Milli film istehsalına milyonlar ayrılmağa başlandı
Ekspertlər bunun davamlı olacağı təqdirdə
milli kinomuzun tezliklə dirçələ
biləcəyini düşünürlər
"Bu kino ki var, çox
qəliz məsələdir. Həm qəlizdir, həm
də vacib".
Bu, dillər əzbəri
olan ifadə məşhur "Bəyin
oğurlanması" filmində
Hidayət müəllim
obrazını canlandıran
müqtədir sənətkarımız
Səməndər Rzayevin
sözləridir. O, Bakıdan
kino çəkməyə
gələnlərə kömək
etmək istəməyən
həmkəndlilərinə kinonun əhəmiyyətini
bu məşhur sözlərlə çatdırır.
Bu sitat sonradan kinonun əhəmiyyəti haqda
danışanların dilində zərb-məsələ
çevrildi. Kino mütəxəssisləri
isə bu "qəliz və vacib" sənətin müstəqillikdən
bəri elə qəliz vəziyyətə
düşdüyünü qeyd edirlər.
Doğrudan da, Azərbaycan
kino sənayesində son illər ciddi bir tənəzzül
davam edir. Üstəlik,
müəyyən vəsait hesabına araya-ərsəyə gələn
filmlər də baxımsızdır.
Tamaşaçılar da son illər keyfiyyətli film çəkilmədiyi
səbəbdən, Türkiyə telekanallarında
yayımlanan seriallara və ya Latın Amerikasının
"sabun köpük"lərinə baxmağa üstünlük
verirlər. Gəlin, bizdə bu "qəliz və vacib" məsələnin
tarixini araşdırmaq üçün kino
tariximizə nəzər
salaq...
Bir əsrdən çox yaşı olan kinomuz...
Hər il avqust ayının 2-si milli kinomuz
növbəti yaşını qeyd edir. 1996-cı
ildə kinoşünas Aydın Kazımzadənin ciddi
araşdırmaları nəticəsində Azərbaycan kino
tarixinin 1898-ci ildən başlandığı sübut olundu.
Həmin il avqustun 2-də Anton Mişonun
çəkdiyi ilk film - "Balaxanıda neft fontanı"
Bakıda nümayiş etdirilib. 1916-cı ildə bəstəkar
Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettası
ekranlaşdırılıb və 1917-ci il yanvarın 3-də
"Forum" kinoteatrında nümayiş olunub. Bu Üzeyir bəy yaradıcılığına Azərbaycan
kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş
"Arşın mal alan" isə ilk
milli filmimizdir ki, SSRİ dövründə dövlət
mükafatına layiq görülüb. Sonrakı
illərdə Üzeyir bəy
yaradıcılığının ən gözəl
nümunələrindən olan "O olmasın, bu olsun"
(1956), "Leyli və Məcnun" operası
ekranlaşdırıldı. Sonra isə
yazıçı Anarın öz ssenarisi əsasında
çəkdiyi dahi bəstəkarın həyat və
yaradıcılığından bəhs edən "Üzeyir
Hacıbəyov: uzun ömrün akkordları" filmi Azərbaycan
musiqi tarixinin böyük bir
salnaməsinə çevrildi.
Müstəqil Azərbaycanın kino sənəti
1993-cü ildən formalaşmağa başladı. Həmin illərdə incəsənətin
bu vacib sahəsi, sözün əsl mənasında, məhv
olmaq təhlükəsi ilə üzləşmişdi. 1994-cü ildə ilk milli serialımız olan
"İtkin gəlin" bədii filmi çəkilsə də,
bu uğur sonuncu oldu. Ondan neçə illər sonra
çəkilən "Bir anın həqiqəti" (2003),
"Bəyaz həyat" (2003), "Ailəm" (2006),
"Cin Dəyirmanovlarda" (2008) filmləri də o qədər
uğurlu olmadı. Hazırda da əksəriyyətin
Türkiyə seriallarına baxması Azərbaycan teleməkanında
baxılası serial və film olmadığının göstəricisidir.
