrin 20-ci illərində başlamış kəndli hərəkatları tarixdə "Qaçaq hərəkatı" kimi formalaşdı. Bu hərəkatda böyük şücaət və nüfuz qazanmış Qaçaq Nəbi, Qaçaq Kərəm və Qaçaq Süleyman kimi şəxsiyyətlər Azərbaycanda müstəmləkəçilik ideyalarından əziyyət çəkən yoxsulların, kəndlilərin hüquqlarını müdafiə edirdilər. Adlarını çəkdiyimiz hər 3 qaçaq mübarizəsində bir-birilərindən fərqlənirdi. Belə ki, Qaçaq Nəbi və Qaçaq Kərəm başına 50-60 adam toplamaqla Qafqaz canişinliyinin yürütdüyü ədalətsiz siyasətə qarşı mübarizə aparırdılar. Amma bu hərəkatda öz mübarizəsi və cəsurluğu ilə seçilən Qaçaq Süleyman isə az bir müddət içərisində ətrafına 2000-dən çox adam toplaya bilmişdi. Amma bir çox tarixi qəhrəmanlarımız kimi, onun haqda da bu gün çox az bilirik və ya heç bilmirik.

Tarixçi - tədqiqatçı Vaqif Rüstəmov uzun müddətdən bəri apardığı tədqiqatlar nəticəsində Qaçaq Süleyman haqqında xeyli məlumat toplaya bilib. V.Rüstəmov bildirir ki, bəzən Süleyman haqqında yanlış məlumatlar verilir. Amma Qaçaq Süleyman o dövrün seçilmiş adamlarından biri olan mülk sahibi Kərbəlayi Ağahüseynin oğludur: "O, indiki Füzuli rayonunun Əhmədallar kəndində doğulub. Qafqaz Canişininin hiyləsi nəticəsində onun ata mülki müsadirə olunub. Bu haqsızlığa dözməyən Süleyman qardaşı Qara Dadaşla çar üsul-idarəsinə qarşı mübarizəyə atılıb. Tarixdə qeyd olunduğu kimi, uzun mübarizədən sonra o, canişinin göstərişi ilə Arazboyu düzülmüş dövlət silahlıları tərəfindən tutularaq Şuşa qalasına göndərilməli imiş. Məlumat gəlir ki, onu Füzuli rayonunun Bəhmənli kəndindən gizli yolla Cəbrayılın Çaxırlı və Quycaq kəndlərindən keçmək şərti ilə Şuşaya aparacaqlar. Lakin Cəbrayılın Daşkəsən kəndinin adlı-sanlı zadəganları olan Kərbəlayi Məstalı, Kərbəlayi Şirxan və Kərbəlayi Behbud qardaşları tərəfindən kəndin aşağı hissəsində yerləşən Alı bəyin kəhrizi üstündə dövlət adamlarını tərksilah edərək Süleymanı azad edirlər. Sonra ona silah və at verərək təmtəraqlı şəkildə yola salırlar. Süleyman atı minərək vüqarla Kərbəlayi Məstalıya: "Mən bu yaxşılığı unutmaram, indi birbaş Nəbinin yanına gedirəm", - deyir. Deyilənə görə, Nəbinin ölümündən sonra Süleyman Cənubi Azərbaycana gedib. Çünki onun ögey bacısı orada yaşayırdı. Süleyman bacısını hədsiz dərəcədə çox istəyirdi. Ancaq zaman keçdikcə müstəmləkəçilik siyasətinin yeni bir dalğası olan məşhur "Stolipinin aqrar siyasəti" Azərbaycanda imperiyanın özbaşınalığını daha da sürətləndirdi. XX əsrin əvvəllərində Azərbaycanın elə bir bölgəsi yox idi ki, bu zülmə qarşı mübarizə getməsin. Elə bu dövrdə Qarabağda xalq arasında Süleyman "Qaçaq Süleyman" kimi məşhurlaşaraq mübarizəni daha da gücləndirdi. Maraqlı faktdır ki, Qaçaq Süleyman doğulduğu kənddə öz düşərgəsini yaratdı. O, təkcə qənimi və düşməni çar məmurlarını, bəyləri, pristavları deyil, eyni zamanda, yerlərdə əhalini çapıb- talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz Canişinliyində böyük marağa səbəb olmuşdu.

