Bir
daha Babək Xürrəmdin haqqında
"Həftə
içi" qəzetinin 10-12 sentyabr 2011-ci il tarixli sayında
dərc olunmuş tanınmış yazar Qələndər
Xaçınçaylının "Babək haqqında nə
bilirik" yazısında bir məqam ayrıca olaraq diqqətimi
çəkdi: yazıda Babəkin İslam dininə
qarşı çıxmadığı vurğulanır... Sözügedən
mövzu ciddi önəm daşıdığından
münasibət bildirməyi mənəvi borcum sayıram və
yazımın qəzetinizdə dərc olunmasını
xahiş edirəm.
Sayğılarımla:
Mütləqə İnam Ocağının
Yükümlüsü
Azərbaycan tarixində özünəməxsus yeri
olan, dünya hərb tarixində möhtəşəm
döyüşkənliyi və bənzərsizliyi ilə yeni
bir səhifə yaradan Babək Xürrəmdinə müxtəlif
yanaşmalar var. Makedoniyalı İsgəndər Zərdüştün
"Avesta"sının çox hissəsini yandırdı,
yox etdi. Sonradan ərəblər də "Avesta"nın
başına oyunlar açdılar.
Ancaq bütün bunlar "Avesta"nın türk
ruhunun məhsulu olmasını pərdələyə bilmədi.
Gerçəkdir ki, çağımızdakı dinlər,
dünyabaxışlar mahiyyətcə ilkin
qaynağını "Avesta"dan götürürlər.
Babəkin dünyagörüşü Zərdüşt ruhu
ilə sıx bağlıdır. 22 il azman ərəb xilafəti
ilə döyüşən, qətiyyən sarsılmayan, əksinə,
xilafəti sarsıdan bir güc kimi Babək türkün əzəmətini,
yenilməzliyini sübut edə bildi. Çox
düşündürücüdür: türkün
başına bu qədər fəlakətlər gəlib, onu
zaman-zaman yox etmək istəyiblər. Ancaq türk məhv
olmayıb, Zərdüştü, Babəki, Nəsimini, Səttarxanı
verib. Həqiqətdir ki, hələ də tarixi dəyərlərimizə
yiyə dura bilmirik, bu dəyərlərimizdən istənilən
səviyyədə yararlanmırıq. Görəsən, Babək
Xürrəmdin ənənəsinin, döyüşkənliyinin,
yenilməzliyinin günümüzün indiki gərgin və
çox hallarda çıxılmaz görünən dönəmində
örnəyə çevrilməsi üçün nə etməliyik?
Bu gün Bakıya ayaq
basan əcnəbi görəsən, Babək Xürrəmdin
kimi yenilməz bir qəhrəmanın Vətəninə gəldiyini
hiss edirmi, daha doğrusu, biz gələnlərə bunu hiss
etdirə bilirikmi? Sovet dövründə Babək haqqında
çoxlu bədii, musiqi əsərləri yazılıb, bu
yöndə elmi-tarixi araşdırmalar aparılıb, iki hissəli
film çəkilib. Azərbaycanın sovet
ideologiyasının buxovlarından azad olduğu, müstəqillik
qazandığı yeni dönəmdə Babək mövzusuna
istər-istəməz yeni səviyyədə, daha
yaradıcı yöndə yanaşmağımız olduqca
önəmlidir. Babək sadəcə, bir üsyançı
olmayıb. O, sözün böyük anlamında yenilməz
türk sərkərdəsi, fiolosof, habelə Xürrəmdinlik
inancının yaradıcısıdır. Bu baxımdan
düşünmək olar ki, Babəkin həm də
kitabları varmış. Ancaq ərəblər Bəzz
qalasını işğal edərkən ondan demək olar,
heç bir soraq qoymayıblar, Babəkə aid olan nə varsa,
hamısını yox ediblər. Babəkin İslam
dünyabaxışına yox, o dövr ərəb hakimiyyətinə
qarşı olması düşüncəsi məntiqsizlikdir,
çünki ərəblər Azərbaycana konkret
"İslam" adlı dini dünyabaxışla gəlirdilər.
