Gülüşə kodlaşdırılan ömür

 

"Həftə içi"nin mərhum redaktoru, tanınmış jurnalist Ceyhun Nağının vəfatından 40 gün ötdü...

 

Onun ömrü də təbəssüm kimi qısa oldu, amma çöhrələrimizdə hələ də o təbəssüm qalır...

Doğrusu onun haqda (xüsusilə də xatirə tipli) nəsə yazacağımı heç ağlıma da gətirməzdim. Axı kim inanardı ki, həyat eşqi ilə daim alışıb yanan, zarafatından qalmayan, şaqraq gülüşlü bu şux, gənc insanın bir səhər işə ölüm xəbəri gələcək? Amma ölüm heç nəyə və heç kimə baxmır, elə hey seçir, axtarır, seçir və daima da yaxşıları aparır. Bu dəfə də "seçim"ində yanılmadı...

O, soyuq bir qış günü (dekabrda) redaksiyamıza işləməyə gəlmişdi. Amma özü ilə qəribə hərarət, istilik gətirmişdi bizə. Nəsə günorta naharında kəsdiyimiz çörək də bərəkətli və şirin olmuşdu, əməkdaşlarımız arasında zarafatların, gülüş və lətifələrin də sayı artmışdı. İş masalarımız çox yaxın (hətta stuldan durmadan sol tərəfə əlimi atsam onun çiyninə dəyərdi) olduğundan daha tez-tez ünsiyyətdə olardıq, işlə bağlı bilmədiyimizi bir-birimizdən soruşardıq, məsləhətləşərdik. O qədər diqqətli idi ki, masanın üstündə soyuyan çayımı görüb, "niyə içmirsən, konfet verimmi", - deyib siyirməsini açardı və uşaqların zarafatla "rüşvət" adlandırdıqları torbadan "ala qaqa, bizə "qrev" gəlib" deyə çayın yanına konfetlər tökərdi. Ətrafındakılara qarşı çox diqqətli və həlim idi, insanları gerçəkdən sevirdi, ona görə də gerçəkdən də sevilirdi. Onun çöhrəsinə baxanda adama elə gəlirdi ki, heç bir dərdi-səri, problemi yoxdur, gülüş, zarafat və güclü həyat eşqi. Amma bu gülüş və nikbinliyin altında nələr, nələr vardı, sadəcə kişi kimi büruzə vermirdi. Bir xırdaca onu başa düşsəydik, ancaq anlaya bilmədik, sanki onun demək istədikləri gülüş və zarafatlara kodlaşdırılmışdı...

 

"Dəlilər"in Çanaqqala səfəri

 

Son yaxşı günlərimizdən biri də iyulun 23-ü, "Həftə içi"nin ad günü ilə bağlı "Çanaqqala" sərgüzəştlərimizlə yadda qaldı. Doğrudan da yaxşı gün idi, "Koroğlunun dəliləri" yüz-yüz vurduqdan sonra ətrafa səpələnmişdilər, halay vurub, nərə çəkirdilər. Gülüb danışır, rəqs edir, şəkil çəkdirirdilər, heç 40 dərəcəyə yaxın isti də elə bil eynimizə gəlmirdi, çünki hər şey çox yaxşı idi, yerində idi. Mənə elə gəlir onun üçün də yaxşı gün idi, nə qədər rəqs elədi, güldü. sağlıqlar dedi, ürəyini tamam boşaltdı. İndi fikirləşirəm ki, bəlkə də həmin gün əslində onun üçün vida günü idi. Həmin gündən indi foto - şəkillər qalıb, xatirə üçün...

 

Mən getdim, haqqını halal elə...

 

Məzuniyyətə çıxmışdı, müalicə ilə əlaqədar Krasnodara getdi. Heç üstündən bir-iki gün keçməmiş oradan mənə Bakıya zəng elədi, səsində kədər açıqca hiss olunurdu. Hal-əhvaldan sonra dedi ki, "ə mən burda dura bilmirəm qaqa, darıxıram, töva ürəyim evi, qızımı istəyir". Bir qədər kefini açmaq üçün mən də zarafatımdan qalmadım "Ayə çıx gəl ey, Uruset sənniy döyül, oraları hayıf eləmə!" qəhqəhə çəkib güldüg Doğrudan da dediyi vaxtdan da tez qayıdıb gəlmişdi. Maraqlısı isə həmin səfərə gedən günü mənə yazdığı (heyf ki, həmin mesajı o zaman sildim) mesaj idi: "Qaqa mən getdim, haqqını halal elə". Doğrusu çox təsirləndim, "niyə belə yazıb, bəlkə məndən inciyib, yoxsa başqa nəsə bir səbəb var, axı burada halallıq nə var ki, bir-iki həftəliyə olan səfərə görə nə halallıq?" Cəld zəng vurdum, sərhəddi keçmək üzrə idi, telefon pis tuturdu, adəti üzrə zarafatla, gülüşlə cavab verdi. Soruşdum ki, bu nə deməkdi, nə halallıq, sağ salamat get, sağ salamat da gəl... "Halallıq-zad vermirəm, tez gəl, mənim də "otpusku"mun vaxtı çatır, əldən düşmüşəm, gəl dəlilərinə (ərkimiz çatan iş yoldaşlarımızı zarafatnan "Koroğlunun dəliləri" adlandırırdıq) yiyə dur!"

"Oldu" dedi, tez qayıtdı da, amma nə bilirdik ki, təxminən bir aydan sonra bir də gedəcək və bu dəfə həmişəlikg Kim bilir bəlkə də həssas qəlbinə haradansa nəsə dammışdı ki, mənimlə halallaşsın. Halallaşdı da.