Milli Televiziya və Radio Şurasına 5 milyon manat
Bu məsələ ölkə səviyyəsində
bir problemə çevrildiyi üçün onun həllinə
də ölkə səviyyəsində reaksiya verildi. Belə ki, prezident İlham Əliyev
milli televiziya filmlərinin istehsalına maliyyə
yardımının göstərilməsi haqqında sərəncam
imzalayıb. İmzalanan sərəncamda
bildirilir ki, müasir dövrdə ölkəmizin ictimai-siyasi
və mədəni həyatında yerli televiziya
kanallarının yayımladığı verilişlərin və
müxtəlif telefilmlərin əhəmiyyəti getdikcə
artaraq, gənc nəslin tərbiyəsində əsas
amillərdən birinə
çevrilir.
Azərbaycanda mənəvi inkişaf sahəsində
həyata keçirilən çoxsaylı dövlət
proqramları, milli-mənəvi dəyərlərin
qorunmasına yönəlmiş geniş tədbirlər yerli
kino istehsalının inkişafına, o cümlədən
telefilmlərin çəkilişinə ehtiyacı
günü-gündən artırır. Sərəncama əsasən, milli telefilmlərin,
habelə teleserialların çəkilişini dəstəkləmək
məqsədilə 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və
Radio Şurasına 5 (beş) milyon manat vəsait
ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda
nəzərdə tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.
"Ən yaxşı ssenarilər üçün tender elan
edilməlidir"
Prezidentin imzaladığı sərəncamla əlaqədar
olaraq, Milli Televiziya və Radio Şurası da (MTRŞ) "Azərbaycan
Respublikasında milli filmlərin istehsalında qarşıda
duran vəzifələr" adlı dəyirmi masa
keçirib. Tədbirdə ölkə
başçısının milli teleserialların və
televiziya filmlərinin çəkilişi üçün
büdcədən ayrılan 5 milyon manatın hansı istiqamətdə
sərf olunması ilə bağlı geniş müzakirələr
aparılıb. Tədbirdə televiziya mütəxəssisi
Zeynal Məmmədli, İctimai Televiziyanın baş redaktoru
Rafiq Səməndər, Azərbaycan Televiziyasının
aparıcısı, diktor, kino redaktoru Rafiq Hüseynov da
iştirak ediblər. Televiziya mütəxəssisləri
milli serialların çəkilməsi üçün
güclü ssenarilərə ehtiyac olduğunu, serial çəkilişlərini
peşəkar rejissorlara həvalə olunmağın vacibliyini
və hər şeydən öncə sosialoji sorğunun
aparılmasının zərurətindən
danışıblar. MTRŞ sədri də öz təkliflərini
irəli sürüb: "Prezident tərəfindən
serialların və telefilmlərin çəkilişi
üçün ayrılan məbləği xərcləməyin
birinci variantı ən yaxşı ssenarilər
üçün tender elan etməkdir. Yaradılacaq
komissiya həmin tenderdə qalib gələn serialın 1-2
seriyasına baxdıqdan sonra davamının çəkilib-çəkilməyəcəyinə
qərar versin. İkinci məsələ
dövlət özü bu serialların simvolik məbləğ
əvəzində mülkiyyətçisi rolunda
çıxış etsin. Çünki gələcəkdə
dövlətin öz maraqları üçün və xaricdə
nümayiş olunmaq üçün bu seriallardan istifadəyə ehtiyac yarana bilər".