Babək isə yurdunu azad görmək istəyir, yad,
yabançı ideologiyaların, dünyabaxışların
xalqın içinə gəlməsinə qarşı
çıxırdı. Onu döyüşdən-döyüşə
aparan da bu idi. Hər halda Azərbaycan türkü Vətəninin
azadlığı uğrunda 22 il gecə-gündüz
döyüşən, yenilməyən Babəkə
qarşı olan ərəb tarixçilərinin kinini
heç zaman unutmamalıdır. Əgər Babəkin təhqiramiz
şəkildə edamı ilə hər şey qurtarsaydı,
dərd yarı idi. Əslində Babək hərəkatı
faktiki olaraq məğlubiyyətə düçar olduqdan
sonra əsrlər boyunca ərəb tarixçiləri Xürrəmdinliyin
təsirini heç eləmək, Babəki bir tarixi sima kimi
aşağılamaq yönündə ardıcıl iş
görüblər. Babəklə bağlı nə
yazılıbsa, hamısı ərəb qaynaqlarındadır.
O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol,
xürrəmilərin fəlsəfəsi, istəkləri,
bütövlüklə ulusumuzun özgəçiliyə
qarşı ilk böyük dirənişi ilə bağlı
özümüzünkülərin yazdığı və bu
gün yararlana biləcəyimiz çox az şey var.
Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb,
bu böyük dirənişlə bağlı nə varsa,
hamısını yandırıb,
qarşılığında Babək babamız, onun uca, qudsal
yolu, igidliyi ilə ilgili ən alçaq, ləyaqətsiz
sözləri yazıb saxlayıblar. Babək gedib ərəbin
yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəbin
yaramaz tarixçilərinin bu qudsal kişi ilə ilgili
yazdıqları da doğru olardı. Bəs Babəkimizin
başçılığı altında ulusumuz yad, özgə,
yağı, qaniçən, soyumuzu kəsən ərəbə
qarşı necə davranmalıydı? Özünü
bütün varlığıyla ortaya qoymuş, böyük gələnəklər
yiyəsi, uca dəyərlər yaratmış türk ulusu
üçün başqasının qoltuğunda yaşamaq
ölüm sayılmazdımı? Ərəb türkün
belini əyməsəydi, indi bir ovuc erməni onun
başını kəsməyə, xaincəsinə arxadan zərbə
endirməyə girişməzdi. Bu gün də Güney Azərbaycanda
yaşayan milyonlarla soydaşımız hər il onun doğum
günündə gedilməsi çox zaman mümkün
olmayan, hər sayaq əngəllər yaradılan Babək
qalasından mənəvi güc alır. Bu gün biz Babək
Xürrəmdinimizi ruhumuzun işığında daha
yaxşı tanımalıyıq. Onu hər cür
böhtanlardan, çirkablardan qorumalıyıq. Babəkin məşhur
"Bir gün azad yaşamaq qırx il rəzil qul kimi
yaşamaqdan daha şərəflidir" kəlamı
çox şey deyir. Babəkə ikili yanaşmadan azad
olmağımız gərəkdir, çünki o, türk
xalqının hər anlamda azadlığı uğrunda
döyüşürdü. Əski dönəmin ən
böyük qul üsyanının başçısı
Spartak haqqında tarix kitablarında yetərincə təqdiredici
fikirlərə rast gəlmək mümkündür. O boyda
xilafətlə döyüşən Babək haqqında isə
tarix kitablarında ən aşağılayıcı sözlər
yazılıb. Demək, öz yurdunu başqasından qorumaq,
onun azadlığı, bütövlüyü uğrunda
sonacan vuruşmaq kafirlik, lənətə layiq iş imiş.
Düşmən güclü idi, türk soyumuzun bir-birini sevməməsindən
ustalıqla istifadə edə bildi. Təəssüf ki,
türk türkü onda da sevmirdi. Afşinin
(Ağşının) Sasanilər imperiyasının tərkibində
Azərbaycanın səadətinə Babək aldanmadı:
çünki Babək Azərbaycanın heç kimdən
asılı olmayan, müstəqil varlığını istəyirdi.