 

Sonuncu zəng

 

Əslində həyatın dəmir qanunları var, sadəcə biz onları görmürük və xəbər tutmuruq. Bizim "qəfil" və "təsadüf" dediyimiz hər şey də həmin sərt qanunlar daxilində baş verir. Ona görə də saniyə dəqiqliyi ilə işləyən ana təbiətdə "təsadüf" deyilən bir anlayış yoxdur və ola da bilməz, onu ancaq qafil insanlar düşünüb.

O qayıdandan sonra növbəyə əsasən mən məzuniyyətə çıxmışdım. Avqustun 9-da elə də ciddi zərurət yox ikən, həmin "təsadüf" nəticəsində bir yazının dərci barədə narahat oldum. Günorta naharı idi, bilirdim ki, bu vaxt adətən "dəlilər" redaksiyamızın balaca mətbəxində yığışıb bir qismət tapdıqlarını on yerə bölürlər. Ona görə də Ceyhunu narahat eləməmək üçün digər əməkdaşımıza zəng vurdum, adətən o, həmin vaxtlar işdə olmazdı. Amma sən demə redaksiyadaymış, hətta düz Ceyhunun yanında. Həmin yazı barədə soruşanda dedi ki, qoy telefonu verim Ceyhuna, özündən soruş. Cavab verdim ki, boş şeydən ötrü narahat eləmə, istəsəm elə ona zəng vurardım də, amma gec idi. Bir-iki saniyədən sonra telefonda gülüş səsləri eşidildi: "Nəətərsən, nə var, nə yox? İstirahət eliyə bilirsənmi?" Dedim "Ə, bunun üzü qara olsun, ha dedim narahat eləmə yenə sənə verdi telefonu". Yazı barədə soruşandan sonra zarafata keçdim, (onunla zarafatsız danışmaq mənim üçün sadəcə mümkün deyildi, mənim işimi də gördüyü üçün yükü ikiqat artmışdı) "Hə, de görüm işlər necə gedir, problem-zad yoxdu ki, bə Koroğlunun dəliləriynən nağayrırsan?"

Uzun qəhqəhədən sonra "Hamısını muma döndərmişəm, nə dəli?" dedi.

Söhbətimiz çox qısa çəkdi, amma yenə də olsa bir-birimizin səsini eşitdik, hal - əhval tutduq. Sabahı mənə ölüm xəbərini söylədilər...

İndi həmin zəng təsəlli yerim oldu, nə yaxşı ki, danışdım, nə yaxşı ki, zəng elədim...

 

Bir ovuc torpaq!!!

 

Avqustun 10-u bürkülü bir yay günü idi. Ceyhunun ata ocağına az qala bütün kənd yığılmışdı. Günəş şüalarından yanmış çöhrələrə qəm, kədər də bir yandan hopmuşdu, elə bil ki, tuncdan tökülmüş canlı heykəllər idi. Əzələli və iri qabarlı əllərdən hiss olunurdu ki, doğrudan da bu kəndin camaatının çörəyi daşdan çıxır, çünki kənddə təsərrüfatdan başqa dolınışıq üçün gözə bir şey dəymirdi. Söhbət zamanı danışdılar ki, (səhv eləmirəmsə) düz iki aydan sonra bu ata ocağında toyunun da 10 illiyi tamam olacaqdı. Amma matəm çadırları quruldu...

Qəbiristanlıq bir qədər aralıda, kəndin qırağındakı iri su arxı və sıx meşə zolağından sonra yerləşirdi. Qədim Oğuz tayfalarının daş abidələrinə oxşayan, yana əyilmiş baş daşlarından görünürdü ki, qəbiristanlığın yaşı heç də az deyil. Amma yeni qəbirlər də yaxında idi. Onu küknar ağacının yanında, iki qəbirin arasında yerə qoydular. Bu iki qəbir Ceyhunun vaxtsız itirdiyi atasının və canından da artıq sevdiyi anasının uyuduğu məzarlıq idi. Yenicə qazılmış torpaq indi də onu gözləyirdig İslam qaydalarına uyğun dəfn mərasimi başa çatdı, molla son borc kimi arzu edənlərə son söz demək imkanı verdi və ya məzara torpaq da atmaq olardı. Boğazım qurumuşdu, söz danışmaq mənlik deyildi, yalnız əyilib hələ nəm olan torpaqdan bir ovuc götürdüm, uçuna-uçuna məzara yaxınlaşdım, amma əlim gəlmədi, ovcumda sıxdığım torpağı yalnız onun ayaqları tərəfə ata bildim. Çünki bu bir ovuc torpaq dünya boyda ağrıya, acıya dönüb əlimi yandırırdı. Həmin an gözlərim önündə onun nurlu, təbəssümlü çöhrəsi canlanmışdı. Heç qıymaq olardımı?

 

Son

 

Müdriklərə görə, SON yeni bir başlanğıca qayıdışdır. Ola bilsin ki, sənin yoxluğun da şərtidir, şübhə eləmirəm ki, hər gün redaksiyada sən bizi eşidirsən, hiss edirsən. O gün öz masanın üstündəki çərçivəyə alınmış iri şəklin də yerə düşəndə, buna tam əmin oldum. Nəyi isə düz etməmişdik, sənin xoşuna gəlməmişdi! Artıq biz də səni görürük, hiss edirik. Ona görə də sənə "Allah rəhmət eləsin" deyə bilmərəm, GÖRÜŞƏNƏDƏK CEYHUN!

 

 

Vüqar Bektaş

 

Həftə içi.- 2011.- 20 sentyabr.- S. 7.