"Milli seriallarımızın "bazarını"
piratçılıq öldürür"
Bəs görəsən, Azərbaycan teleməkanında
milli teleserialların olmamasına daha nələr əngəl yaradır? Buna telekanallar maraq göstərmir, yoxsa maliyyə çatışmazlığı vətəndaşları milli
seriallara həsrət
qoyub? Suallarımıza cavab tapmaq üçün kinorejissor
və ssenarist Əli İsa Cabbarovla əlaqə saxladıq. Müsahibim
bu gün efirdə milli kinoların olmamasında kanalların maraqlı görünmədiyini vurğuladı:
"Əvvəlcə qeyd
edim ki, bu məsələdə əsas məsuliyyət özəl telekanalların
üzərinə düşür.
İndi özəl kanallar asan və
qeyri-peşəkar yolla
pul qazanmağa can atırlar. Bu da
ucuzluğa aparan yolun ilk astanasıdır.
Özəl kanalları serial çəkmək üçün
maliyyələrinin olmadığını
bildirirlər. Ancaq özəl
kanalların kifayət
qədər gəlirləri
var. Onlar sadəcə
olaraq, buna pul xərcləmək istəmirlər. "Xəzər" televiziyası
yeganə kanaldır ki, öz hesabına,
dövlət dəstəyi
və əlavə gəliri olmadan serial çəkməyin mümkün
olduğunu sübut etdi". Ə.Cabbarov
milli serialların
"bazarını öldürən"
səbəblərdən biri
kimi də piratçılığın olduğunu
bildirdi: "Dövlət
televiziyasını çıxmaq
şərtilə, digər
bütün kanalları
pirat filmlər yayımlamaqla məşğuldur.
Onların nümayiş etdirdikləri
filmlərin diskləri
5-10 manata satılır.
Ona görə də vətəndaş milli kanallara deyil, "Fatmagülün suçu nə?" kimi seriallara baxmağa üstünlük verir.
Əgər piratçılığa son qoyulsa və bu kimi filmlərin
nümayişi qadağan
olunsa milli efir məkanında boşluq yaranacaq. Bu boşluğu doldurmaq
üçün də
kanallar milli kinoların, serialların çəkilməsinə maraq
göstərəcək. Rusiyada Latın Amerikası seriallarına qoyulan qadağadan sonra dirçəlmə başladı
və kanallar milli seriallar çəkməyə həvəs
göstərdi. Bizim kanallara
da belə qadağalar qoyulsa, milli seriallar və kinoların çəkilməsinə maraq
artar". Müsahibim
Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına
5 (beş) milyon manat ayrılması
ilə bağlı sualımızı da cavabsız qoymadı. O, bu məbləğin mövcud problemin həlli üçün kifayət qədər olduğunu bildirdi: "Ayrılan pul təbii ki, problemin köklü şəkildə həlli
üçün kifayət
deyil. Ancaq MTRŞ sədri Nuşirəvan
müəllim də prezidentin bu addımının son olmadığını
bildirdi. Bu məbləğ problemin aradan qaldırılması
üçün ayrılan
ilk vəsaitdir. Ancaq onu
da qeyd edim
ki, 5 milyon manat Azərbaycanda milli serial bazarının yaranmasına kifayət edə bilər. Bu məbləğə 10-dan çox serial, bədii
film istehsal etmək olar". Ə.Cabbarovun
sözlərinə görə,
özəl telekanalların
bu məbləğə
göz dikməyə mənəvi haqları yoxdur: "Əvvəlcə
müsabiqə elan edilməlidir. Və müsabiqəyə təqdim edilən layihələrdən hansı
qalib gələrsə,
məbləğ də
həmin layihəyə
ayrılmalıdır. Eləcə də prodakşınlar.
Onlar da layihə təqdim etməli və qalib gələcək
layihə hansı kanalda efirə gedəcəksə həmin
kanaldan zəmanət almalıdır". Müsahibim sonda
onu da qeyd
etdi ki, indi yaxşı rejissorlarımız, bacarıqlı
aktyorlarımız da var, ancaq kanallarımız
serial çəkməkdə maraqlı deyil.
Nigar İxtiyarqızı
Həftə içi.- 2011.- 21 sentyabr.- S. 8.