Ərəblər Bəzzi əslində yenə bilmədilər:
çünki əgər bu gün də Babəkin xatirəsi
yaşayırsa, o deməkdir ki, mahiyyətcə düşmənin
özü yenilib. İllər öncə İnam Ata (Asif Ata)
deyirdi: "Bakının ən uca yerində Babəkin heykəlini
qoymaq gərəkdir, gələn bilsin ki, Babəkin Vətəninə
gəlir". Bakıda Babəkə heykəl qoyulacağı
xəbəri gecikmiş olsa belə, yenə də ciddi, son dərəcə
gərəklidir. Çağdaş dünyanın halında,
gündən-günə daha da gərginləşən
ictimai-siyasi gedişlərdə çox zaman bilərəkdən
milli hisslər itirilir. Dünyada qlobalçılıq
dalğası gündən-günə artır. Balaca dövlətləri
millətçilikdə suçlayan iri ölkələr əslində
özləri millətçilik edir, onların millilik üzərində
yüksəlişinə hər yolla əngəl törədirlər.
İnam Ata 25 il qabaq deyirdi: "Azərbaycana zahiri gözlə
baxanda o, kiməsə balaca görünə bilər. Ancaq mənanı
xarici gözlə görmək olmaz. Mənanı daxili
gözlə - idrakın, ruhun gözüylə görmək
olar. Daxili gözlə baxanda Azərbaycan çox böyük
görünür - Şərq mahiyyətinin bütöv,
parlaq, dərin ifadəsi kimi; ruhani mərkəz səviyyəsində".
Babək Xürrəmdin mövzusu türk milləti olaraq
yaralı yerimizdir. Çünki bu böyük qəhrəmanımız
haqqında uydurulan bütün yalanlara dözmüşük,
indi də dözürük. Niyə? Çünki
özümüz ola bilməmişik, ola bilmirik. Onilləri,
yüzilləri ötürə-ötürə,
ulusallığımızı itirə-itirə bu günlərə
gəlib çıxdıq. Ancaq artıq bundan o yana bir xalq
kimi tərəddüdlü, ikiliklərlə yaşaya bilməyəcəyik.
Dövlətçilik belə tələb edir. Ya gərək
özünü təsdiq edəsən, ya da yadlıqlara,
özgəliklərə boyun əyəsən. Babək -
birüzlüyümüzün təsdiqidir. Bir neçə əfsanəni
çıxmaq şərtilə Babək Xürrəmdin
haqqında folklor örnəklərimiz belə yoxdur. Babək
haqqında ən azı "Kitabi-Dədə Qorqud" səviyyəsində
dastanımız yarana bilərdi, olmalıydı. Hələ
üstəlik, tarixi islamdan çox qabaqlara gedib çıxan
bu möhtəşəm dastanımızın da dinə
qatılmasını sakitcə qarşılayırıq.
Çünki özgələşdik, özgəninki olduq,
özgəlikləri təsdiq etdik. Bakıda Babəkin heykəli
niyə qoyulmalıdır? Ona görə ki, Babək yenilməzlik
ünvanıdır. Babəkin Bakıdakı heykəli
möhtəşəm olmalıdır. Heykəlin möhtəşəmliyi
deyəndə onun iriliyini yox, ifadəsini nəzərdə
tuturam. Doğrudur, Babək kimi qəhrəmanın heykəlinin
biçimcə böyüklüyü də gərəkdir.
İndi elə bir dahi heykəltəraşımız
olmalıdır ki, o heykəli sözün gerçək mənasında
xalq ruhunun ifadəsi kimi yarada bilsin. Bilmək gərəkdir
ki, Babək hər şeydən öncə ruhaniyyat hadisəsidir,
xalqın öz dünyabaxışının ifadəsidir.
Babəkin öz inamı olmasaydı, o, 22 il ərəb kimi
azman imperiyaçıya qarşı dura bilməzdi. Babək
yalnız ruhaniyyat hadisəsi olduğuna görə
özündən gerçək baxımdan qat-qat güclü
yağıya qarşı öz inamıyla
döyüşürdü. Bu səbəbdən onun inamı ərəbin
dinindən qat-qat güclü idi. Əgər belə olmasaydı,
xəlifə Mötəsim ən yaxın ətrafını
belə Babəklə döyüşməyə göndərməzdi.