"O dövrün şahidlərindən biri olan atam Misir Rüstəmov və tanınmış el aşığı Aşıq Humay onun qəhrəmanlığı haqqında çoxlu əhvalatlar söyləyirdilər. Atam deyərdi - dədə-baba mülkümüz olan Alı bağında suvarma işləri aparırdıq. Suçulardan biri mənə bildirdi ki, Arazın o tayından quldur Şirxanın dəstəsi bu taya keçir. Mən boylanıb kəndə tərəf baxanda bunu görən camaatın hay-küylərini eşitdim. Nə etmək olduğunu özüm də bilmirdim. Dərhal atı minib kəndə tərəf getdim. Kəndin piri olan Qara Mollada hamının güvəndiyi Kərbəlayi Behbud göstərişlər verirdi. Mənə isə belə bir tapşırıq verdi: "Oğul, özünü Qaçaq Süleymana çatdır". Atı minib Əhmədalılar istiqamətinə çapdım. Onun yaşadığı evin yerini bilirdim. Gəlib evinin qabağında ucadan Süleyman əmi deyərək qışqırdım. Səsimə evdən Qaçaq Süleyman çıxıb "ay bala, kimsən?" soruşdu. Düzü at mənə tabe olmurdu. Cavab verdim ki, Daşkəsənli Alı bəyin nəvəsiyəm, quldur Şirxanın dəstəsi yenə də Araz çayının bəri tayına keçir. Qaçaq Süleyman cəld onaçılanını əlinə alıb göyə 2 atəş açdı, bu anda Əhmədalılar obasında sanki "trivoqa" verildi, hamı bir-birilərinə dəydi. Kəndin hər tərəfindən silahlı atlılar gəldi. O, qardaşı Qara Dadaşa göstəriş verərək dedi ki, Şirxan mütləq yığdığı mal-qaranı Qanlı Dərədə böləcək. Sən Quycaq kəndi istiqamətində gedərsən. Bacısıoğlu Xanəliyə tapşırdı ki, cən öz dəstənlə Cəbrayıla gedən Daş yolda onların qabağını kəsərsən. Özü isə ağ atını minib gəldiyim istiqamətə çapdı. Mən onun arxasına düşdüm. Süleyman qışqırdı ki, geri qayıt, arxamca gəlmə, bağ tərəfə, yuxarı get. Amma onun sözünə baxmadım. Süleyman və onun dəstəsi kəndin günbatan istiqamətində yerləşən Qanlı Dərədə quldur Şirxanın dəstəsini mühasirəyə aldı və onlardan bir neçəsini öldürdülər, bir neçəsini isə əsir götürdülər. Ancaq Şirxan kiçik bir dəstə ilə Ələsgər bulağı deyilən tərəfə qaçıb canını qurtara bildi. Süleyman öz dəstəsinə tapşırdı ki, gətirilən mal-qaranı kəndlərdə sahiblərinə qaytarın, elə edin ki, it-bata düşməsin. O atdan düşüb Kərbəlayi Behbudla qucaqlaşıb görüşdü. Sonra "Kərbəlayi, hamımız əlbir olsaq fələyin də bizə gücü çatmaz", deyib atını minərək dəstəsilə Əhmədalılara döndü. Öz səxavəti və cəsurluğu ilə seçilən Qaçaq Süleyman nəinki Qarabağda, habelə Cənubi Azərbaycanda da böyük hörmətə malik idi".

V.Rüstəmov tarixi materiallara istinadən onu da vurğuladı ki, Təbriz inqilabında öz fədailəri ilə birlikdə Qaçaq Süleyman da vuruşaraq, onlara hər sahədə yaxından köməklik göstərib. Onun ölmü ilə bağlı müxtəlif rəvayətlər var. Bir tarixi mənbə göstərir ki, Qaçaq Süleyman Araz çayı istiqamətində hərəkət edərkən çar çinovniklərinə satılmış adamlar tərəfindən öldürülüb.

Əfsuslar olsun ki, belə bir şəxsin qəhrəmanlığı haqqında tarixi materiallar nədənsə araşdırılmır. İstər sovet dönəmində, istərsə də bu günün özündə elmi tədqiqatlarda qaçaq hərəkatına çox az yer verilir. Çox maraqlıdır, ötən əsrin əvvəllərindən bolşevizm mübarizəsi elmi əsərlərimizdə, bədii romanlarımızda və kino-filmlərdə ilahiləşdirilmiş bir formada gündəmdən düşmür. Bu gün arxiv və elmi tədqiqatlarımız üzümüzə açıqdırdır. Müstəqil bir dövlətin vətəndaşı kimi öz tariximizi yenidən olduğu kimi gündəmə gətirmək üçün fəaliyyətimizi artırmalıyıq. Çünki gələcək nəslin bunları bilməyə haqqı var.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 16 sentyabr.- S. 7.