Babəki xəyanət yıxdı. Yaratdığımız
möhtəşəmliyi qoruya bilmədik. Nəzərə
alaq ki, Babəkin ölümündən sonra Xürrəmilər
70 il ərəblərə qarşı mübarizəni davam
etdirdilər. Bütövlükdə isə Xürrəmilər
Hərəkatı 130 il davam edib. Bu, əqidə savaşı
deyil, bəs nədir?
Azərbaycan aydını, Babəkə münasibətini
bildirməyinin zamanıdır. Bununla dövləti və
xalqı qorumuş olacaqsan. Ümumiyyətlə,
soydaşlarımızda dövlətçiliyə ciddi,
ardıcıl, eşqli, təəssübkeş münasibət
yaranmalıdır. Babək Xürrəmdinə sadəcə,
heykəl qoymaq azdır. Burada başlıca məsələ
heykəlin iş görməsidir. Heykəli canlı etmək
üçün soydaşlarımız çox
çalışmalıdırlar. Azərbaycanın dəyərlərinə
yiyəlik duyğusu yaranmalı, hər cür özgəliklərdən
imtina olunmalıdır. İnsanlarımız yadlıqlara dirəniş
məqamına yüksəlməlidirlər. Bu isə
bütöv şəkildə yalnız Asif Atanın Mütləqə
İnam Dünyabaxışı ilə baş tuta bilər.
Çünki Ocaq hər sayaq özgəliklə
döyüşündə ardıcıldır. Babəkin heykəli
azadlığın rəmziliyi səviyyəsində qəbul
edilməlidir. Heykəl onunla bağlı günlərdə
ardıcıl olaraq yad edilməli, soydaşlarımızın
qudsal ziyarət ünvanlarından birinə çevrilməlidir.
Əgər öz içimizdən yaranmasaq, yadlıqlara ciddi,
ardıcıl dirəniş göstərməsək, onda
sabahımız daha da təhlükəli olacaq. Türk milləti,
Azərbaycan dövləti olaraq itirdiyimiz şanslı məqamları
geri qaytarmalıyıq. Bilməliyik ki, gerçək imkandan
artıq imkanımız içimizdə həmişə var.
Sadəcə onu üzə çıxarmalıyıq. Babək
haqqında daha ciddi, ruhlu sənət əsərləri yaranmalıdır.
İncəsənətin bütün sahələrində Babək
mövzusuna yenidən müraciət olunmalıdır.
Yaradıcı insanlarımız bundan ötrü rəsmi
göstəriş gözləməməlidirlər. Biz nəinki
Babəkdən əl çəkməməliyik, ona
bütün varlığımızla yiyə
durmalıyıq. Babək özü türk ruhlu bənzərsiz
bir inamın yiyəsi idi. Əqidəsi yolunda sonacan
döyüşən, qolları, başı kəsilən, bədəni,
sonradan xatirəsi də şaqqalanan Babəkin xalqı
olmağa layiqliyimizi göstərməliyik! Ancaq özündən,
mahiyyətindən ayrılmış xalqımız elə
bilir ki, Babək bizə layiq deyil, çünki o, ərəbə,
islama qarşı döyüşüb. Tarixə,
keşmişə güllə atmaq budur! Babək əslində
ruhaniyyat heykəlidir - türk ruhunun yenilməzlik ifadəsi
olduğuna görə. O, türkün yetirdiyi ən uca şəxsiyyətlərdəndir.
Asif Ata Babəki bu səbəbdən də Azadlıq peyğəmbəri
sayırdı. Onun Azadlıq fəlsəfəsinin - Xürrəmdinliyin
mahiyyətini İnam Ata belə açır: "İnsan
dünyaya fərəh üçün gəlib. Ən
böyük fərəh isə azadlıqdır. Azadlıq
insanın özünəməxsusluğu, özünəsahibliyi,
özündən asılılığıdır". Heykəl
Babəkə çox yaraşır - xalqı onu gözləyən
hər cür təhlükələrdən qorumaq, hər
sayaq yadlıqlara qarşı dirəniş göstərmək
üçün! Xalq olaraq Babəkiliyin mahiyyətinə yetəriksə,
onda Babəkin heykəli quruca heykəllikdən çıxar,
bizi sabahlara aparan, yadlıqla döyüşə səsləyən
canlı Babək Xürrəmdin olar.
İşıqlı ATALI
Həftə içi.- 2011.- 17-19
sentyabr.- S. 12.